Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.
Nazirlikdən daxil olan məlumata görə, H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. O, dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.
Qeyd edək ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək. (Yeni Sabah)
Ovqat.com-un əlavəsi:
Hafiz Paşayevin niyə bu cür addım atdığı tam açıqlanmasa da, zənnimizcə, Prezident ailəsinə ən yaxın məmurlardan biri kimi onun istefa ərizəsinin məhz indiki dövrə düşməsi təsadüfi deyil. Məlum olduğu kimi, ölkə başçısı bir müddət əvvəl bütün 70-i ötmüş məmurları istefaya çağırsa da, onun səsinə səs verənlərin sayı çox olmamışdı. Hətta Baş nazirin müavini Yaqub Eyyubov kimi məmurlar, Arif Rəhimzadə kimi deputatlar mətbuatın önündə ayaqlarını iki başmağa dirəmişdilər.
Görünür, Prezident ailəsinin mənsubları bu çağırışın heç bir istisna təşkil etmədiyini göstərmək üçün ilk növbədə özləri addım atmaq qərarına gəliblər. Hafiz Paşayev də başqalarına örnək olmaq üçün ilk addımı atanlardan olub. Qeyd edək ki, Mehriban xanımın əmisi olan Hafiz müəllim 78 yaşındadır. Yəni üzgüçülüyünü ən böyük keyfiyyəti sanan Arif Rəhimzadə ilə yaşıddır.
Bəs, görəsən, özgə vaxt Prezidentə sədaqətlərindən dəm vuran iri məmurlar Hafiz Paşayevin bu nümunəsindən lazımi nəticələr çıxaracaqlarmı?
Ümidvarıq ki, bu suala sabah erkən saatlarda müsbət cavab tapacağıq. Zira Hafiz Paşayev öz istefa ərizəsi ilə iqtidardakı 70-i ötmüşləri iki seçim arasında qoydu: onlar ya prezidenti vəzifələrindən çox istədiklərini əməli fəaliyyətlərilə sübuta yetirəcəklər, ya da göbəkkəsdi qismətləri olduqlarına inandıqları kreslolarından bərk-bərk yapışıb hər şeyi vəzifələrinə fəda etməyə hazır olduqlarını göstərəcəklər – hətta...
"Hətta"sını yəqin siz də anladınız?
Paylaş: