Xəbər lenti


 

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dünən mediaya verdiyi açıqlamasında Azərbaycanlı həmkarı ilə Moskva danışıqlarında masaya yatırdıqları mövzulara aydınlıq gətirərkən iki dövlət arasında son zamanlar münasibətlərin gərginləşməsinin əsl səbəblərinə də toxunub.

 

Ovqat.com-un məlumatına görə, erməni nazir rusiyalı həmkarı Sergey Lavrovun Moskva görüşü ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib: 

 

“Dağlıq Qarabağ ermənilərinin – bu ərazinin avtoxton əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi öz dərin məzmunu ilə digər məsələlərdən tamamilə fərqlənir və bu anlayışlar arasında heç bir paralellik yoxdur”. 

 

Qeyd edək ki, Lavrov iyulun 25-də Moskvada keçirilən üçtərəfli danışıqların nəticələrinə dair bəyanatında bildirmişdi ki, Azərbaycan tərəfi “qarşılıqlı əsasda öz ərazisində yaşayan şəxslərə eyni zəmanətləri verməyə, erməni tərəfi də öz növbəsində bütün konvensiyaların Ermənistan Respublikasında yaşayan vətəndaşlara tətbiqi ilə bağlı da eyni şeyi etməyə hazırdır”.

 

Lavrovun bu sözlərindən belə çıxırdı ki, Azərbaycan Qarabağda ermənilərə tələb olunan hüquq və azadlıqların Qərbi azərbaycanlılara da verilməsi arqumenti ilə çıxış edir. Bu isə 1988-90-cı illərdə yurd-yuvalarından köçürülən vətəndaşlarımızın öz evlərinə qayıtması və onların təhlükəsiz yaşamalarına şərait yaradılması ilə mümkündür. Həqiqətən də problemin ədalətli həlli məskunlaşma durumunu münaqişədən əvvəlki vəziyyətə gətirməklə ola bilər. Əks halda, Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh sazişi kağız üzərində qalar, bu da ilk növbədə Qarabağ ermənilərinin Azərbaycan ərazisində məskunlaşmasına və təhlükəsiz yaşamalarının legitim əsaslarına kölgə salar. Çünki rus imperiyası tərəfindən sonradan Qarabağda məskunlaşdırılmış erməni əhalisi Azərbaycan ərazisində təhlükəsiz yaşadıqları halda, eyni hüququn tarixi torpaqlarından zorla köçürülmüş Qərbi azərbaycanlılara tanınmaması ədalətli deyil. Ədalətli olmayan sülh isə qalıcı ola bilməz.

 

İrəvanın bu məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirən Mirzoyanın sözlərindən isə belə çıxır ki, guya ermənilər bu torpaqların əzəli sakinləri olduğu üçün onlara xüsusi imtiyazlar verilməlidir. Halbuki, Qarabağa ermənilərin rus imperiyası tərəfindən sonradan köçürülməsi barədə kifayət tarixi sənədlər var. Bu gün Ermənistan adlanan ərazilərdə vaxtilə İrəvan xanlığının mövcud olduğunu, əhalisinin böyük qisminin Azərbaycan türklərindən təşəkkül tapdığını erməni tarixçiləri də inkar etmirlər. Bu baxımdan əsl avtoxton əhali Qarabağda hazırda yaşayan ermənilər yox, əksinə Ermənistandan zorla köçürülən azərbaycanlılardır. İrəvan isə bu həqiqəti “1990-cı illərdə Ermənistandakı azərbaycanlılar öz istəkləri ilə yurd-yuvalarını tərk ediblər” yalanı ilə ört-basdır etmək, erməni vəhşiliyinə bəraət qazandırmağa çalışırlar. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Lavrovun bəyanatını şərh edərkən bu arqumentə söykənirdi. Marukyanın fikrincə, ermənilər guya zorakılıq, qətl, evlərinin yandırılması təhlükəsi ilə Azərbaycandan qaçıblar, azərbaycanlılar isə sakitcə Ermənistanı tərk edib, mənzilləri dəyişdirib, təzminat alıblar: “Yəni, hətta bu hissədə belə şərtlər mütənasib deyil”.

 

Ermənistan Xarici İşlər naziri Mirzoyan da yəqin ki, eyni məntiqlə, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik probleminin heç bir halda Ermənistanın götürdüyü beynəlxalq öhdəliklərlə tam zəmanət verilən və nəzərdə tutulan Ermənistanda yaşayan vətəndaşların hüquqları mövzusu ilə eyniləşdirməyin” mümkünsüzlüyünü irəli sürüb. Onun dediyinə görə, Moskvada üçtərəfli formatda keçirilən son görüşdə bu məntiqdən kənar heç bir müzakirə aparılmayıb və hər hansı razılıq əldə olunmayıb.

 

İrəvanın danışıqları dalana dirəyən digər tələbi Qarabağ ermənilərinin hüquq və azadlığına beynəlxalq zəmanətin verilməsi ilə bağlıdır. Mirzoyan dünənki açıqlamasında da bu arqumenti əlində rəhbər tutaraq vurğulayıb ki, Xankəndi ilə Bakı arasındakı məsələ dialoq yolu ilə həll olunmalıdır, amma dialoqun effektivliyinə yalnız beynəlxalq iştirak və effektiv mexanizmlər vasitəsilə zəmanət verilə bilər. Onun fikrincə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusu 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ ərazisi”, “Dağlıq Qarabağla təmas xətti” kimi ifadələri ilə öz əksini tapıb.

 

Sənədin yeddinci bəndi qaçqınların “Dağlıq” Qarabağ ərazisinə və qonşu rayonlara qaytarılmasını müəyyən edir ki, bu da Azərbaycan tərəfindən indiyədək yerinə yetirilməyib”, -  deyən erməni nazirin sözlərinə görə, söhbət burada söhbət Hadrut, Şuşa, Ağdərə, Əsgəran, Goranboy və Çaykənd rayonlarından gedir. XİN başçısı qeyd edib ki, Ermənistan tərəfi diplomatik danışıqlarda rəsmi Bakının “Qərbi azərbaycanlılar öz yurdlarına qayıtsın” arqumentinə qarşı 1988-1991 – ci illərdə ölkəmizin müxtəlif yerlərindən, o cümlədən Bakı, Gəncə, Sumqayıt və Naxçıvandan köçmüş ermənilərin bənzər problemlərini qaldırır.

 

Mirzoyanın iddiasında görə, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi Azərbaycanla danışıqlar kontekstində Ermənistan üçün əsas məsələ olub. “İrəvan beynəlxalq zəmanətlərə ehtiyac olduğunu israr edir, Bakı isə öz növbəsində bəyan edir ki, Qarabağ əhalisinə heç bir ayrı hüquq verilməyəcək, onların hüquq və təhlükəsizliyə Azərbaycan Konstitusiyası çərçivəsində baxılacaq. Buna görə də artıq 7 aydan çoxdur ki, Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini bağlayıb. Son 1,5 ay ərzində isə “Dağlıq” Qarabağ sakinləri tam blokadaya düşüblər - əsas ehtiyacların kəskin çatışmazlığı ilə, dərman, yanacaq və işıq olmadan  yaşayırlar”.

 

Mirzoyanın bu fikirlərindən aydın olur ki, İrəvan sülh danışıqlarını qəsdən dalana dirəmək üçün müxtəllif bəhanələrdən istifadə edir, Azərbaycan da məcbur olub öz suverenlik haqlarından irəli gələn addımlar atır. İrəvan isə öz növbəsində bu addımları bəzi xarici səfirliklərin nümayəndələrin də iştirakı ilə “humanitar təxribatlar” törədərək neytrallaşdırmağa çalışır.

 

Heydər Oğuz,
 Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 890          Tarix: 28-07-2023, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma