Hüquqşunas Aslan İsmayılovla iş adamı Mürvət Həsənli arasında yaşanan qalmaqala yeni ismlər qoşulub. “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov gözlənilmədən hüquqşunası müdaiə edib, Mürvət Həsənlinin və Aslan İsmayılovu tənqid edən həmkarlarının ünvanına kəskin ittihamlar səsləndirib. İş adamı Mürvət Həsənlinin də Sücəddin Şərifova cavabı özünü gözlətməyib. O, öz “Feysbuk” səhifəsində “Azadlıq” saytında yayımlanan məlum yazıya cavab verib. Azinforum.az hər iki yazını oxuculara təqdim edir.
Sücəddin Şərifovun yazısı
Ölkədə mövzu bolluğu olsa da, bəzi həmkarlar aylardır özləri üçün süni gündəm yaradıb, silsilə “araşdırmalar” aparmaqdan yorulmur. Araşdırma obyekti də nə ölkədə tüğyan edən korrupsiyadır, nə də artıq dünyanın da gündəmini məşğul etmiş məsələ – Azərbaycanda insan haqlarının durumu… Araşdırma obyekti tanınmış hüquqşünas Aslan İsmayılovdur. Nədən? Ona görə ki, Aslan İsmayılov Milli Onkologiya Mərkəzindəki rəzaləti ictimailəşdirib, oradakı biabırçılıqları konkret faktlarla ortaya qoyub…
A.İsmayılov həm də ona görə hədəfdədir ki, ildə 2-3 dəfə jurnalistlər üçün banket təşkil edən “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənovun marağı olan bir məhkəmə çəkişməsində əks tərəfin hüquqlarını müdafiə edir…
İndiyədək oxuduqlarımdan gəldiyim nəticə budur ki, A.İsmayılov hər iki məsələdə daha böyük adamların qəzəbinə gəlib. Ortada görünənlər ancaq icraçılar, başqa sözlə, buyruq qullarıdır.
İndi isə keçək məsələnin məğzinə. İndiyə qədərki “araşdırma”larının ortaya çıxardığı “faktlar” və cəmiyyəti inandırmaq istədikləri aşağıdakılardır:
- A.İsmayılovun müdafiə etdiyi , yaxud da Mürvət Həsənovun çəkişdiyi şirkətin erməni ortağı varmış. Guya, A.İsmayılov bununla erməniyə yardım etmiş olur;
- A.İsmayılov ancaq imkanlı adamları müdafiə edən vəkil imiş;
- A.İsmayılov ictimai və siyasi fəaliyyətində sabitqədəm deyilmiş, tez-tez şəxsi maraqları üçün mövqe dəyişən adammış;
- Azərbaycan səhiyyəsi inkişaf edib, ancaq A.İsmayılov bu sahəni qaralamaqla məşğulmuş…
Bu “faktlar”ın hər biri normal məntiq qarşısında çilik-çilik olası arqumentlərdir. Amma bu məsələlərlə bağlı izaha keçməzdən öncə məni düşündürən başqa bir məqam var: A.İsmayılovun bu gün bəhs etdiyi problemi günlərin birində prezident hansısa müşavirədə dilə gətirsə, o zaman bu “araşdırma” müəllifləri nə yazacaq, nə deyəcək? Çox maraqlıdır…
Qayıdaq yuxarıda qeyd olunan məqamlara. Yazırlar ki, A.İsmayılov pula görə ermənini müdafiə edir. Əslində, bu məsələ ilə bağlı ətraflı izahat verilib. Ona görə də üzərində çox dayanmağa ehtiyac yoxdur. Oxuduqlarımdan belə başa düşdüm ki, İsmayılovun müdafiə etdiyi şirkətdə erməni əsilli Türkiyə vətəndaşı kiçik paya sahib olub. Bu iş məhkəmə müstəvisinə gəlib çıxana qədər o, öz payını satıbmış.
Digər tərəfdən, lap elə tutaq ki, həmin şirkətdə hansısa erməni əsilli Türkiyə vətəndaşının payı var, buna görə vəkil niyə ittiham olunmalıdır? Məntiqinizə quzu kəssinlər… Necə olur ki, patronu nazir olan bir iş adamı illərlə onlarla işləyir, pul qazanır, obrazlı desək, yumurtadan cücə çıxandan sonra yadlarına düşür ki , sən demə, şirkətdə erməni əsilli kiminsə payı varmış…
Buna görə vəkili ittiham edənlər, sizin vəkillik haqqında qanundan xəbəriniz varmı? Sizin məntiqinizlə dövlətə xəyanətdə ittiham edilərək həbs olunanları pulsuz vəkillə təmin edən dövlət , məhkəmələr, ədliyyə naziri Fikrət Məmmədov da xəyanətkardır? Sizin məntiqinizdən belə çıxır ki, dost-qardaş bildiyimiz Türkiyə də xəyanətin içindədir – erməniyə qucaq açıb.
Deyirlər, A.İsmayılov ancaq imkanlıları müdafiə edir. Burada təkcə sualın qoyuluşunda dəyişiklik etməklə bu fikri darmadağın etmək olur. Bu şəkildə soruşmaq daha doğru olardı: niyə imkanlılar A.İsmayılovu seçir? Cavab sadədir: o, çox az sayda vəkillərdəndir ki, müdafiəyə dəllallıq kimi baxmır, götürdüyü işə öz işi kimi yanaşır.
On dörd ildir ki, redaktor işləyirəm, bu müddətdə A.İsmayılovla əməkdaşlığımız olub. Bircə dəfə də ondan şəxsi xahiş eşitməmişəm. İşlədiyim redaksiyaya təqdim etdiyi yazılarda mütləq və mütləq ya hansısa ictimai problemden behs edib, yaxud da hüuqlarını müdafiə etdiyi şəxsə münasibətdə yol verilən qanun pozuntularını cəmiyyətə çatdırıb. Onu da deyim ki, hüquqlarını müdafiə etdiyi şəxslər heç də həmişə maddi durumu yaxşı olan şəxslər olmayıb.
Bu yerdə bir hadisəni xatırladım. Deməli, A.İsmayılovun müdafiə etdiyi bir nəfər vardı. Səhv etmirəmsə, Lerik rayonundan idi. Keşlə qəsəbəsində 6 sot torpaq sahəsində tikilmiş evini sökürdülər. Adam gündəlik çörəyə möhtac biri idi. Üstəlik, dünyasını dəyişmiş qardaşının ailəsi də onun öhdəsində idi. Ölkənin ən imkanlı nazirlərindən biri onun əmlakını dəyərindən qat-qat aşağı məbləğ təklif etməklə əlindən alırdı. Adamı “Bandotel”ə də aparmışdılar. Etiraf edim ki, o məsələyə görə A.İsmayılovun çoxsaylı zəngləri məni bezdirmişdi. Bu məsələyə prezident ailesinə yaxın adamlar belə, qarışdı. Böyük bir mücadilə, təqib və təzyiqlərdən sonra A.İsmayılov o yoldaşın əmlakına görə 500 min manat almasına nail ola bildi.
Təsəvvür edin, həmin şəxs pulunu alan kimi, birbaşa vəkilinin yanına yollanmışdı. Halallıq istəyirdi. Pulu tam şəkildə masanın üstünə qoyub, İsmayılova “ürəyin istədiyi qədər götür” dedi. Təsadüfən həmin vaxt hadisə yerində idim və bunun canlı şahidiyəm. Vəkili ona bilirsinizmi nə cavab verdi?
“Müqavilədə yazılan məbləğdən bir qəpik də artıq lazım deyil”, – A.İsmayılovun sözləridir.
Bu dəfə müvəkkili razılaşmadı, gətirdiyi pulun 50 min manatını vəkilinin qarşısına qoyub, “halal xoşun” deyəndə A.İsmayılov etiraz etdi. Dediyi kimi, müqavilədə yazılan məbləği alıb, adamı yola saldı…
Bunu bilirsinizmi niyə xatırladım? Bu adamın haqqına girənlər, ölkədə müvəkkili ilə belə davranan neçə vəkilin adını çəkə bilərsiniz? İsmayılovu ittiham edənlər, siz özünüz həmin məbləğdən imtina edərdinizmi?
İnandırmağa çalışırlar ki, A.İsmayılov sabitqədəm deyil, tez-tez mövqeyini dəyişir. Bu fikriniz nəyə əsaslanır? İndiyədək hansı partiyanın üzvü olub? Kimi dar ayaqda qoyub? Mövqeyini, əqidəsini nə zaman, hansı vəzifəyə dəyişib? Bəlkə İlham Əliyevlə görüşdə özünə vəzifə istəyib?
Bu gün bir restoran sahibinə görə adama bu qədər qara yaxanların özləri İlham Əliyevlə görüşmək imkanına malik olsaydılar, görəsən, ondan A.İsmayılov kimi hansısa ictimai problemin həllini xahiş edərdilər, yoxsa özlərinə gün-güzəran istəyərdilər?
Hə, mən də o fikirlə razıyam ki, A.İsmayılov hansısa çərçivəyə sığan adam deyil. Onun mövqeyinde razılaşmadığım xeyli məqamlar olub, var və yəqin ki, olacaq da. Bəzən özünün həqiqət hesab elədiyi məsələyə görə başqaları ilə münaqişəyə də girər, münasibətləri də kəsər. Amma mənim yaxşı tanıdığım A.İsmayılov ki var, o, səhvini isbat edən kəsin qarşısında, hətta uşaq olsa belə, üzrxahlıq etməyə hazır biridir.
İndi isə keçək səhiyyəmizdəki uğurlar haqda ağzı sulana-sulana danışıb-yazanlara. Azərbaycan səhiyyəsi haqda belə böyük və eyni zamanda, qeyri-real olan fikirləri heç bu sahənin biliciləri dilə gətirmir. Bu ölkənin rəhbəri müalicə etdirmək istədiyi adamları xaricə göndərirsə, məmurlar özləri ən adi müayinələr üçün Avropa ölkələrinə üz tutursa, İran xəstəxanaları bizim vətəndaşlarla doludursa, hansı uğurlardan danışırsız, cənablar?
A.İsmayılov sizin iddia etdiyiniz kimi, yalan danışsaydı, sosial şəbəkədə iki yüz mindən artıq adam onu izləyib, dəstəkləyərdimi? İnanmırsınızsa, bir göz yetirin. Bu sayda dəstəkçi ancaq doğrunu, öz xalqının problemlərini dilə gətirən adamlarda olur.
İnanmırsınızsa, bunu da araşdırın…
******************
Mürvət Həsənlinin cavabı
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun Aslan İsmayılovu müdafiə edən yazısını oxudum. Tanınmış jurnalistin aşina olmadığı bir məsələyə bu qədər yersiz müdaxiləsi istər-istəməz mənim cavab haqqımı doğurdu.
Hörmətli Sücəddin bəy, əvvəla, ondan başlayım ki, Aslan İsmayılovun əleyhinə yazılan bütün yazıları “ildə bir-iki dəfə jurnalistlərə banket təşkil edən iş adamının” ayağına yazmaq sizin məsələyə səthi yanaşmanızın ən bariz sübutudur. Düzdür, mən Aslan İsmayılovla zaman-zaman polemikalara girirəm və bu mübahisələrimiz bu gün də davam edir. Amma sizin şəninə təriflər yağdırdığınız bu adamla polemikalarımın məğzində mənə qarşı irəli sürdüyü iddialara cavab verməkdən başqa hər hansı niyyət dayanmır. Onun haqqında yazılan digər yazılarda mənim heç bir rolum yoxdur, ola bilməz də. Hər halda Cəmil Əliyev kimi bir nəhəngi bu polemikalara daxil etməyin mənim imkanlarım xaricində olduğunu, yəqin ki, özünüz də etiraf edərsiniz. Mən nə edim ki, Sizin haqqında qəhrəmanlıq dastanı yazdığınız “tanınmış, cəsarətli vəkiliniz” yetənə yetir, yetməyənə daş atır? Nəticədə daş atdığı ünvanlardan da adekvat cavab alır.
İkincisi, vəkillik haqqında mənə və başqalarına dərs keçməkdənsə, Aslan İsmayılovun tərəf-müqabilləri barədə dilə gətirdiyi fikirlərə baxsanız, kimin vəkillik haqqında məlumatı olmadığını görərsiniz. Sözsüz ki, vəkilliyini etdiyiniz vəkilin kimliyindən asılı olmayaraq hansısa şəxsin hüquqlarını müdafiə etmək haqqı var və buna görə heç kim onu qınamır da. Azərbaycanın çörəyini yeyən bir insanın ermənini müdafiə etməsi öz vicdanına qalan məsələdir. Fəqət hər bir vəkilin də öz müdafiəsində gözləməli olduğu sərhədlər var. Vəkillik küçə uşaqlığı deyil ki, qarşı tərəfə ağzına gələni deyəsən, təhqiramiz sözlərlə “razborka” aparasan. Nə yazıq ki, sizin vəkilliyini etməyə çalışdığınız Aslan İsmayılov məhz hüquqşünasa yaraşmayan bu hərəkətlərə yol verir.
Onun mənim haqqımda yazdığı “dələduz”, “mafiya babası” və burda dilə gətirmək istəmədiyim nalayiq sözlər hüquqən məsuliyyət yaradacaq fikirlərdir. Bilirsiniz ki, insanı konkret Cinayət Məcəlləsinə düşmüş bir maddə ilə ittiham etmək üçün məhkəmə hökmü olmalıdır. Aslan İsmayılov isə məhkəmə hakimiyyətinin bu səlahiyyətini heçə sayaraq, haqqımda xoşagəlməz fikirlər səsləndirirsə, deməli, təqsirsizlik prezumpsiyasını pozur. Bu isə təkcə mənə yox, həm də hüquqa hörmətsizlikdir ki, Aslan İsmayılov məndən fərqli olaraq hüququn çörəyini yeyir. Amma ona hörmət etməməklə, obrazlı desək, yediyi qaba tüpürür.
Bunu bir jurnalist kimi siz bilməyə bilərsiniz. Amma “Azərbaycanın ən savadlı vəkili” kimi təqdim etdiyiniz bu adamın bilməməsi imkansızdır. Bilmirsə, deməli, sizin onun haqqında təsəvvürləriniz, yaratdığınız mif doğru deyil.
Yeri gəlmişkən, sizin yazıda dilə gətirdiyiniz bir məqama da aydınlıq gətirmək istəyirəm. Yazırsınız ki, Aslan İsmayılovun müdafiə etdiyi şirkətin sahibləri arasında erməni yoxdur. Əvvəl şirkətin səhmlərinin kiçik hissəsi erməni əsilli iş adamına aid olsa da, guya, sonradan həmin adam öz haqqından vaz keçib. Nəzərinizə çatdırmaq istərdim ki, Aslan İsmayılov bu məsələdə sizi də aldadıb. Əvvəla, şirkətin bir yox, iki hissədarı erməni əsillidir. İkincisi, həmin erməni iş adamları heç də şirkətin azlıqda qalan hissədarları deyillər. Onlardan biri isə Aslan İsmayılovla müqavilə bağlayıb, özünün hüquqi təmsilçilik haqqını ona həvalə edib.
Məni səhv başa düşməyin. Bu sözləri deməkdə məqsədim heç də həmin şirkətlə iqtisadi münasibətlərimizə bəraət qazandırmaq deyil. Mənim həmin şirkətlə münasibətlərdə özümü təmizə çıxarmaq üçün hər hansı suçum, qaçdığım öhdəlik borcum yoxdur. Sadəcə, sahibinin erməni olduğunu öyrəndikdən sonra onunla bütün ticari münasibətlərimi kəsmişəm. Şirkət rəhbərliyi isə aramızda bağladığımız müqavilənin münahisəli maddələrinə əsaslanaraq, məndən qisas almağa çalışır. Bu dediklərimi məhkəmə qarşısında sübut etməyə də hazıram. Sizin müdafiə etdiyiniz Aslan İsmayılov isə ədalətin mənim tərəfimdə olduğunu anladığından hüquq müstəvisində çəkişmədən qaçır, sosial şəbəkələrdə yaratdığı hay-küyün arxasında gizlənir.
Onu da nəzərinizə çatdırım ki, mənim Aslan İsmayılova verdiyim cavablar məhz bu qanunsuz hərəkətlərlə bağlıdır. Şərəf və ləyaqətimə qarşı etdiyi qeyri-etik, heç bir hüquq çərçivəsinə sığmayan hücumlara, sizcə, necə cavab verilməlidir? Lütfən, özgəni ittiham etmədən əvvəl özünüzü onun yerinə qoymağı bacarın. Mənim yerimdə olsaydınız, haqqınızda facebook səhifələrində dilə gətirilən hədyanlara laqeyd qalardınız?
Üstəlik, onu da unutmayın ki, vəkilin və hansısa hüquqşünasın öz iddialarını təsdiq etməli olduğu yer məhkəmə salonudur. Sizin Aslan İsmayılov isə öz müvəkkillərini sosial şəbəkələrdə müdafiə etməklə qalmır, qarşı tərəfə, yəni mənə təhqiramiz sözlər yazır, işi aparan hakimləri və Ədliyyə nazirini şantaj etməklə prosesi udmağa çalışır. Qanunvericiliyə görə, bu fəaliyyət hakimlərə təzyiqdən başqa bir şey deyil və onların ədalətli qərar çıxarmasına mane olmağa yönəlib. Məhkəməyə təzyiq isə başlı-başına bir cinayət əməlidir. Odur ki, Aslan İsmayılovun facebook səhifəsində yüzminlərlə izləyicisini əsas gətirib yaxşı vəkil olduğunu isbatlamağa çalışmayın. Siz bir jurnalistsiniz. Jurnalist kimi yaxşı bilirsiniz ki, ətrafına xeyli izləyici toplamaq üçün heç də böyük ağla, savada ehtiyac yoxdur. Adətən, ağzıpərtöv insanlar öz başlarına daha çox adam toplaya bilirlər, amma bu, onların haqlılıqlarına və üstün dühalarına dəlalət etmir. Və ağzıpərtövlərin başına toplananların əksəriyyəti heç də onun dedikləriylə razılaşdıqları üçün tamaşaya gəlmirlər. Bəzən ona gülür, ələ salırlar.
Təəssüflər olsun ki, Aslan İsmayılov da məhz bu yolla özünə tərəfdar toplayır. Bu xarakteriylə də vəkildən çox, şou adamına bənzəyir. Hansı ki, bəzi müğənnilər populyarlıq naminə mənasız “şeirlər” yazır, səhnələrdə soyunaraq gündəmdə qalmağa çalışırlar. Ciddi müğənnilər isə öz səsi və qabiliyyətləri ilə könülləri fəth etmək yoluna üstünlük verirlər. Sizin dahi vəkil kimi təqdim etməyə çalışdığınız adam isə xarakter etibarilə ciddi sənətçilərin yox, səsindən başqa digər bacarığı ilə gündəmdə qalmaq istəyən müğənnilərin yolunu tutur.
Hörmətli Sücəddin bəy, Sizin Aslan İsmayılovu müdafiənizdən başa düşürəm ki, ona yaxın adamsınız. Məncə, özünü vəkil kimi apara bilməyən dostunuza vəkillik sənətinin incəliklərini öyrətsəniz, daha faydalı iş görər, yoldaşlıq borcunuzu tam mənasıyla yerinə yetirə bilərsiniz. Məsləhət kimi çıxmasın, ona başa salın ki, vəkillik sənəti müvəkkili üçün özünü haqq-nahaqq yerdən-yerə sürtmək, Papadan çox katolik olmaq demək deyil. Vəkillik qarşı tərəfin şərəf və ləyaqətinə toxunmadan, qanunu pozmadan, məhkəmə sisteminə hörmətlə yanaşaraq, müdafiə strategiyası qurmaqdır. Aslan İsmayılovun müdafiə tərzi isə, bayaq da qeyd etdiyim kimi, yediyi boşqaba tüpürməyə bənzəyir.
Azinforum.az
Paylaş: