Xəbər lenti


Əhməd Məmmədli

 

Qloballaşma tendensiyalarının geniş vüsət aldığı zamanda, dövrün tələblərinə və inkişaf dinamikasına uyğun olaraq Azərbaycan bir çox dövlətlərlə, o cümlədən, türkdilli dövlətlərlə çoxsahəli tərəqqi və inkişafı hədəfləyən fəal təmaslar qurur. Xalqlar arasında olan müxtəlif  dəyərlərin ortaqlığı dövlətlərarası əməkdaşlıq perspektivlərinə və onların inkişafına müsbət təsir göstərən ən mühüm amillər sırasındadır. Xüsusilə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, daha sonra Türk Dövlətləri Təşkilatına çevrilərək  türkdilli dövlətlər arasında əməkdaşlığın yeni məqsədlərinin, strateji fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə münasibətlər son onillikdə xüsusi strateji əhəmiyyət daşıyan yeni bir mərhələyə qədəm qoymuşdur.

 

“Əsrin müqaviləsi”nin imzalanmasıyla  Avropanın əsas enerji təchizatçılarından birinə çevrilmiş Azərbaycan beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilə özünün regional və qlobal enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli tərəfdaş olduğunu sübut etmişdir. Bu konteksdə Azərbaycan-Türkiyə  əməkdaşlığı ilə yanaşı digər türkdilli dövlətlərin də layihələrdə iştirakı; Türkmənistan, eləcə də, 2013-cü ildən sonra isə Qazaxıstan xam neftinin bir hissəsinin məhz Bakı-Tbilisi-Ceyhan kəmərindən istifadə edilməklə nəql edilməsi dövlətlərarası əməkdaşlığın həm fərdi, həm qlobal əhəmiyyətini sübut edir.

 

Bununla yanaşı, ölkələr arasındakı ticarət dövriyyəsinə nəzər saldıqda, burada da yüksəlməkdə olan  müsbət dinamikanın olduğunu müşahidə edə bilərik. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2020-yədək açıqladığı rəsmi statistikaya əsasən, üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5  dəfə artaraq 4,4 mlrd. ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 % təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3  mlrd. ABŞ dolları sərmayə yatırıb.

 

Xüsusilə, II Qarabağ Savaşında Azərbaycanın qazandığı zəfərdən sonra türkdilli dövlətlər arasındakı münasibətlər daha da dərinləşmişdir. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. Ölkələrin mövcud ehtiyatlarını nəzərə aldıqda isə, bu  müsbət göstəriciləri dəfələrə artırmaq potensialının mövcudluğunu görürük.

 

Təbii ki, sadalanan müsbət tendensiyalar “Türk Dünyası 2040 Vizyonu” konsepsiyasına hazırlaşan türkdilli ölkələr üçün əhəmiyyətli addımlar olsa belə, bəzi həllini gözləməkdə olan əhəmiyyətli problemlər də aktuallığını saxlamaqdadır. Təəssüf ki, “Səmərqənd bəyannaməsindən də göründüyü kimi, atılmış addımlar bir çox hallarda yarımçıq qalır və de-fakto icra olunmur. Məsələn, Azərbaycan və Türkiyə arasında  2020-ci ildə imzalanmış Ticarət anlaşması mahiyyət edibarilə müsbət qiymətləndirilsə də, burada məhsullar üzrə güzəştlər yalnız 15 məhsulu əhatə edir və hələ də bu məhsulların nələr olduğu məlum deyil. Bununla yanaşı, Türkiyənin Azərbaycandan idxal etdiyi məhsullar olduqca məhdud saydadır. Bu da faktiki olaraq imzalanmış ortaq ticarət anlaşmasının məhsuldarlığına  birbaşa mənfi təsir edən amillər sırasındadır. Bundan başqa,  türkdilli dövlətlər arasında iqtisadi güzəştlərin məhdud xarakter daşıması, iqtisadiyyatın bir çox sahələrində dövlət tənzimlənməsi, əməkdaşlığa töhfə verəcək milli qanun layihələrinin olmaması, müəyyən bürokratik  əngəllərin mövcudluğu əsas maneələr hesab olunur.

 

Problemlərin bir çoxu gömrük sahəsi ilə də sıx bağlıdır. Məsələn, Azərbaycan Rusiyanın da daxil olduğu MDB ölkələrindən idxal olunan məhsullara ya 18% vergi rüsumu tətbiq edir, ya da ümumiyyətlə  mallara rüsum tətbiq olunmur. Ancaq bunu Türkiyə ilə müqayisə etsək, Türkiyədən idxal olunan məhsullara 35% rüsum tətbiq edilir ki, bu da Türkiyə məhsullarının rəqabət qabiliyyətini azaldır. Qeydə alınmış mənfi hallar digər türk dövlətlərinin bir-birinə  mövcud yanaşmasında da müşahidə olunur.

 

Türkdilli dövlətlər arasındakı əməkdaşlığın inkişafına mənfi təsir edən amillər sırasında geosiyasi amillərin də xüsusi rolu var. Uzun müddət ərzinə Rusiya, Çin, İran kimi ölkələrin Türkdilli dövlətlərə və Türk birliyinə mənfi mövqeyi, bütövlükdə Qərbin Türkdilli ölkələrə qarşı soyuq münasibəti türkdilli ölkələrin inkişafına, eləcə də, qarşılıqlı əlaqələrin dinamikasına mənfi təsir göstərmişdir. Belə ki, İran “Orta Dəhliz” layihəsinin reallaşdırılacağı təqdirdə “oyundan kənar” qalması və etnik amillər səbəbindən, “Xəzərin statusu” ilə bağlı anlaşmanı bəhanə edərək Türkiyənin Xəzərdən tranzit məqsədlərlə  istifadə etməsinə qarşıdır. Çünki, güclü Azərbaycan, güclü Türkiyə-Azərbaycan birliyi demək, həmçinin, “Bütöv Azərbaycan” deməkdir. Orta Asiya qazının əsas idxalçısı olan Çin üçün də türkdilli ölkələrin təsir dairəsindən çıxaraq dünyaya inteqrasiya yolunu tutması arzuolunan hal hesab olunmur,  bununla belə Çin əməkdaşlıq yolu ilə əlaqələri gücləndirməkdə də maraqlıdır. 1990-cı illərdə reallaşacağı təqdirdə türkdilli ölkələr üçün yeni bir əsrin başlanğıcını qoya bilmə potensialını özündə daşıyan “Transxəzər layihəsi” Rusiyanın sərt mənfi mövqeyi ilə qeyri-müəyyən müddətə təxirə salınaraq, gündəlikdən çıxarıldı. Bu faktın özü belə uzun müddət Rusiyanın “təsir zonası”nda  taleyin hökmünə tərk edilmiş Türk dövlətlərinin  əslində necə çətin geosiyasi sahədə varlıqlarını davam etdirdiklərinin əyani sübutlarındandır.

 

Lakin, bu günün reallıqları artıq əvvəlkindən fərqlənir. Pekindən başlayaraq, Londonda bitəcək geniş coğrafi əraziləri əhatə edən tarixi “İpək Yolu”nun bərpasında da olduqca maraqlı tərəflər var. Təbii ki, bu səpkidə, Rusiya-Ukrayna müharibəsinin nəticələrindən rasional istifadə etməklə, əməkdaşlığa zidd mövqedə olan tərəflərin neytrallaşdırılması da türkdilli dövlətlər üçün olduqca əhəmiyyətli vəzifədir. Məhz bu  kontekstdə də, Rusiya-Ukrayna müharibəsindən sonra  “Orta Dəhliz” layihəsi  daha da aktual mövqe əldə etmişdir. “Bir kəmər, bir yol layihəsi” çərçivəsində “Orta Dəhliz” layihəsinin  həyata keçirilməsi türkdilli dövlətlərin əməkdaşlığına töhfə verəcək meqa layihələrdən hesab olunur. Bu layihə, həmçinin, türkdilli dövlətlərin əməkdaşlığının regionla  məhdudlaşmamasının, qlobal səviyyədə də həyati əhəmiyyətə sahib olduğunu göstərir. Bu baxımdan əməkdaşlığa maraqlı olan güc mərkəzlərinin layihələrin icrasına cəlb edilməsi, əməkdaşlıq perspektivlərinin genişləndirilməsi balanslaşdırıcı və sabitləşdirici ünsür kimi istifadə oluna bilər. Təbii ki,  müvafiq çətinliklər və maneələr fonunda fəaliyyət göstərmək nə qədər çətin olsa da, qarşıya qoyulmuş hədəflərə qarşılıqlı əməkdaşlıq çərçivəsində nail olmaq mümkündür. Bu isə özlüyündə ardıcıl və praqmatik addımların atılmasını  zəruri edir.

  

Məsələn,  Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlətlərinin əsas enerji infrastrukturu SSRİ dövründən qalmış və Rusiya tərəfindən formalaşdırılmışdırÇağdaş standartlara cavab verməyən bu sistem, ölkələrdən hər hansı birində kiçik bir lokal problemin ortaya çıxacağı təqdirdə belə, bu üç ölkənin elektrik enerjisiz qalmasına səbəb ola bilər. Mərkəzi Asiyada tez-tez müşahidə olunan elektrik kəsintilərinə bələd olan Rusiya müxtəlif vaxtlarda bunu təhdid predmeti olaraq istifadə edir. Bu baxımdan Azərbaycanın Özbəkistana elektrik enerjisi ixracına başlaması, infrastruktur layihələrinin icrasına müxtəlif səviyyədə dəstəyi, Azərbaycan-Özbəkistan “Birgə enerji sektorunun özəlləşdirilməsi” haqqında anlaşma  kimi addımlar olduqca əhəmiyyətli təşəbbüslərdir. Təbii ki, bu əməkdaşlıq perspektivləri  dövlətlər arasında ayrı-ayrılıqda və Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf etdirilməli olan zəruri elementlərdir.

 

Onu da diqqətdən qaçırmaq olmaz ki, həm öz dövlətinin sərhədləri daxilində, həm də dövlət sərhədlərindən kənarda, ümumilikdə dünyanın müxtəlif regionlarında yaşayan 300 milyondan artıq türk var. Bu isə Türk Dünyasının gələcəyi və ortaq inkişaf xətti üçün olduqca əhəmiyyətli faktdır. Türk Dövlətləri Təşkilatının inkişafı  “Altay İttifaqı”nın yaradılmasına təkan verə bilər ki, bu da assimilyasiya təhlükəsi ilə üz-üzə olan türk xalqlarının gələcəyi üçün həyati əhəmiyyətə malikdir.

 

Bu baxımdan: “Türksoyluluq qanunu”nun qəbulu, gömrük sahəsində edilməli olan dəyişikliklər, ortaq gömrük birliyinin yaradılması; yeni Azad İqtisadi Zonaların yaradılması, ölkələrarası vizanın aradan qaldırılması; qəbul edilmiş qərarların de-fakto icrası yaxın perspektivdə hədəflərə nail olmaq üçün inkişafın əsas tələbləridir. Nəzərdə tutulan hədəflərə nail olmaqla türk dövlətləri bir çox sahədə əsas hərəkətverici qüvvəyə çevrilə bilər. Bu hətta  yeni bir alternativ geosiyasi anlayış olan “Türk bloku”  anlayışının formalaşmasına da gətirib çıxara bilər ki, bununla da  illərdir müxtəlif imperialist dövlətlərin təzyiqindən əziyyət çəkən Türk dünyasının inkişafında növbəti yeni mərhələnin başlanğıcı qoyula bilər.


Unectf





Ana səhifəyə qayıt        Baxış: 5 447          Tarix: 14-09-2023, 06:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma