Amerikanın əks-kəşfiyat idarəsi CİA (MKİ) Türkiyəyə qarşı böyük təxribat hazırlığı içərisindədir.
Ovqat.com xəbər verir ki, bu iddianı “Habertürk” informasiya agentliyinin Vaşinqton nümayəndəsi Sərdar Turqut bu gün nəşr olunan yazısında irəli sürüb.
"Türkiyə-ABŞ gərginliyinin son nöqtəsi nədir?" sərlövhəli yazıda müəllif iki ölkə arasında yaxın zamanlarda bir “qırılma nöqtəsi” yaşanacağından əndişəlidir: “Bu qırılmanın necə olacağını bilmirəm, amma xoş bir şey olmayacağı aydındır. Əməliyyatın rəsmi olaraq açıqlanmayan məqsədi Suriya üzərindən Türkiyəni beynəlxalq səviyyədə təcridolunacaq bir mövqedə buraxmaqdır. Yəni “qara piar” əməliyyatı aparılır”.
Sərdar Turqut bu əməliyyatın son olmayacağını və daha sonrakı mərhələlərin də gələcəyini təxmin edir.
Bu informasiyanı kəşfiyyat orqanlarındakı mütəxəssislərlə müzakirə etdiyini bildirən müəllif onlardan aldığı məlumatlara əsaslanaraq, iddia edir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı vasitəsilə başlatdığı Qətər əməliyyatının da mərkəzində Türkiyə vardı. Eyni zamanda ABŞ-ın Suriyanın şimalında yürütdüyü siyasətin də əsas hədəfi qardaş ölkədir.
Suriyanın şimalında Türkiyəylə birlikdə başladılan “təlim keç-təchiz et” proqramının da təsadüf olmadığını vurğulayan müəllifə görə, məqsəd, Ankaranın Əl-Qaidə və digər terror təşkilatlarını maliyyələşdirməsi təsəvvürünü yaratmaq idi:
“Türkiyə və Amerika arasında sərhədə yaxın iki şəhərimizdə qurulan ortaq hərəkat mərkəzlərində bölgədəki hansı qruplara ağırlıq verilməsi mövzusunda taktiki anlaşılmazlıqlar çıxırdı. Bu hərəkat mərkəzlərində Səudiyyə Ərəbistan kəşfiyyatının işçiləri da yer alırdı. Amerika və Səudiyyə Ərəbistanı, Türkiyə ilə aralarında yaşanan bu fikir ayrılıqlarını “Ankaranın Əl-Qaidəyə göz yumması” şəklində hallandırıb, istifadə etmək qərarına gəldilər”.
Bu məqamda Amerikanın İŞİD-lə mübarizə üzrə koordinatoru Brett Mak Gurkun “Türkiyənin cənub sərhədinin Əl-Qaidə üçün etibarlı bölgə olduğunu" fikrini xatırladan müəllif Suriyaya terrorçuların Türkiyə üzərindən gəldiyi təsəvvürününün yaradıldığını iddia edir:
“Halbuki, bu bir yalandı və Mak Gurkun daha əvvəl söylədikləri də bu yalanını ortaya çıxarır. Mak Gurk daha əvvəl Türkiyə-Suriya sərhədinin artıq etibarlı olduğunu və az qala üzərindən quş uçmaz dərəcədə sağlamlaşdırıldığını söyləmişdi. Amma indi yalan söyləməyə məhkumdur...”
Amerikanın birdən-birə Türkiyənin, Suriyanın şimalındakı terrorçu qruplara MANPADS silahı verdiyi təsəvvürünü yaratdığını vurğulayan Sərdar Turqut əsl əndişə yaradan hadisənin də bu olduğunu fikirləşir:
'”Man Portable Air Defense Systems” sözünün qısadılmış şəkli olan “MANPADS”, təyyarələrə qarşı çiyindən atıla bilən silahlardır. Amerika, 'biz bunu sahədəki qüvvələrə anti-təyyarə sistemləri vermirik; çünki qeyri-hərbi təyyarələrə qarşı istifadə edilmək ehtimalı var” deyir. Digər yandan isə CIA rəhbəri Mayk Pompe, əl-Qaidənin mülki təyyarə vurmaq istədiyini irəli sürür.
İndi bölgədə Əl Qaidənin əlinə keçə biləcək bir MANPADS ilə terror aktı olarsa, Amerikada bundan Türkiyəni məsul tutmağa hazırlanan bəziləri ola bilər. Halbuki MANPADS tipli silahlar ya YPG terror təşkilatından alınmış ya da Amerikan mənşəli döyüş təşkilatlarının qeyri-qanuni satdıqları silah ola bilər”.
Qısacası, Sərdar Turqut CİA-nın əl-Qaidəyə və başqa islami qruplara Suriya səmaları üzərində mülki təyyarə vurdurub, məsuliyyətini Türkiyənin üzərinə ata biləcəyinə eyham vurur. Bununla da Türkiyənin mənfi beynəlxalq imicini formalaşdırıb ona qarşı qlobal sanksiyalar tətbiq edə biləcəyini vurğulayır.
Paylaş: