“Livan ordusu ilə İŞİD arasında əldə olunan saziş naharatlıq doğurur və bu, İraq xalqı üçün ən böyük pislikdir”.
Ovqat.com xəbər verir ki, bu sözləri dünən keçirdiyi mətbuat konfransında İraqın Baş naziri Heydər əl-İbadi deyib.
Həmin sazişdən istifadə edən Hizbullahın artıq Suriya-İraq sərhədlərinə cəmləşdiyini bildirən İbadinin fikrincə, bu da əlavə problemlər yaradır və Bağdad terrorizmlə mübarizədə tək buraxılır:
“Biz İraq ilə bu mövzu barədə müşavirə edilməsini arzulayardıq. Terroru bir bölgədən digərinə köçürmək yerinə, onu bitirmək lazım idi. Terrorçularla müzakirənin heç bir səbəbi olma bilməz. Suriya hökumətindən məsələni yenidən gözdən keçirməsini istəyir və hər cür işbirliyinə hazırıq. "
Qeyd edək ki, İbadi bu sazişçilikdə nə qədər Livan ordusunu günahlandırsa da, əslində Hizbullahın həmin razılaşmanın əldə edilməsində rolu az olmayıb. Hətta ötən həftə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livan telekanallarından birinə açıqlama verərək, İŞİD-in onlarla danışıqlar aparmaq üçün mesaj göndərdiyini və bu çağırışa dəyərləndirəcəklərini etiraf edərək, demişdi:
“Yalnız bütün şərtlərdə razılıq əldə olunacağı təqdirdə, atəşkəs qüvvəyə minəcək. Müzakirələr tamamlanmadan heç bir atəşkəsdən söhbət gedə bilməz".
Nəsrullah həmin çıxışında İŞİD-ə qarşı Suriya ordusuyla birlikdə Qələmunun qərbində həyata keçirdikləri birgə hərbi əməliyyat barədə də məlumat verib bildirmişdi ki, əsas hədəfləri Suriya-Livan sərhəddinə qədər olan bölgəni yenidən nəzarət altına almaqdır. Onun fikrincə, bu, İŞİD-in bölgədən tamamilə çıxardılması deməkdir və terrorçular bundan sonra yalnız Deyr-əz-Zorda sıxışmış vəziyyətdə qalacaqlar.
Hizbullah liderinin fikrindən aydın görünürdü ki, İŞİD-in İraq-Suriya sərhəddinə - Deyr əz-Zora sıxışdırılması onun da əsas hədəflərindən biridir. Ümumiyyətlə, Hizbullahın Livanda ən güclü hərbi qüvvə olduğunu, hətta ordudan belə qüdrətli təsir imkanını nəzərə alanda bu qərarın kim tərəfindən verildiyi aydınlaşır. O da məlum olur ki, Hizbullah bu qərarı təkbaşına verməyib, Bəşər Əsəd hökuməti də onu dəstəkləyib. İraq Baş nazirinin Suriyanı bu qərara yenidən baxmağa çağırması da fikrimizi təsdiqləyir. Bəşər Əsəd hakimiyyətinin iradəsi isə, sözsüz ki, Rusiya və İrana bağlıdır.
Bütün bunların işığında məsələyə baxanda İbadi cənablarının narahatlıqda haqlılığı ortaya çıxır. Görünən budur ki, İŞİD Suriya-İraq sərhədlərinə İbadi hakimiyyətinin başını ağrıtmaq üçün toplanılır.
Üstəlik, bu qərar təkcə Rusiya-İran-Hizbullah üçlüyü tərəfindən də verilməyib. Suriya-Livan sərhədlərinin təmizlənərək Livan ordusuna verilməsi bu daşın altında İsrail və Səudiyyə Ərəbistanının da əli olduğunu göstərir.
Məlum olduğu kimi, ötən il Səudiyyə Ərəbistanı Livan ordusuna 4 milyard dollarlıq yardım vədində bulunmuş, şərt olaraq isə bölgəyə nəzarəti onun öz öhdəsinə götürməsi öhdəliyini irəli sürmüşdü. Görünür, “donuzdan bir tük çəksən belə, qənimətdir” məntiqini əldə rəhbər tutan Hizbullah da bu şərtə “ləbbeyk” demişdi. İndi Suriya ilə sərhədlərin İŞİD-dən təmizlənib Livan ordusuna təhvil verilməsi həmin öhdəliyin tələblərindən irəli gələ bilər.
Rəsmi Riyadın “Hizbullah əvəzinə Livan ordusu” hədəflərinə gəlincə, bu da səbəbsiz deyil. Nədən ki, Livan ordusunun əsas tərkibi sünnilərdən təşəkkül tapır. Şiə Hizbullahındansa, sünni silahlı qüvvənin bu bölgəyə nəzarət etməsi, əlbəttə ki, şiə görəndə qutu içində ilanla qarşılaşdığını zənn edən rəsmi Riyadın da, İranın təsir dairəsinin qismən azaltmaq istəyən Tel-əvivin də maraqlarına uyğundur. Yalnız bu halda “şiə hilalı”nın öz məqsədinə çatması zamanını uzatmaq olar.
İran, Suriya və Livan Hizbullahı üçlüsünə gəlincə, bölgənin hələlik ordu mənsublarına buraxılması həmin ittifaq üçün o qədər də qorxulu deyil. Necə olsa, Livanın əsas hərbi gücü Hizbullahdır və bu üstünlük uzun müddət davam edəcək; Livan ordusunun Hizbullahdan daha güclü vəziyyətə gətirilməsi Tel-əvivə də sərf etmir. Əks halda, həmin güclü silah sabah Hizbullahla birləşib İsrailə yönələ bilər. Bu cür sürprizlərlə qarşılaşmamaq üçün Tel-əviv mövcud durumu dəyişdirməməyə səy göstərəcək. Üstəlik, təcrübəsiz gənclərdən təşəkkül tapan Livan ordusu da Yaxın Şərqin ən mübariz hərbi qüvvələriylə də döyüşə girməyə həvəsli olmayacaq.
Bütün bunlar Yaxın Şərqdə yeni dəngələrin qurulması prosesinin başlanmasını göstərir. Yeni dəngədə isə, deyəsən, yeganə qurbanlıq, İraqın mövcud hakimiyyəti olacaq.
İbadi hakimiyyətinin qərb sərhədlərində baş verənlərlə əlaqədar qarnına sancı dolduğu bir zamanda İraqın əsas müxalif qüvvəsi sayılan Müqtəda əs-Sədrin bu yaxınlarda bir sıra körfəz ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanına səfərə dəvət edilməsi və ölkə rəsmiləriylə görüşməsi bu mənada təsadüfi görünmür. Nəzərə alsaq ki, rəsmi Riyad yetkililərinin Qurban bayramından sonra İranla 2 illik diplomatik “küskünlüyə” son qoyub yenidən səfirliklərini açacağını bəyan etməsi və İranın da eyni addımı atacağını açıqlaması Yaxın Şərqin səmalarında yaxın günlərdə “sülh göyərçinləri”nin uçacağından xəbər verir. Təbii ki, yeni dövr üçün yeni kadrlara ehtiyac var, kadrların yeniləşdirilməsinin ən qısa yolu isə köhnələrin xarici düşmən qarşısında çətin vəziyyətə salınmasıdır. Necə ki, biz azərbaycanlılar bu tanış səhnələrlə müstəqillik ərəfəsində və ilk illərdə qarşılaşmışdıq. Ayaz Mütəllibov da, ondan sonra gələn Yaqub Məmmədov da, Elçibəy hakimiyyəti də bu “müvəffəqiyyətsizliklərinin” güdazına getmişlər. Beynəlxalq qüvvələrin yekdilliklə üzərində dayandığı "tələ sahibi"nin gəlməsiylə isə hər şey öz axarına düşmüşdü.
Görünən budur ki, eyni ssenarinin bir başqa versiyası ilə Heydər əl-İbadi imtahana çəkilir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: