“Ermənistan Respublikasının xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək və bəzi zəruri əlavələr etmək lazımdır”.
Ovqat.com-un məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa video-müraciətində belə deyib.
Baş nazir bildirib ki, bu, təkcə Silahlı Qüvvələrdə aparılan dərin və hərtərəfli islahatlara yox, həm də xarici siyasətə, o cümlədən 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə imzalanmış anlaşmalara da aiddir: “Bu sazişlərə əsasən Ermənistan SSR-in inzibati sərhədləri Ermənistan SSR-in inzibati sərhədləri ilə müəyyən edilir”.
Maraqlıdır ki, Paşinyanın sadaladığı bu sazişlər arasında 2020-ci ilin 9 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 3-tərəfli Bəyanatın adını çəkməyib.
Rusiya “sülhməramlı” kontingentinin Qarabağdakı fəaliyyətinə gəlincə, baş nazir vurğulayıb ki, 2020-ci ilin dekabrında Xtsaberd və Xin-Taher kəndlərinin, 60-dan çox hərbi qulluqçunun ələ keçirilməsi, Fərrux kəndində baş verənlər, Qarabağ əhalisini qorxutmaq siyasəti və Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və nəhayət, sentyabrın 19-da Dağlıq Qarabağa hücum və s. kimi hadisələr rusların məqsədləri ilə bağlı ciddi suallar yaradır.
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əksinə olaraq, Qarabağ ermənilərinin hələ də “etnik təmizləmə təhlükəsi altında qaldığını” iddia edən Paşinyan deyib ki, son günlər Qarabağa humanitar yardımlar daxil olur, lakin bu, sözügedən narahatlıqları aradan qaldırmır.
Paşinyan həmçinin vurğulayıb: “Azərbaycanın Ermənistan Respublikasına hücumları bu nəticəyə gətirib çıxarır ki, bu ölkənin uzun illər ərzində cəlb olunduğu xarici təhlükəsizlik sistemləri dövlət maraqları və təhlükəsizliyi üçün səmərəsizdir. Bu, 2020-ci ilin 44 günlük müharibəsi zamanı, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistan Respublikasına hücumu zamanı özünü büruzə verdi”. Baş nazir bildirib ki, hazırda da bu siyahı uzanmaqdadır.
O, erməni xalqına söz verib ki, İrəvan müstəqilliyini qorumaq üçün hər şeyi edəcək. Paşinyanın fikrincə, Ermənistan qarşılıqlı faydalı birgə fəaliyyətə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq etməlidir.
Erməni Baş naziri əlavə edib ki, Qarabağda son zamanlar baş verənlərin 2018-ci ildən sonra hakimiyyətə gələn yeni hökumətlə heç bir əlaqəsi yoxdur, bu yaşananların təzahürləri əvvəllər də nəzərə çarpırdı - həm 2016-cı ilin 4 günlük müharibəsi zamanı, həm də 2014-15-ci illərdə sərhədlərin gərginləşməsi zamanı.
"Biz tərəfdaşlarımızı dövlətimizə və suverenliyimizə hörmət etməyə çağırır, xarici və daxili təhlükəsizliyimizi gücləndirmək üçün güclü iradəmizi bəyan edirik", - deyə o əlavə edib: “Və narahatlıq doğurur ki, bəzi tərəfdaşlarımız Ermənistanın azad və suveren dövlətə sahib olmaq iradəsini ifadə edən bəyanatlarına qulaq asmaq əvəzinə, bütün diplomatik etika normalarını pozaraq, ölkənin təkcə xarici deyil, həm də daxili təhlükəsizliyini dövlətlərarası əlaqələrini, müqavilə öhdəlikləri şübhə altına alırlar.
Biz bütün tərəfdaşlarımıza hörmət edirik, lakin suverenliyimizə və azadlığımıza eyni hörməti gözləyirik. Son illərdə baş verənlərin mənası belədir: Ermənistan azad demokratik dövlət olacaq, yoxsa ucqar əyalət? Bu seçim müzakirələri artıq Ermənistanın daxili siyasi meydanında demək olar ki, açıq şəkildə gedir və hər kəs müstəqillik, yoxsa təslimiyyət yolu ilə getməyə qərar verməlidir. Mən Baş nazir kimi birincini rəhbər tuturam".
Paylaş: