Xəbər lenti


 

Erməni politoloq Stepan Danielyan ölkəsinin hazırkı hakimiyyətini Buridan eşşəyi ilə müqayisə edib. O eşşəklə ki, iki ot tayasının qarşısında dayanıb yeməyə hansı otdan başlayacağına qərar verə bilmir və nəticədə aclıqdan ölür”.

 

Ovqat.com-un məlumatına görə, Stepan Danielyanın bu gözəl müqayisəli etirafını şərh edən erməni yazarı Samvel Ohanesyan qələmə aldığı məqaləsində Naxçıvandakı bir hərbi hissədən yolunu azaraq düşmənə əsir düşən əsgərimizin “Sisyan macəralarını” Ermənistanın təhlükəsizlik açığı kimi qiymətləndirib. Amma yazara görə, ermənilərin yeganə təhlükəsizlik açığı bu da deyil. İrəvanın xeyli sayda bu cür problemləri var.

 

Bəs bu problemlər nələrdən ibarətdir? Zənnimizcə, ən yaxşısı, bunu müəllifin öz dilindən eşidək.

 

“İT adamları tez-tez kompüter sistemlərindəki boşluqlardan danışırlar. Pasxadan sonrakı 10 aprel günü bizim hamımıza nümayiş etdirdi ki, Ermənistanın təhlükəsizliyi tam bir boşluq içərisindədir.

 

Təhlükəsizliyimizin müxtəlif aspektlərində ən azı üç əhəmiyyətli "çuxur"un şahidi oluruq.

 

Bazar ertəsi ağır bir gündür və bizə Sünikdə, Bnunis kəndində yerli sakinlər tərəfindən Azərbaycan hərbçisinin saxlanıldığı barədə məlumat verildikdə, onun dindirilməsi ilə bağlı videoçarx nümayiş etdirildikdə çox şeylər aydın oldu. Macəraçı hətta şəxsi mülkiyyətə nüfuz etməyi, evlərdən birində qonaq olmağı, mətbəxdə bardaş qurub oturmağı, usta paltarını oğurlamağı bacardı.

 

O, həmçinin qeyd etdi ki, saxlanılan şəxsin hazırda Ermənistan ərazisində olan və haradasa dağ və dərələrdə gizlənən silah yoldaşı da var. Maraqlıdır ki, Bnunis kəndi o qədər də sərhədə yaxın bölgədə yerləşmir deyil, xəritəyə görə, sərhəddən 13 kilometr aralıdır.

 

Təhlükəsizliyimizin ikinci "çuxur"una gəlincə, “Politico” qəzetinin məlumatına görə, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindəki Patrul Xidməti barədə Bakıya məlumat verir. "Biz Patrul Xidməti haqqında bütün müvafiq məlumatları Azərbaycanla bölüşürük, çünki heç bir problem istəmirik",-deyə Avropa rəsmisi bildirib.

 

“Politico”-nun təhlilini əks etdirən başqa bir yazıda Avropanın azərbaycanlılara qarşı bu qədər qızğın "sevgisinin" səbəbləri də təsvir olunur. Və bu səbəbin məcmusu qazla əlaqədardır. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda avropalıların mavi yanacağa ehtiyacı var və onun təchizatçılarından biri Azərbaycandır. "Aİ - nin Ermənistandakı müşahidə missiyası, eləcə də Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən hesabatı bu ölkədən Avropa İttifaqına qaz ixracının iki dəfə artırılması haqqında sazişi təhlükə altına qoya bilər", - deyə nəşrdə vurğulanır.

 

Eyni zamanda, nəşrin yazdığına görə, Azərbaycan Aİ-nin sərhəddəki missiyasının işə başlamasından sonra "onun işlərinə xarici müdaxilə barədə xəbərdarlıq edir". Məqalədə həmçinin qeyd olunur ki, Avropa Azərbaycanı qıcıqlandırmaq niyyətində deyil. Dedilər: - "Heç bir problem istəmirik".

 

De-fakto dövlət başçısı - Baş nazir Nikol Paşinyanın təhlükəsizliyi ilə birbaşa əlaqəli üçüncü “çuxur”umuz da var. Vayots-Dzor kəndində Malışka adlı 47 yaşlı bir vətəndaş hökumətimizin başçısına çətir atdı. Nikol xoşbəxtlikdən xəsarət almadı və etirazçı tutuldu. Buna baxmayaraq, baş nazirimizin belə, təhlükəsiz olmadığı aydın oldu-çətir deyil, əsl qumbara atılsaydı nə baş verərdi?

 

Beləliklə, demək olar ki, biz tamamilə təhlükəli bir mühitdəyik - bunu həm Paşinyan, həm də Bnunisdə yaşayan kəndli haqqında demək olar.

 

Paşinyanın mühafizəçiləri kobud səhv hesablamalar, diqqətsizlik etdilər, amma eyni şeyi hərbçilərimiz haqqında da demək olar. Düşmən, əsgərlərimizin arxasına necə buraxıla bilər?

 

 

Bilirsiniz, ordu sayıqlığı artıra bilər, gecə görmə cihazları ala bilər, yəqin ki, bundan sonra mühafizəçilər Baş naziri daha sıx bir çəmbərlə əhatə edəcəklər və bir müddət bu həddi qoruyacaqlar. Ancaq məni ən çox narahat edən siyasi-diplomatik faktorla əlaqəli ikinci "çuxur"dur. O, bəlkə də ən "həcmlisidir".

 

Aydındır ki, Qərb tərəfdaşlarımız getdikcə öz şəxsi problemlərini dünya, regional, o cümlədən erməni problemlərindən üstün tutmağa başlayırlar. Çünki Ermənistanda demokratiya yoxdur. Politoloq, Stanford Universitetinin doktoru Arthur Xaçikian 168.am saytına verdiyi bir reportajda bildirib ki,  ABŞ İranın düşməni kimi Azərbaycana kömək etməyə hazırdır:

 

"İki nəzəriyyə tamamilə uğursuz oldu. Təşviqatçılarımız əsasən iki nəzəriyyə irəli sürürdülər. Birincisi, Rusiya ilə ittifaqdan çıxsanız, Qərb sizə kömək edəcəkdir. Baxın-Azərbaycan Rusiyanın müttəfiqidir: orada əməkdaşlıq haqqında rəsmi saziş var ... lakin bu, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinə qətiyyən mane olmur... ABŞ bizə kömək etmək istəsəydi, bunu bacarardı.

 

Və uğursuz olan başqa bir nəzəriyyə demokratik dünya fərziyyəsidir. Demokratiyanın bizə kömək edəcəyini söyləyiriksə, demokratik dünyanın yanında olmalıyıq. Hamımız demokratiyanı sevirik, amma məlum olur ki, demokratiya Əliyevi sevir".

 

 

"Onlar Azərbaycana (Aİ ölkələri-Red.) kömək edirlər. Azərbaycan isə Rusiya ilə gözəl münasibətlərdədir... Və bizə də kömək edə bilərdilər (ed.). İstəsəydilər. Amma maraqları yoxdur. Maraqları bizimlə deyil, Azərbaycan və Türkiyə ilə əlaqədardır", - A. Xaçikyan müsahibəsinin sonunda öz tezisini təkrarlayıb.


Təəssüf ki, doktor Xaçikyan bir şeydə haqlıdır. Qərb, əlbəttə ki, Rusiya və KTMT kimi məsuliyyətsiz tərəfdaş deyil, amma Brüsselin praqmatik, hər şeydən əvvəl öz yerləşdiyi qitənin maraqları barədə düşünmədiyinə inanmaq sadəlövhlükdür. Onların da bizim rəqiblərimizlə - Azərbaycan və Türkiyə ilə bağlı müəyyən maraqları var. Avropa İttifaqının missiyası əlbəttə ki, heç nədən yaxşıdır, amma dəftər və qələmləri olan bir neçə nəfər, əlbəttə ki, türk düşmənlərimizlə bizim üçün mübarizə aparmayacaq.

  

Ekspert öz müsahibəsində, əslində, kollektiv Qərbin bu cür davranışının səbəbləri ilə bağlı öz suallarına da cavab verib - dünyada qarşısıalınmaz ziddiyyətlərlə alyansların formalaşmağa başladığı bir şəraitdə Ermənistan hələ də Qərblə deyil, ona qarşı çıxanlarla müttəfiqdir: "istəsək də, istəməsək də, biz faktiki olaraq indi İran və Rusiya ilə eyni alyansdayıq, ABŞ, İsrail, Britaniya, Azərbaycan və Türkiyə bizə qarşı çıxırlar".

 

Mövcud vəziyyət isə hakimiyyətimizin, diplomatiyamızın qeyri - peşəkarlığının nəticəsidir ki, müttəfiqlik öhdəlikləri ilə bizi müdafiə edənlər (Rusiya və KTMT) hərbi münaqişədə batdıqları üçün Ermənistanı dəstəkləyə bilmirlər, zehni və siyasi baxımdan inteqrasiyaya çalışdığımız (Qərb) insanlar da bizə kömək etməyə tələsmirlər, çünki Qərbin düşməni olanlarla yollarımızı ayırmamışıq.


Biz iki stul arasında qalmışıq, baxmayaraq ki, siyasi elitanın fərasətli siyasəti ilə iki kresloda uğurla otura bilərdik.

 

Təəssüf edərək, bildirməliyik ki, beş il bundan əvvəl hakimiyyətə gəlmiş insanlar, elə həmin aprel günlərində populizmdən ruhlanan vətəndaşlar bu iki il ərzində elə davranırdılar, sanki Ermənistanın qonşularla geosiyasi problemi yoxdur və nəticədə biz nə indi, nə də qlobal dünya qarşıdurması şəraitində prioritetləri anlaya bilmədiyimiz zaman evimizin astanasında müharibə ilə qarşılaşmayacağıq.

 

Politoloq Stepan Danielyan Ermənistanın hazırkı hakimiyyətini Buridan eşşəyi ilə müqayisə edib. O eşşəklə ki, iki ot tayasının qarşısında dayanıb yeməyə hansı otdan başlayacağına qərar verə bilmir və nəticədə aclıqdan ölür. Haradasa haqlıdır da.

 

Əgər bizim daha müdrik hakimiyyətimiz və daha təkmil diplomatlarımız olsaydı, o zaman qlobal qarşıdurma şəraitində biz “buridan eşşəyi” deyil, “iki kraliçanı əmizdirən” “şəfqətli buzov” olardıq.

 

“Əgər...” hər şeyi izah edən açar sözdür.

 

Tərcümə Heydər Oğuza aiddir,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 541          Tarix: 11-04-2023, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma