Xəbər lenti

   

 “Bu ittihamlar ona siyasi sifarişlə verilib”

Bakı Apellyasiya Məhkəməsində bu gün (artıq dünən) hakim Əflatun Qasımovun sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ovqat.com-un bildirdiyinə görə, məhkəmədə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov dəlillər üzrə çıxışları dinlənilib.

Vəkil F.Mehdiyev bildirib ki, C.Hacıyev barəsində verilən bütün hökmlər əsassızdır və müvəkkilinin əməlində cinayət tərkibi yoxdur. Vəkil xüsusilə C. Hacıyevin Cinayət Məcəlləsinin 179-.3.2-ci (külli miqdarda vəsaitin mütəşəkkl dəstə tərəfindən mənimsənilməsi)” maddəsi ilə verilən ittiham üzərində dayanıb. Onun bildirdiyinə görə, müvəkkilinə qarşı irəli sürülən ittihamlar kreditlərlərlə bağlıdır və sırf mülki məsələdir: “Cinayət qanunvericiliyində bu işə baxılması yolverilməzdir. Amma təəssüf ki, bununla bağlı ibtidai istintaqda, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən verdiyimiz vəsatətlər təmin edilmədi. Cahangir Hacıyev özü də bildirir ki, bu ittihamlar ona siyasi sifarişlə verilib”.

“Mənimsəmək fikirləri vardısa...”

Vəkil daha sonra C. Hacıyevin mütəşəkkil dəstə yaratmaqda ittiham edilməsinin əsassız olduğunu bildirdi. O, Cinayət Məcəlləsində nəzərdə tutulan mütəşəkkil dəstə anlayışı barədə məlumat verərək, müvəkkilinin əməlində bu əlamətlərdən heç birinin olmadığını hakimin nəzərinə çatdırıb.

İttihamda mənimsənildiyini iddia edilən rəqəmlərə də toxunan F.Mehdiyev qeyd edib ki, əvvəl KİV-də və ictimaiyyətdə Beynəlxalq Bankdan mənimsənilən milyardlarla vəsaitdən söhbət gedirdi, istintaq isə 211 milyon manatın mənimsənildiyi qənaətinə gəlib: “Zərərçəkən qismində həm Beynəlxalq Bank, həm də 7 milyonluq mülki iddiaçı kimi “Aqrarkredit” QSC-nin nümayəndəsi tanındı. Bu isə yolverilməzdir və prezidentin fərmanına əsasən, bütün tələblər “Aqrarkredit” QSC-yə keçib, mülki iddia ilə yalnız bu qurum çıxış edə bilərdi”.

Dəymiş ziyanla bağlı hesablamalarda problemlər olduğunu vurğulayan  F.Mehdiyev bunun da məhkəmə tərəfindən araşdırılmadığını iddia etdi: “Bankda dollarla olan kreditlərin devalvasiyadan sonra hansı məzənnə ilə hesablanması aydın deyil və məhkəmə  bununla bağlı sənədləri əldə etməkdən imtina edib. Həmçinin 211 milyon vəsaitin kreditlərlə bağlı olduğu bildirilir. Həmin vəsaitin isə yarıdan çoxu kredit şəklində qaytalıb. Həmçinin məhkəmə hökmündə hesab edilib ki, “Aqrarkredit” QSC-nin qaldırdığı 7 milyonluq iddia da 211 milyonun içərisindədir və yarısı ödənilib. Əgər dəymiş ziyanın yarısı ödənilbsə, hansı mənimsəmədən söhbət gedə bilər? Həqiqitən, müttəhimlərin mənimsəmək fikirləri vardısa, kreditlərin bir hissəsini niyə ödəyirdilər?”

  

“C. Hacıyevin xələfi barəsində də istintaq araşdırması gedir”

Vəkil C.Hacıyevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, sənəd saxtakarlığı ittihamlarını da qəbul etməyib və bildirib ki, istintaq bu əməllərlə bağlı sübutlar ortaya qoymayıb.

Cinayət işi üzrə prosesin hələ ibtidai istintaq zamanı qərəzli aparıldığını iddia edən F.Mehdiyev bu qərəzin məhkəmə istintaqında da davam etdirildiyini vurğulayıb:  “Bu qərəz nəticəsində C.Hacıyev və digərləri həbs edildi. Ondan sonra Beynəlxalq Banka təyin olunan rəhbər şəxs isə “qara bazar” yaratdığına görə vəzifəsindən azad edildi və bildiyimə görə, hazırda onun barəsində də istintaq araşdırması gedir”.

C.Hacıyevin dövründə bankın gəlir dinamikasının daim yüksələn xətlə müsbətə doğru artdığını xatırladan vəkil onun həbsindən sonra Beynəlxalq Bankda yaşanan neqativ hallara diqqəti yönəldib: “Məhz bu zamandan etibarən bank zərərlə işləməyə başlayıb. Zərədən əlavə, bankın sağlamlaşdırılması üçün 12 milyard manat ayrılıb ki, o məbləğ də ortada yoxdur. Hazırda isə Beynəlxalq Bank iflas mərhələsindədir”.

C.Hacıyevin ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlərdən danışan vəkilin sözlərinə görə, onların ölkədən çıxışlarına qadağalar qoyulub, işləyən qohumları vəzifələrini itiriblər: “Hətta  müvəkkilimin rəhmətə gedən anasının vərəsəliyi belə tanınmayıb”.

----

Stalin məhkəmələrini xatırladan haşiyə

----

“Necə ola bilər ki, bir-birinə qarşı olan iki şəxs mütəşəkkil dəstə qursun”

 

F.Mehdiyevin açıqladığı bir fakt isə lap Stalin dövrünün məhkəmələrindən bəhs edən lətifəni xatırladıb. Həmin lətifəyə görə, Stalin dövründə həbsxanada üz-üzə gələn məhbuslar bir-birindən niyə tutulduqlarını soruşurlar. Dustaqlardan biri İvanı söydüyü üçün həbsə atıldığını deyir. Digər məhbus isə həmin İvanı təriflədiyi üçün onunla eyni taleyi bölüşürmüş. Üçüncü məhbus isə qəh-qəhə çəkərək, birinin söydüyü, digərinin öydüyü İvanın özü olduğunu bildirib.

Maraqlıdır ki, Cahangir Hacıyevlə müttəhimlər kürsüsündə oturanlardan biri vaxtilə Beynəlxalq Bankın məhkəməyə verdiyi şəxs imiş. Vəkil məhz bu arqumentə söykənərək bir-birilərinə qarşı olan müttəhimlərin necə mütəşəkkil dəstə yarada biləcəklərini ritorik sualla hakimdən soruşub.

  

“Məhkəmə hökmü ittiham aktının “kopya”sıdır”

 

 Daha sonra çıxış edən vəkil Aqil Layıcov da ittiham tərəfinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ortaya sübut qoya bilmədiklərini hakimin nəzərinə çatdırıb: “Ümumiyyətlə məhkəmə istintaqı dövründə verdiyimiz 33 vəsatətin hamısı rədd edilib. Bu işdə qərəz olduğu açıq-aydın ortadadır. Beynəlxalq Bankla bağlı olan digər işlərin heç birində Beynəlxalq Bank zərəçəkən kimi tanınmayıb və doğru olaraq “Aqrarkredit” QSC tanınıb. Elə isə niyə bu işdə niyə Beynəlxalq Bank zərərçəkən kimi tanınıb?

Məhkəmə sadəcə əsassız ittihamı təsdiqləmək funksiyasını yerinə yetirdi. Məhkəmənin hökmünə diqqət yetirsəniz görəcəksiniz ki, ittiham aktından olduğu kimi “kopya” edilib. Hətta vergül səhvlərinə qədər eynidir. Bizim xaricdən aldığımız apostol möhürlü sənədləri “mötəbər sübut” kimi tanımadığını deyən məhkəmə ittihamçının kağız parçalarını, mülahizəyə söykənən qənaətini sübut kimi qəbul edərək hökm çıxarıb. İttiham tərəfinin 83 şahidi dindirildi, müdafiə tərəfinə isə bir şahidi də dindirməyə şərait yaradılmadı. Xaqani Bəşirovun dindirilməsinə etiraz kimi, onun ölkədə olmaması əsas göstərildi, istintaq altında olan Dünyamin Xəlilov niyə dindirilmədi?

“Gizli əl”

Halbuki X.Bəşirovun da şahid qismində dindirillməsi və onda olan zəruri sənədlərin araşdırılması beynəlxalq qanunvericilklə mümkündür. Bununla bağlı müvafiq konvensiyanı da məhkəməyə təqdim etmişdik. C.Hacıyevin 38 gün qanunsuz saxlanılması dövründə istintaq hərəkətləri aparılıb və o sənədlər qanunsuz heab edilməli olduğu halda, məhkəmə bu məsələyə ümumiyyətlə toxunmadı. Kim bu işə bu qədər müdaxilə edir, “gizli əl” haradan idarə edir?”.

 

Aqil Layıcov sonda vurğulayıb ki, Cahangir Hacıyevin işi ilə bağlı 4 məsələ üzrə artıq Avropa Məhkəməsinə müraciət edilib.

 

Cahangir Hacıyevə çıxış etmək təklif edilsə də, o vaxt istəyib. Proses 25 may saat 16.00-da davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 19-05-2017, 00:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma