“Fransa Afrikadakı uğursuzluq fonunda Cənubi Qafqazda sülhməramlı obrazı yaratmağa çalışır”.
Ovqat.com-un məlumatına görə, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalının “Vladimir Solovyovla bazar axşamı” proqramına verdiyi müsahibəsində deyib.
Parisin Cənubi Qafqaz siyasətini şərh edən rusiyalı diplomat “Fransanın Afrika siyasətinin iflasa uğramasından sonra Qarabağda sülhməramlı obrazı yaratmağa çalışmasını” sərt tənqid edib. O, xatırladıb ki, Qarabağda “sülhməramlı” rolunu Rusiya oynayıb və oynayır.
Zaxarovanın fikrincə, Parisin Qafqazda fəallığının artması “Afrika siyasətinin uğursuzluğunun ictimai-siyasi şüurda bir növ kompensasiyası”ndan başqa bir şey deyil.
“Biz başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Ölkəmiz bu missiyanı öz üzərinə götürüb və sülhməramlı rolunu (Dağlıq) Qarabağ gərginliyinin nizamlanması kontekstində də vasitəçi kimi yerinə yetirir. İndi, ən çətin mərhələ başa çatdıqdan sonra da (inşallah, arxada, əgər Fransa NATO üzvü kimi aranı yenidən qarışdırmağa başlamasa) orada öz fəaliyyətini davam etdirə bilər”, - Zaxarova bildirib.
Qeyd edək ki, fevralın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərə getmişdi. Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri ilə birgə keçirdiyi brifinqdə bildirmişdi ki, Paris Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir.
Maraqlıdır ki, Qarabağdakı erməni sakinləri çoxdan bölgəni tərk ediblər və hazırda orada barmaqla sayılacaq qədər insan yaşayır. Azərbaycanın dövlət strukturları həmin erməniləri öz vətəndaşı kimi qəbul edib və onların hər cür qayğısına qalır. Hansısa sülhməramlı missiyaya ehtiyac olmadığı olmadığı halda, Rusiya ilə Fransanın bu missiya uğrunda bir-birinə girməsi yalnız təəccüb doğura bilər.
Paylaş: