Xəbər lenti


Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropa bölməsinin rəhbəri, tanınmış yazar Əli Ağaevlinin ailəsinə külli miqdarda maddi ziyan vurub.

Bu fırıldağın araşdırılması üçün barəsində cinayət işi açılan “Şərurlu İsfəndiyar” Əli Ağaevliyə 282 min dollar pul ödəməlidir.

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 11.10.2012-ci il tarixdə ittiham aktı ilə müəyyən edilib ki, Ağaevli Arifə, Ağaevli Elşən, Ağaevli Kəmalə, Ağaevli Nazilə, Ağaevli Ramalə, Əliyeva Nailə “Kamran – B.Ə” MMC-nin payçıları olub və bu cəmiyyətdə mənzil almaq məqsədi ilə tərəflər arasında müqavilələr bağlanıb. Payçılar üzərlərinə düşən öhdəlikləri tam olaraq yerinə yetiriblər və cəmiyyət mənzillərin dəyərlərini ödəmələrinə dair onlara maliyyə arayışları verib.

Belə ki, Ağaevli Arifə Qaçaxan qızı 14 yanvar 2011-ci il tarixdə “Kamran – B.Ə” MMC ilə müqavilə bağlayaraq, oradan ümumi dəyəri 10 min 280 manat olan 1 otaqlı ev alıb və cəmiyyət mənzili alıcıya təhvil verməyi öhdəsinə götürüb.

Daha sonra Arifə Ağaevli ikinci dəfə həmin cəmiyyətdən 27 may 2011-ci il tarixdə ümumi dəyəri 24 min 520 manat olan 3 otaqlı ev alıb. Alıcı tərəfindən müqavilə öhdəlikləri üzrə qeyd olunan mənzillərin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı cəmiyyət tərəfindən alıcıya təqdim olunub.

Ağaevli Elşən Əli İsa oğlu 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC ilə müqavilə bağlayaraq, ümumi dəyəri 21 min 280 manat olan mənzil alıb. Alıcı həmin məbləği cəmiyyətə ödəyib və buna dair ona maliyyə arayışı verilib.

Ağaevli Kəmalə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 16 min 300 manat olan 2 otaqlı mənzil alınıb və buna dair maliyyə arayışı verilib.

Ağaevli Nazilə Əli İsə qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 12 min 940 manat olan 2 otaqlı məzil alınıb və buna dair maliyyə arayışı verilib.

Ağaevli Ramalə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 15 min 140 manat olan 2 otaqlı mənzil alınıb və buna dair maliyyə arayışı verilib.

Əliyeva Nailə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 24 min 520 manat olan 3 oataqlı mənizl alınıb və buna dair maliyyə arayışı verilib.

Əli Ağaevli bildirir ki, onlar əslində, “Kamran – B.Ə” MMC-yə 282 min ABŞ dolları ödədikləri halda, sözügedən MMC vergidən yayınmaq məqsədi ilə müqavilələrdə məbləği az göstərib, bu səbəbdən də, rəsmi sənədlərdə ödənişin ümumi məbləği cəmi 124 min 980 manat qeyd olunub:

“İsfəndiyar Axundovun təsisçi olduğu MMC-lər barəsində, o cümlədən, “Kamran – B.Ə” MMC ilə əlaqədar 2011-ci il oktyabrın 17-də cinayət işinin başlanması zamanı İsfəndiyar Axundov yuxarıda qeyd olunan mənzillər üçün ödənilmiş pul vəsaitinin əvəzində özünün rəhbəri və təsisçisi olduğu “Qlobal Azəri” MMC-nin inşa etdiyi Yasamal rayonu Talıblı küçəsindəki binadan 5 mənzil vəd etməklə, bizimlə yeni müqavilələr bağladı.

Sonradan bizə məlum oldu ki, əslində, İsfəndiyar Axundov “Qlobal Azəri” MMC ilə müqavilələrdə göstərilən ödəniş qrafikinin üstündən “xətt çəkərək”, guya tərəfimizdən ödəniş edilmədiyini əsas gətirməklə, bizdən xəbərsiz məhkəmə yolu ilə həmin müqavilələri ləğv edib”.
Bundan sonra üzləşdiyi vəziyyətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edən Əli Ağaevli “Şərurlu İsfəndiyar”dan mənzilləri yox, ödədiyi pulları tələb edib:

“Artıq həmin şirkətlərdən mənzil almaq istəmədim. O şəxs fərqli MMC-lərlə bizi iki dəfə aldatdı. Bu üzdən də, ödədiyimiz pulları geri tələb etdik”.
Əli Ağaevlinin sözlərinə görə, məsələ ilə bağlı Birinci vitse prezident Mehriban Əliyevaya müraciət edilib və hazırda bu iş onun nəzarətinə götürülüb. O, əlavə edib ki, “Şərurlu İsfəndiyar”ın fırıldağına məruz qalaraq, maddi zərərə uğrayan vətəndaşlara ödənilməsi üçün dövlət tərəfindən 20 milyon manat ayırıb./yenicag.az/



Ana səhifəyə qayıt        Baxış: 3 617          Tarix: 14-07-2020, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma