Xəbər lenti


 

Ötən il bu vaxt bəzi qələm dostlarımla Naxçıvana getmişdik. Səfər zamanı bir çox sadə insanlarla görüşmüşdük. Şəxsən mənim üçün ən yadda qalan an sevimli müəlliməm Etimad Bektaşı ilə görüşümüz olmuşdu. 

 

Etimad müəllimə ilə görüşümüz əslində “ayaqüstü” keçdi. İşim çox olduğundan onun ziyarət edib əlini öpüb geri qayıtmaqla kifayətləndim. Evlərinə xəbərsiz getmişdim. Böyük ehtimalla məni gözləmirdi. Çox qalmayacağımı, sadəcə olaraq onu görmək üçün qapısını çaldığımı eşidəndə çox kədərləndi. Və mənə bir klok dolusu çöçə verdi.

 

-Bayram çöçəsidir. Sənin gəlişini eşidib çox sevinmişdim. Hətta bu münasibətilə çöçə bişirmişəm. Barı bunları da özünlə apar, yoldaşlarınla yeyərsən, - dedi.

 

Təbii ki, Etimad müəllimin könlünə dəymədim. Onun bu yaşında əziyyət çəkib mənim gəlişim münasibətilə bişirdiyi bayram çöçəsini götürüb otelə qayıtdım. Məni oteldə xeyli şikayətçi və ziyarətçi gözləyirdi.

 

Oteldə ziyarətçiləri yola salandan sonra Etimad müəlliməmin verdiyi “klok”un ağzını açdım. Qoxusu otağı bürüyən çöçələr gözümə yaz çiçəkləri kimi göründü. Bu da səbəbsiz deyildi. Etimad müəllimənin bu çöçələri əslində onun ürəyində illərlə daşıdığı ümidlərinin çiçəkləri idi. Bəli, ötən qış günü həmin arzular çiçək açmış və çöçə qismində mənə hədiyyə olunmuşdu. Mən çiçəyə bənzəyən bu çöçələrin niyə məhz Novruz bayramında bişirildiyin də idrakına varmışdım. Görünür, nənələrimiz Novruzdan sonra açacaq çiçəkləri və yeni həyata başlamalarını arzularının çiçəyə bənzər çöçələri ilə  salamlamaq üçün bu adət-ənənəni kəşf etmişdilər.

 

Müəlliməmin bayram çöçələrini daddıqca ağlımdan bir fikir də keçdi. Bu dadlı çöçələr yalnız mənim üçün bişirilə bilməzdi. Yəqin ki, çöçələrin adandığı digər qəhrəman Fuad Nəcəfli idi. Çünki həmin ərəfədə Fuad bəy Prezidentin sərəncamı ilə Naxçıvana xüsusi nümayəndə təyin olunmuşdu. 30 illik “xan” rejiminin süqutu anlamına gələn bu Sərəncam ölkəsini dərin məhəbbətlə sevən və “xan” zülmünün acılarını öz həyatında yaşayan, Bektaşi nəslinin nümayəndəsi Etimad müəllimə üçün adi hadisə sayılmamalı idi. O, həmin anları əsl bayram abu-havasında qarşılamalı idi və bişirdiyi çöçə də bunun bariz dəlili kimi qarşımda dayanmışdı. Açığını deyəcəyəm, Etimad müəllimənin öz şagirdinə olan sevgisinin yeni şərikinin ortaya çıxması məni bir az qısqandırdı da.

 

Mənim nəzərimdə bu bayram çöçələrinin xüsusi anlamı vardı. Çünki az-çox tanıdığım Naxçıvanda Yeni il, indiki adı ilə desək, Həmrəylik günü bayram kimi qeyd olunsa da, bayram çöçəsi adətən Novruz bayramında bişirilir. Yanvar ayından Novruz bayramına isə xeyli zaman vardı. Buna baxmayaraq, Etimad müəllimin bayram çöçəsini yanvarda bişirməsindən çox önəmli nəticələr çıxarıla bilərdi. Bektaşı nəslinin nümayəndəsi olan Etimad müəllimə timsalında Naxçıvanın ziyalıları “xan” rejiminin sona çatmasını, “canişin” dövrünün başlanmasını bayram edirdilər. 

 

Bəs indi necə? Yenə həmin bayram havası davam edirmi? Açıq danışacağam, mənə göndərilən məktublardan Naxçıvanda bayram havasının hələ də əsdiyi izləmini çıxarmaq mümkün deyil. 

 

Sonda onu deməklə fikrimi yekunlaşdırmaq istəyirəm ki, üzərindən bir il keçəndən sonra mənim Etimad müəllimənin bişirdiyi çöçələrə heyfim gəlir.

 




Ana səhifəyə qayıt        Baxış: 6 013          Tarix: 3-01-2024, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma