Xəbər lenti

 

Bu gün Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin iştirakı ilə növbədənkənar iclas keçiriləcək. Mövzu isə Fələstin, ötən həftə ABŞ prezidentinin açıqladığı “əsrin planı”dır.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin bildirib ki, təmsil etdiyi təşkilat Qüds şəhərini 1967-ci ildə işğal olunmuş Fələstin torpaqlarının ayrılmaz bir parçası hesab edir. 

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edib və bu zaman Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı “əsrin planı” adlandırılan sənədi təqdim edib. Bu sənəd Fələstin münaqişəsinin yeni həll variantı hesab olunur.

Lakin bir sıra müsəlman ölkələri, o cümlədən, Fələstin administrasiyası bu planı rədd edir. Xüsusən də, Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması müsəlman ölkələrində narazılıqla qarşılanıb. 

Qərb ölkələrində də plana münasibət birmənalı deyil. Bir çoxları planı tənqid edir, hətta bu məsələnin bölgədə gərginliyi yüksəldəcəyindən narahatlq ifadə edənlər də var. Xatırladaq ki, ABŞ prezidenti iki il əvvəl 2017-ci ilin dekabrında ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərara imza atmaqla bir yenilik edib. Doğrudur, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə (Yerusəlim) köçürülməsi ilə bağlı qanun ABŞ-da 1995-ci ildə qəbul olunub.

Ancaq ötən müddətdə ABŞ prezidentləri Bill Klinton, Corc Buş, Barak Obama hər 6 aydan bir “milli təhlükəsizlik” səbəbi ilə qanunun tətbiqinə veto qoyub. Donald Tramp isə daha qətiyyətli hərəkət edərək Qüdsü İsrail paytaxtı kimi rəsmiləşdirdi. 

ABŞ prezidentinin təklif etdiyi həll planında da Qüds İsrailin paytaxtı kimi tanınır. Bununla da əslində, uzun illərdir müzakirə və mübahisələrə səbəb olan mövzuya Vaşinqton nöqtə qoyur.

Lakin müsəlmanlar və həmçinin xristianların - ən azı müəyyən bir qisminin bu plana razılaşacağı şübhə doğurur. 

Məsələ ondadır ki, 1980-ci ildə İsrailin “bölünməz paytaxtı” elan olunan Qüds 3 səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın – müqəddəs şəhəridir. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün ilk sakinlərinin kim olması mübahisə mövzusu olmaqla yanaşı, bu şəhərdə hər 3 səmavi dinin müqəddəs məkanları yerləşir. Bu müəqəddəs məkanlar hazırda Şərqi Qüds adlanan qədim hissədə, hansı ki, qədim qala divarları ilə əhatə olunmuş şəhərdə yerləşir. 

Əsas məbədlər isə Haram-əl-Şərif adlanan və qədim yəhudi məbədi ərazisindədir. Burada müsəlmanların müqəddəs əl-Əqsa məscidi, “Qubbət əs-Sahra” məscidləri yerləşir. Hansı ki, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) buradan Meraca getdiyi bildirilir. 

Şərqi Qüdsdəki müəqddəs yəhudi məbədi isə hazırda əl-Əqsa məscidinin yerləşdiyi “Süleyman Məbədi”dir. Romalılar bu məbədi yandırdıqdan sonra onun sadəcə qərb divarı salamat qalıb və “Ağlama divarı” adı verilən bu yer yəhudilik inancının ən əsas ibadət yeridir. 

Xristianların isə Qüdsdə “Müqəddəs Kəbir” kilsəsidir. Hansı ki, Həzrət İsanın (ə) burada çarmıxa çəkildiyi və dəfn olunduğu (xristian iancına görə - müəllif.) ehtimal olunur. Hazırda bu kilsə Roma Katolik Kilsəsi, Yunan Pravoslav Kilsəsi və Erməni Patriarxlığı tərəfindən idarə olunur.

Tarix boyu müsəlmanlar, daha sonra xristian səlibçilər Qüdsə, yəni onun müəqddəs torpaqlarına sahib olmaq üçün amansız mühairbələr aparmış və qanlar tökmüşlər. Hazırda Şərqi Qüds 4 əsas məhəllədən ibarətdir. Bunlar: Müsəlman, yəhudi, xristian və erməni məhəllələridir.

Ərəbcə “Qüds”, yəni “müqəddəs”, ibranicə isə Yeruşalem “Sülh şəhəri” deyilən Qüds dünyanın ən qədim şəhərlərindən biri hesab olunur.

Şəhərin dəqiq yaşı bilinməsə də, tarixinin beş min ildən çox olduğu ehtimal olunur. Tarix boyu 23 dəfə işğal edilən və iki dəfə tamamilə dağıdılan Qüds daşıdığı mirasa görə hər zaman diqqət mərkəzində olub. 

Qüdsün “ürəyi” hesab olunan əl-Əqsa məscidi Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb.

Əl-Əqsanın üzərində bina olunduğu Beyt əl-Maqdis və ya Beyt əl-Müqəddəs adlanan məbəd Davud peyğəmbərin zamanında inşa olunub.

Ancaq rəvayətə görə, həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu həzrət Süleymana nəsib olur. Beyt əl-Müəddəsin tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti yeddi ilə başa gəlib.

İlk vaxtlarda məbədin adı Beyt əl-Maqdis kimi qeyd olunsa da, sonradan Quranda da nəql olunan Məscid əl-Əqsa adından istifadə olunub.

Rəvayətə görə, həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar – müəllif.) məscidi qarət edərək Qüds sakini yəhudilərlə birlikdə Babilə aparıb.

Qüdsün ikinci dəfə yandırılması eramızın 70-ci ilində baş verir. Babil işğalından sonra bərpa olunan Süleyman məbədini Roma imperiyası orduları Qüds şəhərini və eləcə də Məscid əl-Əqsanı yandırıb dağıdırlar. Bu təqvim eyni zamanda Məscid əl-Əqsanın yəhudilərin nəzarətindən çıxdığı tarix hesab olunur.

Bizim eranın 123-cü ilində Bizans imperiyası Məscid əl-Əqsanı təmir edib. İslamiyyətin ilk illərində Qüds, yəni “Məscid əl-Əqsa” həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevrilib ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan olunur.

Ancaq “əl-Əqsa” müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan olaraq tanınır. Eyni zamanda, Məhəmməd Peyğəmbər (s) buradan Meraca getdiyi üçün Qüdsün müsəlmanların nəzərində dərəcəsi çox yüksək olur.

İslamiyyətin yayılması ilə Qüds tezliklə müsəlmanların hakimiyyəti altına düşür. Lakin müsəlmanlar burada digər dinlərə, yəhudi və xristianlara da ibadət üçün imkan yaradır. Ancaq xaç yürüşləri sırasında Qüds yenidən bu dəfə xsirtianların hədəfi olur.

1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri, o cümlədən onun dini zənginliyi olan xristianlıq tarixində mühüm yeri olan “Məscid əl-Əqsa”nı da qarət edib yandırırlar. Səlibçilərin Qüdsdə 88 il davam edən hakimiyyəti illərində “Məscid əl-Əqsa” kilsəyə çevrilir.

1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edir. “əl-Əqsa” kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır.

1517-ci ildə Yaxın Şərqin Osmanlı İmperiyasının ərazilərinə qatılması ilə “Məscid əl-Əqsa”nın uzun bir sabitlik dönəmi başlayır. Osmanlılar İslamda böyük yeri olan “Məscid əl-Əqsa”ya xüsusi diqqət göstəriblər, daim təmir və bərpası, xidmət edilməsini təmin ediblər.

Qüds 400 il Osmanlı İmperiyasının tərkibində qalır və bu illər şəhərin ən sakit və asudə dövrü hesab olunur. Ancaq Osmanlı İmperiyasının Birinci Dünya Savaşında məğlub olması nəticəsində 1917-ci il dekabrın 9-da Qüds ingilislər tərəfindən işğal olunur. Bununla da müsəlmanların Qüdsdəki 400 illik hakimiyyəti başa çatır. 

Ancaq günü-gündən vəziyyətin daha da gərginləşdiyini nəzərə alan ingilislər Fələstin münaqişəsini BMT-yə təqdim edirlər. 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövləti yaradılması ilə bağlı 181 saylı qətnaməsinə 33 ölkə lehinə, 13 ölkə əleyhinə, 10 ölkə bitərəf qalmaqla qəbul edir.

Qərara əsasən, Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv.km ərazidə yəhudi dövləti – İsrail, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizində isə Fələstin ərəb dövləti yaranmalı idi. O cümlədən, yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda isə 750 min ərəb və 10 min yəhudi yaşayırdı.

106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona (Qüds şəhəri) olmalı idi. Əslində, o dövrün və bu gün Qüdsün ruhuna ən yaxın olan bu plan icra olunmur.

1948-ci ildə baş verən birinci müharibədə İsrail Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə o zaman İordaniya işğalı altında olan Şərqi Qüdsü ələ keçirir. 1980-ci ildə isə İsrail hakimiyyəti Yerusəlimi (Qüdsü) İsrailin “bölünməz paytaxtı” elan edir. Ancaq o zaman beynəlxalq ictimaiyyət bu qərarı tanımır və heç bir ölkə İsraildəki səfirliyini Qüdsə köçürmür.

Ancaq 40 ilə yaxın bir vaxtdan sonra Tramp ilk dəfə Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərara imza atır. 

İndi isə bir çoxları hesab edir ki, Trampın qərarı regionda gərginliyi daha da yüksəldəcək. Çünki ərəblər, xüsusən də fələstinlilər Qüdsdən imtina etmək istəmir. Hətta sülhə ən yaxın siyasətçi hesab olunan Mahmud Abbas belə Trampın son qərarından məyus və qəzəblidir. Artıq Fəth Hərəkatı silahlı müqaviməti bərpa etməkdən danışır. 

Lakin belə görünür ki, Qüds hələ uzun illər adının mənasına uyğun sülh şəhəri ola bilməyəcək. 

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 1 194          Tarix: 4-02-2020, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma