Darıxıram...
Belə pis darıxıram...
Baharın ən şirəli,
ən ətirli çağında
yağmurlu havalarda
arılar pətəyində
necə vurnuxurlarsa,
necə darıxırlarsa,
eləcəyəm bu saat.
Yaman pis darıxıram -
Öləcəyəm bu saat.
ƏN BÖYÜK HƏYƏCANIM
Mənim nə bütövüm, nə də yarımsan,
Ömrün yamacında quzey qarımsan.
Hər sənə baxanda donub qalıram,
Kösövə dönürəm, yanıb qalıram.
Yana-yana donuram,
dona-dona yanıram.
Özümü yay günü yerdən buğlanıb
Göydə donub qalmış bulud sanıram.
Sən mənim nə qanım, nə də canımsan,
Sən mənim ən böyük həyəcanımsan.-
Hələ də dizlərim əsir qarşında.
Min sevda dolaşır hələ başımda,
16 yaşım var 60 yaşımda.
XAOS
Sən mənim boğazımda düyünlənib qalmış
udquna bilmədiyim qəhərimsən.
Sən mənim qaranlıq ömrümdə açılmayan səhərimsən.
Sən mənim başıma çəkdiyim ən şirin zəhərimsən,
Həsrətin viran qoyduğu şəhərimsən -
Nə günə qoydun məni...
Bir cüt təşnə dodağam - qabar-qabar oldum,
Qurumuş bir çəmənəm - cadar-cadar oldum.
İntizar sazağından qubar-qubar oldum,
Əsəbdən damar-damar oldum -
Nə günə qiydun məni!
Arxanca sürünməkdən elə yorulmuşam ki,
Sənə tərəf son addım atamağa taqətim yox.
Elə qorxubdur gözüm, sən tərəfə baxmağa
Halətim, cürətim yox.
Bir kəlmə söz deməyə bir gilə qüdrətim yox,
Əlimi uzatmağa qolumda qüvvətim yox...
Nə günə qoydun məni?!..
Yeknəsəklik
Eyni şeyləri görməkdən - gözlərim,
Eyni yükü çəkməkdən - dizlərim,
Eyni yolları getməkdən - ayaqlarım,
Eyni yalanları eşitməkdən - qulaqlarım,
Eyni sözləri deməkdən - dilim,
Eyni işi görməkdən - əlim,
Eyni paltarı geyinməkdən - əynim,
Eyni sualları düşünməkdən - beynim,
Eyni günlərdən ömrüm qabarladı.
Eyni dərdlərdən ürəyim qubarladı.
Bilirəm, şeir əhvalında deyilsən, amma
YADINDAMI
Yasəmən fəsli idi...
Mən - odlanmamış Kərəm,
Sən isə Əsli idin.
Bütün dünya xumardı...
Bızə nə məhəl qoyan,
Nə qibtə edən vardı.
Sakitcə böyrümüzdən
Ötüb kecirdi hamı.
Yadındamı?
Bir yasəmən kolunun
Xəfif ətri içində
Oturmuşduq yanaşı.
Əllərinə toxundum,
Toxundum naşı-naşı.
O gecə bir-birinə
Ən incə mətləbləri
Əlimiz pıcıldadı.
O qönçə tanışlıqdan
Alnımızda həyalı,
Təmiz, şəffaf, utancaq
Damcılar puçurladı.
Unutmuşduq hər şeyi...
Birdən adımı çəkdin.
Qeybdən bir meh kimi
Adım titrədi, əsdi.
O gecə sən özümə
Xatırlatdın adımı.
Yadındamı?
O gecə bir him qədər
Qəlp kəlmə işlətmədik.
Təmizlikdən, düzlükdən
Qorxub qaçmışdı yalan.
O da bir cür gecəydi -
Həyalı, yaddaqalan...
Kaş ki, bütün ömrümüz
Elə o cür keçəydi.
Belə xatirələrdi
Ömrü boyu yaşadan,
Təmizləyən adamı.
Yadındamı?
Uçurduq, hey uçurduq...
Onda xəyalımıza
Fəzalar çox dayazdı.
O cür ilahi gecə
Bütöv bir ömür üçün
Azdı, vallah, çox azdı.
Ömürdən düşdü qaldı...
Harda ilişdi qaldı
O anlar, o saatlar?
Eh, daha xatirələr
Gəlib çatmaz dadıma.
O gecə nə deyirdim,
Nə söyləyirdim sənə?
Salammıram yadıma...
Bəs sənin yadındamı?
Ötüb kecən baharım,
A qönçəm, a bənövşəm,
Daha yaza bilmırəm -
Titrəyir barmaqlarım.
Burda yazmadıqlarım
Yadındamı?..
XOŞ GÖRDÜK
Darıxmışdım...
Şirin bir yorğunluqla qayıtdım sənə.
Xoş gördük,
xoş gördük dönə-dönə.
Dodaqlarım yuxulu,
əllərim mürgülü...
Köksümdəki intizar qoxulu
pardaxlanmış al-qırmızı Qızılgülü
həsrət sazağından keçirib sənə gətirdim yenə.
Sənsiz yaşamağın mümkünsüzlüyünü
bir daha anladım.
Səni yalqız qoyduğumçün
o ki var özümü danladım.
***
Bu qar çox tez düşdü həmişəkindən...
Sevinə bilmədim bu yağan qara.
Sentyabr hara, axı qar hara?
Almalar budaqdan dərilmədilər,
Yarpaqlar torpağa sərilmədilər.
Durnalar bəlkə də dönməyib geri.
Başında bir qarın yemək sevdası
Vurnuxur yenə də küçə itləri.
Əlimdə min adda işim yarımçıq...
Ağ qəriblik enir səmadan yerə.
Bənzədə bilmirəm bu yağan qarı
Torpağa səpilən ağ çiçəklərə.
Bu qar kəndimizə yağdımı görən,
Camaat ot-ələf yığdımı görən?
...Əlimdə min adda içim yarımçıq,
Başımdan qayğlar aşır bu anda...
Bildim,yazıq Kərəm nələr çəkibdir
"Ərzurumun gədiyinə varanda".
Yamanca ağ etdi bu ağ qəriblik -
Ağartdı düzü-dünyanı.
Guya ki, ağardı üzü dünyanın.
Moskva.1980
Paylaş: