Şəhrizad Süleyman,
Şərqşünas-tədqiqatçı,
Abu-Dabi Universitetinin müəllimi
Artıq uzun illərdir dünya geosiyasətində Yaxın Şərq faktoru ciddi yer tutur və xüsusilə bir çox ərəb ölkələrində baş verən mürəkkəb sosial-siyasi proseslər, xarici faktorların regional siyasətə müdaxiləsi, aramsız müharibə və münaqişələr, mühacir axını, ölkə sərvətlərinin talan edilməsi, supergüc dövlətlər arasında gedən geosiyasi rəqabət qlobal kataklizmlərə və dərin siyasi, hərbi, iqtisadi böhrana səbəb olur. Bu baxımdan, həssas və mürəkkəb geosiyasi məkanda, Asiya qitəsinin cənub-qərbində yerləşən və Aralıq dənizinin "incisi" adlandırılan Livan Respublikasında son zamanlar baş verən siyasi-ictimai olaylar, xalqın iqtidara qarşı dirənişi, etiraz hərəkatının geniş şəkildə vüsət alması günlərdir dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Ərəb dünyasının kosmopolit mərkəzi...
Sahib olduğu müxtəlif dini və etnik tərkibi ilə ərəb dünyasının kosmopolit mərkəzi hesab olunan Livanda ölkə əhalisinin təqribən 55%-ni müsəlmanlar, 25%-ni maruni xristianlar, 7%-ni dürzilər (şiə məzhəbinin İsmailiyyə qoluna yaxın olan dini təriqət), 5.5% yunan ortodoks, 3,4% yunan katoliklər və 3,4%-ni ermənilər təşkil edir.
Livan "Milli Pakt"ına əsasən dövlət başçısı xristianlardan, baş nazir sünni müsəlmanlardan, parlament spikeri şiə müsəlmanlardan seçilir. Xristian və müsəlman icmalarına mənsub müxtəlif siyasi partiyaların nümayəndələri ölkə konstitutsiyasına görə, parlamentdə tam bərabər şəkildə təmsil olunurlar. Ölkədə fəaliyyət göstərən partiyaların, dini-etnik icmaların bir neçə siyasi mərkəzi, hətta hərbi dəstələri də mövcuddur. İranın təsiri altında olan "Hizbullah" təşkilatını ölkədəki bəzi şiə müsəlmanlar və ələvilər, general Mişel Aounun "Azad Vətənpərvərlər Hərəkatı"nı maruni-xristian zümrəsi, Səudiyyə Ərəbistanının çətiri altında dolaşan Saad Haririnin "Əl-Müstəqbəl" (Gələcək) hərəkatını bəzi sünni, sələfi birləşmələri, Samir Cacanın "Livan qüvvələri"ni bir qrup ərəb və yunan əsilli xristianlar, dürzi lider Valid Canbuladin "Mütərəqqi Sosialist Partiyası"nı Livan druzları (dürzilər) dəstəkləyirlər.
Son seçkilərdə hökumətin xalqın qarşısında götürdüyü öhdəliklər: sosial-iqtisadi islahatlar, büdcə bölgüsünə və xərclərə ictimai nəzarət, maliyyə məsələləri, habelə dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı rəsmi hesabat, telekommunikasiya sisteminin yenilənməsi, səhiyyə və tibbi xidmətlərin yaxşılaşdırılması, son dərəcə bahalı və çökmək üzərə olan enerji sektorunda köklü dəyişikliklər, vergi sisteminin yaxşılaşdırılması, pensiya sistemində islahatlar, kommunal xidmətlərdə güzəştlər, işsizlik, sosial problemlərin həll olunması, yeni iş yerlərinin açılması və s. idi.
Üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən Livan höküməti və ölkəni çalxalayan sürpriz vergi açıqlaması...
Artıq xeyli vaxtdır ağır sosial-iqtisadi problemlər məngənəsində çabalayan və xarici borcu 86 milyard dollardan çox olan Livanda hökümətin internet üzərindən aranan zənglərə, "WhatsApp", "Viber", "Messenger" kimi sosial şəbəkələrə tətbiq edilən 6 dollarlıq sürpriz vergi açıqlaması xalqın səbr bardağını daşıran son damla oldu. 17 oktyabr tarixindən etibarən paytaxt Beyrut və ölkənin digər iri şəhərlərindəki mərkəzi meydanlar "Birlik günü" adlı irimiqyaslı xalq hərəkatına şahidlik edir. Etiraz hərəkatının ilk günlərində baş nazirin müavini və hökümətdə təmsil olunan "Livan qüvvələri" partiyasından olan 4 nazir istefa verdi və Livan ordusu xalqın haqlı tələblərini dəstəklədiyini ifadə edən bəyanat yaydı. "Prezident, Baş Nazir, nazirlər və deputatlara istefa!", "Hökumət, parlament oğrudur", "Dövlət büdcəsindən xarici ölkələrə daşınan milli sərvətlərimiz, milyardlar xəzinəyə qaytarılsın!", "Qanunsuz hərəkətləri olanlar cavab versin!" kimi şüarlarla ölkəni bürüyən kütləvi etiraz dalğasına cavab olaraq tətbiq ediləcək vergilərin ləğvini və yeni qəbul olunacaq 2020 iqtisadi islahatlar paketinin detallarını televiziyadan birbaşa canlı yayımla xalqa açıqlayan Baş nazir Saad Hariri ölkədə ümumdaxili məhsullara olan vergilərin azaldılması, Kəşfiyyat Nazirliyi və bir sıra ictimai qurumların ləğv olunması, bəzi nazirliklərin birləşdirilməsi, ölkədə "Antikorrupsiya Komissiyası"nın fəaliyyətə başlamasını, nazirlər və millət vəkillərinin maaşlarnın yarıya qədər endirilməsi, dövlətdən oğurlanan pulların geri qaytarılması, habelə ölkə əhalisinin cibinə girməklə il boyu təqribən 2 milyard dollar qazanan və hətta ən zəngin evlərin belə saatlarla işıqsız, elektriksiz qalmasına səbəb olan Dövlət Elektrik Korporasiyasının yenidən qurulmasını hədəfləyən reformalara imza atacaqlarını elan etsə də xalq geri çəkilmədi. Çıxılmaz vəziyyətdə qalan hakimiyyətin yoxsullara təcili maddi yardım göstərəcəyini və sosial-iqtisadi sahələrdə islahatlar vədinə "artıq yalanlara qarnımız toxdur" deyən vətəndaşlar yenidən meydanlar axışdı və Livan etiraz hərəkatının iştirakçıları baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən təsdiqlənən antiböhran planının qəbuledilməz olduğunu elan etdilər: "Hökumət vaxt qazanmaq istəyir və bilərəkdən mümkün olmayan həll yolları təklif edir. Hamını etiraz aksiyalarında iştirak etməyə, kabinetin istefasını və erkən parlament seçkilərini keçirməyə çağırırıq."
Əcnəbi model sevgilisinə milyardlıq səxavət kisəsinin ağzını açan, lakin öz ölkəsində fəqirlərə bir lirə belə qıymayan Baş Nazir...
Çoxmilyardlıq varidatı ilə dünyanın zəngin insanları arasında yer alan Baş Nazir Saad Haririnin Seyşel adalarında tanış olduğu Cənubi Afrikalı (CAR) model Kandise van der Mervenin bank hesabına təxminən 16 milyon dollar köçürməsi, 250 min dollar dəyərində avtomobil, bahalı ev hədiyyə etməsini illərdir iqtisadi-sosial çətinliklər yaşayan və öz dilləri ilə desək, "milli qürurları incidilən" livanlılar unutmamışdı. Əcnəbi model sevgilisinə milyonlarla dollar xərcləyən, lakin öz ölkəsində ağır güzəran, dözülməz həyat şəraiti altında yaşayan insanlara köməklik göstərməyən Haririnin qalmaqallı hərəkətləri Livan xalqının haqlı narazılığına səbəb olmuşdur. Artıq qəzəblənən xalq "timsahın yalan göz yaşları"na inanmayaraq israrla "eyş-işrət kralı"nın istefasını tələb edirdi. Etirazçılarla dialoqa və göstərdiyi cəhdlərə baxmayaraq 29 oktyabrda Baş Nazir Saad Hariri öz postundan istefa verdi. Lakin Baş Nazirin istefası nəinki atəşi söndürmədi, əksinə daha da alovlandırdı. Hakim rejimin səriştəsiz idarəçiliyindən cana doymuş xalqın növbəti hədəfi prezident Mişel Naim Aoundur...
Ailə üzvləri nazir, millət vəkili, Qadın İşlər Şurasının sədri olan ölkə başçısı...
1935-ci ildə Beyrutun ucqar məhəlləsində, kasıb qəssab ailəsində anadan olmuş maruni-xristian Mişel Aoun gənc yaşlarında ordu sıralarına daxil olmuş, ABŞ və Fransada hərbi təhsil almış, müxtəlif illərdə ölkənin ictimai-siyasi həyatında fəal rol oynamışdır. 31 oktyabr 2016-cı ildə Livanın 13-cü prezidenti seçilən hərbçi-general Mişel Naim çağdaş ölkə tarixinin ən yaşlı prezidenti tituluna sahib olmaqla yanaşı, müxtəlif illərdə Baş Qərargah rəisi, Baş nazir postunda fəaliyyət göstərmiş zəki siyasətçidir. Uzun illərdir Livanin siyasi arenasında söz sahibi olan generalın ailə üzləri də Livanda yüksək vəzifə sahibidirlər. Livan Qadın İşləri Şurasının sədri postunda çalışan böyük qızı Klavudina Aounun əri Şamil Rukiz parlamentdə millət vəkili, prezidentin xüsusi məsləhətçisi və Siyasi Şuranın üzvü olan ortancıl qızı Mirelle Aounun əri Roy Haşem ailəyə məxsus OTV-nin rəhbəri, kiçik qızı Şantelin həyat yoldaşı Cibran Basel isə Xarici İşlər və Emiqrantlar naziridir. Prezident ailəsinin, xüsusilə Mişel Aounun kürəkəni Cibran Baselin adı ölkədəki bir sıra korrupsiya əməliyyatlarında və maliyyə maxinasiyalarında dəfələrlə hallanıb.
Bir müddət öncə siyasi qaynaqlardan sızan xəbərə görə, Mişel Aoun və yaxın ətrafının ölkədəki mövcud sistemi dəyişmək, indiki parlament idarəetmə üsulunu prezident idarəetməsinə çevirmə projesi çərçivəsində səlahiyyət müddəti bitmədən öz postunu kürəkəni, Xarici İşlər naziri Cibran Baselə dövr edəcəyi gözlənilir. Bundan əlavə, hökümətdə təmsil olunan bəlli ailələrin ölkənin siyasi, iqtisadi durumuna təsir rıçaqları və ən əsası ali mənsəblərin, yüksək vəzifələrin yazılmamış qanunlarla "ailə mirasına" çevirmələri ölkədə hiddət və qəzəb alovunun günü-gündən artmasına təkan vermişdir.
Ölkə vətəndaşlarını yoxsullaşdıran və bir qrup azğını hədsiz dərəcədə zənginləşdirən hakim rejim..
Son seçkilər zamanı iqtidarın yalan vədləri, kağız üzərində qalan iqtisadi islahatlar proqramı, işsizlik, sosial problemlər, məvaciblərin, pensiya və təqaüdlərin azlığı, içməli su, elektrik enerjisi, səhiyyə xidmətlərinin baha olması, korrupsiya, məmur özbaşnalığı və son olaraq ölkədə yaşayış xərclərinin artması fonunda hökümətin yeni vergi siyasəti xalqı küçələrə çıxaraq etiraz etməyə vadar etdi. Məşhur siyasətçilərə görə, "cox sayda ölkə vətəndaşlarını yoxsullaşdıran və bir qrup azğını zənginləşdirən siyasi və iqtisadi sistem" Livandakı irimiqyaslı etiraz hərəkatının başlıca səbəbidir. Etirazçılar hərəkatı korrupsiyada ittiham etdikləri hökumətin, parlamentdə təmsil olunan bütün deputatların istefasını və ölkədə yeni demokratik seçkilərin keçirilməsini israrla tələb edirlər.
Yeni bir ulusun yaranması...
Çoxqütblü bir siyasi mənzərəyə sahib olan Livanda fərqli dinlərə və məzhəblərə söykənən ictimai-siyasi fraksiyaların, illərdir oturuşmuş mövcud siyasi sinifin təmamilə yenilənməsi də meydanlara üz tutan etirazçıların tələbləri sırasındadır. Şəxsi və ya məzhəb mənafelərini üstün tutan şəriştəsiz siyasətçilərin yerli-yersiz polemikalarından təngə gələn xalq artıq yeni siyasi liderlərə ehtiyac duyur. Etirazçılar hərəkatı müxalif siyasi liderlərin xristian və ya müsəlman icması adından çıxış etmələrini deyil, bir livan vətəndaşı olaraq, dini təriqətçilikdən uzaq "Vahid Vətənin bu günü və gələcəyi naminə" fəaliyyət göstərmələrini tələb edirlər. Ölkədəki qanunsuzluqlara, hakim elitanın cinayət əməllərinə prezidentin laqeyd qalması, nazirlər və deputatların vəzifə səlahiyyətlərindən sui-istifadələri, korrupsiya, siyasi qeyri-sabitlik, büdcə oğrularının cəzasız qalmaları, yalan vədli iqtisadi islahatlar, bir sözlə, ağır həyat şəraitindən bezən livanlıların tələbləri yerinə yetirilməyənə qədər meydanlarda qalmağa davam edəcəklərini söyləyirlər. Etiraz hərəkatı baş nazir Haririnin istefasının yetərli olmadığını, prezident Mişel Aven, parlament spikeri Nebih Berrin və xarici işlər naziri, dövlət başçısının kürəkəni Cibran Basil də daxil olmaqla ölkənin siyasi rəhbərliyinin istefasını və eləcə də, hər hansı bir siyasi qruplaşmaya bağlı olmayan, milli məfkurəli, demokratik fikirli yönəticilər tərəfindən idarə olunan yeni hökümətin qurulmasını tələb edirlər: "İqtidarda təmsil olunan şəxslərdən kimsənin yeni hökumətin tərkibində olmasını istəmirik. İstədiyimiz ən vacib məsələ iqtidardakı acgözlərdən tez bir zamanda yaxa qurtarmaq və məzhəbçiliyi aradan qaldıran, Livanı vahid bir bölgəyə çevirən yeni seçki qanununun yaradılmasıdır".
Milli Birlik...
Çətin və mürəkkəb geosiyasi hadisələr fonunda Livandakı son etirazlar Milli Birliyin təntənəsi kimi səciyyələndirilir. Livanlılar heç bir siyasi lider, milli rəhbər olmadan özbaşına küçələrə çıxdılar və korrupsiyaya bulaşmış hökumətin iqtisadi siyasətinə etiraz etməyə başladılar. Etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Livan cəmiyyətinin müxtəlif təbəqə və zümrələri, aydınları, mədəniyyət sahəsinin məşhur nümayəndələri, qələm əhli, bir sözlə bütün ölkə vətəndaşları vahid amal ətrafında birləşərək hakim rejimə qarşı olduqlarını yekdilliklə nümayiş etdirdilər. Xalqın hakim iqtidara qarşı dirəniş, etiraz hərəkatının nə kimi sonluqla nəticələnəcəyi yəqin ki, yaxın zamanda yeni siyasi proseslərlə bəlli olacaq.
Paylaş: