Xəbər lenti


“NATO müttəfiqləri Ukrayna üçün vacib qərarlar qəbul etmək barədə razılığa gəliblər”.

 

Ovqat.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə açıqlamada bildirib.

 

“Ukrayna və NATO üçün bir sıra mühüm qərarlar artıq razılaşdırılıb. Zirvə toplantısı nəticəsində müttəfiqliyə gedən yolumuz mütləq qısalacaq. Və bu, çox vacib bir nəticədir, bizə bunun baş verməyəcəyi deyilmişdi, lakin biz bu uğuru ən yaxın tərəfdaşlarımızla birlikdə qazandıq”, - Kuleba vurğulayıb.

 

Ukrayna Xarici İşlər naziri konkret hansı qərarların alınacağını bildirməsə də, Vilnus sammitində bu ölkəyə uzaqbaşı İsrail modelinə əsaslanan təhlükəsizlik zəmanəti veriləcəyi düşünülür. Hətta bunun üçün “Ukrayna-NATO Şurası” adlı bir qurumun yaradılacağı da gündəmdədir. 

 

“İsrail modelinə əsaslanan təhlükəsizlik zəmanəti” ideyasını ABŞ prezidenti Co Bayden dünən açıqlayıb. O bildirib ki, Vaşinqton Ukraynaya bu cür təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bu zəmanət Ukraynanın rəsmən olmasa da, faktiki olaraq ABŞ-ın himayəsi altına alınması deməkdir. Çünki İsraillə ABŞ arasındakı strateji müttəfiqlik NATO müttəfiqliyi qədər güclüdür. Hətta bəzi mütəxəssislər məhz bu yaxınlığını nəzərdə tutaraq, İsraili “ABŞ-ın 51-ci ştatı” adlandırırlar.

 

Lakin bu zəmanət Ukraynanın özünü müdafiəsi üçün yetərlidirmi?

 

Zənnimizcə, yox. Zira ABŞ və digər NATO ölkələri bu zamanadək Ukraynaya onsuz da belə bir dəstək verirlər. Hətta İsraildən daha çox. Təsəvvür edin ki, “təhlükəsizlik zəmanəti” barədə ABŞ-la İsrail arasında 10 illik müqavilə bağlanıb. Müqavilədə 2019-cu ildən 2028-ci ilə qədər bu ölkəyə 38 milyard dollarlıq hərbi yardım verilməsi nəzərdə tutulur. ABŞ Ukraynaya isə son il yarım ərzində 70 milyard dollardan çox hərbi yardım göndərib. Bu fakt onu göstərir ki, Ukraynanın indiki vəziyyətdən çıxması üçün ona daha geniş zəmanətlər lazımdır.

 

“Ukrayna-NATO Şurası” fikrini isə ilk dəfə ötən ay Türkiyədə keçirilən NATO Müdafiə nazirlərinin sammitində alyansın Baş katibi Yens Stoltenberq dilə gətirmişdi. O, NATO-ya üzv ölkələrin ümumi təhlükəsizliyini qorumaq və Ukraynanın gələcəkdə NATO üzvlüyünü asanlaşdırmaq üçün “NATO-Ukrayna Şurası” yaratmağı planlaşdırdıqlarını və Ukrayna prezidenti Vladimir Zelenskinin də Litvada keçiriləcək növbəti NATO Şurasına qatılacağını vurğulamışdı. 

 

Yens Stoltenberq həmin açıqlamasında NATO-Ukrayna Şurasının Kiyevə hansı təhlükəsizlik qarantiyası veriləcəyini tam bildirməsə də, müxtəlif zamanlarda NATO üzvü olan ölkələrin hərbi komandanlığı bu barədə bəzi düşüncələrini səsləndirməklə məsələyə qismən aydınlıq gətiriblər. Məsələn Fransa prezidenti Emmanuel Makronun keçmiş hərbi müşaviri general Dominiaue Trinquand dünən “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində deyib: “Vilnüs sammitinin əsas mövzusu bu olacaq. Yəni, Ukrayna NATO-ya daxil olmadan hansı zəmanətlər verilə bilər. Əgər Ukrayna NATO-ya çağırılırsa, bu, NATO-nun müharibəyə girməsi deməkdir. Hazırda bu mümkün deyil. Beləliklə, Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir ki, Rusiya daha uzağa gedə bilməyəcəyini başa düşsün və nə zaman qırmızı xətləri keçərsə, cavabını alsın. Ukrayna əvvəl Aİ-yə üzv olacaq. Çünki AB-yə üzv olduqdan sonra müdafiə çətiri altına alınacaq və zamanla NATO tərəfindən də müdafiə olunacaq”.

 

Generalın sözlərindən anlaşılır ki, Ukraynaya iki mərhələli təhlükəsizlik zəmanətinin verilməsi nəzərdə tutulur: əvvəl Aİ-nin, daha sonra isə NATO-nun himayəsi altında olmaq.

 

Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq də fransız generalın fikirlərini təsdiqləyən mövqe ortaya qoyub. O, “tam əmin olduğunu” bildirib ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı ən əlverişli ortaq yolu tapacaq.

 

Qeyd edək ki, Ukraynanın NATO-ya daxil olmasını nəzərdə tutan tam təhlükəsizlik zəmanətinə müttəfiq ölkələrinin fərqli yanaşmaları var. Maraqlıdır ki, NATO-nin əsasən zəif ölkələri (əlbəttə, Türkiyə və Böyük Britaniyanı bu kateqoriyaya aid etmirik) Ukraynanın alyansa üzv olmasına etiraz etmirlər. Güclü dövlət isə məsələyə daha çəkingən yanaşırlar. Beləcə, məsələ ilə bağlı alyans üzvləri arasında ciddi fikir ayrılığı nəzərə çarpır. NATO Nizamnaməsinə görə isə, bir üzvün veto hüququndan istifadə etməsi təklifin həyata keçməsini əngəlləyir.

 

Məlumata görə, dünən Portuqaliya Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməklə 31 müttəfiq arasında bu barədə mövqeyini açıqlayan 23-cü olmuşdu. Ardınca Türkiyə Prezidenti R.T.Ərdoğan da Ukraynanın NATO-ya üzvlüyünü haqq etdiyini bildirərək, dəstəkçilər siyahısını artırmışdı. Ukraynanın NATO-ya üzvlüyünə ən çox qarşı çıxan isə Almaniya, ABŞ-dır.

 

Böyük Britaniyanın “Telegraph” nəşrinin yazdığında görə, Almaniya bu mövqeyini Rusiyanın NATO-ya qarşı müharibəyə başlaya biləcəyi qorxusu ilə izah edir. Bu təhlükədən yayınmaq üçün Berlin Ukraynanın NATO-ya daxil olmasının təxirə salınmasını israr etmək niyyətindədir.

 

Nəşr yazır ki, ittifaqdakı bir mənbə Berlinin bu həftə Litvanın Vilnüs şəhərində keçiriləcək illik NATO sammitində Ukraynaya üzvlük təkliflərindən daha çox təhlükəsizlik zəmanətlərinə diqqət yetirməyə çağıracağını bildirib.

 

"Berlin dərhal üzvlük təklifi perspektivinə təmkinlə yanaşır. Almanlar Vladimir Putinin NATO-nun 5-ci maddəsini yoxlamasını görmək istəmirlər”, -deyə adı açıqlanmayan mənbə qeyd edib.

 

 

Almaniyanın bu qorxularını bölüşən ABŞ prezidenti Co Bayden də bölüşür. O, Rusiya ilə müharibə vəziyyətindən qaçmaq istədiyini söyləyərək vurğulayıb ki, “Ukrayna NATO-ya üzv olmağa hazır deyil və bunun üçün bir müddət gözləməlidir”.

 

ABŞ prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sullivan Baydenin mövqeyinə belə aydınlıq gətirib: “Üçüncü Dünya Müharibəsini başlatmağa çalışmırıq. Odur ki, Ukrayna bu sammitdə NATO-ya daxil olmayacaq”.

 

Ukrayna rəsmiləri isə NATO-nun bu siyasəti ilə razılaşmaq fikrində deyillər. Prezident Vladimir Zelenski mediaya verdiyi açıqlamasında xatırladıb ki, NATO 2008-ci ildə Buxarestdə imzaladığı bəyanatla Kiyevə "açıq qapı" elan edib, amma bunun sadəcə sözdə qalması kifayət deyil. O, Çexiyaya səfəri zamanı "Bizə daha aydın bir siqnal lazımdır", - deyərək NATO ölkələrini verdiyi sözləri yerinə yetirməməkdə günahlandırıb. 

 

Qısası, Dmitri Kulebanın nikbinliyinin nəyə əsaslandığı hələ ki, bəlli deyil. Mümkündür ki, rəsmi Kiyev bu cür qəti açıqlamalarla NATO-nu fakt qarşısında qoyaraq, bəzi addımlar atmağa vadar etmək istəsin. Amma xüsusilə də ABŞ Ukraynanı təhlükəsizlik çətiri altına almaqla Rusiya ilə savaşın erkən bitməsini arzulamır. Bu baxımdan, Vilnus sammitinin asan keçməcəyi güman olunur.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 100          Tarix: 9-07-2023, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma