“Dərviş” yenə Fransanı qarışdırıb. Artıq neçə gündür ki, ölkənin bir çox şəhərləri cayır-cayır yanır.
Səbəb fransız polisinin 17 yaşlı bir əlcəzayır əslli gənci vəhşicəsinə öldürməsidir.
Bəs, onu bilirsinizmi ki, hadisədən bir neçə gün əvvəl Əlcəzair prezidenti Əbdülməcid Təbbun bir fərman imzalayaraq ölkənin 1986-cı ildə sözləri ixtisara məruz qalmış Dövlət Himnini yenidən bərpa edib?
Bu hadisənin həmin himnlə nə əlaqəsi var, deməyin. Yenidən himnə əlavə edilən bölüm bu cürdür:
"Ey Fransa, məzəmmət vaxtı keçdi, o günləri kitab kimi bağladıq.
Ey Fransa, bu gün haqq-hesab günüdür, hazır ol, bizdən cavabını alacaqsan.
İnqilabımızda qərarımız qətidir. Əlcəzairin yaşaması üçün qətiyyətliyik”.
Fransanın xətrinə dəyməmək üçün 1986-cı ildə qayçılanan bu himnin sözlərini 1955-ci ildə Əlcəzairin ünlü şairi Müfdi Zekeriya atıldığı fransız müstəmləkə qüvvələrinin zindanında qələmə alıb. Həm də öz qanıyla məhbəs divarlarına yazaraq. Bir sözlə, Əlcəzair üçün bu himnin böyük mənəvi dəyəri var.
Və məhz bu səbəbdən də iyunun 12-də Əlcəzair prezidenti Əbdülməcid Təbbun öz sələfinin 37 il əvvəl buraxdığı tarixi səhvi düzəltməyə qərar verib. Üzərindən cəmi 2 həftə keçəndən sonra isə Fransa polisi sanki bu həqarətin qisasını 17 yaşlı əlcəzairlidən alıb.
Söz yox ki, bəlkə həmin polis əlcəzairli gənci öldürərkən Əbdülməcid Təbbunun məlum Fərmanından xəbəri olmayıb. Amma bu ehtimal fransızların əlcəzairliləri ikinci sinif vətəndaşı kimi görməsini istisna etmir. Ən əsası isə, zənnimizcə, bu iki hadisənin bir də geosiyasi səbəbi də ola bilər.
Söhbət ondan gedir ki, son zamanlar Fransa siyasiləri, xüsusilə də Emmanuel Makron açıq şəkildə ABŞ və Böyük Britaniya maraqlarına qarşı çıxır, onların hegemonluq sahəsinə burnunu soxurdu. Gah, NATO-nun beyin ölümü keçirdiyini iddia edib, özünə bağlı Avropa ordusu yaratmaq eşqinə düşür, gah da Çinə səfər edib Avropalıları “ABŞ-ın arxasınca gedib özlərinə aid olmayan böhrana qarışmamağa” çağırırdı. Pekindən qayıdandan sonra “Politico” dərgisinə verdiyi müsahibəsində isə Avropa üçün ağla gələn ən pis davranışın Amerikanın feilə uymaq olduğunu vurğulayaraq demişdi: “Baş verə biləcək ən pis şey, biz avropalıların özümüzü Amerikanın təqibçisi yerində görməyimiz və onun diktəsi ilə Çinin həddindən artıq reaksiyalarının adaptasiya olmağımızın gərəkdiyini düşünməyimizdir”.
Makron açıq ifadə etməsə belə, bu sözləri ilə həm də Ukrayna-Rusiya savaşının Avropanın deyil, ABŞ-ın məsələsi olduğuna eyham vurmuşdu. Sözsüz ki, onun bu mövqeyi Ukrayna savaşına yardım göstərməkdə tərəddüdləri olan digər Avropa ölkələrinin də tərəfsizlik hisslərini qaşıyır, onları açıq şəkildə mövqe ortaya qoymağa həvəsləndirirdi.
Makronun son “asiliyi” Qarabağ məsələsində özünü göstərmişdi. Bir neçə gün bundan əvvəl erməni lobbisi ilə görüşən Makron açıq şəkildə erməniləri dəstəkləmiş, hətta özünü Paşinyandan daha aşırı ermənipərəst kimi göstərməyə çalışmışdı. Bu isə regionu Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq istəyən və bunun üçün Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlatmaq istəyən ABŞ-ın geosiyasi maraqlarını qamçılamaq, əldə olunan kövrək razılaşmaları belə pozmaq anlamına gəlirdi.
Əlbəttə ki, ABŞ və Böyük Britaniya Fransanın bir-birinin ardınca davam edən bu “özbaşınalıqlarına” seyrçi qala bilməzdi. Kim bilir, bəlkə də bir-birini tətikləyən və sonunda Fransanı qul üsyanı poliqonuna çevirən son hadisələrdə ingilis və ya ABŞ kəşfiyyatının da barmağı var. Hər halda son zamanlar keçmiş Fransa müstəmləkələri olan Afrika ölkələrinin Parisdən üz döndərməsi açıq şəkildə görünür. Bunu isə sadəcə keçmiş xatirələrin yada düşməsi kimi xarakterizə etmək çətindir və Parisi deyildiyi kimi, heç vaxt Qarabağlı bir dərviş partlatmayıb. Paris hərdən həm də Qarabağa görə partlasa da.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: