Sirr deyil ki, Ukrayna savaşında Rusiyaya açıq hərbi dəstək verən yeganə ölkə İrandır. İran Rusiyaya özünün “Şahid” dronları satmaqla qalmır, hətta bu ölkəyə PUA fabriki inşa etməyə göməklik göstərir. Bu da indiki ağır vəziyyətində Rusiyanın müasir hərb texnologiyasını inkişaf etdirməsinə olduqca mühüm töhfə vermək deməkdir.
Maraqlıdır ki, bu qədər canfəşanlığına baxmayaraq, İran Rusiyadan arzuladığı dəstəyi ala bilmir. Məsələn, Suriyada havadan müdafiə missiyasını öz üzərinə götürən Rusiya vaxtaşırı İsrail hərbi təyyarələrinin bu ölkədəki İran mövqelərini atəşə tutmasına seyrçi qalır, sözügedən hücumları dayandırmaq üçün hər hansı cəhddə bulunmur. Bu da azmış kimi, iyulun 10-da Moskvada keçirilən Rusiya-Körfəz Əməkdaşlığı Şurasının iclasında İranla BƏƏ arasındakı ərazi mübahisələrində açıq şəkildə ərəblərin mövqeyini dəstəkləyib. Məlumata görə, sammitin yekun bəyannaməsində iki Yaxın Şərq ölkəsi arasında mübahisə predmetinə çevrilən 3 adanın BƏƏ-yə məxsus olması barədə maddə yer alıb. Maddədə tərəflər “bu məsələnin ikitərəfli danışıqlar, habelə beynəlxalq məhkəmə qərarları, beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinə uyğun şəkildə və beynəlxalq qanunvericilik çərçivəsində həllinə nail olmağa” çağırılıb. Bəyannaməyə Rusiya da imza atdığından belə çıxır ki, Moskva bu məsələdə İranın 3 adadakı suverenliyini şübhə alına alıb və BƏƏ-nin tərəfini tutub.
Moskvanın bu “xəyanətkar” mövqeyi cavabsız qalmayıb. Bəyanat yayıldıqdan dərhal sonra İranın media qurumları və analitikləri Rusiyanın ağ yuyub qara səriblər. İş o yerə çatıb ki, iyulun 12-də İran XİN Tehrandakı rus səfirini hüzurlarına çağırıb ondan hesabat tələb edib.
Sual oluna bilər: Rusiya niyə onu ən çox dəstəkləyən İrana qarşı bu nankorluğu edib?
Ovqat.com-un məlumatına görə, ABŞ-ın Corc Meyson Universitetinin professoru, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Mark N. Katz “Rusiya doğrudanmı İrana qarşı BƏƏ-nin tərəfindədir?” sərlövhəli məqaləsində bu suala aydınlı gətirib.
Məqalənin tərcüməsi:
“Körfəzdəki üç ada ilə bağlı İran-BƏƏ mübahisəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) açıq-aşkar tərəfini tutduğu üçün İranın Rusiyadan necə əsəbiləşdiyi barədə son vaxtlar çoxlu xəbərlər yayılıb.
Bu üç kiçik adaya - Əbu Musa, Böyük Tunb və Kiçik Tunb – İran ilk dəfə Şah Məhəmməd Rza Pəhləvi zamanında iddia irəli sürmüşdü. Bununla belə, 1971-ci ildə müstəqillik qazanıb BƏƏ-yə çevrilənə qədər bu yeddi əmirlik üzərində Birləşmiş Krallıq (Böyük Britaniya) öz protektorluğunu həyata keçirirdi. İngilislər gedərkən şahın qüvvələri üç adanı ələ keçirdilər. 1979-cu il İslam inqilabından bu günə qədər də adalar İranın nəzarəti altındadır. İranın işğalından sonra BƏƏ bu adaların geri qaytarılması üçün əvvəlcə şah, daha sonra isə İran İslam Respublikası qarşısında məsələlər qaldırsa da, hər dəfəsində uğursuzluğa düçar oldu. Bununla belə, BƏƏ adaları zorla geri qaytarmaq iqtidarında deyil və müxtəlif tərəfdaşlarından heç biri, o cümlədən ABŞ bu məqsədinə çatmaq üçün ona kömək etmək istəmir. BƏƏ, illər ərzində adalara qarşı iddiasını tez-tez təkrarlayır.
İyulun 10-da Moskvada keçirilən Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasının birgə bəyanatında isə mübahisə tərəfləri “bu məsələnin ikitərəfli danışıqlar, habelə Beynəlxalq Ədalət məhkəməsi qərarları, beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinə uyğun şəkildə və beynəlxalq qanunvericilik çərçivəsində həllinə nail olmağa” çağırılıb.
Bu bəyanat kifayət qədər zərərsiz görünə bilər, lakin İranda rəsmilər və hətta bəzi ictimaiyyət tərəfindən olduqca mənfi reaksiya ilə qarşılandı. İyulun 12-də Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırıldı və Moskvadan “mövqeyini düzəltməsi” tələb olundu. Bir çox iranlı Rusiya Xarici İşlər Nazirliyinin ərəbcə Twitter hesabında Rusiya-Körfəz Əməkdaşlıq Şurası görüşünün elanına mənfi münasibət bildirdi, o cümlədən körfəzin Ərəb deyil, Fars körfəzi kimi adlandırılmasının lazım olduğunu xatırlatdılar.
İllərlə davam edən gərginlikdən sonra BƏƏ və İran 2022-ci ilin avqustunda tam diplomatik münasibətləri (iki ölkə 2016-cı ildə Səudiyyə Ərəbistanının şiə ruhanisi Nimr Baqir ən-Nimri edam etməsinə cavab olaraq Tehran və Məşhəddəki Səudiyyə missiyalarına hücumlardan sonra diplomatık əlaqələrinin səviyyəsini aşağı salmışdılar) bərpa etmək barədə razılığa gəlmişdilər. Buna baxmayaraq, İran üç adaya sahib olmasını həlledilmiş fakt hesab edir və bu barədə BƏƏ ilə danışıqlar aparmaq və ya onun sözügedən məsələ ilə bağlı qərar qəbul etməsinə icazə vermək istəmir. İranın Ukrayna ilə müharibədə Rusiyaya yardım etməsi (Buraya İran silahlı dronlarının Rusiyaya satılması və hətta Moskvaya Rusiya daxilində pilotsuz uçan aparat zavodunun tikintisinə köməklik etməsi də daxildir) səbəbindən, Moskvanın BƏƏ və KƏŞ-in mövqeyini dəstəkləməsi Tehranı xüsusilə qəzəbləndirir.
Bəs, Moskva niyə bu mövqeyi sərgiləyir?
Ehtimallardan biri odur ki, cəzalandırıcı beynəlxalq sanksiyalar altında olan Rusiya BƏƏ və digər KƏŞ dövlətləri ilə ixracatını və sərmayələrini artırmağa ümid edir – bu, İranın Qərb sanksiyaları ilə daha da ağırlaşan iqtisadi çətinlikləri səbəbindən təmin edə bilmədiyi bir üstünlükdür. Rusiya-BƏƏ ticarəti 2022-ci ildə 68 faiz artaraq 9 milyard dollara çatıb ki, bu da əsasən Rusiyanın BƏƏ-yə ixracından (8,5 milyard dollar) ibarətdir.
Moskvanın bu məsələdə KƏŞ-in tərəfini tutması həm də Rusiyanın soyuq hesablamalarına əsaslana bilər: BƏƏ və digər Körfəz Əməkdaşlıq Şurası ölkələri istər Qərblə, istərsə də Rusiya ilə əməkdaşlıq etdiyi halda, İran-Qərb münasibətlərinin yaxşılaşma perspektivi yox kimidir. Məhz bu fakt İranın hərbi yardımından asılı vəziyyətdə olan Rusiyaya onun üstünlüklərini nəzərə almamağa imkan verir.
Əksinə, BƏƏ və digər KƏŞ dövlətləri – Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Qətər – Moskvanın mübahisəli adalar probleminin həlli zərurətinə dair mövqeyini dəstəkləməsindən çox məmnundurlar. Onlar Amerikanın Körfəz ərəb dövlətlərini Rusiyadan uzaqlaşmaq və ona iqtisadi sanksiyalar tətbiq etməkdə Qərbə qoşulmaq çağırışlarına müqavimət göstərmək üçün Moskvanın bu addımını bəhanə kimi göstərə bilərlər. Yəni KƏŞ dövlətləri iddia edə bilərlər ki, Rusiyanın adalar münaqişəsinin həlli ilə bağlı ərəblərin mövqeyini dəstəkləməsi onların Rusiya ilə əməkdaşlığının faydalılığını nümayiş etdirir.
Bununla belə, İran-BƏƏ mübahisəsinin həlli ilə bağlı Rusiya-Körfəz Əməkdaşlıq Təşkilatının birgə bəyanatının əhəmiyyətini şişirtməmək lazımdır. Həm Moskvanın, həm də Tehranın tam bildiyi kimi, İran BƏƏ ilə danışıqlara getməyəcək, hətta Beynəlxalq Ədalət Məhkəməsinə onların mübahisəsini arbitraj etmək imkanı verməyəcək. Rusiya-Körfəz Əməkdaşlıq Təşkilatının birgə bəyanatı İranın üç adaya nəzarəti davam etdirməsi faktını dəyişdirməyəcəklər.
Tərcümə etdi: Ovqat.com
Paylaş: