Xatırlayırsınızsa 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə yeni istehsal etdikləri əsrarəngiz silahlarını dünyaya nümayiş etdirmişdi. Bu silahlardan biri də “Kinjal” idi. Putinin iddiasına görə, 10 qat səsdəniti sürətlə hərəkət edən “Kinjal”ın ən mühüm özəlliklərindən biri heç bir hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilməməsidir.
“Raket bütün mövcud və gələcək hava hücumundan və raketdən müdafiə sistemlərini etibarlı şəkildə aşmaq, nüvə və adi döyüş başlıqlarını 2000 km-ə qədər məsafədəki hədəfə çatdırmaq imkanına malikdir”, - deyən Putin “Kinjal”ı “sadəcə olaraq fantastika” adlandırmışdı.
Dünən isə Putinin bu iddialarının həqiqət olmadığı ortaya çıxdı.
Ovqat.com-un məlumatına görə, Rusiyadan Kiyevə atılan 6 ədəd “Kinjal”ın 6-sı da Ukrayna tərəfindən vurulub. Bildirilir ki, “Kinjal”lar ABŞ-ın Ukraynaya verdiyi “Patriot”lar tərəfindən zərərsizləşdirilib.
Maraqlıdır ki, bu “Kinjal” ovu “Patriot”ların Putinin ən çox güvəndiyi hipersonik raketlər üzərində ilk uğurlu qələbəsi də deyil. Bundan 1 həftə əvvəl “Patriot”lar yenə Kiyevə atılan bir “Kinjal” raketini göydə zərərsizləşdirmişdi.
Son həftə ərzində Rusiyanın ən bahalı silahları ilə Kiyevə hücum etməsi səbəbsiz deyil. Qərb tərəfdaşları Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verdikdən sonra Rusiya bu kompleksləri vurmağa çalışır. Görünür, bu səbəbdən də Putin heç bir havadan müdafiə sistemləri tərəfindən yaxalanmayacağına inandığı “Kinjal”ları dövriyyəyə çıxarıb. Amma məlumatlardan belə aydın olur ki, “Kinjal”lar heç də yaxalanmaz raketlər deyil. Əksinə onların, demək olar ki, hamısı rahatlıqla “Patriot”ların ovuna çevrilə bilir. Halbuki, İranın adi aşağıdan uçan dronları belə, gözdən yayınmaqda “Kinjal”lardan daha başarılı performans sərgiləyir.
Bir gündə “Patriot”lara qarşı atılan bütün “Kinjal”ların hədəfinə çatmadan vurulması rus silah arsenalının nə qədər mənasız olduğunu gözlər önünə sərir və yəqin ki, bundan sonra rus hərbi gücünə olan-qalan etibar da əldən gedəcək. Görünür, bu mənfi perspektivin qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi dünən Ukraynaya məxsus bir “Patriot” bataryasını sıradan çıxardığını açıqlamışdı. Amma bu məlumat da ABŞ tərəfindən dərhal təkzib olundu. Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirdi ki, “Birləşmiş Ştatlar Rusiyanın gecə raket hücumu zamanı Ukraynada “Patriot” zenit-raket kompleksinin buraxılış qurğusunun zədələnməsi barədə xəbərləri hələlik təsdiqləyə bilməyib”.
CNN bir-birini təkzib edən bu məlumatları araşdırıb öz mənbələrə istinadən xəbər verib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamalarına baxmayaraq, mayın 16-na keçən gecə Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemini məhv etməyib. Mümkündür ki, ona sadəcə zərər verib. Ukrayna isə bu məlumatları ümumiyyətlə şərh etmək istəmir.
Paylaş: