Xəbər lenti

  

“Məktəblərdə KİŞİ qıtlığı var”

Yeni tədris ilinin başlanmasına bir neçə gün qaldı. Azərbaycan hökuməti də 2017-2018 tədris ilinə əli boş getmir. Bu yaxınlarda hazırlanan yeni Ümumtəhsil məktəbləri haqqında qanun layihəsi həm pedaqoji kollektivə, həm də məktəblilərə verilmiş əsas töhfələrdən biridir.

Həmin qanun layihəsinə münasibət isə birmənalı deyil. Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Nazim Əkbərov da layihəyə tənqidi yanaşmasıyla diqqətləri üzərinə çəkmişdi. O, özünün facebook statusunda maraqlı bir ideya da irəli sürmüşdü: qızlarla oğlanlar ayrı-ayrı təhsil müəssisələrində yetişdirilməlidir.

Bəs, görəsən, ilk baxışdan “Gender bərabərsizliyi”nin təbliği kimi görünən bu təklif hansı zərurətdən doğub?

Hörmətli nazirimizlə (Nazim müəllim mənim nəzərimdə indi də bu vəzifəyə ən layiq pedaqoqdur – H. O)  söhbətimiz də bu sualın ətrafında oldu.

Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:

-Bu günlərdə, ümumtəhsil məktəbi haqqında yeni qanun layihəsinin hazırlandığı barədə xəbərlər yayıldı və elə bu vaxt internetdə bir paylaşımınız diqqətimi cəlb etdi, oğlanlarla qızların birlikdə təhsil almalarını doğru hesab etmirsiniz. Fikrimi düzgün ifadə etdimmi, bu doğrudan da belədirmi?

- Doğrudur, Heydər bəy, belə bir şey paylaşmışdım. Həmin paylaşımımda üç şeyin təhsil sistemimizdə olmamasından bəhs etmişdim və bu fikrimdə qalıram. Bunlardan biri də ümumtəhsil mərhələsində qızlarla oğlanların bir məkanda təhsil almalarının doğru olmamasıdır...

- Siz uzun illər təhsil sahəsində çalışmısınız, metodist, metodkabinə müdiri, təhsil naziri işləmisiniz. Təhsil işinə bu qədər yaxın olan biri olaraq niyə belə düşündüyünüzü izah edə bilərsinizmi?

-Niyə belə düşünürəm? Ona görə ki, əsrlər boyu, hətta milyon illərlə davam edən insan cəmiyyətində birdən-birə sərt dönüş edib qızlarla oğlanları bir sinifə qatmağı ağılın, inkişafın, tərəqqinin, mədəniyyətin deyil, əxlaq dəllallarının, plebey (plebéy : [lat.] tar. Qədim Romada: şəxsən azad, lakin əvvəllər heç bir siyasi hüquqa malik olmayan aşağı təbəqələrə mənsub adam) dünyagörüşünün ortaya atdığına və bu gün də qlobal səviyyədə müdafiə olunduğuna inanıram. İnkişaf, tərəqqi, müasirlik, mədəniyyət kimi anlayışlar gözəldir və cəmiyyət həyatının vazkeçilməzləridir, lakin bütün bunlara öz nəfsinin xeyirinə don geydirmək mənfəətpərəstlikdən başqa bir şey deyildir. Fizikanı, riyaziyyatı, kimyanı, tarixi, ədəbiyyatı öyrənmək, bu sahədə biliklərə, bacarıqlara, vərdişlərə yiyələnmək üçün qızlarla oğlanların bir yerdə olmasının nə qədər vazkeçilməz əhəmiyyəti var ki? Qızlarla oğlanlar bir sinifdə təhsil almasalar, bu elmləri, fənləri öyrənə bilməyəcəklərmi?

Bu gün bu ideyanı dəstəkləyən və davam etdirənlər həmin o plebey dünyagörüşünün, əxlaqının ortaya atdıqlarını təftiş etmək istəmirlər. Heç bunu yaxın belə buraxmırlar. Amma məsələni tədqiq etmək istəsələr, müxtəlif cinslərin bir yerdə təhsilinin nə qədər səhv, təhlükəli, cəmiyyət üçün nə qədər zərərli olduğunu görərlər.

-Məsələn...

-Məsələsi budur: dünyanın təhsil tarixinə baxaq; təkcə bizdə deyil, XX əsrədək dünyada oğlanlarla qızların bir sinifdə, bir məktəbdə təhsil aldığını görmürük. Nə üçün? Çünki dünyadakı hər bir müəssisənin öz vəzifəsi/vəzifələri olduğu kimi, məktəbin də vəzifələri var. Onun vəzifəsi uşağı ailədən alıb onu zamanın, həm də gələcək zamanın tələbinə görə həyata hazırlamaqdan ibarətdir. Həyat isə cinsə görə fərqlidir, daha doğrusu, həyatda bu cinslərin rolu başqa-başqadır. Bu, Fransız inqilabına qədər eyni qaydada davam etmiş, yalnız plebey üsyanları zəkaya, ağıla qalib gəldikdən sonra hər şeyi alt-üst etdikləri kimi, təhsili də alt-üst etmişlər. Fransız inqilabından sonra bu fikir ortaya atılmış, XX əsrədək təbliğ edilmiş, şüuraltına yerləşdirilmiş, XX əsrin 20-ci illərindən sonra tətbiq edilməyə başlamışdır, həm də təkcə bizdə yox, demək olar ki, bütün dünyada.

Azərbaycan, bütövlükdə Şərq tarixində də belə olmuş, bizdə sovet hökumətinin qurulması ilə hər sahədə olduğu kimi, təhsildə də təbii cinsi ayrılıq zorla, bir çox hallarda həbslər, terror, sürgün kimi dəhşətli “tədbirlərlə” aradan qaldırılmışdır. Ən dəhşətlisi isə, bütün bu hadisələrin avanqardınım əli qələm tutan ziyalılar olmasıdır. Onlar etiraz etmək əvəzinə bu işin təbliğatını aparırdılar.

-Yəqin, Cəfər Cabbarlını nəzərdə tutursunuz?

-Təkcə o yox, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, daha neçə-neçə tanınmış ziyalılar. Onları da qınamaq istəmirəm, onların böyüdüyü, dünyagörüşlərinin formalaşdığı mühit bizim əxlaqımızdan çox fərqli idi. Ona görə də onların bu işdə fəal iştirak etmələri təbii idi. Bir də, bu təkcə bizdə gedən bir proses deyildi ki, bütün dünyada, Avropada, Rusiyada, Amerikada gedən irimiqyaslı və çoxşaxəli proses idi. Qızlarla oğlanların təhsilinin birləşdirilməsi bu prosesin bir parçası, amma ən əhəmiyyətli parçası idi. Onlar hüquq baxımından ədalətli, sosial baxımdan demokratik dövlət qurduqlarını iddia edir, əslində isə başqalarını tənqid edir, təhqir edir, rüsvay edir və bütün bunlarda özlərini haqlı hesab edirdilər. Öz dünyagörüşünü başqasına zorla qəbul etdirmək nə zamandan demokratik, adil hesab edilib? Nəticədə 1930-cu illərdə başlamış məktəblərin cinsi ayırımı qlobal şəbəkələrin təsiri altında qısa müddətdə baş tutmuş oldu. Daha sonra bunu BMT-də, YUNESKO səviyyəsində “Cender bərabərliyi” adı ilə rəsmiləşdirdilər. Bu gün beynəlxalq təşkilatlara üzv olan dövlətlər təhsildə cinsi bərabərlik adı altında cinsi eyniliyi qəbul etməyə məcburdurlar. Bunun ardınca cinsi azlıqların hüquqları kimi sənədlər gəlir və s. Bunlar çox su aparan xəmirdir, hər biri haqqında ayrıca, çox danışmaq olar. Qızların ayrıca təhsili isə bunların arasında, mən deyərdim ki, ana mövzudur.

-Belə başa düşdüm ki, siz bu məsələyə cinslərin spesifikasından baxırsınız, elədirmi?

-Tamamilə doğrudur. Başqa cür yanaşmaq mümkündürmü? O zaman bu məsələ barədə heç danışmağa dəyməz. Bəşəriyyət deyə adlandırdığımız insan toplumu iki müxtəlif cinsin – kişi və qadının izdivacı və hər birinin öz vəzifələrini mükəmməl yerinə yetirilməsi ilə davam edən/edəcək külli varlıqdan ibarətdir. Bəşəriyyəti təşkil edən bu tərəflər – kişilər və qadınlar öz vəzifələrini necə yerinə yetirirsə, cəmiyyət də o cür şəkillənir; cəmiyyət də öz növbəsində fərdləri şəkilləndirir və beləliklə “toyuqmu, yumurtamı birincidir” məntiqi burada da özünü göstərir. Bununla razısınızmı?

-Bəli, tamamilə.

-İndi ki belədir, o zaman bu cinslər öz vəzifələrinə görə tərbiyə edilməli, yetişdirilməlidir. Təbiətdəki qanunlarla cəmiyyətdəki qanunlar mahiyyət etibarı ilə eynidir. Bu mənim kəşfim deyildir. Təqribən bir əsr əvvəl Karl Marks tərəfindən kəşf edilib və mədəniyyət tarixinin materialist anlayışı da bu kəşf üzərində qurulub. İndi ki təbiət və cəmiyyət qanunları arasında bu qədər sıx bağ və bənzərlik var, o zaman məsələyə də bu cür baxaq. “Təşbihdə xəta olmaz” təbiri ilə yola çıxıb təbiətşünaslığa baş vuraraq, belə bir misal gətirim: Məsələn, siz toyuqla xoruz, qoyunla qoç, inəklə öküz qarşısında eyni tələblər qoya bilərsinizmi?

O zaman heyvanlar aləminin, bitkilər aləminin üzvləri arasında bərabərlik işarəsi qoya bilmədiyiniz, hətta buna cəhd edənlərə gülüb keçdiyiniz halda yer üzərində nə üçün ən kamil varlıq olan insan cinslərinə belə yanaşır, onların fərqini nəzərə almırsınız? Onları eyniləşdirməyə, cəmiyyətdə eyni yüklə yükləməyə çalışmaqda məqsədiniz nədir? Niyə onlara özlərinə xas, öz vəzifələrinə uyğun şəkildə kamilləşmək imkanı vermirsiniz?

-Nazim müəllim, bu dediklərinizlə razılaşmamaq mümkün deyildir, amma elm öyrənməkdə cinsi ayırıma yol vermək nə qədər doğrudur?

- Baxın, siz də mənim yuxarıda verdiyim sualı təkrar edirsiniz. Təşəkkür edirəm. Necə deyərlər, kitabı tam ortasından açdınız. O zaman gəlin, məsələyə ardıcıl baxaq:

Birincisi, məktəb təkcə tədris müəssisəsi deyildir, eyni zamanda, həm də tərbiyə müəssisəsidir. Uşaq məktəbə qədəm qoyduğu andan etibarən ailədə aldığı tərbiyəni burada elmi əsaslar üzərində, sistemli şəkildə davam etdirir, kollektiv içərisində həyata hazırlanmağa başlayır; çünki o, Mauqli deyildir, Tarzan deyildir, meşədə, heyvanlar arasında deyil, insan cəmiyyəti içərisində yaşayır/yaşayacaqdır və onu bu həyata məhz məktəb hazırlayır/hazırlamalıdır. Elmi biliklərə yiyələnmək - bu məktəbin ikinci vəzifəsidir və bir çox hallarda tədris tərbiyə ilə parallellik təşkil edə bilir.

İkincisi, qız və oğlanlar təkcə bioloji olaraq deyil, həm də psixoloji olaraq ciddi fərliliklərə malikdirlər. Onların maraqları, meyilləri, yetkinlik dövrləri fərqlidir. Qızlar təqribən doqquz, oğlanlar on dörd yaşdan yetkinlik çağına qədəm qoyurlar. Buna, bəzən uşaqlıqdan yeniyetməliyə keçid də deyirlər. Gördüyünüz kimi, arada beş illik bir açıq məsafə vardır.

Yetkinlik dövründə uşağın bioloji dəyişikliyə məruz qalması bir yana, daha çox psixoloji dəyişiklikləri tərbiyədə və təhsildə ciddi rol oynayır. Bu dövrdə uşaq özünü götərməyə, özünü təsdiq etdirməyə, hal dili ilə “Mən varam!”, “Məni qəbul edin!”, “Mənimlə razılaşın!” deməyə başlayır. İndi təsəvvür edin, dördüncü sinifdə oxuyan qızlar bu hisləri keçirməyə qədəm qoyur, yeddinci sinifdə tamamlamış olurlar. Oğlanlar isə hələ “yuxudadır,” onlar bundan sonra “oyanacaq,” qarşı cinsin hiss və duyğularına nabələd şəkildə öz yeni dünyalarına qədəm qoyacaqlar. Məni doğru başa düşün, söhbət cinsi münasibətdən getmir, cinslərin öz ətraflarını dərk etməsindən, ona münasibət göstərmələrindən gedir.

Müəllim və valideynlərin gözləri qarşısında heyrətamiz hadisələr baş verməyə başlayır. Qəribə, çox vaxt cavab verilməsi çətin olan sual yağışı başlayır, davranışlar dəyişir, tələblər dəyişir, münasibət dəyişir və s. və i.a.

İndi özünüz deyin, bu iki zidd cins bir yerdə normal olaraq yetişdirilə bilərmi? Axı onlar ayrı-ayrı vəzifələr üçün xəlq edilmiş varlıqlardırlar!

Üzümü müəllimlərə tutub sual verirəm: Nə üçün yuxarı siniflərə keçdikcə dərslərini yaxşı oxuyan qızların sayı oğlanlarınkından çox olur? Halbuki qızlar ev işlərində daha yaxından iştirak edir, sosial fəaliyyətlərə daha çox meyl edir, amma yenə də oğlanlardan daha yaxşı qiymətlər alırlar.

Çünki onlar yetkinlik yaşını artıq başa vurmuş, ailədə, məktəbdə, cəmiyyətdə özlərini fitri olaraq göstərməyə, kobud ifadə ilə “gözə soxmağa” daha çox meyillidirlər və buna çox vaxt müvəffəq olurlar – istər ailədə,  istər məktəbdə, istərsə də sosial həyatda. Amma sonrakı dövrdə oğlanlar irəli çıxmağa başlayır və bu ömür boyu belə davam edib gedir. Fitrət qanunları var, onları nəzərə almamaq olmaz!

Təhsil məsələsi yeni bir şey deyildir, insan cəmiyyəti var olduğu, hətta ilk insanın dünyaya gəlməsi ilə təhsil prosesi başlamışdır. Amma əlbəttə, ibtidai dövrün təhsili o dövrə görə, bugünkü dövrün təhsili bu günə görə formalaşmışdı. Amma bütün hallarda təhsil insan yetişdirmək, insanı müstəqil və cəmiyyət içində yaşamağa hazırlamaq məqsədi daşımışdır. Qadınlar da cəmiyyətin yarısını, bəzən yarıdan çoxunu təşkil etdiyindən onlar da təhsilə tabe tutulmuşlar.

-Bütün bunları bilmirlərmi, yoxsa bu işdə bir yanlışlıqmı var?

-Bilmək ayrı, tətbiq etmək ayrı-ayrı şeylərdir. Hər şey şüuraltının formalaşmasından asılıdır. Bizi yanlış düşünməyə və yanlış qərarlar qəbul etməyə sövq edən təbliğatdır. Bizi sovet hökumətindən əvvəl Azərbaycanın əhalisinin başdan-başa savadsız olduğuna inandırırdılar. Çoxumuz da buna inanırdıq və heç sual vermirdik ki, balam, indi ki bunu deyirsən, bəs, bu qədər dahi ədiblər, filosoflar, həkimlər, astronomlar, mühəndislər, memarlar haradan çıxıb? Bunların təhsil aldığı bir müəssisələr olub, ya yox?

O cümlədən də qızlar, qadınlar. Bu qədər böyük şəxsiyyətlərin arasında nə qədər qadınlar var, bu bir tərəfə, bəs, bu nəhəngləri yetişdirən analar, onlar nə edirdilər, savadsız olub belə insanları necə yetişdirirdilər? Biz keçmişə baxmağı bacarmırıq, keçmişə baxmağı bizə öyrətməyiblər. Biz keçmişə bu günün pəncərəsindən baxırıq, ona görə də keçmiş bizə qaranlıq görünür.

Bizdə və dünyanın bir çox yerlərində qızlar ailənin xanımı, cəmiyyətin şəkilləndiricisi, oğlanlar ailənin başçısı, ailənin və dövlətin idarəedicisi, qoruyucusu olaraq görülmüş, onların təhsilində də bu əsas götürülmüşdür. Təhsil də buna görə qurulmuşdur. Məsələn, Osmanlı sarayında hərəm adlanan bir müəssisə var idi. Bolşeviklər hərəmi də bizə şah sarayında ümumixana olaraq təbliğ ediblər, amma hərəmxananın vəzifəsi sırf təlim-tərbiyə idi. Bu müəssisənin vəzifəsi zadəgan ailələr üçün xanımlar yetişdirmək idi. Zadəganlar dövləti idarə edən zümrəyə deyirdilər, onların dövləti idarə etməsi üçün isə analıq və evin xanımı ola bilmək, poeziya, rəssamlıq, sənətşünaslıq kimi istedadları inkişaf etdirməklə yanaşı, başda dini mükəmməl öyrənmək, çoxlu dil bilmək, evdarlıq bacarıqlarına yiyələnmək, düzgün mühakimə və mükalimə yürütmək kimi çox sayda bacarıq və vərdişlər aşılanırdı. Buna görə idi şahların, şahzadələrin, vəzirlərin şairliyi, mütəfəkkirliyi, elmə, sənətə dəyər vermək bacarıqları, ədaləti və s. Eyni metodu Avropa da mənimsəmişdi, saraylarda qız və qadınların, oğlanların yetişdirilməsi üçün xüsusi adamlar tutulur, onlar xüsusi tədris və tərbiyədən keçirdilər.

Bolşevik (buna “sosialist” demək daha doğru olar) düşüncəsi dünyaya yayılandan, təqribən XIX əsrdən, hətta ondan da bir qədər əvvəl cəmiyyət içərisində təfriqə başladıldı. Əvvəlcə dünya dini ayrı-seçkilikdən zülm çəkirdi, bu dəfə sosial fərq önə çıxarıldı, savadsız, tərbiyəgörməmişlər savadlı və tərbiyəliləri özlərinin ən qəvi düşmənləri gördülər və onlara aid hər cür dəyərləri tənqid etməyə, ələ salmağa, təhqir etməyə başladılar. Get-gedə cəmiyyətdə üzvlər arasında, təbəqələr arasında düşmənçilik şiddətləndi və nəticə XX əsrin başlanğıcında üzə çıxdı. İnqilab adı verilən silahlı dövlət çevrilişləri ilə isə bütün bunlar zorla insanlara qəbul etdirildi, şüuraltına yeridildi və bu gün biz bütün bunları adi, qanunauyğun hal kimi qəbul edir, onların dəyişilməsinə razı olmuruq.

- Nazim müəllim, biz və bizdən əvvəlki nəsillər, hətta bugünkü nəsil də tariximizə baxarkən, başqa mənzərə ilə rastlaşırıq. Qadınların az yaşda yaşlı kişilərə ərə verilməsi, onların hüquqlardan məhrum eilməsi, ev qadını olmaqdan bir addım irəli gedə bilməməsi və sair, və ilaxır. Bunu yazanlar, göstərənlər haqsızdırlarmı?

- Haqlısınız, tariximizin, daha doğrusu yaxın tariximizin səhifələrində belə bir şey vardır. Məsələn, “Molla Nəsrəddin” jurnalı, Cəfər Cabbarlının “Sevil” pyesi, hətta ən rüsvayçısı, erməni müəlliflərin (Amo Bek-Nazarovun çəkdiyi, baş rolda Papazyanın oynadığı) Azərbaycanın ilk bədii filmi kimi çəkdiyi “Qız qalası” filmi və sair və ilaxır. Amma bütün bunlar məhz həmin dövrə aiddir, bolşevik dövrünə. Bundan əvvəl belə bir şeyə rast gəlirikmi? Yox. Elə mən də bunu deyirəm.

XIX əsrdə meydana çıxmış sosialist-kommunist ideologiyası tam bir əxlaqsızlıq – zor üzərində qurulmuş, ən başda, öz yolunda mane gördüyü nə varsa, qan bahasına da olsa, silib-süpürüb atmağı, qan tökməyi normal qəbul edən bir əxlaqsızlıq idi. Heç yadımdan çıxmır, Böyük Oktyabr Sosialist İnqilabınn qalib gəlməsi, Qış Sarayının alınması barədə V. Leninə xəbər gətirib “Qış Sarayını aldıq, cəmi altı nəfər öldü,”-deyənlərə Leninin cavabı belə olur: “Bu gün altı nəfər itirdik, amma böyük itkilər qarşıdadır”.

Bu əxlaqsız, qaniçən siyasi ideologiyanın qaniçənlik qədər “əhəmiyyətli” ikinci işi qadın idi, qadını ümumiləşdirmək, onu ümuminin malı etmək. Buna görə də ilk addım ailədən, sonra məktəbdən başlayırdı.

Yaşlı kişilərin azyaşlı qızlarla evlənməsi faktı var idi, bu doğrudur, amma bu da bir zamanların modası olmuşdu – XIX əsrin. Tarixə baxarkən, təkcə Azərbaycanda deyil, Rusiyada, Avropada da bu dəb var idi və hətta Azərbaycan kommunistlərinin rəhbəri Nəriman Nərimanov belə, az qala əlli yaşda on beş yaşlı qızla evlənmişdi.

-Maraqlıdır. Bütün bu deyilənlərdən sonra ümumtəhsil məktəbi haqqında qanun layihəsinə nə kimi dəyişiklik edilməsini məsləhət görərdiniz?

-Məsləhət? Məsləhət istəklə olur, bizim etdiyimiz söhbət onların xoşuna gəldimi, gələrmi ki, məsləhətə ehtiyac olsun? Amma sualınıza cavab olaraq bunu deyə bilərəm: əgər bu xalqın dəyərlərinə hörmətiniz varsa, təhsilin səmərəliliyinin artmasını istəyirsinizsə, təhsilə kapital qoyuluşunu bir neçə dəfə artırsınlar. Bu vəsait hesabına:

Məktəblərin bir qismini cinsə görə ayırsınlar. Demokratik cəmiyyət insana diqqət, qayğı və hörmətlə olur. Qoy, kim istəyir, övladını cinsə görə ayrı məktəbdə, kim istəyir birgə məktəbdə oxutsun;

Məktəblər səviyyəyə görə ayrılsın: ibtidai məktəb şagirdi ilə ümumi orta, ümumi orta məktəb şagirdi ilə tam orta məktəb şagirdlərinin bir məkanda təhsil alması nə pedaqoji, nə didaktik, nə psixoloji baxımdan doğru deyildir;

Yeni müəllim kadrları hazırlığı barədə xüsusi sənəd hazırlansın. Məktəb müəllim deməkdir, əgər bu gün müəllim öz vəzifəsini yerinə yetirməkdə çətinlik çəkir, hətta yerinə yetirə bilmirsə, bu artıq fəlakətdir. Mən sizə onlarla pedaqogika, psixologiya mütəxəssisi, alimi göstərərəm ki, onların halına ağlamaqdan başqa çarə yoxdur. Təsəvvür edirsinizmi, psixologiya insanın ruh halını öyrənən elmdir. Bizim psixologiya isə hər şeyi maddəyə - beyinə bağlayır və bununla da qürurlanıb burnudik gəzir. Pedaqoqlarımız Şərq aləmindən, Şərqin pedaqoji irsindən xəbərsiz, gözü Avropada, Rusiyadadır.  Olsun, amma Şərq də var axı! Dünyaya nəhəng dahilər vermiş Şərq! Şərqin pedaqoji təcrübəsini anlamayan pedaqoq-alim azərbaycanlı müəllim yetişdirə bilərmi? Buna ağlamayasan, neyləyəsən?

Məktəblərə kişilərin cəlb edilməsi üçün əlavə tədbirlər işlənib həyata keçirilsin. Bir məktəblərin halına baxın. Məktəblərdə kişi qıtlığı var. Məktəb rəhbərlərinin əksəriyyəti qadınlardır. Olsun, amma kişi qıtlığının təlim və tərbiyəyə mənfi təsirini də danmaq olmaz.

Müəllimlərin əmək haqqı onların müvəffəqiyyətinə görə hesablansın. Əlini əlinin üstünə qoyub “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın!”-deyən müəllimlə şagirdinin dərdi ilə dərdlənən, onlarla əlavə məşğul olan, ailə ilə sıx əlaqə saxlayan, gecəsini gündüzünə qatan müəllim eyni maaşı alırsa, bu ədalətsizlik, el dili ilə desək, “Şor ilə lora fərq qoymamamq” deməkdir.

Kənd yerlərində müəllim kadrlarının çatışmamazlığını aradan qaldırmaq üçün əlavə proqram işlənib hazırlanmalıdır. Kənd yerlərində, ucqarlarda müəllim evləri tikilməli, təchiz edilməli və pulsuz olaraq, yaxud da məsrəfin 20 %-ni ödəmək şərti ilə müəllimin istifadəsinə verilməlidir. Kənd müəlliminə dərs saatına görə maaş əvəzinə sabit maaş təyin etmək lazımdır. Kənd məktəblərində sinif kontingenti az olduğundan orada müəllimi kifayət qədər maaşla təmin etmək olmur. Buna görə və həyat şəraitinin olmamasına görə məzunları kəndə göndərmək mümkün olmur. Bütün bu islahatlardan sonra müəllimi kəndə göndərmək olar. Yoxsa adam şəhərin cazibəsini, rahatlığını qoyub ucqar kəndə niyə getsin ki?

- Bütün bunları həyata keçirməklə işlər düzələcək? Belə düşünürsünüz?

- Yox, belə düşünmürəm. Ancaq bütün bunları zəruri hesab edirəm. Yenə deyirəm, bütün bunlar çoxlu, külli miqdarda maliyyə vəsaiti tələb edir. Amma bundan çəkinmək lazım deyildir. Məgər bizim gələcək nəsldən, daha doğrusu, öz gələcəyimizdən daha qiymətli bir sərvətimiz varmı? Yoxdur. Ona görə də kapitalı insana, onun tərəqqisinə qoymaq lazımdır. Mən belə anlayıram. Amma “yalnız mənim dediklərim mütlləq doğrudur,” da demirəm. Qoy, oxucular, təhsili idarə edənlər bir daha düşünsünlər, bəlkə mənim də şörbada bir çimdik duzum olar...

- Müsahibə üçün təşəkkür edirəm, Nazim müəllim.

- Mən təşəkkür edirəm. Uğurlar arzulayır, bütün pedaqoqları, pedaqoji kollektivləri qarşıdan gələn dərs ili münasibəti ilə təbrik edirəm.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 8 323          Tarix: 9-09-2017, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma