ABŞ-da xarici işlər nazirləri arasında ardıcıl bir neçə gün davam edən görüş 4 may tarixində yekunlaşdı. Görüşün nəticələrinə dair tərəflər birgə yox, ayrı-ayrılıqda, lakin eyni məzmunlu, bəyanatlar verdilər. Dövlət Departamenti “tərəflərin çətin məsələlərin həllində mühüm irəliləyiş əldə etdiyini”, Azərbaycan və Ermənistan tərəfləri isə “ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq, ...bəzi əsas məsələlər üzrə (isə) mövqelərin fərqli olaraq qaldığını” bildirdilər.
Danışıqların davam etdiyi müddətdə Azərbaycan prezidenti Şuşada, N.Paşinyan isə Praqada normallaşma prosesinə toxundular. Prezident İlham Əliyev “sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhdləri” qeyri-məhsuldar adlandırdı. Paşinyan isə Azərbaycanı etnik təmizləmə siyastində ittiham edib, Qarabağ və Laçın yoluna beynəlxalq qrupun göndərilməsini vacib saydığını bildirdi.
“Əsas məsələlər üzrə mövqe fərqi”
Liderlər və xarici işlər nazirlər tərəfindən verilən bəyanatlardan belə nəticə çıxartmaq olar ki, tərəflər arasında mövcud “bəzi əsas məsələlər üzrə mövqe fərqləri” ilk növbədə Qarabağ və anklavları özündə ehtiva edir. Bakı Qarabağı öz daxili işi sayıb, bunun Ermənistan tərəfindən rəsmi sürətdə tanınması/qəbul olunmasını tələb edir: “Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır!” Başqa sözlə desək, Ermənistan təkcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, həmçinin Azərbaycanın Qarabağ üzərində tək və bölünməz suverenliyini rəsmi qaydada qəbul etməlidir.
Ermənistan öz növbəsində Bakı və Xankəndi arasında dialoqun beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməsini istəyir. Faktiki olaraq Ermənistan ABŞ, Fransa və Rusiyanın əli ilə Azərbaycan daxilində separatizm siyasətini davam etdirməyə çalışır.
Daima 29,8 min km2 ərazi bütövlüyündən danışan N.Paşinyan, Bakının Ermənistan ərazisində yerləşən anklavlardan imtina etməsini istəyir. 1990-92-ci illərdə Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi Ermənistan ərazisində yerləşən anklav/eksklavlardır. Bu kəndlər Ermənistanın şimal və cənub rayonlarını birləşdirən yolların və Gürcüstan/İrana çıxaran vacib magistral yollarının üzərində yerləşir. Bakı öz növbəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması dedikdə Qarabağ + 8 kəndin Ermənistan tərəfindən Azərbaycan əraziləri kimi qəbul edilməsini nəzərdə tutur.
“Bəzi maddələri üzrə qarşılıqlı razılıq”
Liderlərin çıxışları zamanı nəqliyyat-kommunikasiya xəttləri və humanitar məsələlər barədə nəsə deməməsi, nazirlərin bu istiqamətlər üzrə müəyyən razılıq əldə etməsinə işarə edir. Güman ki, əgər Azərbaycan səfərdən qabaq Laçında Sərhəd Nəzarət Buraxılış Məntəqəsi qurmasa idi, bu məsələ də “mövqelərin fərqli” olduğu kateqoriyaya daxil problemlərdən biri olacaqdı. Beləliklə, görüşdən qabaq Laçında NBM-in qurulması ABŞ-da Ermənistanı iki seçim qarşısında qoydu:
1.Zəngəzurda NBM qurub, Qərbin təklif etdiyi “yollar üzərində suveren hüquqlar” modelini qəbul etmək;
2.Qərb modelindən imtina edib, Rusiyanın təklif etdiyi eksterritorial Zəngəzur dəhlizi ilə barışmaq.
Ermənistanın Zəngəzur dəhlizi modelini dəfələrlə rədd etməsi və görüşün ABŞ-da baş tutması İrəvanın birinci varianta üstünlük verməsinə dəlalət edir.
Nəticə
Daışıqların növbəti mərhələsi Rusiyada baş tutacaqdır. Necə Praqada Bakı İrəvandan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına nail olub, sonradan bunu Soçi üçtərəfli bəyanatında təsdiqləmişdirsə, eləcə də indi, ABŞ-da əldə edilən razılıqlar Rusiyada keçiriləcək görüşdə öz təsdiqini tapacaqdır.
Azərbaycan sülh sazişinin tezliklə imzalanmasını istədiyi qədər, 10 noyabr üçtərəfli bəyanatın aktual olmasında da maraqlıdır. Belə ki, üçtərəfli razılaşma Ermənistanın üzərinə vacib öhdəliklər qoyub, Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycanı tərk etməsinə leqal əsas yaradır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: