Xəbər lenti

 Vəkillər Kollegiyası (VK) vəkilin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, həmin xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunub.

Hadisə ilə bağlı VK bildirir ki, Kollegiyanın üzvləri sırasında Habil Fətəliyev adlı vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir.

Eyni zamanda, yaxın aylarda VK-nın yeni internet səhifəsi istifadəyə veriləcək ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaq.

Məlumatda qeyd edilib ki, bu xəbərlərin Azərbaycan vəkilliyinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, VK kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, gələcəkdə buna oxşar hallarda vəkilin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bilavasitə Kollegiyaya müraciət edilsin. (Report.az)

Bəs, Habil Fətəliyev nə cinayət törətmişdi?

Bu suala cavab vermək üçün, gəlin, mətbu orqanlarda dərc edilmiş yazılara nəzər salaq.

“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və  hüquqşünası saxlanılıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını  Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

“AzPolitika.info”ya verilən məlumata gərə, Habil Fətəliyev özünü vəkil kimi təqdim etsə də, o, Vəkillər Kollegiyasının üzvü olmayıb. “Yeni Yasamal” MTK-nın sədrinin müavini kimi evlərin satışını həyata keçirən Habil Fətəliyevin həm də hüquqi nümayəndə kimi  şirkəti təmsil etdiyi bildirilir.

Qeyd edək ki, dələduzluğun qurbanı olan vətəndaşların bir çoxu  şirkət tərəfindən aldadılmalarında Habil Fətəliyevin birbaşa iştirak etdiyini bildiriblər.

Farslar demişkən, “xeyli xub”. Bəs aldadılan vətəndaşların pulu necə olacaq? Nə yazıq ki, vaxtaşırı ortaya çıxan bənzər hadisələrdə, nədənsə, bu suala cavab verən tapılmır. Hüquq mühafizə orqanları dələduz tikinti sahiblərini  həbsə atmaqla işlərini tamamlanmış hesab edirlər. Əsl mərəkə də bundan sonra başlayır. Bir evin 2 və ya daha artıq sahibləri əsl mülkiyyətçini müəyyənləşdirmək davasına girişirlər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 17-12-2017, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma