Xəbər lenti


 

Avropa İttifaqı ilə bağlı məlumatları dərc etmək üçün 2002-ci ildə ərsəyə gətirilən və mərkəzi Brüsseldə yerləşən “EU Reporter” xəbər saytında maraqlı bir məqalə yayımlanıb. 

 

Ovqat.com-un məlumatına görə, Yevgeni Mahda adlı müəllifin qələmə aldığı Rus alqoritmi: Rusiya və müttəfiqləri fikirlərini Qərbə necə tətbiq edirlər” sərlövhəli məqalədə Moskvanın Qərb dövlətlərinə qarşı apardığı hibrid müharibədən bəhs olunur. 

 

Müəllif Rusiyanın Qərb dövlətlərinin demokratik xarakterindən istifadə edərək müxtəlif həvəsləndirmə yolu ilə ələ aldığı keçmiş və indiki rəsmilər vasitəsilə süni gündəm yaratmağa çalışdığını bildirir. Buna misal olaraq isə əsasən iki şəxsin adını hallandırır: Ukraynaya torpaq güzəşti qarşılığında NATO-ya üzvlük təklifi ilə çıxış edən alyansın baş katibinin şəxsi ofisinin direktoru Stian Jenssenin və erməni təbliğatının alətinə çevrilmiş argentinalı vəkil Lui Moreno-Okamponun fəaliyyətlərini. 

 

Azərbaycan oxucusu üçün aktuallığını nəzərə alıb məqalənin tərcüməsini təqdim edirik:


Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlaması ilə Kremlin hibrid təcavüzünün tamamilə dayanacağına inananlar yanılırlar. Xeyr, bu təcavüz getdikcə aktiv forma alır və bir çox qaynar nöqtələr üçün aktual olaraq qalır”, - sözləri ilə məqaləsinə başlayan Yevgeni Mahda yazır ki, Kremlin xüsusilə Cənubi Qafqazda azsaylı müttəfiqlərindən biri - Rusiya üçün böyük əhəmiyyət kəsb edən Ermənistan bu məsələdə aktiv rol oynayır.

 

Müəllif daha sonra bildirir: “NATO baş katibinin şəxsi ofisinin direktoru Stian Jenssen bu həftə Ukraynada məşhurlaşıb. Şöhrət müxtəlif formalarda olsa da, bu Alyans rəsmisi kifayət qədər sürətli yüksəliş xəttini seçdi. Onun Ukraynanın zəmanətli NATO üzvlüyü müqabilində ərazilərini Rusiyaya verə biləcəyi ilə bağlı təklifi təhlükəli və həyasız bir oyun idi. Jenssen tez bir zamanda öz sözlərindən geri çəkilsə də və mövqeyini təsirli şəkildə sarsıtsa da, Ukraynadakı proseslərə zərər verdi.

 

Bu bəyanatı diqqətəlayiq edən bir neçə başqa amil var:

 

Jenssen, digər NATO rəsmiləri kimi, Şimali Atlantika Müqaviləsi Təşkilatı adından danışmaq üçün rəsmi səlahiyyətə malik deyildi. O, belə bir ictimai səhvdən qurtula biləcəyinə qərar verəndə artıq hüdudları aşmışdı. NATO baş katibinin şəxsi ofisinin direktoru vəzifəsindən (yalnız Yens Stoltenberq özü və müavinləri Alyansın rəsmi mövqeyini ifadə edə bilər) ən azı sui-istifadə etmişdi və bu sui-istifadə faktının səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

 

Ukraynanın NATO-ya üzvlük yolu ilə “zəmanətli müalicə kursu” müqabilində öz ərazilərinin bir hissəsinin mahiyyətcə “amputasiya edilməsi” (kəsilməsi) təklifi bir məmurun şəxsi fikri deyildi. Əslində bu, Qərb isteblişmenti daxilində demokratiyanın hökm sürdüyü dünya qurmaq istəyən, lakin Rusiyanı təhrik etmək, Kremlin Ukrayna və postsovet məkanına geosiyasi baxışını dəyişmək istəməyən bir neçə təmsilçinin mövqeyini əks etdirir.

 

Alyans daxilində Ukrayna məsələsində aydın konsensus olmadığı halda, “zəmanətli NATO üzvlüyündən” danışmaq şüurlu şəkildə ictimai rəyi çaşdırmağa xidmət edirdi. Bu, xüsusilə Yenssenin qeyd etdiyi “Ukraynanın NATO-ya üzvlük məsələsində əhəmiyyətli dəyişiklikləri” nəzərə alanda daha aydın görünürdü. Halbuki, hazırda bu iddiaları dəstəkləyəcək heç bir obyektiv sübut yoxdur.

 

Norveç mediasında onun “Chatham House Qaydaları”nı niyə pozduğu ilə bağlı müzakirələr başladı və bu, Stian Jenssenin mövqeyinin açıqlanmasına səbəb oldu. Məlumat sızmasının səbəblərini də aydınlaşdırmağa dəyər, çünki Rusiya mediası onu tez bir zamanda götürüb bütün dünyaya çatdırdı. Aydındır ki, bu, yaxşı planlaşdırılmış rus informativ-psixoloji əməliyyatı idi.

 

Bu cür hərəkətlər Kremlin məntiqinə tam uyğun gəlir və məqsədi hazırda ənənəvi düşmənlərinin hərəkətlərinin səmərəsizliyini nümayiş etdirməyə yönəlib. Öz məqsədinə nail olmaq üçün Rusiya müxtəlif vasitələrdən istifadə edir, lakin onlardan birini daha ətraflı şəkildə araşdırmağa dəyər.

 

Rusiya və demokratik prosedurlar nadir hallarda kəsişən iki uzaq qalaktika kimi olsa da, Moskva demokratik cəmiyyətin daxili işini diqqətlə öyrənir. Bu fəaliyyət yalnız media orqanları ilə də məhdudlaşmır, hüquqi mexanizmləri, səlahiyyətdən istifadə və sui-istifadə məsələlərini, ekspert rəylərini təsdiqləmək üçün mənsubiyyətlərdən istifadəni əhatə edir. Bu baxımdan Kreml diqqətəlayiq uğurlara imza atıb və atır.

 

2023-cü ilin iyul ayının sonlarında qondarma “Artsaxın prezidenti” (tanınmamış Dağlıq Qarabağ Respublikasının - Azərbaycan ərazisindəki işğal olunmuş anklavın rusiyapərəst lideri) Araik Harutunyan argentinalı vəkil Lui Moreno-Okampoya müraciət edərək ondan regiondakı vəziyyətə “hüquqi qiymət” vermək ricasında bulundu. Moreno-Okampo vaxtilə Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru olub, lakin 2012-ci ildə bir sıra qalmaqallara görə istefaya getmək məcburiyyətində qalıb. Lakin bu, Lui Moreno-Okampoya uzaqdan və cəmi doqquz gün ərzində Laçın dəhlizi ətrafında baş verənlərin “ermənilərin soyqırımı” adlandırmasına mane olmadı. BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclası ərəfəsində müvafiq informasiya fonunda bu qiymətləndirmə qlobal mediada geniş şəkildə işıqlandırıldı. Xatırladaq ki, həmin iclas Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Ermənistanın xahişi ilə keçirilirdi. Diqqətli müşahidəçi, şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının hazırda heç bir məcburi qərar qəbul etmək iqtidarında olmadığını başa düşər. Lakin Nyu Yorkda məsələnin gündəmə gətirilməsi onu dünyanın diqqətinə çatdırmaq məqsədi güdürdü.

 

Əslində, biz məkrli bir hiylə ilə qarşı-qarşıyayıq. Araik Harutunyan beynəlxalq aləmdə dünya birliyinin üzvü kimi tanınan dövlətin nümayəndəsi deyil. Onun rəhbərlik etdiyi qurum yalnız Rusiyanın Ukrayna, Gürcüstan və Moldova ərazilərindəki proxy “respublikaları” tərəfindən tanınır və rus hərbçiləri tərəfindən “mühafizə olunur”.

 

Üstəlik, Louis Moreno-Okampo da Beynəlxalq Cinayət Məhkəməsini təmsil etmir və bu qiymətləndirməni pro bono (pulsuz) verdiyini vurğulayaraq, əvvəlki mövqeyindən səmərəli şəkildə istifadə edir. Həmin iddiaların obyektivliyini qaranlıq əlaqələrə və şübhəli keçmişə malik olan argentinalı vəkilin öz vicdanına buraxırıq. Əslində biz onun əməllərində ictimai rəyə təsir etmək üçün hibrid müharibə üsullarından istifadənin şahidi olduq.

 

Qarabağ ətrafındakı vəziyyətin “erməni soyqırımı” kimi qələmə verilməsi, əslində, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında qətlə yetirilən ermənilərin xatirəsini sui-istifadə etmək cəhddir. Bu da Lui Moreno-Okamponun  işə qarışmasının arxasında Kremlin dayandığını göstərir. Zira Kremlin başqalarının əzabından öz siyasi maraqları üçün istifadə etməsi təcrübəsi yeni hadisə deyil. Bundan əlavə, Moskva Bakı ilə İrəvanın sülh mövzusunda tədricən yaxınlaşmasından, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirməsindən son dərəcə narahatdır. Rusiya üçün bu ssenari qəbuledilməzdir, çünki bu, Cənubi Qafqazda nüfuzunun itirilməsi demək olar.

 

Cənab Jenssen və cənab Moreno-Okamponun səyləri Skott Ritterin səyləri ilə ictimai vəkillik sahəsində gücləndirici rezonans tapır. Keçmiş dəniz piyadası və 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatının silah müfəttişi olan Ritterin tarixi, yetkinlik yaşına çatmayan uşaqla qeyri-münasib münasibətlərdə iştirakı ilə bağlı Amerika hüquq-mühafizə orqanları ilə iki qarşılaşması ilə yadda qalıb. Amma bu, onu 2005-ci ildə jurnalist Seymur Herşlə mübahisəli müsahibədən çəkindirmədi. (Qeyd etmək lazımdır ki, onunla "Şimal axını" boru kəmərlərinin dağıdılmasının arxasında Amerika qüvvələrinin dayandığını iddia edən müsahibəni Herş aparmışdı).

 

Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsi ilə Ritterin mövqeyi ABŞ-ın informasiya mənzərəsi daxilində Kremlin maraqlarını inkişaf etdirməyə yönəlmişdi. Onun iddiaları arasında Buçadakı mülki itkilərin Ukrayna polisinin işi olduğuna dair fikirlər də var. Üstəlik, o, Qərbin silahlarının Ukraynanın ixtiyarına verilməsinin Rusiya-Ukrayna münaqişəsinin dinamikasına heç bir transformativ təsir etməyəcəyinə inanırdı.

  

Jenssen və Moreno-Okamponun əməlləri Rusiya kəşfiyyat xidmətlərinin iş rejiminə işıq salır. Onlar müvafiq peşəkar dairələri yaxından izləyir, həssas şəxsləri müəyyən edir və sonra onlara cazibədar təkliflər verirlər. Beləliklə, Kreml povestləri keçmiş reputasiyaya malik simaların vasitəsilə inkişaf etmiş dünyanın informasiya məkanına yayılır. Bu "keçən ilin qəhrəmanları" yalnız tənqidi düşüncənin və həm məlumatın həqiqiliyini, həm də mənbənin bütövlüyünün yoxlanılmasını zəruri edir.

 

P.S. Yevgeni Mahda “Hibrid müharibəsi: sağ qal və qalib gəl” (Xarkov, 2015), “Rusiyanın hibrid təcavüzü: Avropa üçün dərslər” (Kiyev, 2017), “Games of images: Europe Perceives Ukrayna” kitablarının müəllifidir. (Xarkov, 2016, həmmüəllif Tetyana Vodotyka)”.

 

Tərcümə: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 138          Tarix: 29-08-2023, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma