Leyli Xəlilzadə,
BMTM
İyulun 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Mərkəzi Asiya Əməkdaşlıq Şurası liderlərinin “KƏŞ+Mərkəzi Asiya” sammiti keçirildi. Sammit Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanın təşəbbüsü və dəvəti əsasında baş tutdu. Sammitdə Körfəz Əməkdaşlıq Şurası ölkələrinin - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Oman, Küveyt, eləcə də Mərkəzi Asiya respublikalarının - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan dövlət başçıları iştirak etdilər.
Sammit iştirakçı dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə regionlararası əməkdaşlığın inkişafı, o cümlədən münasibətlərin bütün spektrlərində uzunmüddətli sabitliyin rasionallaşdırılması məqsədi daşıyırdı. İki region arasında əməkdaşlığın qurulması üzrə ilk addım bir il əvvəl, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində atılmış, həmin ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə "Körfəz Ərəb Dövlətləri - Mərkəzi Asiya üzrə Əməkdaşlıq Şurası" strateji dialoqunun ilk nazirlər iclası keçirilmişdir. Bu, iki region ölkələri arasında dövlət başçıları müstəvisində keçirilən ilk sammit oldu. Bu ay baş tutan sammitdə iştirakçı dövlətlər arasında 2023-2027-ci illəri əhatə edən dövrdə strateji dialoq və əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı təsdiq edildi. Birgə Fəaliyyət Planı siyasi sabitlik, dialoqun gücləndirilməsi, iqtisadiyyat və investisiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması məsələləri üzərində işləməyi nəzərdə tutur.
Sammit çərçivəsində müzakirə edilən prioritet sahə iqtisadiyyat oldu. Sammit iştirakçıları ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmənin zəruriliyini vurğuladılar. Belə ki, 2021-ci ildə iki regional blok arasında ticarət dövriyyəsi təxminən 3,1 milyard dollar təşkil edib ki, bu da KƏŞ ölkələrinin ümumi ticarətinin cəmi 0,27%-ni təşkil edir. (şəkil 1.)
Son dönəm Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə fəal şəkildə sərmayə qoyduğunun şahidi olmaq mümkündür. Ötən ilin iyul ayında Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev, təkcə çoxmilyonluq investisiyalar deyil, həm də Qazaxıstanın “Samruk-Kazyna” və “NUH Baiterek” fondlarının Səudiyyə Ərəbistanının İnvestisiya Fondu ilə sıx əməkdaşlığın qurulması təklifinin irəli sürülməsi məqsədi ilə Ciddə şəhərinə səfər etmişdir. Fond, neft-kimya sənayesində, yaşıl enerjinin inkişafı, metallurgiya və mədənçıxarma sektorlarında, kənd təsərrüfatı məhsullarının dərin emalı sahəsində iri investisiya layihələrində iştirak etməyə dəvət olunurdu.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Dövlət İnvestisiya Fondunun ümumi aktivləri təxminən 620 milyard ABŞ dollarıdır və o dünyanın ən böyük suveren sərvət fondlarından biridir. COVID - 19 pandemiyası dövründə fond böyük qlobal şirkətlərin (Boeing, Facebook, Disney, Marriott və Starbucks) təxminən 8,7 milyard dollarlıq səhmlərini əldə edib. Fond həmçinin ABŞ-ın iri banklarına - Citigroup və Bank of America-ya sərmayə qoyub və neft nəhəngləri BP, Total, Royal Dutch Shell, Eni və Equinor ASA-nın səhmlərini alıb.
Şəkil 1. KƏŞ və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi
Səfər çərçivəsində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşən Q.C. Tokayev Astananın maşınqayırma, dəmir-polad istehsalı, eləcə də qida sənayesi və kənd təsərrüfatı sahələrində ildə təxminən 400 milyon dollar dəyərində 100-dən çox qeyri-xammal məhsulu təklif edə biləcəyini bildirmişdi. Öz növbəsində o, Krallığın əvvəllər Ukraynadan aldığı buğda, un və yağlı bitkilərin uzunmüddətli tədarükünü vəd etmişdir. Onu da qeyd edək ki, xüsusilə, son onillikdə KƏŞ ölkələri iqtisadiyyatın digər sahələri kimi Astanada da binaların tikintisinə kifayət qədər fəal şəkildə sərmayə qoyublar. Ər-Riyadın dəstəyi ilə Qazaxıstanda 120 milyon dollarlıq layihələr həyata keçirilib.
Səudiyyə Ərəbistanı Krallığının sərmayə yatırdığı digər Mərkəzi Asiya ölkəsi Özbəkistandır. 2022-ci ilin avqustunda Q.C. Tokayevin ardınca, Səudiyyə Ərəbistanına səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Məhəmməd bin Salman arasında 14 milyard dollarlıq sərmayə sazişləri imzalandı ki, bunun da 12 milyard dolları enerji sektorunun inkişafı üçün nəzərdə tutulub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Özbəkistanda enerji infrastrukturunun modernləşdirilməsi və yaşıl enerjinin inkişafı layihələrində ən böyük xarici investorlardan biridir.
Mərkəzi Asiya ölkələrində əsas investor KƏŞ ölkələrindən digəri BƏƏ-dir. Təkcə ötən il Qazaxıstana BƏƏ sərmayələrinin həcmi demək olar ki, 420 milyon dollar təşkil edib. Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstanın Xəzər dənizindəki liman infrastrukturuna investisiya qoymaq niyyətindədir.
Səudiyyə Ərəbistanı ilə müqayisədə BƏƏ Özbəkistana daha çox sərmayə qoyan ölkədir. Özbəkistanda BƏƏ iş adamları enerji sektoruna, xüsusən də bərpa olunan enerji mənbələrinin - külək və günəş stansiyalarının, qazla işləyən istilik elektrik yarımstansiyalarının tikintisi və quraşdırılmasına fəal şəkildə sərmayə qoyurlar.
Mərkəzi Asiya regionunda daha az aktiv investor Qətərdir. 2023-cü ilin iyun ayında Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani Mərkəzi Asiya ölkələrinə səfəri çərçivəsində Qətərlə bu ölkələr arasında bir çox sahəni əhatə edən anlaşmalar imzalamışdır. Özbəkistanla enerji, logistika və kənd təsərrüfatı sahələrində 12 milyard dollarlıq müqavilə imzalanıb. Əl-Tani Qırğızıstana səfəri çərçivəsində bu ölkəyə hərbi sahədə əməkdaşlıq vəd edib. Çinin bütün cəlbedici layihələrə sahib olduğu Tacikistanda Qətərin tikintisinə 100 milyon dollar sərmayə qoyduğu, bölgənin ən böyük məscidi açılıb.
Nəticə
KƏŞ və Mərkəzi Asiya ölkələrinin Ciddə şəhərində keçirilən ilk sammiti iki mühüm geostrateji mövqedə yerləşən regionlar arasında əlaqələrin yeni mərhələsinin başlamasından xəbər verir. Bu gün sürətlə dəyişən geosiyasi vəziyyəti, regionda və dünyada baş verən siyasi və iqtisadi prosesləri nəzərə alsaq, bu ideyanın ortaya çıxması, yəni iki region arasında yeni əməkdaşlıq formulunun yaradılması iki region dövlətlərinin maraqlarının təzahürüdür. Ümumiyyətlə, Mərkəzi Asiyadakı xarici aktorların fəallığına nəzər salsaq, “Mərkəzi Asiya +...” formatı çərçivəsində Rusiya, ABŞ, Çin, Aİ, Yaponiya, Cənubi Koreya iri layihələrinin bu bölgəyə geosiyasi axınının davam etdiyini deyə bilərik.
Bu sammitə qədərki dövrdə KƏŞ və Mərkəzi Asiya ölkələri arasında vahid yanaşma olmamışdır. Dövlətlərin hər biri müstəqil fəaliyyət göstərərək, fərdi əməkdaşlıq anlaşmaları imzalayır, fərdi kommersiya layihələrini həyata keçirirdilər. Lakin bu, tərəflər arasında gözlənilən nəticələri verməmişdi.
Həmçinin Mərkəzi Asiya ölkələrinin tərəfdaşı olan Çin və Rusiyanın bölgəyə qoyduğu sərmayə həcmini müqayisə etsək, KƏŞ ölkələrinin hazırkı mərhələdə kifayət qədər rəqabətə davamlı olmadığını söyləyə bilərik. Digər tərəfdən, Rusiya və Çinin əsas ticarət-iqtisadi tərəfdaşlar və sərmayədarlar olmasına baxmayaraq, Mərkəzi Asiya dövlətlərinin liderləri KƏŞ ölkələrinin səxavətli investisiyalarına ümid edirlər. Ərəb dövlətləri isə Mərkəzi Asiyanın potensialında maraqlıdırlar. Onlar xammala çıxış əldə etmək ümidinə həvəslə sərmayə qoyurlar və regionda xüsusilə səxavətli olmayan ABŞ və Avropanı sıxışdırmağa çalışırlar.
Belə olan halda biz, yeni formatın şahidi oluruq. Şübhəsiz, hər iki regionun “Birgə Fəaliyyət Planı”nda ortaq maraqları var. Mərkəzi Asiya ölkələri KƏŞ ölkələrindən yeni investisiyalara, eləcə də ticarətin artırılmasına ümid edirlər. KƏŞ ölkələri isə Mərkəzi Asiya regionunda yaşıl enerjiyə maraq göstərirlər.
İki region arasında birgə və davamlı əməkdaşlığın qurulmasında xüsusi maraqlı olan ölkə Səudiyyə Ərəbistanı Krallığıdır. Son zamanlarda Krallığın xarici siyasətində önəmli addımlar nəzərə çarpmaqdadır. Belə ki, Çinin vasitəçiliyi ilə İran arasında əldə edilən razılaşma, Türkiyə ilə qurulan yeni əlaqələr, habelə ötən ay vəliəhd şahzadənin Fransaya rəsmi səfəri və imzalanan yeni anlaşmalar kimi Krallıq üçün mühüm addımlardan sonra Səudiyyə Ərəbistanı ümumi maraqları və inkişaf perspektivlərini artırmaq niyyətindədir.
Bu sammitin Məhəmməd bin Salmanın birbaşa təşəbbüsü və sədrliyi ilə öz ölkəsində keçirilməsində əsas məqsədlərindən biri “EXPO 2030”-a ev sahibliyi üçün namizədliyinə dəstək almaqdır. İbn Salmanın digər məqsədi regionda nüfuzunun artırılmasıdır. KƏŞ ölkələrinin Mərkəzi Asiya dövlətləri ilə birgə əməkdaşlıq əlaqələrinin gələcək addımları barədə onu demək olar ki, bu iki regionu qədim tarixi əlaqələri ilə yanaşı, onların siyasi, ticari, iqtisadi və digər sahələrdə əlaqələr qurması prosesində birləşdirici və əsas amil dini amildir. Bu amil həm də, Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın regional konsensusa nail ola biləcəyini deməyə əsas verir.
Paylaş: