Mayın 20-də ABŞ prezidenti Co Bayden Azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərdi, onu və xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi. Məktub rəsmi informasiya kanallarında dərc olunanda 28 Maya hələ 8 gün qalmışdı. Üstəlik, Co Bayden həmin gün Yaponiyanın Hiroşima şəhərində keçirilən G7 sammitində iştirak edir, öz həmkarları ilə Rusiya və Çinə qarşı planlar hazırlayırdı. Sözsüz ki, bu sammitdə müzakirələr də asan keçmirdi. Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak etdiyi bu sammitdə Rusiyaya qarşı ən ağır sanksiyaların tətbiq olunması qəbul edildi və Çinə Rusiyaya dəstək verməməsi barədə xəbərdarlıq mesajı göndərildi.
Bir sözlə, ciddi beynəlxalq müzakirələrin getdiyi sammitdə Baydenin yadına birdən-birə Azərbaycanın düşməsi və ona vaxtından əvvəl, tələm-tələsik təbrik məktubu göndərilməsi xeyli təəccüblü görünür. Bundan əlavə, məktubda səsləndirilən bəzi fikirlər də onun sadəcə təbrik münasibətilə yazılmadığını göstərir.
“Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm”, - Bayden bildirirdi.
Onun təbrik mesajında Azərbaycanın anti-Rusiya cəbhəsində dayandığını açıq şəkildə ifadə etməsi, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirməyə xüsusi önəm verdiyi vurğulaması təsadüfi ola bilməzdi. Həm də bayramdan 8 gün qabaq.
Bəs, Baydenin bu tələskənliyi nə ilə bağlı ola bilər?
Fikrimizcə, bu suala ən dolğun cavabı Çin Prezidenti Şi Cinpinin Orta Asiya ölkələrinin rəhbərləri ilə bərabər keçirdikləri C+ C5 sammitində axtarmaq lazımdır. Mayın 18-19-da keçirilən bu sammitin əslində G7 zirvəsində Çinin əleyhinə veriləcəyi düşünülən mesajlara cavab xarakteri daşıdığı bildirilir. Görünür, Pekində G7 sammitində Çinin də əleyhinə qərarlar qəbul olunacağı barədə əvvəlcədən məlumatlar olub və Şi Cinpin də öz rəqiblərinə Orta Asiyalı həmkarlarını bir araya toplayaraq cavab verməyi məsləhət bilib.
C+C5 sammitində Çin prezidenti Si Cinpin Mərkəzi Asiya ölkələri arasında infrastruktur və ticarəti artırmaqla bu regionun inkişafını nəzərdə tutan “möhtəşəm tərəqqi planı”nı açıqladı. Analitiklərin fikrincə, Pekin bu layihə ilə, Ukraynanı işğal edən Rusiyanın nəzarətində olan regionda liderliyi ələ keçirməyi planlaşdırmaqla yanaşı, həm də Qərb ölkələrinə bir mesaj göndərib. Rusiyanın Ukraynada məğlubiyyətindən sonra regiondan çəkilməsi ilə boşalan avtoritar boşluğu özünün dolduracağına eyham vurub. Co Baydenin İlham Əliyevə məktubunda ABŞ-la Azərbaycan arasında gələcək illərdə təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi vədi də Çindən alınan bu mesaja alternativ təkliflər irəli sürmək istəyindən qaynaqlana bilər. Görünür, Orta Asiyanın əldən çıxa biləcəyini düşünən ABŞ Azərbaycanla münasibətlərini yaxınlaşdırmaqla Cənubi Qafqazda lövbər salmaq istəyir. Məktubda təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusilə vurğulanması da buna işarədir. ABŞ təhlükəsizlik qüvvələrinin Cənubi Qafqazda fəaliyyət göstərməsi isə, sözsüz ki, təkcə Çinə deyil, həm də onun yaxın müttəfiqləri sayılan İrana və Rusiyaya da ciddi təhdid deməkdir.
Əslində regionda ABŞ və Çin rəqabətinin artması Orta Asiya və Cənubi Qafqaz ölkələri üçün həm ciddi risklər yaradır, həm də bölgənin iqtisadi inkişafına yol aça bilər. Belə ki, Qərb ölkələri və ABŞ yalnız təhdidkar üslubu ilə bölgə dövlətlərinin rəğbətini qazana bilməz. Regionda söz sahibi olmaq üçün iqtisadi investisiyada da Çinlə yarışmaq lazım olacaq. C+C5 sammitində Pekin Orta Asiya ölkələrinə bəzi investisiya vədləri verib. Sammitdən sonra keçirilən mətbuat konfransında Çin prezidenti deyib: “Çin Mərkəzi Asiyanın inkişafına dəstək olmaq üçün bu ölkələrə ümumilikdə 3,8 milyard dollar maliyyə dəstəyi və qrant verəcək”.
Sözsüz ki, 3,8 milyard dollar Orta Asiyanın iqtisadi inkişafı üçün yetərli vəsait deyil. Mərkəzi Asiya dövlətləri dünya ilə ayaqlaşa biləcək yüksək texnologiyalı iqtisadi struktura malik deyillər. Hansısa regional nəhəngin təsir dairəsinə düşməmək üçün bu ölkələrin daha ciddi maliyyə dəstəyinə ehtiyacı var. Asiya İnkişaf Bankının hesablamalarına görə, Mərkəzi Asiyada infrastruktur çatışmazlığının aradan qaldırılması üçün 2030-cu ilə qədər ildə 33 milyard dollar xərclənməlidir. Bu baxımdan prezident Şi Cinpinin vəd etdiyi 3,8 milyard dollar, çox güman ki, Mərkəzi Asiya regionu vasitəsilə Çin və Avropa arasında əlaqəni yaxşılaşdıracaq makro və mikro layihələrin (yollar, dəmir yolları, boru kəmərləri, sənaye parkları və xüsusi iqtisadi zonalar) ilkin başlanğıc dövrü üçün nəzərdə tutulub. Regiona lazım olan vəsaitin tam həcmdə yönləndirilməsi isə yəqin ki, ABŞ-Çin arasındakı geosiyasi rəqabətdə kimin qələbə çalmasından asılı olacaq. Si Cinpinqın mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər də bu ehtimalı gücləndirir: "Əlaqələri dərindən və hərtərəfli inkişaf etdirərək, yüksək səviyyəli qazan-qazan əməkdaşlığa əsaslanan yeni paradiqmanı birgə inkişaf etdirəcəyik".
Çin prezidenti çıxışında həmçinin bildirmişdi ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla inkişaf strategiyalarını koordinasiya etməyə və bu ölkələrin modernləşdirilməsini təşviq etməyə hazırdır: “Bu sammit altı ölkənin iqtisadi inkişafına və dirçəlişinə yeni təkan verəcək, regional sülh və sabitlik üçün güclü müsbət enerji rolu oynayacaq”.
Sirr deyil ki, Avropaya dəniz yolunda müxtəlif əngəllər yaradılan Çin üçün Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən Orta dəhliz həyati əhəmiyyət daşıyır. Bu dəhlizin əldən çıxması Çin üçün Avropaya uzanan yeni “İpək yolu” layihəsindən tamamilə məhrum olmaq anlamına gəlir. Odur ki, nəyin bahasına olursa-olsun Çin bu regionu əlində saxlamalıdır. Fəqət ABŞ-la Çin arasında Orta Asiyanın təbii sərvətlərinin hara axması barədə dərin fikir ayrılıqları var. Pekin üçün Orta Asiya həm yanacaq, həm qida deposudur, yaxın perspektivdə Çinin enerji və qida təhlükəsizliyinin təminatlarından birinə çevrilə bilər. Təbii ki, bu ölkələrdə qurulacaq nəqliyyat xətləri həm də Çin mallarının Qərbə daşınması üçün lazımdır.
ABŞ isə məsələyə tam fərqli yanaşır. Onun fikrincə, Orta Asiya və Azərbaycanın enerji daşıyıcıları Avropaya axmalı, Çin mallarının daşınması isə təxirə salınmalıdır. Dünyanın iki yeni nəhənginin regionla bağlı siyasətlərində tutduqları fərqli mövqelər regionda ciddi mübarizələrin gedəcəyindən xəbər verir. Hələlik isə Rusiyanın Ukrayna müharibəsinə başının qarışması və böyük ehtimalla o müharibədən tam zəifləyərək çıxma ehtimalı, ABŞ-ın isə Əfqanıstandan çəkilməsi və regiona nəzarəti böyük ölçüdə itirməsi Çini sözügedən geosiyasi mübarizədə bir addım önə çıxarır. Amma ABŞ da əlini dərhal döşəyə vuracaq qüvvələrdən deyil.
Məsələyə bu aspektdən yanaşanda Co Baydenin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etməyə tələsməsi başadüşüləndir. Belə görünür ki, Vaşinqton fürsəti fövtə vermək istəmir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: