Xəbər lenti

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” maddələrinə əsasən, prezident Donald Trampın impiçmenti üzrə səsvermə keçirilib.

Strateq.az xəbər verir ki, gözlənildiyi kimi, səsvermədə palatanın demokrat əksəriyyəti impiçmentin lehinə, respublikaçılar əleyhinə səs veriblər.

Qətnamə Senatın da xeyir-duasını alarsa, Tramp Ağ Evlə vidalaşmalı və məhkəmə qarşısına çıxmalıdır. Lakin bu ehtimal zəifdir, çünki Senatda respublikaçıların üstünlüyü var.

ABŞ tarixində impiçment proseduru üç dəfə keçirilib, lakin Donald Trampın sələflərindən heç biri vəzifəsindən kənarlaşdırılmayıb.

10 iyul 1842-ci ildə konqresmen Con Bots ABŞ-ın 10-cu prezidenti Con Taylerin impiçmenti ilə bağlı qətnamə irəli sürüb. Təklifin əsası Konqresin tarif qanunlarına dövlət başçısının tətbiq etdiyi veto olub.

Qətnamə Senatda 83 lehinə olmaqla, 127 səslə rədd edilib.

24 fevral 1868-ci ildə Nümayəndələr Palatası ABŞ-ın 17-ci prezidenti Endrü Consonun impiçmentinin lehinə səs verib. Prosedur Konqresin razılığı olmadan dövlət başçısının müdafiə naziri Edvin Stantonu vəzifəsindən azad etməsindən sonra başlayıb. Daha sonra Senatın məhkəməsində Endrü Conson lehinə 35 səslə (19 əleyhinə) vəzifəsində qalıb.

13 dekabr 1932-ci ildə konqresmen Luis MakFadden ABŞ-ın 31-ci prezidenti Herbert Huverin Nümayəndələr Palatasına impiçmenti ilə bağlı qətnamə təqdim edib, onu işsizliyin və vergilərin artmasında, habelə veteran hüquqlarına hörmətsizlikdə ittiham edib. Ancaq qətnamə layihəsi 8-ə qarşı 361 səslə rədd olunub.

1952-ci ilin aprelində respublikaçı Pol Şafer ABŞ-ın 33-cü prezidenti Harri Trumana qarşı qətnamə təqdim edib. ABŞ ordusu generalı Duqlas MakArturun qanunsuz olaraq işdən çıxarılması, həmçinin Konqresə hörmətsizlik və ondan məlumat gizlətmə iddiaları ilə. Qətnamə müzakirəyə belə çıxarılmayıb.

8 Avqust 1974-cü ildə ABŞ-ın 37-ci prezidenti Riçard Nikson istefa verib. 1972-1974-cü illərdə Nümayəndələr Palatasına “Uotergeyt qalmaqalı” (1972-ci ildə prezident seçkiləri zamanı Vaşinqtondakı Demokrat Partiyasının qərargahını qanunsuz dinlənilməsi) ilə əlaqədar impiçment təklifli olan 39 qətnamə daxil olub.

Riçard Nikson Senatın iclasından əvvəl istefa verib və ABŞ-ın növbəti prezidenti Cerald Ford onu əfv edib.

10 Noyabr 1983-cü ildə Nümayəndələr Palatasında ABŞ-ın 40-cı prezidenti Ronald Reyqana impiçment elan edilməsi barədə məsələ qaldırılıb. İttihamlar ABŞ qoşunlarının Qrenadaya təcavüzündə pozuntularla əlaqəli olub. Qətnamə Hüquq Komitəsinə göndərilib, lakin təklif bundan irəli getməyib.

19 noyabr 1998-ci ildə ABŞ Konqresi Bill Klintonun impiçmenti ilə bağlı dinləmələr keçirib. ABŞ-ın 42-ci prezidenti ədalət mühakiməsini həyata keçirməyə maneədə və yalan ifadə verməkdə ittiham olunub. Buna Monika Levinski ilə bağlı intim qalmaqal səbəb olub.

Bill Klintona qarşı irəli sürülən birinci ittihamla bağlı 100 senatordan 55-i, ikincisi üzrə 50 səs bəraət qərarı verib.

11 iyun 2008-ci ildə ABŞ Nümayəndələr Palatası 43-cü prezident Corc oğul-Buşun impiçmenti ilə bağlı qətnaməyə baxıb. 251 konqresmen qətnamənin Hüquq Komitəsinə göndərilməsinə səs verərkən, 166-ı ona qarşı çıxıb, 16 nəfər səs verməyib.

Qətnamə müəllifi Dennis Kusiniçin iddiasına görə (ümumən 35 ittiham), ABŞ prezidenti millətə yalan danışaraq İraq hərbi kampaniyasına başlayıb, bununla andını pozub.

Qərarın sonrakı baxışı Corc Buşun prezident səlahiyyətlərinin başa çatması ilə əlaqədar dayandırılıb.

6 dekabr 2017-ci ildə ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə 45-ci prezident Donald Trampın da impiçmenti ilə bağlı qətnaməni rədd edib. 364 deputat əleyhinə, 58-i lehinə səs verib. Demokrat El Qrinin layihəsində Trampın prezidentliyinin Amerika cəmiyyətində irqçiliyin və nifrətin artmasına səbəb olması, həmçinin ABŞ prezidenti vəzifəsinin ləkələndiyi iddia olunub.Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 400          Tarix: 19-12-2019, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma