Xəbər lenti

 

Millət vəkili Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi məni xeyli sevindirdi. Ölkə başçısı İlham Əliyevin Sərəncamıyla yeni vəzifəsinə təyin olunan Zahid Oruc, sözün həqiqi mənasında, öz əqli potensialının real qiymətini almış oldu.

Zahid Oruc həqiqətən hadisələrə yanaşması, istər daxili, istərsə də xarici hadisələrin analizi, xüsusilə sosial-siyasi təhlilləriylə diqqətlə izlənən qələm sahiblərindəndir. Onun yazılarına yalnız quru təhlilçilik ənənəsi hakim deyil. Zahid Oruc həm də hadisələrə əsl vətəndaş kimi yanaşır, bir çoxlarından fərqli olaraq, öz mövqeyini ortaya qoymaqdan çəkinmir, daxildə başqa, zahirdə başqa sima ortaya qoymur. Mövlananın təbiriylə desək, həm olduğu kimi görünür, həm də göründüyü kimi olmağa çalışır.

Mövqeyində və ifadələrində bu qədər səmimi olmaqla yanaşı, o, özünə və Azərbaycan rəhbərliyinə qarşı həyata keçirilən çirkin kampaniyalara cavab verəndə belə, təmkinini əldən vermir, nəzakət və tərbiyə sərhədlərini aşmır, ən ağır ittihamlarını da ədəbi dilimizin gözəlliklərindən istifadə edərək rəqiblərinə ünvanlayır. Bəzən onun bu nəzakətli üslubu belə, rəqibləri üçün öldürücü silaha çevrilir. Təsadüfi deyil ki, Zahid Orucun nəzakətli üslubu qarşısında çılğına dönən rəqibləri tərəf-müqabilləri ilə ədəbi və ədəbli dildə danışa bilmir, təhqir ritorikası ilə onu susdurmağa çalışırlar. Bu mənada Zahid Oruc, sözün əsl mənasında, ciddi analitik və təyin olunduğu vəzifəni ləyaqətlə yerinə yetirə biləcək qabiliyyətdə olan ziyalıdır.

Hörmətli deputatımızın sədr təyin olunduğu Sosial Tədqiqatlar Mərkəzinin təyinatı da onun boynuna biçilib. Prezidentin bir neçə gün öncə imzaladığı Fərmana əsasən yaradılan bu mərkəz ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi ilə məşğul olacaq. Əldə olunan məlumatların analizini aparan qurum daha sonra hadisələrin inkişaf perspektivlərini təhlil edəcək və proqnozlar hazırlayacaq. Sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək də Zahid Orucun rəhbərliyi altında formalaşacaq analitik qurumun əsas məqsədlərindən olacaq.

Prezident Fərmanında da yeni yaradılan qurumun bu təyinatı belə təsvir edilir: “Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir”.

Fərmandan da göründüyü kimi, Sosial Tədqiqatlar Mərkəzinin başlıca vəzifəsi cəmiyyətimizin getdikcə inkişaf etməsi nəticəsində ictimai rəydə baş verən dəyişiklikləri araşdırmaq, inkişaf perspektivlərini proqnozlaşdırmaq və bununla əlaqədar olaraq dövlət orqanlarını məlumatlandırmaqdır. Məsələyə bu aspektdən yanaşanda Marağa rəsədxanası barədə nəql olunan bir tarixi rəvayət yada düşür.

Bildirildiyinə görə, bir gün dövrün ən görkəmli alimlərindən olan Nəsrəddin Tusi Hülaki xana Marağa rəsədxanasını tikdirtmək istəyir. Hərbi səfərdən qayıdarkən, bir dağ ətəyindən istirahət edən Hülaki xan bu təklifi eşidəndə tikilməsi planlaşdırılan Marağa rəsədxanasının nə işə yarayacağını soruşur. Nəsrəddin Tusi suala əyani şəkildə cavab vermək istəyir və xandan xahiş edir ki, ətəyində əyləşdikləri dağın zirvəsindən bir neçə boş çəllək yuvarlatsın. Xan bu istəyi yerinə yetirmək əmri verir. Dağdan aşağı yuvarlanan boş çəlləklərin qorxunç səs çıxarmasından vahiməyə düşən ordu pərən-pərən düşür, o tərəf-bu tərəfə qaçışır. Yalnız Nəsrəddin Tusi və Hülaki xan çadırda heç bir həyəcan keçirmədən baş verənləri izləyir.

Nəsrəddin Tusi xana deyir:

-Qibleyi-aləm, görürsünüzmü, biz dağdan yuvarlanaraq qorxunc səs çıxaranın adi bir boş çəllək olduğunu bilirik. Ona görə də heç bir qorxu hissi keçirmədən çadırımızda oturmuşuq. Hazırda dünyanın ən güclü hərbi qüvvəsi hesab olunan ordunuz isə adi bir çox çəllək səsindən vahiməyə düşüb. Göydə baş verənlərin öyrənilməsi də məhz bu cür vahimələrə qapılmamaq üçün lazımdır.

Son zamanlar ölkəmizin ətrafında baş verən hadisələr və bəzi xarici qüvvələrin qara niyyətlə cəmiyyətimizdə apardığı qara piar kampaniyasının vurduğu zərərlərin araşdırılması da göydə baş verənlərdən az əhəmiyyət daşımır. Bu cür ideoloji təxribatların qarşısının alınması üçün ictimai rəy ciddi tədqiq olunmalı, vətəndaşlarımızın düşüncəsində aparılan dəyişiklikər öyrənilməli, hökumət orqanlarının bu narazılığa səbəb olan siyasətləri müəyyən edilməli və dərhal qarşısı alınmalı, xalq isə əsl həqiqət barədə maarifləndirilməlidir. Bütün bu ideoloji işlər isə kompleks şəkildə aparılmalıdır. Sosial Tədqiqatlar Mərkəzinin də məhz bu işlə məşğul olacağı görünür.

Azərbaycan hökumətinin xaricdən ölkəmizə yönələn ideoloji savaşa qarşı Sosial Tədqiqatlar Mərkəziylə cavab verməyə hazırlaşması bu istiqamətdə atılacaq addımların xarakterini müəyyənləşdirir. Onu göstərir ki, Azərbaycan hökuməti xarici qaynaqlı ideoloji savaşlara inzibati üsullarla deyil, ideoloji əsasda cavab verəcək. Çünki son 25 il ərzində SSRİ xarabalıqlarının altından çıxan ölkəmizi yenidən qurub-yaratmağı bacaran iqtidarın xalq qarşısında verə bilməyəcəyi heç bir hesabat yoxdur. 
Hörmətli deputat Zahid Oruca rəhbərlik edəcəyi Sosial Tədqiqatlar Mərkəzini Marağa rəsədxanası kimi həmişəyaşar quruma çevirmək arzusuyla.

Mürvət Həsənli,
ADAM sədri




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 12-02-2019, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma