Xəbər lenti

 

CXP-nın sədri Bədrəddin Quliyevin Ovqat.com-a müsahibəsinin II hissəsini təqdim edirik:

(Əvvəli bu linkdə: http://ovqat.com/manset/7536-bdrddin-quliyev-elcibyl-heydr-liyev-arasnda-danqlar-mn-aparmam.html)

 

-Məni bir məsələ maraqlandırır. Nə oldu ki, hər şey öz axarında getdiyi bir zamanda Beycan Fərzəliyevə qarşı qiyam baş verdi?

-Hesab edirəm ki, artıq situasiya dəyişilmişdi və bütün tərəflər yeni situasiyaya uyğun taktiki addımlar atmağa başlamışdılar. Dediyim kimi, “QKÇP” hərbi qiyamının yatırılmasıyla Yeltsin hakimiyyətə gəlmiş və o, bütün ittifaq miqyasında köhnə kadrlarla işləməkdə maraqlı deyildi. Yerlərdəki müxalif qüvvələr tədricən yaranan avtoritar boşluğu doldurmaq istəyir, ələ düşən münbit vəziyyətindən faydalanmağa çalışırdılar. Odur ki, yenicə yaranmış Xalq Cəbhəsi-Heydər Əliyev ittifaqı da müxtəlif maraqlara haçalanmışdı. Heç biri hakimiyyət “piroq”unu digəriylə bölüşməkdə maraqlı deyildi.    Eyni zamanda respublika hakimiyyəti də itirdiyi gücünü yeni qüvvələr hesabına bərpa etmək, möhkəmləndirmək niyyətində idi. Bu, əlbəttə, məsələnin obyektiv tərəfidir. Bir də müxtəlif siyasi füqurların yaranmış bu vəziyyətdə subyektiv amillərdən doğan addımları var idi. Konkret olaraq, Naxçıvandakı siyasi fiqurlara gəldikdə, Beycan Fərzəliyevin bəzi müstəqil addımlar atmış və bu da Heydər Əliyevdə ona qarşı müəyyən şübhələr yaratmışdı. Hesab edirəm ki, Beycan bəyə qarşı qiyamın başlıca səbəblərindən biri bu idi.

-Söhbət hansı addımlardan gedir?

-1991-ci ilin axırlarında Beycan Fərzəliyev Bakıya gəlmişdi. Həmin səfər zamanı, həm Bakıya gedərkən, həm geri qayıdarkən İran ərazisindən keçmişdi. Bakıda Həsən Həsənovla görüşmüşdü. Naxçıvana qayıdanda isə Ayaz Mütəllibov səviyyəsində İranla razılığa gəlinmişdi ki, Beycan Fərzəliyevi ən yüksək səviyyədə qəbul etsinlər. O dövrün İran prezidenti Rəfsancani Beycan bəylə görüşmüş, çox mühüm müqavilələr bağlanmışdı. Razılaşmalara əsasən, İran blokada şəraitində yaşayan Naxçıvana qaz xətti çəkmək və onu yanacaqla təmin etmək, döyüşçülər üçün silah-sursat göndərilməsi öhdəliyini boynuna götürmüşdü.

-Maraqlı məqama gəldik. Belə çıxır ki, İran o zaman Beycan Fərzəliyevi dəstəkləyirdi? Maraqlıdır ki, bu yaxınlarda müsahibə aldığım Osman Gezekerin etiraflarına görə, Naxçıvan Müdafiə Komitəsini həm də Türkiyə dövlət səviyyəsində olmasa belə, müəyyən rəsmi şəxslərin təşəbbüsü ilə silah və sursatla təmin edirdi. Ən əsası isə, Türkiyə tərəfdən bu missiyanı həyata keçirənlər Heydər Əliyevlə yaxın təmas halında olublar. Görünən budur ki, İran Beycan timsalında hərəkatçılara, Türkiyə isə Heydər Əliyevə “stavka” edirmiş…

-Mən bu suala cavab verə bilmirəm. Çünki hansı dövlətin nə məqsəd güddüyünü özləri bilər. Mən sadəcə o dövrlərdə Naxçıvanda yaşanan hadisələrdən xəbərdaram və bu barədə danışmaq istəyirəm. Dəqiq bilirəm ki, Beycan Fərzəliyevin İranda və Bakıda keçirdikləri təkbaşına görüşlər Heydər Əliyevi bərk qəzəbləndirmişdi. Rəhmətlik məni yanına çağırıb bildirdi ki, Elçibəyə Beycan bəyin onun başı üzərindən iş gördüyünü çatdırım. Dedi ki, mən Beycanı bağışlamayacağam. Mənimlə razılaşmadan niyə müstəqil addımlar atır, mərkəzi hakimiyyətlə görüşür? Onu da əlavə etdi ki, Beycan bəyin Bakıda kimlərlə görüşüdüyündən xəbəri var.

-Amma gəlin razılaşaq ki, Beycan bəyin mərkəzi hakimiyyətlə görüşməsində böyük bir qəbahət də yox idi. Muxtar Respublikanın Baş naziridir, yeri gələndə, Həsən Həsənovla da görüşə bilərdi, hətta Ayaz Mütəllibovla da. Üstəlik, Heydər Əliyevlə Ayaz Mütəllibov arasında sərin yellər əsirdi. Kimsə bu missiyanı boynuna götürüb Bakıyla görüşməli və blokada şəraitində yaşayan Naxçıvana nəfəslik açmalı idi. Heydər Əliyev niyə buna qəzəblənsin ki?

-Bilirsinizmi, Heydər bəy, müxtəlif situasiyalarda olan insanların məsələlərə yanaşması fərqlilik göstərir. Sizin, mənim üçün, əlbəttə ki, rəhbərlərimizdən kiminsə mərkəzi hakimiyyətlə yaxşı münasibətlərinin olması normaldır. Amma özünə qarşı Bakıdan real təhlükə gözləyən Heydər Əliyev üçün bu görüş tamamilə başqa mənalar kəsb edirdi. Üstəlik, istər Moskvada, istərsə də Azərbaycanda heç bir nüfuzu qalmayan Ayaz Mütəllibovla hansısa danışıqlara getmək ehtimalı təkcə Heydər Əliyevin hakimiyyət pramidasında yüksəlişinə deyil, həm də Azərbaycanın milli-azadlıq hərəkatına zərbə kimi qiymətləndirilə bilərdi. Mən məsələyə sadəcə bir aspektdən baxmağın tərəfdarı deyiləm. Bir də açığı, Heydər Əliyev özünün Baş nazirinin mərkəzi hökumətlə danışıqlara getməsini bağışlamırdı və bunu heç gizlətmirdi də. Üstəlik, Beycan bəyin İran tərəfindən rəsmi protokolla qarşılanmasını da Heydər Əliyev özünə göndərilmiş mesaj, siyasi etikadan uzaq addım kimi qəbul edirdi.

-Siz Heydər Əliyevin mesajını Elçibəyə çatdırdınızmı?

-Bəli. Elçibəy bu mesajı aldıqdan sonra Ramiz Rzayevi Naxçıvana Heydər Əliyevlə danışığa göndərdi. Məqsəd Beycan Fərzəliyevlə Heydər Əliyevi barışdırmaq idi.

-Kim idi ki həmin Ramiz Rzayev?

-Ramiz Rzayev Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AXC-nin Ali Məclisinin üzvü idi. Faktiki olaraq, o zaman Helsinki Komissiyasının Azərbaycan üzrə sədri idi. Qısası, milli-azadlıq hərəkatında ən fəal iştirak edən ziyalılarımızdan biriydi. Həm Heydər Əliyevin, həm də Elçibəyin yaxından tanıdığı bir şəxs idi.

Ramiz Rzayev Naxçıvana gəldi və Heydər Əliyevlə görüşdü. İkili arasında danışıqlar alınmadı və Heydər Əliyev qəti şəkildə Beycan Fərzəliyevi hakimiyyətdən uzaqlaşmasını istədi. Bildirdi ki, bu adam gələcək fəaliyyətimizdə də bizə zərbə vura bilər. Məhz bundan sonra - 1992-ci ilin 18 fevralında Naxçıvanda kütləvi aksiyalar keçirildi və Beycan Fərzəliyevin istefası tələb olundu.

-Bəli, aksiyaçılar çox aqressiv idilər. Açığı, mən düşünürdüm ki, Beycan bəy onların əlinə düşsə, adamı didik-didik edərlər. Xatırlayıram ki, aksiyaçılar Beycan bəyi “saqqız oğrusu” adalandırırdılar. Bu “saqqız oğrusu” hekayəsi hardan çıxmışdı?

-Culfa cəbhəçiləri – Əşrəf doktorla Ramiz Tağıyevgil bu məsələləri daha yaxşı bilirlər. Mənim bildiyimə görə, o vaxt Naxçıvanda saxlanılan vaqonların birindən saqqız çıxmışdı. Culfa cəbhəçiləri vaqonu açmış və Nazirlər Kabinetinin qərarını almağa gəlmişdilər. Nazirlər Kabineti də saqqızın bir hissəsini Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə, bir hissəsini isə - Vəli adlı bir sədərəkli vardı, Beycan bəyin dostu - ona  vermişdi. Məqsəd həmin saqqızı satıb Naxçıvana ərzaq gətirmək idi. Əslinə qalsa, “saqqız oğurluğu” ittihamının real əsası yox idi. Sadəcə, bu faktdan Beycan bəyi nüfuzdan salmaq üçün istifadə edirdilər. Məsələnin əsas mahiyyəti saqqız deyildi. Mahiyyət Beycan bəyin müstəqil addımları idi.

-İnsanlardakı o qəzəb hardan qaynaqlanırdı? Bilirsinizmi, bir insanı bəyənməyə bilərsiniz. Amma ona az qala daş-qalaq etdirəcək qədər pressinq tətbiq etmək də doğru deyil. Sanki məqsəd Beycan Fərzəliyevi işdən uzaqlaşdırmaq yox, kütlə tərəfindən linc edilməsi idi.

-Elə bir məqsəd olsaydı, yəqin ki, həyata keçirilərdi də. Xatırlayırsınızsa, həmin aksiyalar zamanı Beycan bəy insanların qarşısına çıxdı. Ayağının altına stul qoyub üstünə çıxdı və çıxış edərək, istefa verdiyini açıqladı. Düzdür, orda müəyyən qalmaqallar da yaşandı. Biz Beycan bəyi Nazirlər Kabinetinin içərisinə aparıb qapıları bağladıq. Bu hadisədən sonra Beycan bəy kabinet üzvlərini yığdı və halallıq istədi.  Amma məqsəd linc etmək olsaydı, qapıları qırmaq çətin olmazdı. Məqsəd Beycan bəyi atdığı müstəqil addımlara görə cəzalandırmaq və dərs alsınlar deyə, bunu digərlərinə də göstərmək idi. Məncə, məsələyə bu aspektdən yanaşmaq daha ədalətli olar…

-Sonra da xəbər yayıldı ki, Beycan bəy yük qatarının maşinisti qismində Naxçıvandan qaçıb. Beycan bəyin Ordubaddan Mehrini keçərək çıxarılması zərutəti hardan qaynaqlanırdı?

-Beycan bəy, həqiqətən də, Naxçıvanın Baş naziri kimi xeyli çətin həyat yaşayıb. Yeri gəlmişkən, sizə maraqlı bir fakt deyim. Bakıda Heydər Əliyevlə Elçibəy arasında danışıqlar apardığım zaman rəhmətlik Əbülfəz bəy Beycana demişdi ki, get, Naxçıvanın 6 ay Baş naziri ol. Bunu bəlkə də elə-belə, söz gəlişi demişdi. Amma həqiqətən də Beycan bəyin Baş nazirliyi cəmi 6 ay sürdü. Tam altıncı ayında ona qarşı qiyam başladı və mən Beycan bəyi Nazirlər Kabinetinin maşınına mindirib Fazil Mustafa bəygilin evinə apardım. Daha sonra rəhmətlik Həmidə xanım (o zaman Ordubad rayon sovetinin sədri idi) Ordubaddan  gəldi, onun maşını ilə Beycan bəylə bərabər Ordubadın Vənənd kəndinə yollandıq. Ertəsi gün biz Naxçıvana qayıtdıq, Beycan bəy isə Kələkiyə - Elçibəyin kəndinə sığındı. Bir neçə gündən sonra isə Ordubad cəbhəçiləri yük qatarıyla onu yola saldılar.

-Beycan bəyi Naxçıvandan çıxartdığınıza görə, özünüzə qarşı hər hansı basqı hiss etdinizmi?

-Bəz dostların iradları oldu, əlbəttə. Məni niyə belə cəsarətli davrandığıma görə hər kəs qınayırdı. Amma mən Beycan bəyi tək buraxa bilməzdim. Naxçıvana onunla bərabər gəlmişdim, ən çətin anlara qədər onun yanında dayanmaq da borcum idi. Amma etiraf edim ki, Heydər Əliyevin mənim bu addımıma münasibəti bəzi dostlarla müqayisədə daha mülayim olmuşdu. Rəhmətlik niyə Beycan bəyi müşaiyyət etdiyimi soruşanda, dedim ki, məqsəd Beycan bəyi hakimiyyətdən uzaqlaşdırmaqdırsa, bunu sivil formada həyata keçirdik, əlavə insidentə nə lüzum var? Üstəlik, Beycan bəylə dost olduğumuzu və dostumu darda qoya bilmədiyimi bildirdim. Heydər Əliyev də mənimlə razılaşdı, fikirlərimi yüksək qiymətləndirdi.

-Bədrəddin bəy, bir şey soruşum sizdən; dediyiniz kimi, Naxçıvanda hakimiyyətə gəldiyi ilk gündən etibarən, Heydər Əliyevin yanında olmusunuz. Hətta onunla Elçibəy arasında vasitəçilik edibsiniz. Amma rəhmətlik Bakıya gələndən sonra kənarda qalmısınız. Bu nədən qaynaqlanırdı: Siz də Beycan bəyə münasibətinizinmi bədəlini ödədiniz?

-Kənarda qalmaq iddiasıyla qismən razılaşmaq olar. Fakt bu idi ki, mən 1991-ci ildən 1996-cı ilə qədər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində işləmişəm. Axırda isə öz ərizəmlə işdən ayrılmışam. Hər halda bunu hakimiyyətdən kənarda qalmaq kimi də qiymətləndirmək olmaz. Heydər Əliyev etimad göstərmədiyi adamı bir gün belə, hətta “JEK” müdiri də saxlamazdı.

-Bizim ölkənin siyasi ənənəsində, adətən, könüllü işdən çıxmaların kökündə könülsüz məcburi addım amili dayanır. Sizin də öz ərizənizlə vəzifədən ayrılmağınız bu səbəbdən olmasın?

-Qətiyyən. Mənim işimdən və keçmişimdən hakimiyyət narazı deyildi. Əksinə, mən artıq içərisində olduğum atmosferdə boğulurdum. Siyasi proseslər, gedişatlar mənim öz vəzifəmdə qalıb işləməyimi mümkünsüz edirdi. Üstəlik, Naxçıvanda yaşadığım evin vəziyyəti də uşaqlarımın səhhətinə mənfi təsir göstərirdi. Panel evdə yaşayırdıq və blokada şəraitində yaşayan Naxçıvanda ciddi işıq sıxıntısı var idi. Biz də panel evimizi isitmək problem yaşayırdıq. Qaz da yox idi. Yəni Muxtar Respublikadakı sosial vəziyyət də məni bu addımı atmağa vadar etmişdi. Mən həm də artıq sahibkarlıq fəaliyyətilə məşğul olmağa başlamışdım. İki işi bir arada yürüdə bilmədiyimə görə məcburən, işdən ayrılmalı oldum. Muxtar Respublikada bu gün də mənə ehtiramı hiss edirəm. Azərbaycan Milli Məclisininə deputatlığına namizədliyimi verəndə bir çox dəyərli insanların hörmətilə qarşılaşdım və onların diqqətini heç bir zaman unutmayacağam. Mənə həmin vaxt hətta əsgərlərlə görüş keçirmək, onların qarşısında çıxış etmək şəraiti yaradıldı. İstənilən yerdə seçicilərimlə görüşmək imkanım məhdudlaşdırılmadı. Bütün bunlar mənə göstərilən diqqətin bariz nümunələri idi.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 820          Tarix: 19-08-2017, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma