Xəbər lenti


Ermənilərin qondarma Qarabağ problemindən istifadə edərək sülh razılaşması qarşısında əngəllər yaratması ilk növbədə post-sovet məkanlarıda münaqişələr meydana gətirib öz imperialist siyasətini sürdürməyə çalışan Rusiyanın maraqlarına xidmət edir. Maraqlıdır ki, ABŞ və digər dünya ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları da öz militarist mövqeləri ilə rus dəyirmanına su tökürlər. Nəzərə alsaq ki, bu da NATO dövlətlərinin maraqlarına ziddir, istər-istəməz bəzi suallar ortaya çıxır: Başda ABŞ olmaqla antirus koalisiyana daxil olan dövlətlər niyə ermənilərin öz milli maraqlarına zidd hərəkətini dayandırmır?

 

Böyük Britaniyanın populyar “The Critic Magazine” adlı dərgisi bu suallara cavab axtarmağa çalışıb. Müəllif  Aleks Eror tərəfindən qələmə alınan Uzaqmənzilli millətçilər” sərlövhəli məqaləni Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

 

Nəhayət, mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir mübahisəli Qarabağ vilayətinin Azərbaycanın suveren ərazisi kimi qəbul etməyə hazır olduğunu bildirib. Paşinyan sözünün üstündə dursa, bu güzəşt bir əsrdən artıqdır Qarabağa nəzarət uğrunda mübarizə aparan Ermənistanla Azərbaycan arasındakı münasibətlərin tarixi ərimə anı kimi yadda qalacaq. “Azərbaycan ərazisinə Dağlıq Qarabağ da daxildir”, - Paşinyan belə deyib.

 

Bəziləri bunu son 32 ildə iki ayrı müharibəyə səbəb olan mübahisədə mühüm diplomatik irəliləyiş kimi qeyd etsələr də, beynəlxalq erməni diasporunun fəalları qəzəblə qarşılayıblar.

 

Amerika Erməni Milli Komitəsinin [ANCA] proqram direktoru Aleks Qalitski Twitter-də yazıb: “ABŞ-ın nəyə inanmağınıza baxmayaraq, Paşinyanın Artsaxı [Dağlıq Qarabağın alternativ erməni adı] diktatura soyqırımının şıltaqlığına təslim etməsi Ermənistanın suverenliyinin sona çatmasından başqa heç nəyə doğru “ilk addım” deyil”. Bu arada, ANCA-nın Britaniya qanadı da bəyanat yayaraq, “avtoritar və sistematik şəkildə irqçi Azərbaycan rejiminin Dağlıq Qarabağın yerli erməni əhalisi üzərində həyata keçirdiyi istənilən nəzarətin qaçılmaz olaraq etnik təmizləmə” və “ikinci erməni soyqırımı” ilə nəticələnəcəyini iddia edib.

 

Gələcəyi qabaqcadan görmək mümkün deyil, lakin bu proqnozların gerçəkləşməsi ehtimalı inanılmaz dərəcədə zəifdir - ən azı ona görə ki, bunun baş verməsi Azərbaycan Respublikası üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Çünki beynəlxalq ictimaiyyət bundan sonra Bakı hökumətinin Qarabağdakı etnik erməni icmasının müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyəcək. Bu insanlar rəsmi sülh müqaviləsi imzalanandan sonra Azərbaycan vətəndaşı olacaqlar. Həqiqətən də, Bakının Qarabağ üzərində suverenliyinin tanınması üçün əsas şərt Paşinyanın Azərbaycan əyalətdəki erməni azlığının təhlükəsizliyini qoruyacağına dair möhkəm təminatların əldə olunmasından asılıdır.

 

Ermənistan enerji və iqtisadiyyatında demək olar ki, tamamilə Rusiyadan asılıdır

 

Qalitskinin iddia etdiyinin əksinə, sülh sazişi Ermənistanın suverenliyini təhdid etmək bir yana, əslində onu gücləndirəcək. Belə ki, Ermənistan regional olaraq təcrid vəziyyətdədir. Xarici dünya ilə sərhədlərinin 80 faizindən çoxu bağlıdır. Azərbaycan Birinci Qarabağ Müharibəsindən sonra şərq sərhədlərini ermənilərin üzünə bağlayıb, Türkiyə isə müttəfiqi ilə həmrəylik nümayiş etdirib. Nəticə etibarı ilə Ermənistan enerji və iqtisadiyyatında demək olar ki, tamamilə Rusiyadan asılıdır. Buna görə də hökumətdə qərarlar “xeyriyyəçi”ni qıcıqlandırmaması əsasında qəbul edilməlidir, məsələn, Ermənistan Rusiyanın Ukraynaya təcavüzündən sonra onun Avropa Şurasından çıxarılmasının əleyhinə səs verdi. Sülh sazişi Ermənistanın Moskvadan asılılıqdan uzaqlaşaraq regional reinteqrasiyasına yol aça bilər.

 

Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması həm də beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən ərazi suverenliyi konsepsiyasını dəstəkləyəcək. ANCA və dünyanın digər erməni lobbi qrupları üçün əlverişsiz həqiqət ondan ibarətdir ki, BMT-nin heç bir üzvü Qarabağın müstəqilliyini tanımır, hətta Ermənistan Respublikasının özü belə.

 

Hətta BMT Təhlükəsizlik Şurası erməni hərbçilərindən işğala son qoymağı və qoşunlarını çıxarmağı tələb edən dörd ayrı qətnamə qəbul edib. Lakin bu tələblər 2020-ci ilin sentyabrında Bakının səbrini itirib beynəlxalq səviyyədə tanınmış sərhədlərinə nəzarəti bərpa etmək üçün İkinci Qarabağ Müharibəsinə başlayana qədər ardıcıl olaraq yerinə yetirilməyib.

 

Qlobal Covid pandemiyasının dərinliklərində baş verən müharibə beynəlxalq manşetlərə çevrildi. Bununla belə, münaqişə hazırda belə beynəlxalq səviyyədə dərindən yanlış anlaşılır. Beynəlxalq hüquq baxımından Bakı öz ərazisi üzərində nəzarəti hərbi yolla bərpa edərkən, Ukraynanın Donbasda bu gün etməyə çalışdığını eynilə həyata keçirdiyi halda, bir çox Qərb xəbər istehlakçıları Azərbaycanı təcavüzkar kimi görürlər. Bu qavrayışın böyük hissəsi Qarabağ məsələsində beynəlxalq rəyin formalaşmasında mərkəzi rol oynayan Qalitskinin ANCA kimi təşkilatların lobbiçilik səylərindən qaynaqlanır.

 

Miçiqan ştatından respublikaçı siyasətçi Saul Anuzis deyir ki, “Amerika siyasətçiləri ABŞ vətəndaşlarına və müəyyən etnik mənsubiyyətə malik olan ABŞ siyasi fəallarına daha çox qulaq asırlar, nəinki başqa yerdə rəsmi dövlət və ya rəsmi vəzifəsi olan birisinə. Və bəzi hallarda bu, Birləşmiş Ştatların da maraqlarına uyğun olmaya bilir."

  

Cənubi Qafqaz timsalında rəsmiləşdirilməsi gözlənilən sülh müqaviləsi Qarabağ mübahisəsini sona çatdıracaq və Ermənistan Azərbaycanla arasında münasibətlərin normallaşması prosesinə başlayacaq. Bu, bir sıra mənalarda ABŞ-ın maraqlarına uyğundur. Belə ki, qazı Avropaya axan Azərbaycanın yerləşdiyi regiona sülh gətirəcək, Qərb ittifaqının Ukrayna müharibəsindən sonra yaranan enerji çatışmazlığını aradan qaldıracaq və Rusiyaya qarşı vahid mövqedə qalmasına kömək edəcək. Bu, həm də ermənilərin nəzarətində olan Qarabağda yerləşdirilmiş guya sülhü qoruyan, əslində isə Moskvanın gücünü onun hüdudlarından kənara çıxarmağa xidmət edən 2000 rus əsgərini bölgədən uzaqlaşdıracaq. Bununla belə, erməni diasporu ABŞ-ı neytral vasitəçi kimi oynadığı rola zidd mövqe tutmağa sövq edir – məsələn, “Artsax”ın özünü elan etmiş müstəqilliyini tanıması kimi.

 

“Xarici siyasətə təsir etməyin böyük bir hissəsi bu prosesdə siyasi müttəfiqlər əldə etməkdən asılıdır və mən düşünürəm ki, ermənilər bunu yaxşı bacarırlar”, - Anuzis izah edir: “Ermənilərin unikal cəhəti odur ki, məncə, onlar [ABŞ-da] yerli icmalar halında məskunlaşıblar ki, bu da bir qrup olaraq onlara seçki prosesi baxımından daha çox güc verir. Və onlar siyasi aləmdə vəsait toplamaq və namizədləri dəstəkləmək sahəsində çox fəaldırlar. Daha sonra onlar dünyaya baxışlarını və regionda nələrin baş verəcəyi ilə bağlı fikirlərini bu seçilmiş məmurlarla bölüşürlər ki, əslində bu mövqe regionda baş verənlərlə və ya Birləşmiş Millətlər Təşkilatının kimin haqsız və kimin haqlı olması ilə bağlı rəsmi siyasət kimi qəbul etdiyi ilə sənədlərə uyğun olmaya bilər”.

 

Demokrat partiyasından Kaliforniya konqresmeni Adam Şiff nümunəsi erməni diasporunun Amerika siyasətçilərini öz işlərinə cəlb etməkdə nə qədər təsirli olduğunu göstərir. Şiff Konqresin Erməni Qrupunun sədr müavini vəzifəsində çalışır və uzun müddətdir ki, ermənipərəst təşəbbüsləri dəstəkləməsi ilə öyünür. O, Qarabağın müstəqilliyini tanıyan qətnamə layihələri hazırlayacaq qədər uzağa gedib. Şiff kimi fiqurlar Bakıya çaşdırıcı siqnallar göndərir və Demokratlar administrasiyası ərazi bütövlüyünə əsaslanan sülh sazişində vasitəçilik etməyə çalışarkən onun etibarını azaldırlar.

 

Qalitskinin ANCA-sı kimi qrupların məqsədlərinə çatmaq üçün istifadə etdikləri üsullar əslində kifayət qədər sadədir; onlar əsasən yaxşı planlaşdırılmış və yüksək mütəşəkkil kütləvi fəallıqdan ibarətdir.

 

"Bu, yerli icmalarınızla konqresmeniniz, senatorlarınızla kütləvi əlaqənin birləşməsidir”, - deyən Anuzis əlavə edir: “Sonra pul yığmaqdır... Onlar bu siyasətçilər üçün pul toplamaqla məşğul olurlar və pul hələ də ABŞ-da siyasətin ana südü olaraq qalır, yəni vacib amil sayılır. Beləliklə, səslərini və pullarını onları dəstəkləməyə hazır olan siyasətçiləri qazanmağa hazır olan bir qrupunuz varsa, siyasət baxımından rəqabət aparmaq çox çətin bir şey deyil”.

 

Beynəlxalq erməni diasporu, şübhəsiz ki, ermənilərin də milli maraqlara zərbə vurur

 

Anuzis erməni diasporunun ABŞ siyasətçilərinə lobbiçilik etməklə qazandığı uğuru belə əsaslandırır: “onlar bir çox digər immiqrant icmalarından daha fəaldırlar. Fəallıqlarını daha çox səy göstərərək, böyük nəticələr əldə edirlər”.

 

Həqiqətən də, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski daha əvvəl yazdığı kimi, “İsrail-Amerika, Kuba-Amerika və Erməni-Amerika lobbilərini öz inadkarlıqlarında ən təsirli qrup hesab edilir”. Lakin bu, heç də həmişə onların ana vətənlərindəki etnik qohumlarının maraqlarına uyğun olmur: beynəlxalq erməni diasporunun hərəkətləri, şübhəsiz ki, öz millətinin və Qarabağdakı etnik erməni icmasının maraqlarını pozur.

 

1994-cü ildə birinci müharibənin bitməsi ilə 2020-ci ildə ikinci müharibənin başlanğıcı arasında Qarabağ əyaləti faktiki olaraq qeyri-qanuni paradövlət kimi fəaliyyət göstərib. O, faktiki olaraq Bakının yurisdiksiyasından kənar, lakin tamamilə qonşu Ermənistanın hərbi və iqtisadi dəstəyindən asılı vəziyyətdə idi. Müstəqilliyi dünyanın heç bir ölkəsi tanınmadığı halda, ikitərəfli əlaqələr qurmaqla, xarici sərmayələri cəlb etməklə, iqtisadiyyatını əhalinin mənafeyi naminə inkişaf etdirməklə funksional dövlət kimi fəaliyyət göstərmək Qarabağ erməniləri üçün də çox çətin idi.

 

Bundan əlavə, münaqişənin yaratdığı regional təcrid Ermənistan iqtisadiyyatına da ciddi maneələr yaradırdı. Ermənistandan yüksək mühacirət sayının arxasında bu qaranlıq mənzərə dayanırdı. Bu beyin axını öz növbəsində iqtisadi inkişafı çətinləşdirir və Ermənistanı daha da tənəzzülə sürükləyirdi. 

 

Mərhum Georgi Vanyan bu faktı tanıyan azərbaycanlı əsilli erməni fəallardan biri idi. O, həyatının çox hissəsini keçmiş millətçi hökumətlərin siyasi təqibləri ilə üzləşdiyi iki xalq arasında barışıq kampaniyası ilə keçirdi. Regionda yaşayan Georgi Vanyan Cənubi Qafqazda davam edən münaqişənin nəticələri ilə üzləşməli oldu. ABŞ-dakı və başqa yerlərdəki diaspor icmaları isə sülhə qarşı kampaniya aparmaqda daha sərbəstdirlər, çünki onlar bu münaqişədən şəxsən təsirlənmirlər.

 

"Xarici siyasətlə məşğul olmaq həmişə çətin işdir, çünki siz mühacirət etdikdən sonra ana vətəndə deyilsiniz, geridə qalan və ya orada yaşayan insanlar kimi eyni təsirlərə, reaksiyalara və ya potensial təhlükələrə məruz qalmırsınız", - Anuzis deyir. Və reallıqdan uzaqlaşmanın gəldiyi nöqtə budur: müəyyən mənada keçmişinlə əlaqən kəsilir, bu da insanları daha fəlsəfi davranmağa, daha nostaljik olmağa sürükləyir. Ancaq bu, mütləq mənada ev icmaları ilə bir yerdə olduğunu əks etdirmir.

 

Dünyadakı diaspor icmalarının fəallığının öz vətənlərindəki münaqişələrə necə təsir etdiyi ilə bağlı akademik araşdırmalar aparılıb və məlum olub ki, təsir həmişə müsbət deyil. Benedict Anderson diasporların münaqişənin episentrindən uzaq olduqlarına görə məsuliyyət daşıya bilməyəcəkləri hərəkətləri müdafiə etməyə meylli olan "uzaqmənzilli millətçilər" kimi çıxış edə biləcəyini düşünür. Anuzis da bu təsbitlə razılaşır.

 

İnsanların dərk etmələri üçün vacib hesab etdiyim məsələ odur ki, diasporun birinci nəsli, ikinci nəslindən çox millətçi, vətənpərvər, hətta öz vətənlərinə baxışları ilə nostaljikdir. Beləliklə, onlar tərk etdiklərinə daha tərəfkeş yanaşırlar və təəssüf ki, bu yanaşmalar çox vaxt bugünkü siyasi reallıqlarla uzlaşmır.   Regiondakı siyasi reallıqlar onların siyasi gözləntiləri uyğun gəlmir və çox vaxt realist ola bilmirlər".

 

Ola bilsin ki, bu fəallıq diasporun geridə qoyub getdikləri vətənlə əlaqəni bərpa etmək cəhdi kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, bu dünyagörüşü reallıqdan daha sentimentaldır və siyasi reallığı bilərəkdən gözardı edir. Bu səbəbdən Paşinyan Azərbaycanla rəsmi sülh sazişi bağlamaq istiqamətində sürətlə hərəkət etməlidir. Anuzis deyir ki, Qarabağ məsələsi rəsmən həll olunandan sonra, çox güman ki, erməni diasporunun da təsirləri yox olacaq: “Əgər saziş tezliklə bağlanar və BMT-də ratifikasiya olunarsa, mən şübhə etmirəm ki, ABŞ bununla razılaşacaq. Və bu, erməni diasporunun siyasətçilərə qarşı istifadə edəcəyi və ya kiməsə təzyiq göstərə biləcəyi baxımından daha lokal bir problemə çevriləcək, çünki o zaman müqavilə artıq bağlanmış olacaq".

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 901          Tarix: 16-06-2023, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma