Xəbər lenti


Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenin görüşündə “təhlükəsizlik zəmanətləri” müzakirə olunmayacaq.

 

Ovqat.com-un məlumatına görə, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano bu barədə bildirib.

 

Onun sözlərinə görə, görüşdə Aİ/ABŞ-Ermənistan ikitərəfli münasibətləri ilə yanaşı, digər məsələlərə də toxunulacaq. Bununla belə, “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh danışıqları məsələləri”nin müzakirəsi nəzərdə tutulmur.

 

Azərbaycan KİV-lərinin suallarını cavablandıran Stano aprelin 5-də keçiriləcək görüşün xarakteri haqqında məlumatın "qeyri-dəqiq" olduğunu bildirərək deyib: “(Görüşdə) əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönəldiləcək".

 

O bildirib ki, Aİ və ABŞ Ermənistanın və regionun sabit, dinc, təhlükəsiz və firəvan gələcəyini dəstəkləməyə sadiqdir.

 

“Bu, Aİ və Ermənistanın ikitərəfli tərəfdaşlığı əsasında Ermənistan iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə bu ölkə ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək fürsəti olacaq. Sabit və dayanıqlı Ermənistan sabit Cənubi Qafqaz deməkdir. Bizim səylərimiz kiminsə əleyhinə yönəlməyib, bütünlükdə regionun maraqlarına və sabitliyinə xidmət edir", - Stano vurğulayıb.

 

Qeyd edək ki, iki gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mətbuata verdiyi müsahibəsində Brüsseldə keçiriləcək görüşün xoşniyyətli olmayacağına dair rəsmi Bakının narahatlığını dilə gətirmişdi: “Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

 

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

 

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, - Ayxan Hacızadə bildirmişdi.

 

XİN rəsmisinin bu narahatlığına cavab özünü çox gözlətməmişdi. İlk reaksiya ABŞ Dövlət Departamentindən gəlmişdi. Departamentin rəsmi nümayəndəsi Metyu Miller dünən keçirilən brifinqdə Turan-ın Vaşinqtondakı müxbirinə bildirmişdi ki “Brüsseldə keçiriləcək görüş ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyaclarının təmin edilməsi üzərində işləyən Ermənistanın iqtisadi sabitliyinə həsr olunacaq".

 

Ardınca da Avropa İttifaqı rəsmisi Piter Stanonun bənzər açıqlaması Azərbaycanın narahatlığının Qərb dünyasında da ciddi qəbul olunduğunu göstərir. 

 

Sual oluna bilər: ABŞ və Aİ rəsmilərinin bu fikirləri nə dərəcədə obyektivdir? Onlar rəsmi Bakınıya əsassız təskinlik verməklə öz məkrli siyasətlərini daha asan yerinə yetirmək istəmirlər ki?

 

Zənnimizcə bu sualın ən yaxşı cavabı ABŞ, Avropa, Yaxın Şərq və Asiyadakı dövlət qurumlarına xidmətlər göstərən “RAND” (Research and Development – Tədqiqat və İnkişaf) korporasiyasının bir müddət əvvəl hazırladığı analitik hesabatda öz əksini tapan fikirlərdir. 

 

Korporasiyanın Co Haberman və Pol Koxmari adlı analtikləri tərəfindən hazırlanan hesabatda bildirilir ki, nə Amerika Birləşmiş Ştatları, nə də müttəfiqləri Ermənistanın bu cür zəmanətlərə müraciət etməsi halında yarana biləcək riskləri nəzərə alaraq, rəsmi hərbi birlikdən başqa, Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyillər: “Aydındır ki, Ermənistan bunu həm Azərbaycan, həm də Rusiya ilə bağlı öz strateji hesablamalarında nəzərə almalıdır”.


Hesabatda vurğulanır ki, Ermənistanın KTMT-də iştirakını dondurması onun Şimali Atlantika İttifaqından çıxmasında və ya açıq şəkildə Qərb istiqamətinə keçməsindən daha təmkinli olacaq: “Rusiyanın cavab reaksiyasının təhlükəsini nəzərə alaraq, Ermənistan bundan ehtiyatlanmalıdır. Rusiya, iki qarnizon və hava bazasından İrəvana qarşı davamlı bir təzyiq nöqtəsi təmin edərək, ölkə daxilində əhəmiyyətli bir hərbi varlığını qoruyur. Üstəlik, Ermənistanın Azərbaycanla hər hansı bir müharibədə həlledici olacaq bütün hava hücumundan müdafiə sistemi də 2016-cı ildə birgə hava hücumundan müdafiə potensialı haqqında saziş imzaladıqdan sonra Rusiyadan asılıdır. Nəhayət, Ermənistanın qaz, neft və atom sektorları əsasən Rusiya tərəfindən idarə olunur. Beləliklə, Ukraynadakı narahatlığına baxmayaraq, Ermənistana hələ də baha başa gələ biləcək Moskvadan tamamilə üz döndərməsi mümkün deyil”.

 

İrəvanın həm Rusiya, həm də İran daxil olmaqla qonşuları ilə mürəkkəb iqtisadi, sosial və strateji münasibətləri davam etdirmək niyyətində olduğunu xatırladan hesabat müəllifləri ona “Qərbyönümlü siyasət kursuna keçməsi üçün təzyiq göstərməyin dəlilik olacağına” inanırlar.

 

Hesabatda ən diqqəti cəlb edən mülahizə isə Ermənistan hərbi qüvvələrinin hələ də rus təsirindən qurtulmasının vurğulanmasıdır. ABŞ siyasətçilərinin Qərb hərbi texnikasının Rusiyanın əlinə keçməsindən narahat ola biləcəyini bildirən hesabatda xatırladılıq ki, Ermənistan KTMT-də iştirakını dondursa da, hələ də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür, vahid inteqrasiya olunmuş bazardır ki, onun vasitəsilə Rusiya qanunsuz olaraq Qərb ixrac nəzarəti altına düşən hərbi və ikili məqsədli texnologiyaları idxal edilir: “ABŞ və Avropa rəsmiləri artıq Ermənistanın istər-istəməz Kremlin qanunsuz şəbəkəsində sanksiyalardan və ixrac nəzarətindən yayınmağa imkan verən bir qovşaq kimi xidmət etməsi ilə bağlı bəzi narahatlıqlarını ifadə ediblər. Silah ixracına nəzarət Qanununun tələb etdiyi kimi, hər hansı bir texnologiyanın icazəsiz alıcılara qanunsuz ötürülməsinin qarşısını almaq üçün Ermənistan hər hansı bir hərbi yardımdan istifadə və monitorinq tələblərinə cavab verməlidir. Birləşmiş Ştatlar Ermənistanın Qərb İxrac nəzarətini tətbiq edəcəyinə dair yoxlanıla bilən zəmanətləri tələb etməlidir”. 

 

AİB və KTMT-nin üzvü olan Qazaxıstanın paralel idxalın qarşısının alınması siyasətini elan etdiyini bildirən hesabat müəllifləri bunun sözügedən zəmanət üçün model olacağını diqqətə çatdırıblar. Dolayısıyla İrəvandan da bu təminatları almadan ona hərbi yardım göstərilməsini riskli hesab edirlər.

 

Göründüyü kimi, ABŞ və Aİ-nin Ermənistanla ciddi hərbi-strateji əməkdaşlığa getmək istəməməsinin yeganə səbəbi Ayxan Hacızadənin narahatlığı deyil. Daha ciddi səbəb var; bu da Qərb ölkələrinin İrəvana hələ də güvənə bilməməsi və onların verdiyi silahların sirlərini Rusiyaya ötürmə ehtimalıdır.


Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 592          Tarix: 29-03-2024, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma