Xəbər lenti


Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Ovqat.com Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını da gizlətməyib.

 

Xatırladaq ki, dünən ABŞ Dövlət Departamentinin dəvəti ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Vaşinqtona səfər ediblər. Səfər çərçivəsində iki nazir sülh müqaviləsinin təfsilatını müzakirə masasına yatıracaqlar. Erməni mediasının iddiasına inansaq, Vaşinqton İrəvana təzyiq edərək mayın sonuna qədər Bakı ilə sülh müqaviləsi imzalamasını istəyir. Prinsipcə, Azərbaycan da buna hazırdır və ölkə rəhbəri Blinkenlə dünənki telefon danışığında bunu onun diqqətinə çatdırıb. İlham Əliyev həmsöhbətinə xatırladıb ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip hazırlayıb Ermənistana təklif göndərib. ABŞ-ın da bununla razılaşdığını nəzər alsaq, ilk baxışdan belə nəticə hasil olur ki, Qərbdə özünə himayədar axtaran İrəvanın da təklifə etiraz etmək şansı yoxdur və mayın sonuna qədər Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsi bağlanacaq.

 

Məsələnin dərinliyinə enəndə isə Paşinyan hakimiyyətinin sülh danışıqlarına getməsi İrəvan üçün böyük riskləri də bərabərində gətirir. Söhbət Ermənistanın iqtisadi və siyasi cəhətdən Rusiyadan asılılığından gedir. Deməli, Rusiyanın razılığı olmadan Paşinyan hakimiyyətinin sülh müqaviləsinə qol çəkməsi mümkün görünmür və Kreml Vaşinqtonun himayəsi altında bu danışıqların aparılmasına xoş baxmadığını dəfələrlə dilə gətirib. Hətta Azərbaycan və Ermənistan liderlərini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Böyük ehtimalla, Vaşinqton səfərindən sonra liderlər Moskvada görüşəcəklər. Beləcə, son sözü Kreml deməyə çalışacaq.

 

Elədirsə, Antoni Blinkenin ABŞ-ın himayəsi altında sülh danışıqlarının baş tutacağına inamı hardan qaynaqlanır? Ən əsası isə özünə Qərbdə yeni himayədarlar axtaran Ermənistanın bu məsələdə qarşı-qarşıya qalacağı hansı risklər var?

 

Zənnimizcə, bu suala ən dolğun cavabı Avrasiya məkanında baş verən prosesləri incələyən “Eurasianet” nəşrinin qələmə aldığı “Ermənistan qərbdə müttəfiq axtardıqca, Rusiyadan iqtisadi asılılığı artır” sörlövhəli analizində tapa bilərik.

 

 “Eurasianet” nəşrinin fikrincə, Ukraynadakı müharibənin yaratdığı iqtisadi amillər Ermənistanı strateji tərəfdaşı və himayədarı olan Rusiyaya getdikcə daha çox bağlayır. 

 

Nəşr yazır:

 

“Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2022-ci ildə demək olar ki, iki dəfə artıb, lakin bu artım əsasən Qərbin Moskvaya qarşı sanksiyalarının yaratdığı reeksport hesabına olub. Nəticədə erməni istehsalçıları ticarət dövriyyəsinin artmasından böyük fayda görmürlər və bunun əvəzinə işlər zəifləyir və iş adamları bütün maliyyə əməliyyatlarını qeyri-sabit Rusiya valyutası ilə apardıqları üçün artan qeyri-müəyyənliklə üzləşirlər. Bu tendensiya Ermənistanın Rusiyadan siyasi və təhlükəsizlik asılılığını azaltmaq və Qərblə əlaqələri gücləndirmək üçün ehtiyatlı səylərini pozmaqla təhdid edir.

 

Rublla ticarət erməni ixracatçılarına ziyan vurur

 

Martın 16-na olan statistik məlumatlara istinad edən Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, Ermənistan və Rusiya qarşılıqlı ticarətdə yalnız rubldan istifadə edir, dollar və avronu isə dövriyyədən çıxarıblar. Ticarətin tədricən deadollarizasiyası uzun müddətdir ki, Ermənistanın 2013-cü ildə qoşulduğu Rusiyanın domenantlığı altında fəaliyyət göstərən Avrasiya İqtisadi Birliyinin gündəmində idi, Ukraynadakı müharibə səbəbindən Moskvaya qarşı sanksiyalar bu keçidi daha da aktuallaşdırıb. Ermənistan Mərkəzi Bankı bu addımı rəsmən alqışlayıb. "Üçüncü ölkələrin valyutalarının vasitəçiliyi olmadan ticarətin həyata keçirilməsi müsbət hadisədir, çünki o, ticarət tərəfdaşlarını və sahibkarları üçüncü ölkələrin valyuta məzənnələrinin dəyişməsi nəticəsində yaranan risklərdən qoruyur", - Bankın mətbuat xidmətindən “Eurasianet”ə bildiriblər.

 

Ermənistanın keçmiş maliyyə naziri və dövlət maliyyəsinin idarə edilməsi üzrə hazırkı məsləhətçi Vardan Aramyan nəşrə bildirib ki, bu risklər erməni ixracatçıları üçün əhəmiyyətlidir: "Bu, onlar üçün həyəcan verici bir xəbərdir. Çünki rubl müharibə başlayandan bəri xüsusilə dəyişkəndir və son vaxtlar erməni dramına qarşı enən trayektoriyadadır”. 

 

Milli valyutanın möhkəmlənməsi ölkənin ixracına bir qayda olaraq pis təsir göstərir. Erməni ixracatçıları ötən il dramın dollara nisbətdə kəskin artması səbəbindən çətinlik çəkiblər. Maraqlıdır ki, dolların dəyərdən düşməsi əsasən müharibə və sanksiyalar şəraitində kapitallarını Ermənistana köçürən rusların gətirdiyi dollar axını ilə əlaqədardır.

 

İş adamı Vahe Kazaryan 20 ildən çoxdur ki, alkoqolsuz içkilər, mürəbbələr və konservlər istehsal edən "Noyan" şirkətinə rəhbərlik edir. Rusiya onun şirkətinin ən böyük ixrac bazarıdır. Kazaryan rubla keçiddən məmnun deyil və nəticələrindən qorunmaq üçün tədbirlər görməyi planlaşdırır. 

 

"Bu, şübhəsiz ki, diskomfort yaradacaq. İstənilən halda, xərclərimiz dollardan asılıdır. Biz xammalın bir hissəsini, uzunmüddətli kreditləri dollarla alırıq, ona görə də bizim əməliyyatlarımızın arxasında hələ də dollar dayanır", - deyə o, “Eurasianet”ə bildirib.

 

Rubl əməliyyatlarına keçid və buna paralel olaraq Rusiya valyutasının zəifləməsi Ermənistanla Rusiya arasında iqtisadi əməkdaşlığı pik nöqtəsinə çatdırır. Ötən il Rusiyanın Ermənistanla ticarət dövriyyəsindəki payı təxminən iki dəfə artaraq 5 milyard dolları ötüb ki, bu da ümumi ticarət həcminin 35 faizini təşkil edir. Rusiya həm də Ermənistan üçün əsas ixrac bazarıdır. Ermənistanın ixracının 45 faizi Rusiyaya gedir.

 

Bu artım Qərb şirkətlərinin Rusiya bazarından çıxmasının nəticəsidir. Bəzi erməni tədarükçüləri Rusiyada işlərini genişləndirməyi bacarsalar da, bu günlərdə sözügedən ölkəyə erməni ixracatının böyük bir hissəsini əslində Qərb şirkətlərindən alınan malların təkrar ixracı təşkil edir. Eks-maliyyə naziri Aramyan bildirib ki, təkrar ixracla bağlı dəqiq rəqəmlər olmasa da, Ermənistanda istehsalın minimal artımının ixracın iki dəfə artması ilə müqayisə olunmayacağı aydındır.  "Rəsmi məlumatlara görə, 2022-ci ildə və 2023-cü ilin ilk iki ayında Ermənistandan Rusiyaya ixrac iki-üç dəfə artıb. Eyni zamanda, kənd təsərrüfatı və sənaye də çox təvazökar şəkildə böyüyür – müvafiq olaraq 0,5 faiz və 8 faiz [2022 - ci ildə]", - Aramyan deyib.

 

"Noyan" qida şirkətinin rəhbəri Kazaryan isə bu böyümənin faydalarını görməyən ixracatçılardan biridir. "İndiki şəraitdə biznesin inkişafı çox çətindir. Bizim əsas problemimiz erməni dramının ötən ildən bəri əhəmiyyətli dərəcədə artan məzənnəsidir", - deyə iş adamı əlavə edib ki, o və onun kimi digər sənaye nümayəndələri hökumətdən kömək istəməyi planlaşdırırlar.

 

Siyasi nəticələr

 

Rusiyadan artan iqtisadi asılılıq, son vaxtlar Qərblə, xüsusən də Aİ ilə daha sıx əlaqələr qurmağa çalışan Ermənistan üçün də siyasi risklər yaradır. Moskva artıq Ermənistanı siyasi məqsədlər üçün iqtisadi cəhətdən cəzalandırmağa hazır olduğunu açıqlayıb. Ermənistan bu yaxınlarda Rusiya prezidenti Vladimir Putini həbs etmək üçün order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsinin ratifikasiyası istiqamətində bəzi addımlar atdıqdan sonra Rusiya bu addımın "son dərəcə mənfi nəticələri olacağı" barədə İrəvana xəbərdarlıq etdi. Bir neçə gün sonra “Rosselxoznadzor” təhlükəsizlik məsələlərini əsas gətirərək Ermənistandan süd məhsullarının idxalını dayandırdı. Bu xüsusi qadağa demək olar ki, erməni süd istehsalçılarının fəaliyyətinə təsir edir və yalnız Rusiyanın nəzəri cəhətdən yarada biləcəyi risklərə işarədir.

 

Rusiya Ermənistan mallarının əsas satış bazarı olmaqla yanaşı, daxili elektrik istehsalının 40 faizini təmin edən Metsamor Atom Elektrik Stansiyası üçün nüvə yanacağı da daxil olmaqla qaz və digər enerji ehtiyatlarının inhisar tədarükçüsüdür. Bundan əlavə, Rusiyada minlərlə erməni əmək miqrantı yaşayır; xaricdən Ermənistana pul köçürmələrinin 70 faizi Rusiyanın payına düşür ki, bu da ötən il rekord həddə - 3,5 milyard dollara çatıb.

 

İqtisadçı Armen Ktoyan Ermənistanın Rusiyadan asılılığını azaltmalı və ya siyasi bədəllərlə üzləşməli olduğunu deyənlərdən biridir. "Son bir ildə müşahidə etdiyimiz iqtisadi asılılığın bu qədər artması ölkənin siyasətinə və suverenliyinə təsir göstərməyə bilməz. Bu təbiidir. Bununla əlaqədar olaraq, küsməyə və ya ona qarşı mübarizə aparmağa ehtiyac yoxdur. Biz çox çalışmalı, alternativlər yaratmalı və Ermənistanın hazır məhsullarını başqa bazarlara çıxarmalıyıq", - deyə Ktoyan müsahibəsində bildirib”.

 

“Eurasianet”in təqdim etdiyimiz araşdırması göstərir ki, Ermənistan iqtisadiyyatı, enerji və hərbi təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Ukrayna-Rusiya müharibəsi bu asılılığı daha da artırıb. Ermənilər ABŞ-ın təklif etdiyi sülh müqaviləsini imzalamaq üçün bəzi ağır riskləri gözə almalıdırlar. Əks halda, Rusiyanın batmaqda olan gəmisində yerlərini möhkəmləndirib onunla bərabər geosiyasi burulğanlar dənizində qərq olmaq perspektivi ilə razılaşmalıdırlar.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 982          Tarix: 1-05-2023, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma