Xəbər lenti
Dünən, 19:25

 

Liviya bu gün gündəm mövzu olsa da, Türkiyənin məşğul olduğu yeganə Afrika ölkəsi deyil. Ankaranın (Rusiyanın dəstəyi ilə) Liviyada atəşkəs barədə danışıqlar aparma cəhdləri bu ölkədə şiddətli vətəndaş müharibəsini dayandıra bilməyib, amma Ankaranın digər hərəkətləri Türkiyənin qitənin qalan hissəsində maraqlarını davam etdirməkdə qərarlı qalacağını göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi 1998-ci ildə “Afrika Fəaliyyət Planı” adlı bir sənəd hazırlayanda, bu, çoxlarının diqqətini çəkməyib. Prezident Rəcəb Tayyib Ərdoğan və AKP iqtidarı dövründə Türkiyənin iqtisadi profili böyüdükcə, Ankaranın Afrika ölkələrində fəthləri də artıb. Dövlət quruculuğundan tutmuş, 2016-cı ilin çevriliş cəhdində günahlandırılan Fəthullah Gülənin şəbəkəsinə bağlı məktəblərin ələ keçirilməsinə və təhlükəsizlik yardımı göstərməyə qədər olan səylər sürətlənib. Bununla yanaşı, problemlərə baxmayaraq, ticarət – Türkiyənin Afrikada ən uğurlu elementi olaraq qalır.

Afrika Buynuzunda Türkiyə Somaliyə böyük qardaş olub. 1991-ci ildən bəri siyasi bölgülər və fraksiya çəkişmələri ilə üzləşən Somali 2011-ci ildə 260 mindən çox insanın ölümünə səbəb olan kütləvi quraqlıq və qıtlıq keçirib. Hələ baş nazir olarkən, Ərdoğan Somalinin paytaxtı Moqadişuya səfər edib və yüksək səviyyəli yenidənqurma missiyası başladıb.

2017-ci ildə Somalidə başqa bir quraqlıqla mübarizə başlayanda, ölkə digər dövlətləri 2011-12-ci illərdə “Türk modeli”ni nümunə göstərməyə çağırıb.

Hazırda Türkiyənin milli orduya təlim verdiyi Moqadişuda ən böyük xarici bazalarından birini saxlayır. “Turkish Airlines” müntəzəm olaraq Somali paytaxtına uçuşlar həyata keçirir. Mərkəzi hökumətin nəzarətində olan ərazilərdə Türkiyə xarici yardım agentliyi və özəl şirkətlər aktivdir.

Bu arada, Buynuz sahillərində, türk hərbi gəmiləri BMT-nin piratçılığa qarşı mübarizə qrupları tərkibində Adən körfəzində patrulluq edir. Ərdoğan hökuməti Sudanda, Qırmızı dənizdəki liman şəhərini 2017-ci ildə icarəyə götürüb. Lakin Sudan prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən getməsindən sonra bazanın icarə statusu sirdir.

2018-ci ildə Türkiyənin Afrika ilə ümumi ticarət həcmi 20 milyard dollara çatıb, baxmayaraq ki, bu rəqəm ümumi xarici ticarətin kiçik hissəsini (2018-ci ildə təxminən 400 milyard dollar) təşkil edib.

Ankara tempi artırır. 2000-ci illərin ortalarından etibarən Türkiyə 4 Afrika ölkəsi ilə sərbəst ticarət müqavilələri imzalayıb. Əslində, Türkiyənin Afrika ilə ticarəti, pulun dinə, siyasətə və dəri rənginə əhəmiyyət vermədiyini sübut edir.

Türkiyə-Misir diplomatik münasibətləri bir böhrandan digərinə keçsə də, sərbəst ticarət razılaşması sayəsində Misir Ankaranın Afrikada ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2018-ci ildə Türkiyə Misirə 3 milyard dollardan çox mal və xidmət ixrac edib, Misirin Türkiyəyə etdiyi ixracat 2,2 milyard dollara çatıb. Sudan və Qana ilə yeni sərbəst ticarət müqavilələri təsdiqlənməsini gözləyir. Ankara, həmçinin yeni yaradılan Afrika Kontinental Azad Ticarət Bölgəsinə maneəsiz girişi təmin etmək məqsədi ilə digər Afrika hökumətləri ilə sərbəst ticarət müqavilələri barədə danışıqlar aparır.

Mərakeşlə sərbəst ticarət müqaviləsi uğurlu sayıla bilər. Əvvəlcə şimal-qərbi Afrika dövlətinin ABŞ və Avropa İttifaqı ilə sərbəst ticarət razılaşmalarından və bir logistika mərkəzi olaraq potensialından faydalanmaq üçün nəzərdə tutulan Türkiyə-Mərakeş sərbəst ticarət müqaviləsi Ankaranın xeyirinə çevrilib. 2004-cü ildə 435 milyon dollar səviyyəsində olan iki ölkə arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 2.6 milyard dollara çatıb – Türkiyənin xeyrinə 1.27 milyard dollar profisitlə. Bu ticarət qeyri-bərabərliyi və türk gömrük orqanlarının Mərakeş idxalına qarşı ayrıseçkilik etməsi iş birliyini poza bilər. Bu ayın əvvəlində Mərakeş hökuməti idxal edilən türk parçalarına yeni tariflər əlavə edib, Mərakeş ticarət naziri sərbəst ticarət müqaviləsini ləğv edəcəyi ilə hədələyib.

Buna cavab olaraq, Türkiyənin ticarət naziri Ruhsar Pekcan yanvarın 15-də Mərakeşə gedib və türk iş adamlarının Afrikadakı digər bazarlara çıxması üçün ortaq layihələrə investisiya qoymağa çağırıb. Rəsmi Rabat narahatlığını açıq şəkildə etiraf edib. Pekcan, eyni zamanda, Ankaranın bu il “Afrikanın qapısını daha çox döyəcəyini” söyləyib.

Problemlərə baxmayaraq, Türkiyə iş adamları AKP hökumətinin Afrikadakı fəaliyyətindən məmnundur. İstanbuldakı mütəxəssislər Afrikanın Türkiyənin iqtisadi böyüməsi üçün gələcək dalğası olduğunu qəbul edirlər.

Anonim ekspert deyib: “Afrikada onlarla yeni səfirlik açdıq. “Türk Hava Yolları”, demək olar ki, bütün Afrika paytaxtlarında ofislərə sahibdir və Afrikanın bütün böyük şəhərlərinə uçuşlar edir. Bu, qitə ilə ticarətimizdə böyük sıçrayış yaradıb”.

Ekspert eyni zamanda iddia edib ki, gülənçi məktəbləri Türkiyə hökuməti ilə əlaqə qurumlara, iqtisadi cəbhəyə vermək üçün təzyiq göstərsə də, gülənçi iş adamları yavaş-yavaş yenidən toparlanırlar.

İddiaya görə, AKP tərəfdarı olan iş adamları ehtiyatla Afrikada Gülənə bağlı müəssisələrlə tərəfdaşlıq qururlar. “Pulun heç bir ideologiyası yoxdur”.

Ekspert İstanbulda afrikalı mühacirlərin sayının getdikcə artması barədə də müsbət rəy bildirib, “Gələnlərin çoxu kollec təhsili alıb, həm fransız, həm də ingilis dillərində danışırlar”.

O, Türkiyənin miqrasiya və naturalizasiya qanunlarına edilən son dəyişikliklərin Afrikadan daha çox mühacir gətirmək üçün planlandığını söyləyib. Hazırda xarici vətəndaşlar 250.000 dollar dəyərində əmlak aldıqdan sonra Türkiyə vətəndaşlığını ala və ya daha az dəyəri olan bir ev aldıqdan sonra daimi yaşaya bilərlər.

Eyni mütəxəssis əhəmiyyətli maneələrə, xüsusən də ikiqat vergitutma və yüksək tariflərə diqqət yetirib. Türkiyə ilə bir çox Afrika ölkəsi arasında təsirli maliyyə əlaqələrinin yoxluğu, başqa bir şikayət mənbəyidir. “Türk bankları Afrika banklarının akkreditivlərini tanımayacaq və əksinə… Əlbəttə, tacirlər bu problemin həllində bir yol tapırlar, buna görə də, Türkiyənin Afrika ilə ticarəti ilə bağlı rəsmi rəqəmlər kiçilir”.

Ekspert Türkiyənin Afrikada Çindən geri qalmasına səbəbini də açıqlayıb. “Mallarını konteyner gəmisi ilə satan çinlilərdən fərqli olaraq, biz malları yalnız hissə-hissə sata bilərik”.

Yaxşı xəbər budur: Türkiyənin Çinin izi ilə getdiyi görünür. Çin kimi, Türkiyə də Afrikanın çox hissəsində müstəmləkəçi keçmişinə sahib deyil. Pekin, bir çox ölkədə, mübahisəli iqtisadi və ticari siyasətinə baxmayaraq, 2000-ci ildən bəri Afrika hökumətləri ilə 40-dan çox ikitərəfli sərbəst ticarət sazişləri imzalayıb. Afrikanın Qitə Sərbəst Ticarət Bölgəsinin yaranmasından əvvəl Afrika gömrüyünə qoşulub.

Ola bilsin ki, bu, Türkiyə üçün ən vacib dərsdir. 2000-ci ildə Çinin Afrika ilə – keçmiş Avropa müstəmləkəçilərinin liderlik etdiyi məkanda ticarəti cəmi 10 milyard dollar olub. 20 il sürətlə irəliləyən Çin Afrika ilə ticarət dövriyyəsini 220 milyard dollara çatıb.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 28-01-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma