Səudiyyə Ərəbistanında son həftədə çoxsaylı vaiz və akademik göz altına alınıb. İctimai rəyə təsir etmək imkanları olan bu şəxslərin nəzarətə alınması isə təsadüfi deyil. Səudiyyə Ərəbistanı yeni kral hazırlığı içərisindədir.
Ovqat.com xəbər verir ki, bu iddianı “The Independent” qəzeti yayıb.
İngiltərənin nüfuzlu həftəlik (bazar günləri nəşr olunur) və mötəbər xəbər qaynaqlarında sayılan qəzetin bildirdiyinə görə, Səudiyyə kralı Salman bin Ədbüləziz yaxın saatlarda öz vəzifəsindən istefa verəcək, postunu isə oğlu və vəliəhdi Məhəmməd bin Salmana tapşıracaq. Buna görə də ölkədə nəzarət gücləndirilib, problem çıxara biləcək adamların hamısı isə zindanlara doldurulub. İddialara görə, Səudiyyə Ərəbistanın xəbər agentliklərinin gözündən yayınan bu həbslər sürgündə yaşayan müxalif fiqurların əhalini mitinqə çağırmasının ardından başlayıb.
Səudiyyənin yeni kralı olacağı gözlənilən Məhəmməd ibn Salman kifayət qədər güclü şəxsdir. Birinci vəliəhdliyə təyin olunmamışdan qabaq o, Müdafiə naziri idi. Hazırda da Səudiyyə ordusu onun iradəsinə tabedir. Bundan əlavə, birinci vəliəhd ölkənin ən böyük iqtisadi qurumu sayılan “Aramco”nun qərar qəbuletmə mexanizmlərini də əlində cəmləşdirib. Alman kəşfiyyatı tərəfindən bir müddət əvvəl yayımlanan hesabatda krallığın növbəti sahibi “gücə aç” bir siyasi xadim olaraq təqdim olunub.
Əslində Səudiyyə Ərəbistanında əmioğluluq krallığından ata mirasçılığına keçidin başlanğıcı sayılan bu dəyişiklik çoxdan gözlənilir, bu istiqamətdə mühüm addımlar atılırdı. Hətta yeni saray çəkişmələrində şahzadə qanlarının axıdıldığı da gələn informasiyalar arasında idi. Bu barədə biz də bir yazı dərc etmiş və oxucularımızı məlumatlandırmışdıq. Həmin vaxt bir çoxlarının inanmadığı iddialar son hadisələrlə təsdiqlənməkdədir.
Səudiyyə Ərəbistanında dəyişikliyin arxa üzündən bəhs edən yazımızdan bəzi parçaları oxuculara xatırlatmaq istərdik:
“...Bir müddət əvvəl Səudiyyə sarayında gözlənilməz kadr dəyişiklikləri baş vermiş və ekspertlər bunu hakimiyyət çevrilişi kimi qiymətləndirmişdilər. Belə ki, kral Salman bin Əbdüləziz hakimiyyətə gəldikdən sonra imzaladığı bəzi fərmanlarla 31 yaşlı oğlu Məhəmməd bin Salmana mühüm vəzifələr vermiş, ən nəhayət, bu ilin iyul ayında yayımladığı fərmanla onu özünün birinci vəliəhdi elan etmişdi. Bu isə krallığın ənənəvi əmioğlu mirasçılığı prinsipilə ziddir və hakim sülalə tərəfindən xoş qarşılanmırdı. Qeyd edək ki, krallıqda dövlət idarəçiliyi haqqında qanuna əsasən, hakimiyyət yetkisi bu zamana qədər kralın oğluna yox, ya sağ qardaşlarından birinə, ya da qardaş uşağına – şahzadələrin əmoğlusuna keçirdi.
Kralın öz oğlunu baş şahzadə təyin etməsi barədə son fərmanının Sədaqət Şurası tərəfindən təsdiqlənməsində ortaya çıxan nəticələr də yeni “islahat”ların yaratdığı nigaranlıqdan xəbər verirdi. Məlumata görə, sülalə hakimiyyətinin əsas idarəetmə mexanizmi kimi tanınan Sədaqət Şurasında məlum fərman 31-ə qarşı 34 səslə qəbul olunmuşdu. Fərmanın əleyhinə olanların sadəcə 1 səslə krala uduzması isə Səudiyyə Ərəbistanında nadir görünən hadisələrdəndir. Nədən ki, Sədaqət Şurasında kral fərmanları bu zamana qədər, adətən, yekdilliklə qəbul olunurdu.
Məlumata görə, saray daxilində müxaliflərin çoxluğu kralın sərt addımlar atmasına yol açmışdı. Bildirilir ki, oğlu Məhəmmədi baş şahzadəliyə gətirən kral, həmin postun əvvəlki sahibi Məhəmməd bin Nayifi ev həbsinə atmışdı. Hətta Nayif öz evində də gözdənkənar buraxılmamış, bütün cangüdənləri dəyişdirilmiş, onlar yeni baş şahzadəyə bağlı adamlarla əvəz edilmişdi.
Saraya yaxın dairələrdən mətbuata sızdırılan xəbərlərdə Salman bin Ədbüləzizin yaxın günlərdə hakimiyyətdən çəkiləcəyi də qeyd olunurdu. Hətta onun öz yerinə oğlu Məhəmmədi təyin etdiyi barədə sənədi artıq imzaladığı, sadəcə, yayınlamaq üçün münbit şəraiti gözlədiyi də mətbuata sızdırılan xəbərlər arasındadır. Bir sözlə, Səudiyyə səltənətininin tarixdə ilk dəfə kral ölmədən yeni krala biət etmək ərəfəsində olduğu bildirilir.
Sözsüz ki, heç bir kral öz postunu rahatlıqla başqasına (oğlu olsa belə) ötürməz. Krallıqlar tarixində öz taxt-tacına göz dikdiyindən şübhələnib oğullarını öldürən şahlara, sultanlara da rast gəlirik. Hakimiyyət hərisliyi həmişə kralları ən yaxın adamlarından ehtiyatlanmağa, sərt təhlükəsizlik tədbirləri görməyə vadar edib və bu hiss ölənə qədər onların yaxasından əl çəkməyib. Odur ki, Səudiyyə kralının insan təbiətindən gələn bu ehtirasdan kənara çıxması, ölməmişdən qabaq taxt-tacdan əl çəkmək istəməsi, ilk baxışdan, inandırıcı görünməyə bilər. Fəqət Səudiyyə kralının sağlamlıq durumunu nəzərə alanda, bu fədakarlıq heç də təsadüfi görünmür. Bildirildiyinə görə, kral hələ hakimiyyətə gəlməmişdən əvvəl ağır xəstəliklə əlləşir. Onun, faktiki olaraq, dövlət məsələləri ilə ilgilənmək şansı çox azdır. Dövləti idarə etmək üçün sərf etdiyi enerji belə, 82 yaşlı qoca kralın səhhətini daha da ağırlaşdırır, onun Haqq dərgahında daha erkən cavab verməsini tətikləyir. Beləcə, onsuz da dünyadan əlini-ayağını kəsən kral dadını çıxara bilmədiyi səadəti gözünün ağı-qarası olan övladına bağışlamaq istəyir. Bu isə kraliyyətin əmiuşağı sultasına söykənən ənənəsini də ortadan qaldırır.
Təsadüfi deyil ki, kral, öz oğlunun yaxınlarda reallaşacağı gözlənilən hakimiyyətinin legitimliyini də sağkən təmin etməkdən çəkinməyib. Bildirildiyinə görə, Səudiyyə qanunvericiliyindəki hakimiyyətin əmiuşağına keçməsi maddəsi dəyişdirilib. Salman bin Ədbuləzizin 21 İyunda imzaladığı yeni fərmanla kraliyyət taxtında oturmaq üçün tələb olunan yeganə şərt kimi, ölkənin qurucusu Faysal əl-Səudun soyundan gəlmək kifayət edəcək”.
Mənbə: http://ovqat.com/manset/7202-sudiyy-kralln-silklyn-mumma-ahzad-oldumu-olduruldumu.html
Paylaş: