Xəbər lenti


 

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

 

Ovqat.com Türkiyə Prezident Aparatının Mətbuat Katibliyinə istinadən xəbər verir ki, qapalı keçirilən görüş 1 saata yaxın davam edib. 

 

Görüşdə iki qardaş dövlət arasında ticarət, enerji və nəqliyyat məsələləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

 

Məlumata görə, Prezident Külliyyəsində keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak edib.

 

Türkiyə Prezident Aparatının bu rəsmi məlumatından aydın olur ki, Azərbaycan Xarici İşlər nazirinin Ankara səfərində əsasən 4 əsas məsələ masaya yatırılıb:

 

1. Ticarət

 

Məlumata görə, Türkiyə-Azərbaycan arasında ticarət həcminin hədəflənən 15 milyard dollara çatdırılması üçün səylərin davam etdirilməsinin lazım olduğunu deyən prezident Ərdoğan bunun üçün ilk növbədə enerji və nəqliyyat sahələrində birlikdə hərəkət etməyin, tam əməkdaşlığın əhəmiyyətindən danışıb, bunun hər iki ölkənin mənafeyinə uyğun olduğunu vurğulayıb. 

 

2. Enerji 

 

Enerji sahəsində birgə fəaliyyətin nədən ibarət olmasının detalları açıqlanmayıb. Amma bəllidir ki, Azərbaycanın qlobal neft və qaz tranzit xətləri Türkiyədən keçir. Bu zamanadək TANAP və TAP layihələri çərçivəsində qardaş ölkəyə ildə 16 milyard kub metr qaz ixrac edirdik. Bunun 10 milyard kub metri Türkiyəyə, qalan 6 milyard kub metri isə TAP layihəsi ilə Şərqi Avropaya nəql olunurdu. 

 

Ötən ilin 24 fevralında Ukraynanın daha çox ərazilərinin təkrar işğalından sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və ondan qaz almamağa başladılar. Bu da öz növbəsində alternativ enerji qaynaqları tapmaq zərurəti yaratdı. Əsas alternativ qaynaqlardan biri də Azərbaycan idi. Avropa İttifaqı ilə Azərbaycan arasında əldə edilən razılaşmalara əsasən, ölkəmiz Avropaya ildə 20 milyard kub metr qaz göndərməyi öz öhdəsinə götürdü. Bunu Azərbaycan prezidenti İlham Əliyev özünün müxtəlif çıxışlarında dəfələrlə dilə gətirib.

 

“Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”, - Prezident İlham Əliyev fevralın 3-də "Gülüstan" sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 1-ci iclaslarının açılışında bildirib.

 

Prezidentin bu sözlərindən aydın olur ki, Azərbaycan ən yaxşı halda TAP kəməri ilə Avropaya 20 milyard kub metr qaz nəql edə bilər. Bunun üçün isə Avropanın bəzi ölkələrində yeni qaz xətləri və digər təsisatlar qurulmalıdır. Bundan əlavə, Azərbaycan Avropaya alternativ enerjilər də sata bilər və hazırda bu istiqamətdə ciddi işlər görülür.

 

Bəs, Azərbaycanın öz ixrac potensialını 2 dəfə artırması rus qazını əvəz edə bilərmi?

 

Əlbəttə ki, yox. Azərbaycandan başqa digər hasilatçı ölkələr də prosesə qoşulmalı və bu istiqamətdə səylər birləşdirilməlidir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Ukraynaya son hücumdan əvvəl, 2021-ci ildə Avropaya boru kəmərləri ilə sutkada 380 milyon kubmetr təbii qaz göndərilmişdi. Bu da ildə 140 milyard kubmetr qaz deməkdir. 15 milyard kubmetr Rusiya təbii qazı isə LNG şəklində tədarük edilmişdi. Göründüyü kimi, Azərbaycan öz potensialını maksimum dərəcədə istifadə etsə, belə Rusiyadan tədarük edilən 155 milyard kub metrlik qazın yalnız 15% faizinə qədərini Avropaya verə bilər. 

 

Bu da hələ problemin hamısı demək deyil. Məlum olduğu kimi, Azərbaycan bu proqramını açıqlayanda Aİ ilkin olaraq 2030-cu ilə qədər Rusiyadan asılılığı üçdə iki azaltmağı hədəfləmişdi. Müharibə qızışdıqca bu hədəf 2023-cü ilə qədər geri çəkildi. Nəticədə, bu hədəfi reallaşdıracaq təbii qaz təchizatı üçün təcili şəkildə müxtəlif yeni qaynaqlar tapılmalı və bərpa olunan enerji mənbələrini artırılmalıdır. 

 

Zənnimizcə, bu məsələdə həm Azərbaycanın, həm də Türkiyənin üzərinə böyük vəzifələr düşür. Şimali İraq, İsrail, Qətər və digər Yaxın Şərq ölkələrindən alınan qazla  Türkiyə bizdən aldığı qazı kompensasiya edə bilsə, Azərbaycan Avropaya TANAP-TAP layihəsi ilə ildə 20 milyard yox, 30 milyard kub mert qaz da göndərə bilər. Təbii ki, Türkmənistanla birgə çıxardığımız “Dostluq” yatağından hasil olunan qaz da bu nəql prosesinə cəlb olunarsa. Görünür, Ərdoğanla Ceyhun Bayramovun görüşündə bu alternativlər və onların yaratdığı suallar masaya yatırılıb.

 

3. Nəqliyyat və kommunikasiya məsələləri

 

Türkiyə Prezident Aparatının Mətbuat Müdirliyinin məlumatından belə anlaşılır ki, iki qardaş ölkənin rəsmiləri arasında masaya yatırılan məsələlərdən biri də Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolu olub. Bu kommunikasiya xəttinin əhəmiyyətinə toxunan Ərdoğan yollardan daha səmərəli istifadənin vacibliyindən danışıb. Sirr deyil ki, Azərbaycan uzun illər Orta dəhliz layihəsinin üzərində çalışıb. İpək (avtomobil) yolu, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini tamamlayıb. Ələtdə Trasxəzər kommunikasiya əlaqələrini reallaşdırmaq üçün böyük təsisatlar yaradıb. Fəqət bütün bunlar Orta dəhlizin işləməsi üçün kifayət deyil. Qırğıstandan tutmuş Gürcüstana, Türkiyəyə qədər geniş coğrafiyanı əhatə edən bu layihənin uğuru bəzi təhlükəsizlik tədbirlərinin görülməsindən keçir. Bunun üçün İlk növbədə Türk dünyası ərazilərində sabitlik təmin olunmalı, Rusiyanın bu coğrafiyaya yerləşdirdiyi separatizm “mina”ları bir-bir zərərsizləşdirilməli, ən əsası Zəngəzur dəhlizi açılmalıdır

 

Prezident İlham Əliyev 25 noyabr 2022-ci il tarixində Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusulu beynəlxalq konfransda çıxış edərkən də bu xüsusları dilə gətirərək demişdir: “Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”.

 

Ölkə başçısının fikrincə, Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaq: “Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq”. 

 

4. Zəngəzur dəhlizi və təhlükəsizlik məsələsi

 

Bundan əlavə, konfransda Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları da müzakirə olunmuşdu. Təsadüfi deyil ki, Ceyhun Bayramovla Türkiyə prezident Rəcəb Tayib Ərdoğan arasında bugünkü görüşün də əsas məsələlərindən biri təhlükəsizlik problemi ilə əlaqədardı. Bu da səbəbsiz deyil. Azərbaycan və Türkiyənin bu istiqamətdə yürütdüyü siyasətlər bir çox dövlətləri, o cümlədən Rusiyanı qıcıqlandırmaya bilməz. Ölkəmiz şimaldan gözlənilən bütün həmlələrə hazır olmalı, lazım gələrsə qardaş Türkiyənin köməyinə bel bağlamalıdır.

 

Ərdoğanla Ceyhun Bayramovun arasında aparılan danışıqlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu Türkiyə tərəfindən də rəsmən bəyan edilib. Rəsmi məlumata görə, “görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin normallaşma prosesi üçün vacib olduğunu həmsöhbətinin diqqətə çatdırıb”.

 

Göründüyü kimi, R.T.Ərdoğanla C. Bayramov arasında əsasən 4 mühüm məsələ müzakirə olunub. Onların icrası yalnız Azərbaycanla məhdudlaşmayacaq, Orta Asiya ölkələrinin də Qərbə inteqrasiyasını təmin edəcək.


Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 541          Tarix: 31-07-2023, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma