Xəbər lenti


 

Prezident Abdül Fəttah əs-Sisi bu ilin fevral ayında Rusiyaya 40.000 raket göndərməyi planlaşdırdı və məmurlara "Qərblə problemlərin qarşısını almaq üçün" istehsal və göndərməni gizli saxlamağı tapşırmışdı.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın ən ünlü nəşrlərindən olan “The Washington Post” qəzeti Amerika kəşfiyyatından sızan sənədləri şərh edən məqaləsində bildirib.

 

Məqalədə qeyd olunur ki, bu ilin fevral ayının 17-nə aid olan “tam məxfi” qrifli sənədlərin bir hissəsində “Vaşinqtonun Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri və ABŞ hərbi yardımlarının böyük alıcısı olan” Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə yüksək rütbəli hərbçilər arasında keçən söhbətlər ümumiləşdirilir və Rusiyaya artilleriya mərmiləri və barıt tədarükü planlarından bəhs olunur. Sənəddə Sisinin məmurlara "Qərblə problemlərin qarşısını almaq üçün" raket istehsalını və göndərilməsini gizli saxlamağı tapşırdığı vurğulanır.

 

 

Sənədlərin kim tərəfindən və niyə sızdırıldığının bilinmədiyini vurğulayan nəşr iddia edir ki, ABŞ Ədliyyə Nazirliyi sızıntını araşdırır. Bu da sənədlərin səhihliyinə dəlalət edə bilər. “Sənədlər əvvəlcə mart ayının əvvəlində indi bağlanmış “Discord” serverində ortaya çıxdı, sonra bir neçə şəkil yayımlanaraq, ictimailəşdirildi. Ardınca da bəzi versiyaların Rusiya hərbi gücünü şişirtmək üçün rəqəmsal manipulyasiyaya məruz qaldığı məlum oldu”, - məqalədə bildirilir.

 

Nəşr xatırladır ki, sənədlərin sızdırılması Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda baş verir, burada hər iki tərəf tükənmiş arsenal ehtiyatlarını doldurmağa çalışır.

 

Sənəddə təsvir olunan söhbətlərin doğruluq ehtimalı ilə bağlı sualları cavablandıran Misir Xarici İşlər Nazirliyinin sözçüsü Səfir Əhməd əbu-Zeyd iddiaları yalanlayaraq deyib: “Misirin mövqeyi əvvəldən bu böhrana qarışmamaq və hər iki tərəflə bərabər məsafəni qorumaq öhdəliyinə əsaslanır. Biz hər iki tərəfi döyüşləri dayandırmağa və danışıqlar yolu ilə siyasi qərara nail olmağa çağırırıq”.

 

ABŞ hökumətinin sözçüsü isə məxfi məlumat üçün anonimlik şərtlərini əsas gətirib, raket ixracı təşəbbüsü ilə bağlı iddialara münasibət bildirərək, “bu planın həyata keçirilməsindən xəbərimiz yoxdur”, - deyib: “Bunun baş verdiyini də görmədik”. Pentaqon nümayəndəsi Sabrina Singh isə Ədliyyə Nazirliyinin gizli sənədlərin sızması ilə bağlı istintaqa başladığını qeyd etməklə kifayətlənib.

 

Rusiyaya Ukraynadakı müharibə üçün silah verməsinə və Moskva ilə əlaqələri dərinləşmək istəməsinə baxmayaraq, onilliklər ərzində Vaşinqtondan ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı alan və ABŞ ilə ortaqlığı sürdürməyə davam edən Misir baxımından bu iddiaların öz təsdiqini tapmasının potensial təhlükə olacağını bildirən nəşr sənəddə Rusiyanın ondan niyə raket almaqda maraqlı olduğu açıq şəkildə göstərilmədiyini də qeyd edib. Amma onu da xatırladıb ki, Misir və Yaxın Şərqdəki digər amerikalı tərəfdaşlar, Qərb ölkələri kimi Ukrayna ilə Rusiya qarşıdurmasından sözdə kənarda qalmağa çalışıblar. Bununla belə, Amerikanın bölgədəki rolunun azalması fonunda bu ölkələrin iqtisadi və hərbi təhlükəsizliklərini təmin etmək üçün yeni vasitəçilər axtarması da mümkündür. Xüsusilə Misir bir çox cəhətdən Rusiyadan asılı vəziyyətdədir. “Rusiyanın Ukraynanı işğalı bütün dünyada əmtəə qiymətlərinin artmasına səbəb oldu və bu durum son illərdə qida buğdasının 80 faizindən çoxunu Rusiya və Ukraynadan alan dünyanın ən böyük taxıl idxalçısı Misirə ciddi təzyiq göstərdi”, - məqalədə vurğulanır.

 

Sızdırılan gizli sənədlər ABŞ-ın rəsmi dairələrində də ciddi təəssüflə qarşılanıb. Misirin Yaxın Şərqdəki “ən qədim” ABŞ müttəfiqlərindən biri olduğunu söyləyən senator Chris Murphy (Senatın Xarici əlaqələr və Pul ayırmaları komitələrinin üzvü) təəssüfünü belə bildirib: “Sisinin gizli şəkildə Rusiyaya Ukraynada istifadə etmək üçün raket göndərməsi ilə bağlı iddialar doğrudursa, biz münasibətlərimizin vəziyyəti barədə ciddi şəkildə düşünməliyik."

 

ABŞ-ın Açıq Cəmiyyət fondlarının xarici siyasət üzrə direktoru və Bayden Administrasiyasının İnsan Hüquqları üzrə Dövlət Departamentində ən yüksək vəzifəyə keçmiş namizədi Sarah Margon da “bu cür açıq hərbi və digər vəhşi cinayətlər törətmiş Rusiya hökumətinə qəsdən raket satışı və tədarükünün sadəcə qanundan kənar olduğunu” söyləyib: “Xüsusilə də ABŞ-ın guya yaxın müttəfiqi kimi tanınan ölkə tərəfindən”.

 

 Sarah Margon həmçinin vurğulayıb ki, sənəddlərdəki məlumatların öz təsdiqini tapacağı təqdirdə, ABŞ-ın bundan sonra Misiri "qorumağa və dəstəkləməyə davam etməsi" sual altına düşə bilər.


 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 758          Tarix: 11-04-2023, 09:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma