Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 26-da beynəlxalq səviyyədə tanınan hökumətin dəvəti ilə Liviyaya əsgər göndərəcəyini bildirib. Bu, Türkiyənin müharibə şəraitində olan ölkəyə hərbi bağlılığını və bölgə rəqibləri ilə fikir ayrılığı riskini artıracaq.
Türkiyə hələ noyabr ayında baş nazir Fəyyaz Sərracın 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə qurulan Milli Birlik Hökumətiylə (MBH) kəşfiyyat və silah-sursat təchizatını ehtiva edən saziş imzalayıb.
İndi Ərdoğan qonşu ölkələr, Fars körfəzi dövlətləri və Avropa hökumətlərinin səyləri ilə başlayan vəhşi müharibədən sonra vətəndaş qarşıdurmasının hökm sürdüyü Şimali Afrika ölkəsinə türk əsgərlərini göndərə bilər.
MBH, komandanı Xəlifə Həftər olan “Liviya Milli Ordusu”nun (LMO) 8 aylıq mühasirəsindəki paytaxt Tripolini nəzarətində saxlamaq üçün mübarizə aparır. Minlərlə insanın ölümünə səbəb olan hücum 2011-ci ildə NATO-nun dəstəklədiyi üsyançıların Müəmmər Qəddafini devrib öldürdükdən sonra Liviyadakı zorakılığın son səhifəsidir.
Rəqibləri Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir Həftəri dəstəkləyərkən, Türkiyə müttəfiqi Qətərlə birlikdə Sərrac hökumətinin tərəfindədir.
Ərdoğanın sözlərinə görə, Sudan və Rusiya Şimali Afrikaya minlərlə muzdlu əsgər göndərib, Fransa Həftərə dəstəyini silah tədarükü ilə edir.
Türkiyə prezidenti deyib: “Müxtəlif Avropa və ərəb ölkələrinin dəstəklədiyi qiyamçı generalla mübarizə aparan Tripoli hökumətinə hər cür dəstəyi verdik və bunu davam etdirəcəyik. Oraya dəvət olunduğumuz üçün əsgər göndərmək istəyini qəbul edəcəyik”.
Parlament yanvarın 8-də bu təklifə dair vəsatətə səs verməlidir. Ərdoğanın partiyası və millətçi müttəfiqləri hərəkatın həyata keçməsini təmin etmək üçün qanunverici orqanda kifayət qədər yerə sahibdir.
Türk əsgərlərinin dəvətinin kimdən gəldiyi əvvəl bəlli deyildi. Sonra bir MBH nazirinin dekabrın 26-da Tripolidəki vəziyyətin pisləşəcəyi təqdirdə, hökumətinin yalnız bu cür kömək istəyəcəyini söylədiyi deyilib.
Ərdoğan dəfələrlə Türkiyənin dəvət olunacağı təqdirdə, ora qüvvələr göndərəcəyini bildirib. Türkiyə və MBH noyabrın 27-də müqavilə imzalayan kimi, Tripoliyə LMO-nun həmləsi güclənib.
Türkiyənin köməyi MBH-nın Aralıq dənizində Türkiyənin ərazi iddialarını tanınması ilə mükafatlandırılıb. Tərəflər dəniz sərhədlərini yenidən nəzərdən keçirib və Aralıq dənizinin şərqindən Avropaya təbii qaz nəql etmək üçün boru kəməri çəkmək istəyən Yunanıstan və Kiprin iddia etdiyi əraziləri Türkiyənin ərazi sularına daxil edib.
Türkiyə bu ilin əvvəlində Kipr, Yunanıstan, İsrail, İordaniya, Fələstin, Misir və İtaliya tərəfindən qurulan Şərqi Aralıq dənizi Qaz Forumundan kənarda qalıb, çünki Ankara etnik türk azlığını qorumaq üçün 1974-cü ildə adaya girib. Dünya yunan Kipr Respublikasını adanın yeganə qanuni hakimiyyəti hesab etdiyi halda, Ankara Kipr Türk Cümhuriyyətini tanıyır.
“İstanPol” düşüncə mərkəzinin rəhbəri, politoloq Edqar Sar bildirib ki, Ankara “ölü dövlət” olan Liviyaya üz çevirib və daha yaxşı seçim olmadığı üçün müharibə edən 2 qrupun ən zəifini dəstəkləyir: “Ankara, Türkiyəni təcrid etmək istəyən Misir, İsrail və Kipr, habelə Yunanıstanla ziddiyyətdədir. Ərdoğan və hökuməti bunun Türkiyənin ziyanına olduğunu görür və bölgədə qalan bir neçə aktyorla dialoqa başlayıb”.
Ərdoğan, həmçinin dekabrın 26-da Tunisə planlaşdırılmamış səfər edib, burada prezident Qeys Səidlə Liviyanın döyüşən tərəflərinə atəşkəs əldə edilməsi və onların yenidən danışıqlar masasına gətirmələri barədə müzakirə aparıb.
Ancaq Türkiyəyə xoş baxanlar azlıqdadır. Avropa İttifaqı Kipr sularında “icazəsiz qazma” ilə əlaqədar olaraq Türkiyəni sanksiyalaşdıracağı ilə təhdid edib. Ankara da Aİ üzvü olan Kiprin karbohidrogen araşdırmasına mane olmaq üçün bölgəyə döyüş gəmiləri və dronlar göndərib. ABŞ Konqresi bu ay Türkiyənin Aralıq dənizindəki fəaliyyətinə töhmət olaraq Kiprə silah embarqosunu aradan qaldıran 2 qanun layihəsi qəbul edib.
Edqar Sar bildirib: “Türkiyənin bu risklərə qarşılıq verəcəyini düşünmürəm. Ərdoğan və hökuməti bu risklərin qarşısını ala bilməz, çünki onların edə biləcəyi bir şey yoxdur”.
Strateq.az
Paylaş: