Xəbər lenti



 

Saytımızın redaktoru Heydər Oğuz bu gün Facebook səhifəsində iki maraqlı status paylaşıb. Statuslardan biri “Qızcığaz” adlandırdığı şəxsin Nostradamussayağı proqnozu ilə bağlıdır.  Statusda bildirilir:


 “Qızcığaz”ın Nostradamusluğu və Fuad Nəcəflinin “canişinliyi”


“Cənab “canişin”, siz bir vaxtlar Bakıda hansısa özəl şirkətdə pul qırdığınız zaman Naxçıvandakı “xan” rejiminə qarşı kəskin mübarizə gedirdi. O mübarizə sıralarının ön cərgəsində dayananlardan biri kimi, səmimi şəkildə etiraf edirəm ki, şəxsən mənim əsas amalım regionun sosial vəziyyətindən çox, Azərbaycanın suverenliyinin təmin olunması idi. Çünki o dövrlərdə Vasif Talıbov eynilə sizin kimi, “Burda mənəm, Bağdadda kor xəlifə” xülyalarına qapılıb Naxçıvanın “müstəqilliyi” istiqamətində iri addımlar atırdı. Naxçıvanda bütün rəsmi idarələrin adından Azərbaycan Respublikası ifadəsi çıxarılmış, yerinə Naxçıvan MR yazılmışdı. Hətta Naxçıvandakı əlahiddə ordu hissələri belə, Azərbaycan ordusundan fərqli rutin qaydalarına keçmişdi; geyimləri, hərbi salamları, uniformalarının üzərinə vurulan dövlət nişanları tamamilə fərqli idi. Azərbaycandan gələn mallardan gömrük rüsumları alınırdı və s. 

 

Bu barədə uzun-uzadı danışmağa ehtiyac duymuram. Əvvəla, ona görə ki, Vasif Talıbov rejiminə qarşı çıxışlarımız zamanı bunu dəfələrlə bəyan etmiş və faktlar ortaya qoymuşduq. İkincisi, ona görə ki, siz dövlət adamı olmadığınızdan belə şeyləri anlamazsınız. Sizin yeganə dərdiniz-səriniz pul qazanmaq olub və görünən budur ki, Naxçıvanda da bu şakərinizi davam etdirirsiniz. Sadəcə onu xatırlatmaq istərdim ki, İkinci Qarabağ savaşında Vasif Talıbovun əmri ilə rus helikopteri vurulmuş və bununla da rus işğalçılarının “sülhməramlı” adı altında Qarabağ girişinin yolu açılmışdı. Azərbaycan Vasif Talıbovun bu xəyanətinin nəticələrini 3 il sonra aradan qaldıra bildi. Özü də yüzlərlə şəhid vermək bahasına.

 

Hesab edirəm ki, Qarabağ savaşından sonra bizim “xan”a qarşı apardığımız mübarizənin genişləndirilməsinə şərait yaradılmasının əsas səbəbi də məhz bu xəyanət idi. Azərbaycan siyasi hakimiyyəti “xan” rejiminin xəyanətini bağışlamamış və bundan sonra bizim sözümüzü tele-ekranlarda səsləndirməyimizə şərait yaradılmışdı. Bunun da məntiqi nəticəsini özünüz məndən yaxşı bilirsiniz. “Xan” istefaya getdi, onun yerində siz oturdunuz.

 

Təvazökarlıqdan uzaq səslənsə də deyəcəyəm, mənim yenidən başlatdığım və illərlə davam etdirdiyim bu mübarizəyə Azərbaycan əksər ziyalıları geniş tərkibdə qatıldığı bir zamanda, sizin az qala qarşısında təzim etdiyiniz, hətta ona bir qələm əhlini Yeni il hədiyyəsi kimi təqdim etməyə çalışdığınız “Qızcığaz” isə əks cəbhədə yer alırdı. Şəxsən mənə qarşı hətta əxlaq normalarını aşaraq apardığı “mübarizə”nin üzərindən çox keçməyib və istədiyiniz naxçıvanlıdan soruşsanız, bunu bütün ayrıntıları ilə sizə anlatırlar. 

 

Bunlar bir tərəfə, “Qızcığaz” “xan” həzrətlərinin o “ağır günlərində” elə paylaşımlar edirdi ki, bunun hazırda sizə də birbaşa dəxli var. Məsələn, onlardan birində Naxçıvan əhli eşşəyə bənzədilir və köhnə “sahib” gedib, təzə “sahib” gələcəyi təqdirdə belə zavallı eşşəyin halının dəyişilməyəcəyi ifadə olunurdu. Nə qədər ağır olsa da etiraf edim ki, bugünkü Naxçıvan həqiqətləri “Qızcığaz”ın “qızcığaz” yox, əməlli-başlı Nostradamus olduğundan xəbər verir. Ən acınacaqlısı odur ki, “Nostradamus”luğunun meyvələrindən dadanlardan biri də elə “Qızcığaz”dır. Təbii ki, sizin “bəsirət”iniz sayəsində. 

 

Bunlar öz yerində. Məni ən çox narahat edən odur ki, siz “Qızcığaz”ı mükafatlandıraraq, faktiki olaraq onun Nostradamusluğuna şərik çıxmağa çalışmısınız. Yəni onunla razılaşmış və bu ecazkar “proqnozlarına” görə “Qızcığaz”ı mükafatlandırdığınızı nümayiş etdiribsiniz. Bununla da onun “proqnoz”unun həmmüəllifi olduğunuzu göstəribsiniz. Bax, məni ən çox bu məqam maraqlandırır.

 

Tərcümeyi-halınıza baxıram, 1975-ci ildə dünyaya gəlmisiniz. 1988-ci ildə cəmi 13 yaşınız vardı. Naxçıvanın məşhur ifadəsi ilə desək, qənddandan qənd oğurlayan çağınız idi. Bəlkə də buna görə naxçıvanlıları təhqir edən Nurəddin Mustafayevin hansı aqibətlə üzləşdiyini bilmirsiniz. Fikrimcə, sizə ağıl verən Ramiz müəllim o günləri yaxşı xatırlayar, zəhmət çəkib ondan nələr baş verdiyini soruşun. Mümkündür ki, o sizin ayağınızın altını qazdığından bu barədə bildiyi həqiqətləri sizdən gizlətsin. Amma vaxtilə “xan” həzrətlərinin tələbə yoldaşı, sirdaşı və Naxçıvandakı zülm aparatının qurucularından biri (“pendirsatan” ləqəbini xatırlatmıram ki ki, xətrinə dəyər) olmuş əminiz Söhbət Nəcəfovdan soruşsanız, o, öz qardaşı oğlunu aldatmaz və Nurəddin Mustafayevin başını götürüb necə Naxçıvandan qaçdığını bütün detalları ilə sizə nəql edər. 

 

Ürək ağrısı ilə nəzərinizə çatdırıram ki, Sizi də bu müdhiş aqibət gözləyir. Kimin adamı olmağınız isə Sizi bu aqibətdən sığortalaya bilməz. Hər halda sahiblərinizin Azərbaycanın suverenliyinə məndən az əhəmiyyət verdiyini sanmıram. Və sonda diqqətinizə onu çatdırıram ki, bu gündən mənim üçün “Qızcığaz” mövzusu bağlandı. Mənim yeni mövzum onun Nostradamussayağı “proqnoz”una həmmüəllif kimi imza atan şəxs olacaq. Adı da Fuad Nəcəfli. İnşallah, bayram tətilindən sonra görüşərik”.

 

İkinci statusda isə Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin keçənilki nüfuzu ilə indiki nüfuzu müqayisə olunur:

 

Bir insan bir il ərzində ancaq bu qədər hörmətdən düşə bilər

 

Canişin” yavaş-yavaş “xan”laşır – Naxçıvandan məktublar

 

“Canişin” həzrətləri Fuad Nəcəflinin yeni Naxçıvan “xanı” olmasının üzərindən cəmi bir ildən bir qədər çox zaman keçir. O, “canişin”liyinin ilk Yeni ilində Naxçıvan camaatının qarşısına qorumasız-filansız çıxmağı bacarırdı. Dünən isə Naxçıvanda keçirilən Yeni il tədbirində əhali ilə onun arasına dəmir səddlər qoyulmuşdu. Tədbirdə iştirak edən naxçıvanlılardan biri mənə yazır: “Axşam mən orda idim demək olar ki bunu bütün insanlar danışırdı,  deyirdilər ki keçən ilki səmimiyyəti bu il görmədik bu da yavaş yavaş xanlaşır yeni xan olacaq”.

 

Adını açıqlamaq istəmədiyimiz Naxçıvan sakininin Heydər Oğuza yazdığı məktub

 

2022-ci ildə Naxçıvanda Həmrəylik günü münasibəti ilə keçirilən tədbirdə çəkilmiş şəkillər

 



2023-cü ildə Naxçıvanda Həmrəylik günü münasibətilə keçirilən tədbirdə çəkilmiş şəkillər





 




Ana səhifəyə qayıt        Baxış: 7 583          Tarix: 1-01-2024, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma