Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həbsi, bir çox mübahisələrə yol açan məhkəmə prosesi, həbsxanadakı saxlanma şəraiti ilə bağlı mətbu orqanlarda gəzən söhbətlər yenicə səngimişdi ki, onun səhhəti barədə müəmmalı xəbərlər də gündəmə gəldi. Vəkillərinin verdiyi məlumatlara görə, saxlanma şəraitinin əlverişsizliyi sabiq bankirin səhhətini daha da pisləşdirir. Üstəlik, həbsxananın onsuz da lazımi səviyyədə olmayan tibbi məntəqəsində belə, onun müalicəsinə imkan verilmir. Sanki hər şey Cahangir Hacıyevin səhhətinin qəsdən ağırlaşdırılmasına hesablanıb.
Bəs, görəsən, məhbusun yaxınları bu barədə nə düşünürlər? Cahangir Hacıyev haqqında vaxtaşırı aldığımız xoşagəlməz xəbərlər doğrudurmu? Ən əsası, sabiq bankir niyə bu rəftara layiq görülüb? Pərdə araxasında nə var?
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Ovqat.com-a verdiyi müsahibəsində bu suallara aydınlıq gətirir:
-Əminə xanım, qardaşınızın saxlanma şəraiti və səhhəti barədə müxtəlif xəbərlər yayılır. Bu xəbərlər nə dərəcədə doğrudur?
-Təəssüf edirəm ki, xəbərlər həqiqəti əks etdirir. Qardaşımın səhhətində ciddi problemlər var. O, xüsusilə, ürək çatışmazlığından əziyyət çəkir. Saxlanma şəraiti isə olduqca ağırdır. Yayda boğucu isti, qışda olduqca soyuq olan cəzaçəkmə müəssisəsi daş karxanaların arasında yerləşdiyindən ətrafı bürüyən toz-duman məhbusların rahat nəfəs almasına maneçilik törədir. Müəssisənin sanitar vəziyyəti də ürək açan deyil. Ümumiyyətlə, bu müəssisə barədə şikayətlər vaxtaşırı mətbuat orqanlarında işıqlandırılır...
- Bəli. Nədənsə, hakim dairələrin qəzəbinə gələn məhkumlar, adətən, burada saxlanılır. Bu faktın özü də 13 saylı cəzaçəkmə müəssisəsinin əslində “qəzəb kolonu” olduğunu göstərir. Sirr deyilsə,Cahangir Hacıyevə bu qərəzli münasibətinin kökündə nə dayanır?
-Bu sual bizi də xeyli düşündürür. Axı Cahangir Hacıyev həmişə bu hakimiyyətə sadiq qalıb. Mərhum prezident Heydər Əliyevin ən çox güvəndiyi maliyyəçilərdən olub. Bir çox rəsmi səfərlərdə rəhmətliyi müşaiyyət edib. Cənab Prezidentimiz İlham Əliyevə də sədaqətində hər hansı qüsura yol verməyib. Onu bəzi iri məmurlar rentabelsiz müəssisələrə və fiziki şəxslərə kredit verməkdə günahlandırırdılar. Bu da ağır cinayət deyil. Hətta mülki məsələdir. Baxmayaraq ki, onun barəsində irəli sürülən ittihamlar da obyektiv sayıla bilməz. Bunu son zamanlar rəsmi dairələrin etirafları sübut edir.
Təsadüfi deyil ki, onun vaxtilə maliyyələşdirdiyi müəssisələr indi Azərbaycanda iqtisadiyyatın inkişaf mücəssiməsi kimi ictimaiyyətə və ölkə başçısına təqdim olunur. Yadınızdadırsa, bu yaxınlarda cənab Prezidentin Qaxda keçirdiyi müşavirədə yerli icra başçısı ona, guya, özlərinin “Aqrokredit”in köməkliyi ilə saldıqları fındıq təsərrüfatları barədə uzun-uzadı məlumatlar verdi. Halbuki, həmin təsərrüfatlar Cahangir Hacıyevin təşəbbüsü ilə həyata keçirilən, maliyyələşdirilən aqrar müəssisələrdir. Eyni sözləri başqa rayonlar barədə də demək olar. Hardasa, bütün rayonlarda iqtisadi inkişafın bariz dəlilləri kimi göstərilən müəssisələr Cahangir Hacıyevin ayırdığı kreditlər sayəsində ərsəyə gəlib. İndisə qardaşım bu inkişaf istiqamətli addımlarına görə məhbəsdə yatır, “Aqrokredit” və icra başçıları həmin layihələri göstərib özlərinin əməllərindən ağız dolusu danışır, müəssisələri işlədənlər isə xeyli kapital qazanırlar. Bəs, mənim qardaşın nə edib ki, bu cür cəzalara layiq görülüb? ABB-də sədr işlədiyi zamanlar bir çox uğurlara imza atdığı indi rəsmən etiraf edilsə də, niyə Cahangir Hacıyevin adı heç yerdə çəkilmir, hər şey indiki “Aqrokredit”in və bəzi nazirlərin adına yazılır? Biz hazırda şan-şöhrət iddiasında deyilik. Sadəcə, kimlərinsə uğuru kimi qeyd olunan addımlara görə niyə cəza çəkdiyimizi anlamaq istəyirik.
-13-cü cəzaçəkmə müəssisəsi şəhərdən xeyli aralıda yerləşir. Səhv etmirəmsə, yolları da çox bərbaddır. Bu, sizin həmin müəssisəyə getməyinizə maneçilik yaradırmı? Bəlkə mütəmadi əlaqə saxlamağınızın qarşısını almaq üçün Cahangir müəllim oraya göndərilib?
-Maraqlı məqama toxundunuz. Mən bacıyam. Cahangiri dünyanın o başına sürgün etsələr, sürünə-sürünə də olsa, ziyarətinə gedəcəyəm. Yolun uzaqlığı məni yormaz. Məni qanun pozuntuları narahat edir. Bilirsinizmi, qanunvericiliyə görə, məhbuslar öz ailələrinə yaxın ərazilərdəki müəssisələrdə saxlanılmalıdırlar. Bu müddəaya görə, Cahangir də Bakıda yerləşən kolonlarda olmalıydı. Amma dediyiniz kimi, onu gözdən uzaq, könüldən iraq müəssisəyə aparıblar. Məni bu düşündürür. Axı bu adama qarşı qərəzləri yoxdursa, niyə bu cür qanun pozuntusuna gedirlər? Qərəzləri varsa, bu qərəzin arxasında dayananlar kimlərdir və bizimlə niyə düşmənçilik edirlər, nəyin qisasını alırlar?
Digər tərəfdən, qanunvericiliyə əsasən, məhbus yaxınları hər həftə onları ziyarət etmək hüququna malikdirlər. Amma Cahangir Hacıyevlə görüşümüzü ayda 2 dəfəyə-15 gündən 1-ə endiriblər. Niyə bu ölkə qanunlarla yox, kimlərinsə direktivləri, arzuları ilə idarə olunmalıdır? Bizi ən çox narahat edən suallardan biri də budur.
Üstəlik, qardaşımın səhhətində ciddi problemlərin olmasına baxmayaraq, onun sağlamlığına da barmaqarası baxılır. Səhhəti ağırlaşan kimi, onu tibbi məntəqəyə aparıb bir neçə dəqiqə saxladıqdan sonra yenidən baraka qaytarırlar. Özü də söhbət dustaqlar üçün nəzərdə tutulmuş qospitaldan getmir. Cahangir Hacıyevi cəzaçəkmə müəssisəsinin içindəki tibbi məntəqədə belə, saxlamaqdan qorxurlar və bunu heç gizlətmirlər də. Qardaşım dəfələrlə bu barədə məsələ qaldırsa da, aldığı cavab belə olub: “Cahangir müəllim, biz sizi burada saxlaya bilmərik”. Bəs, tibbi məntəqə nə üçün lazımdır? Orada məhbus yox, kim saxlanılmalıdır?
Mən həkiməm. Bir mütəxəssis olaraq, Cahangir Hacıyev kimi xəstələrin həkim nəzarətindən kənarda saxlamağın ağır nəticələrə səbəb olacağını bilir və bundan ehtiyatlanıram. Bəzən beynimə həzm edə bilmədiyim fikirlər gəlir. Bu cür şəraitin məsdəqli şəkildə yaradıldığını düşünürəm. Odur ki, üzümü Ədliyyə nazirinə tutub şikayətlərimi eşitməsini istəyirəm: Cənab nazir, Cahangir Hacıyevin o vəziyyətdə saxlanılması bəlkə də sizin məlumatınız xaricindədir. Lüftən, əgər belədirsə, bir tədbir görün!
-Əminə xanım, çox ciddi şübhələrinizi dilə gətirib müvafiq qurumlara mesajlar verdiniz. Məni bir sual da maraqlandırır. Ötən il sizdən müsahibə alanda özünüzə qarşı təzyiqlər olduğunu bildirmişdiniz. İndi necə, həmin təzyiqlər davam edirmi?
-Bəli. Heç nə dəyişilməyib. Nə xaricə çıxmağıma qoyulmuş qadağa ləğv olunub, nə də vərəsəlik hüququm tanınır. 2 ildir anam rəhmətə getsə də, ondan miras qalan mülkiyyəti adıma keçirə bilmirəm. Mənim anam respublikanın tanınmış ziyalı xanımlarından olub. Universitetdə dərs deyib. Atam da tanınmış cərrah idi. Onların heç biri rüşvətlə, haram pulla ailələrini saxlamayıblar. Valideynlərimdən qalan miras onların halal qazancının, alın tərinin məhsuludur. İndi nə üçün o halal mirası bizə çox görürlər? Axı anamın mülkiyyətinin yarısı onsuz da mənə aiddir. Bu hüququmu tanımamaqda nə məqsəd güdülür?
Mənim bu sualıma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qaneedici cavab verilmir. Dəfələrlə bu barədə məhkəmə orqanlarına, Ədliyyə Nazirliyinə və digər rəsmi qurumlara məktub yazmışam.
Qanunvericiliyə əsasən, ən geci, 15 gün ərzində cavab almalıydım. Artıq 2 ildir ki, sözügedən qurumlardan cavab gözləyirəm. İndiyə qədər gözləntim özünü doğrultmayıb. Şifahi müraciət etdiyim təşkilatlar isə tələbimin qanuni olduğunu, amma yuxarıların direktivləriylə bu haqqı bizə vermədiklərini bildirirlər.
Bənzər hadisə mənim öz şəxsi mənzilimi satmaq istəyərkən də yaşandı. Nə qədər əlləşdimsə, notariusdan tələb olunan sənədi ala bilmədim. Orda da mənə “yuxarılar icazə vermirlər” dedilər. Nə haqla? Axı sivil bir ölkəni direktivlər yox, qanunlar idarə eməlidir. Məni ən dəhşətə gətirən hadisə bu barədə müraciət etdiyim məhkəmədə yaşandı. Hakim notariusun nümayəndəsinə “niyə bu xanımın haqlı tələblərini yerinə yetirmirsiniz” sualına qarşı tərəf cavab vermədi. Gözünü döyə-döyə qaldı. Hakim isə bu idarənin qanunu pozduğunu, səlahiyyət həddini aşdığını özü etiraf etsə də, heç bir tədbir görmədi. Bəs, harda qaldı qanunun aliliyi prinsipi?
Eynilə, mənim ölkədən kənara çıxmağıma qoyulan qadağa da qanunsuzdur. Adətən, qadağalar dövlətə borcu olanlara tətbiq olunur. Mənim isə nə Vergilər Nazirliyinə borcum, nə də ödənilməyən kreditim var. Mən, ümumiyyətlə, heç vaxt kredit götürməmişəm. O zaman, nə səbəbə ölkədən çıxmağıma qadağa qoyulmalıdır? Cahangir Hacıyevin bacısı olduğuma görə? Bir insanın öz qohumluq əlaqəsinə görə cəzalandırılması yalnız ibtidai icma quruluşlarından qalma ənənədir. Biz indi XXI əsrdə yaşayırıq. Bütün dünya yeni çağa keçməsiylə qürurlanır. Biz isə ibtidai icma quruluşunun qaydalarını ölkəmizə gətiririk. Hansısa nazirin və ya iri məmurun həyata keçirdiyi bu siyasətlər Azərbaycan barədə xaricdə də yaxşı imic yaratmır.
Bəlkə mənim xaricə gedib bir daha qayıtmayacağımdan ehtiyatlanırlar? Əvvəla, Cahangir həbsxanada qaldıqca, istəsəm belə, Azərbaycanı tamamilə tərk edə bilmərəm. Axı, onu yoluxan yeganə qohumu mənəm. Ailəsini Azərbaycandan didərgin salıblar. Anam isə artıq yoxdur. Mən də bu ölkədən çıxıb getsəm, kim Cahangirə baş çəkəcək?
İkincisi, niyə bu ölkədən birdəfəlik çıxıb getməliyəm ki? Və yaxud çıxıb getsəm, bunun kimə nə dəxli var? Dediyim kimi, nə kiməsə borcum, nə kimdənsə alacağım var. Mənə qarşı tətbiq olunan bu qadağanın səbəbi nədir, anlamıram. Bütün bunlara görə də, bir daha Ədliyə nazirinə və bu naziriyə bağlı Penitensiar xidmətin rəhbərliyinə üzümü tutub soruşuram: Niyə məni və Cahangir Hacıyevi bu qədər incidirsiniz? Nəyə görə, siz Ədliyyə naziri mənim evimi satmağıma və vərəsəlik hüququmun tanınmasına mane olursunuz? Bilə-bilə ki tələbləriniz qanunsuzdur, şifahi tapşırıqlar verirsiniz?
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: