Xəbər lenti


 

Dünən Rusiya Qara dənizdə “taxıl dəhlizi”ni dayandırdığını bəyan etdi. Rəsmi açıqlamada bu qərarın səbəblərinə aydınlıq gətirilərkən vurğulandı ki, Rusiyaya verilən sözlər yerinə yetirilmədiyinə görə bu addım atılır. Sabah əgər Rusiyanın tələbləri yerinə yetirilərsə yenidən “taxıl dəhlizi” razılaşmasına qayıdıla bilər.

 

Rusiyanın tələbləri isə bunlardır:

 

  1. Ukrayna kimi rus taxılının da Qara dəniz üzərindən ixracına imkan yaradılmalı;
  2. Bunun üçün Rusiya Kənd Təsərrüfatı Nazirliyinə aid "Rosselxozbank" yenidən beynəlxalq SWIFT sisteminə qoşulmalı; 
  3. Kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərinin ixracı bərpa edilməlidir; 
  4. Sığorta üzrə məhdudiyyətlər və limanlara giriş qadağaları aradan götürülməli; 
  5. "Tolyatti-Odessa" ammonyak boru kəmərinin işi bərpa olunmalı; 
  6. Ərzaq və gübrələrin istehsalı və daşınması ilə bağlı Rusiya şirkətlərinin xarici aktivləri və hesabları blokdan çıxarılmalıdır.

 

Göründüyü kimi, Rusiya “taxıl dəhlizi”ni dayandırmaqla Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaları dəlməyə çalışır. Ən əsası, Rosselxozbank”ın  yenidən normal fəaliyyət göstərməsinə nail olmaq istəyir. Avropa İttifaqı isə onun tələbini qarşılamaq üçün “Rosselxozbank”a bağlı yan şirkət yaratmağı, taxıl və gübrə ixracatını bu yan şirkət vasitəsilə həyata keçirməyi təklif edir. Di gəl ki, Rusiya bu təkliflə razılaşmır, dolayısıyla Qərbin ona tətbiq etdiyi sanksiyalardan birdəfəlik xilas olmaq üçün dünyanın taxıla möhtac ölkələrini aclıqla sınağa çəkmək yolu ilə öz hədəfini reallaşdırmağa ümid bağlayır.

  

O ki qaldı gübrə ixracına, Rusiya bu məsələdə də eyni məntiqlə hərəkət edir. Ötən il sentyabrın 20-də Rusiya eyni tələbləri dilə gətirəndə Aİ-nin ali nümayəndəsi Cozep Borrel Rusiyanın ittihamlarına cavab verərək bildirmişdi ki, Qərb ölkələri onun ərzaq məhsullarına və gübrə ixracına heç bir məhdudiyyət qoymayıb, sadəcə olaraq beynəlxalq tədarükçülərinin özləri Rusiya ilə ticarətlərini davam etdirmək istəmirlər: “Hətta [Ai olaraq biz özümüz] Rusiyadan müəyyən məhdudiyyətlərlə gübrə idxal edirik, bəs rus gübrəsinin başqa ölkələrə getməsinə necə qarşı çıxa bilərik? Ancaq bir çox operator artıq Rusiya ilə ticarət əlaqələri qurmaq istəmir. Bu onların seçimidir," -Borrell bu sözləri Nyu-Yorkda AB xarici işlər nazirlərinin BMT Baş Assambleyasında keçirilən qeyri-rəsmi görüşündə demişdi.

 

Həqiqətən ötən ilin may ayında Rusiya özü dünya dövlətlərini aclıqla imtahana çəkməklə onlara gübrə ixracını məhdudlaşdırmış, nəticədə bir çox beynəlxalq tədarükçünü özündən uzaqlaşdırmışdı. Rusiyanın bu barədə qərarını onun BMT-dəki nümayəndəsi Vasili Nebenzya qurumun 2022-ci il may ayında keçirilən sessiyasında dilə gətirmiş və sözügedən təhdid istənilən effekti verməmişdi. Qlobal tədarükçülərin bir çoxu həmin şantajdan sonra Moskvanı etibarsız tərəfdaş adlandıraraq rus məhsullarını almaqdan imtina etmişdilər.

 

Rusiyanın gübrə ixracatında ən önəmli kanallarından biri Tolyatti–Odessa ammonyak boru kəməridir. Samara vilayətinin Tolyatti rayonundan Ukraynanın Odessa şəhərinə qədər uzanan bu kəmər 800 km. uzunluğundadır. 1979-cu ildə inşa olunub. Bu geniş məsafəni qət etmək üçün Ukraynanın tam ortasından axan Dnepr çayı üzərindən keçir. İldə 2,6 milyon tona qədər (dünya istehsalının hardasa 3-də 1-i) təhlükəli ammonyak maye qazını Odessaya daşıyan kəmərin marşrutu Rusya ilə Ukrayna arasında gedən müharibənin tam cəbhə xəttinə düşür. Təbii ki, kəmərin parladılması Ukraynanın böyük bir ekoloji fəlakətlə qarşılaşması anlamına gəlir. Kəmərin Dnepr çayı üzərindəki və Odessa limandakı hissələri xüsusilə həssas nöqtələridir. Belə ki, kəmər Dnepr çayı üzərində partladılsa, çayın keçdiyi bütün ərazilər ammonyakla zərərlənə bilər. Odessa limanında partladılması isə Qara dəniz sahillərində ciddi şəkildə ekoloji problem yaradar. Rusiyanın bu ilin mart ayında Dnepr çayı üzərindəki Qaxovka su anbarını partlatması və Zaporojye AES-nı minalaması, hər an partlamağa hazır hala gətirməsi Moskvanın belə obyektlərdən strateji silah kimi istifadə etməyə meylli olduğunu göstərir.

 

Xatırladaq ki, ötən il avqustun 24-də taxıl dəhizi ilə bağlı razılıq əldə edildikdən bir gün sonra Rusiya Odessa limanına da hücumlar təşkil etmiş və bir sıra mülki strateji hədəfləri vurmuşdu. Məlumata görə, həmin vaxt Odessaya 2 müasir raket atılmış, liman və liman ətrafındakı taxıl anbarları yerlə yeksan edilmişdi. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi də raketlərin onun tərəfindən atıldığını boynuna almış, sadəcə həmin ərazidə yerləşən silah anbarlarını vurduğunu bildirmişdi. Bu fakt onu göstərir ki, Rusiya eyni addımı yenə ata və Odessadakı ammonyak anbarını partlada bilər. Bu baş verərsə, anbara dəyən hər hansı bir bomba və ya raket şəhərin və vilayətin bir hissəsini tamamilə məhv edər, ammoniyak qazının zərərli maddələri Rumıniya və Bolqarıstan, hətta Türkiyə sahillərinə qədər yayılar.

 

Bundan əlavə, Tolyatti-Odessa kəməri açılarsa, ruslar ammonyak tankerlərinin öz hərbi gəmiləri ilə müşayiət olunmasını istəyə bilərlər. Nəticədə Ukraynanın Qara dənizdəki rus donanmasına qarşı hərbi əməliyyatlarının məhdudlaşdırılması qaçılmaz hala gələr.

 

Yuxarıda qeyd olunan faktlardan da anlaşıldığı kimi, Rusiyanın “taxıl dəhlizi” iddiaları Ukrayna üçün əsla qəbuledilməzdir və yəqin ki, Tolyotti-Odessa kəmərinin yenidən açılmasına Kiyev razılıq verməyəcək. 

 

Əslində Rusiyanın bu kəmərə alternativ marşrutları da var, amma onlar da kifayət qədər effektiv deyil. Layihələrdən biri  Tolyattidən Rusiyanın Qara dənizdəki Novorossiysk limanına çıxışı olan alternativ ammonyak boru kəməridir. Rusiya Ukraynanın bəzi ərazilərini işğal etdiyi ilk gündən, yəni 2014-cü ildən bu boru kəmərini çəkməyə çalışır. Ötən 9 il ərzində bəzi uğurlara da imza atıb. Amma Novorossiysk çox etibarsız limandır. İlin 300 günü bu limanda şərt fırtınalar tuğyan edir. Kimyəvi maddələrlə dolu tankerləri orada yükləmək və Qara dəniz boyunca harasa aparmaq  çox təhlükəlidir. Ukraynanın Qara dəniz limanları isə hər hansı bir yükləmə əməliyyatı üçün çox yaxşı şəraitə və təhlükəsiz gəmiçilik üçün münbit sahillərə malikdir.

 

Rusiyanın digər bir alternativi ammonyak boru kəmərini Baltik dənizinə qədər çəkməkdir. Kəmər çəkilərsə, ammonyak qazını Baltik dənizi vasitəsilə Avropaya və dünyanın müxtəlif ölkələrinə ixrac edə bilər. Amma buna Baltik ölkələrinin icazə verəcəyi də müəmmalıdır. Çünki eyni ekoloji fəlakətlər ehtimalı onlar üçün də keçərlidir. Baxmayaraq ki, Baltikyanı ölkələr bu ilin əvvəlindən etibarən Rusiyadan ammonyak qazı almağa başlayıblar və onun başqa ölkələrə ixrac edirlər. Bir ildən çoxdur ki, Hollandiya və Latviya limanlarında saxlanılan gübrələr BMT-nin xeyriyyə proqramı çərçivəsində Afrikanın ən kasıb ölkələrinə çatdırılır. Baltikyanı ölkələrin limanlarında saxlanılan ammonyak gübrələrinin ümumi həcmi təxminən 500.000 tondur. 

 

Ancaq bu miqdar, Moskva üçün kifayət deyil. Bütün danışıqlarda Rusiya nümayəndələri Odessa limanı, daha doğrusu Odessa Liman zavodu vasitəsilə ammonyak ixracının bərpasını tələb edirlər. Bu zavod iki funksiyanı birləşdirən unikal bir müəssisədir: idxal olunan ammonyakdan və ya təbii qazdan eyni vaxtda azot mineral gübrələrini istehsal edə və Tolyatti–Odessa ammonyak boru kəmərində maye halında olan ammoyakı qaz lokomotivlərinə yükləyə bilər. Transfer gücü isə Baltikyanı ölkələrindəkindən dəfələrlə çoxdur: ildə 2,6 milyon ton. Bu isə dünya ammonyak istahsalının böyük hissəsi deməkdir.

 

Rusiyanın Tolyotti-Odessa kəməri üzərində oynadığı oyunun bir başqa səbəbi də var. Məlumata görə, Odessa Liman Zavodu və əsas ammonyak boru kəməri Rusiyanın son təcavüzünün başlamasından dərhal sonra 24 fevral 2022-ci ildə konservləşdirilib. Nəticədə Rusiyanın ən böyük kimya zavodu olan "Toylattiazot" da fəaliyyətini dayandırıb. Bu zavod səhmdarı Dmitri Mazepin adlı bir milyarderin əlində cəmləşib, o və müssəsisəsi Qərb sanksiyaları altındadır. Əslində Rusiya dünyanı ərzaq təhlükəsi ilə şantaj edərək həm də “Tolyattiazot” zavodunu yenidən işə salmağa çalışır.

 

Bir sözlə, Rusiyanın “taxıl dəhlizi” ilə bağlı qaldırdığı iddiaların altında başqa məqsədlər də dayanır. Onun başlıca məqsədi Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan xilas olmaqdır. Bəs Qərb dövlətləri buna gedərmi?Taxıl dəhlizi” anlaşmasının zamanı bitdiyi gün Krım körpüsünün vurulması bu sualı müsbət cavablandırmağa imkan vermir. Faktiki olaraq, körpünün tam yeni möhlət vaxtının başlaması sırasında vurulması onu göstərir ki, Qərb ölkələri də dəhlizin açılmasında o qədər də maraqlı deyillər. Çünki dəhlizin bağlanmasından ən çox zərər çəkəcək dövlətlər onlar olmayacaq. Əsasən Çin, Yaxın Şərq və Afrika ölkələri Rusiyanın bu siyasətinin ağır nəticələri ilə üzləşəcəklər. Bu isə onların da Rusiyadan üz döndərməsi və ümidlərini ABŞ-a bağlanması ilə sonuclana bilər.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 237          Tarix: 18-07-2023, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma