Xəbər lenti

 Bu il "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan "Uğurlar təsadüfi deyil" kitabının müəllifi, jurnalist Əşrəf Hümmətovu illər öncə radiodan tanımışam. 

Bir müddət milli radiomuzun "Xəbərlər" redaksiyasında bərabər çalışmışıq. Onun həmkarlarından fərqi konkret bir sahəyə güclü maraq göstərməsi, Azərbaycan təhsilinin keçdiyi inkişaf prosesinə dolğun nəzər salması və məktəblərdə təşkil olunan tədbirlərə xüsusi sayğı ilə yanaşması, gənc nəsillə daim təmasda olması, bir sözlə, milli təhsilə böyük önəm verməsidir. Redaksiyadakı həmkarları ilə  yanaşı, kollektivin digər  üzvləri də ondan bu sahəyə aid məsləhətlər alır, təhsilə aid bütün suallarını ona ünvanlayırdı. Hətta radiodan gedəndən sonra da istənilən an keçmiş iş yoldaşlarının  köməyinə çatıb,  sanki bir təhsil eksperti kimi öz yardımını əsirgəməyib. Qərb jurnalistikasında belədir ki, jurnalistlər ayrı-ayrı sahələr üzrə ixtisaslaşır və konkret bir istiqamətdə fəaliyyət göstərirlər. Ona görə də tematika baxımından zəngin bilik əldə etmiş olurlar. Bu mənada Əşrəf Hümmətovun  mətbuatdakı  fəaliyyəti bir məcraya yönəldiyindən onun jurnalistikadakı uğurları başadüşüləndir. 

Ulu öndərimiz Heydər Əliyev deyərdi: "Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.  Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz..." Bu amilə ciddi yanaşan həmkarımız radiodan daima daha çox bu məqsədlər üçün istifadə edər, təhsilimizin bu günü və sabahı ilə bağlı mütəmadi verilişlər hazırlayardı. Tale elə gətirdi ki, təqaüd yaşına çıxandan sonra da öz missiyasını davam etdirməyə başladı. 2009-cu ilin dekabr ayından "Təhsil problemləri" qəzetində fəaliyyətini davam etdirir.

Əvvəlcə onu daha yaxından tanıyaq. Hümmətov Əşrəf Əli oğlu 25 oktyabr 1947-ci ildə Naxçıvan rayonunun (indiki Babək) Zeynəddin kəndində müəllim ailəsində anadan olub. 1961-ci ildə kənddəki 7 illik məktəbi, 1965-ci ildə qonşu Leninabad (indi Kərimbəyli) kənd orta məktəbini bitirib.

1965-1966-cı tədris ilində Bakı Kooperativ Texniki Peşə Məktəbində təhsil aldıqdan sonra Bakı Kooperativ Texnikumunda təhsilini qiyabi davam etdirməklə bərabər, əmək fəaliyyətinə başlayıb. 1967-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. 1969-cu ilin iyun ayında ordu sıralarından tərxis olunan Əşrəf Hümmətov Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə (Bakı Dövlət Universiteti) qəbul olunub və 1974-cü ildə ali təhsilini başa vurub. 1973-cü ildən ehtiyatda olan zabitdir. Dəfələrlə hərbi təlimlərdə olub, rota komandiri vəzifəsinədək yüksəlib.

O, 1974-75-ci illərdə Bakıda "Gənclik" nəşriyyatında, 1975-ci ilin avqust ayından 1995-ci ilin avqust ayınadək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1995-ci ilin avqust ayından 2009-cu ilin noyabr ayınadək "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində redaktor, böyük redaktor, şöbə müdiri və digər vəzifələrdə təhsil, gənclik və xəbərlər redaksiyalarında işləyib və əsasən təhsildən yazıb.

1974-1975-ci tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər Institutunda yeni təşkil olunmuş ictimai peşə fakültəsində (Jurnalistika ixtisası üzrə) müəllimlik edib. 1976-1978-ci illərdə Azərbaycan KP MK Marksizim-Leninizm Universitetinin Naxçıvan filialında 215 Jumalistika şöbəsinin İdeoloji kadrlar fakültəsində Ali Siyasi Təhsil alıb. 1979-cu ildən keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Ölkəmiz müstəqilliyə nail olduqdan sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2009-cu ilin dekabr ayından Təhsil Problemləri Institutu, həftəlik "Təhsil problemləri" qəzetində şöbə müdiri vəzifəsində çalışır. 2012-ci ildə "Ötən günlər, ötən illər", 2014-cü ildə "Təhsilimizin tərəqqisi yolunda", 2015-ci ildə "Müəllimlər, məktəblər, tədbirlər...", 2016-cı ildə "Öyrədənlər, öyrənənlər, uğurlar" kitabları nəşr edilib. 2017-ci ildə çap olunan "Uğurlar təsadüfi deyil"  onun beşinci kitabıdır... 

Bu kitablarda jurnalist milli təhsil siyasətindən geniş söhbət açmaqla savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət çəkir. Xüsusilə müəllim peşəsinə böyük dəyər verdiyini, əməli ilə örnək olan  pedaqoqların xidmətlərini xatırladır. Ən yaxşı müəllimlərdən söhbət açmağı özünə şərəf hesab edir. Ümumiyyətlə, həmkarım bütün sənətlər içərisində müəllimə çox böyük ülvi hisslərlə yanaşır, onu ali mərtəbəyə yüksəldərək cəmiyyətə bəxş etdiyi nümunəvi şagirdləri ilə birgə oxuculara tanıdır. Əşrəf Hümmətovun tanıtdırdığı müəllimlər Azərbaycanımıza elə adlı-sanlı mütəxəssislər bəxş ediblər ki, onların qazandığı nailiyyət tək bir pedaqoqun  yox, bütünlükdə el-obanın başını uca edib. Jurnalist  kitablarında məhz onlardan danışır və belə savadlı kadrların varlığını millətinin xoşbəxtçiliyi hesab edir...

Yuxarıda da qeyd etdim ki, o, radiodan gedəndən sonra da həmkarları ilə tez-tez ünsiyyətdə olur. Xüsusən dəstək olduğu gənclərin uğuruna doğmalarıtək sevinir.

Həmkarımın məktəblərlə sıx təmasda olduğunu,  bu sahədəki təcrübəsini bildiyim üçün günlərin birində xahiş etdim ki, cavan bir qıza məktəblərin birində iş yeri tapmaqda köməklik eləsin. "Əlində hansısa sənəti, diplomu varmı" deyə mənə sual verdi. Dedim ki, "xeyr, heç bir yerə daxil olmayıb, ancaq orta məktəbi bitirib". Həmin qızı onunla tanış etdim. "Qızım niyə sənin təhsilin adidir və indi sən necə iş istəyirsən. Təhsilsiz insan bilirsənmi hansı sahədə çalışa bilər? Sənin ağlın, əqli imkanın varsa niyə oxumamısan?.."
 
Əşrəf müəllim bu mövzuda qıza xeyli suallar ünvanladı və ona öyüd-nəsihət verdi. "Mən sənə iş tapmaqda köməklik edərəm, ancaq bil ki, oxumuş insanla oxumamış arasında fərq olur. Sən ötən illərini bada verməsəydin, bu gün əlində sənətin  olardı və konkret nə istədiyini, hansı işi axtardığını da bilərdin"..

Onunla söhbət qıza çox pis təsir etmişdi. "Doğru deyir axı, niyə mən ali məktəbə girməmişəm, buna həqiqətən də gücüm çata bilərdi",  deyə pərişan halda sanki öz-özünü məzəmmət edirdi.   Növbəti qəbul prosesinin başlanmasına isə cəmi iki aya yaxın bir vaxt qalırdı. Həmin axşamı  eşitdim ki, qız qəbula hazırlaşmaq barədə qəti qərara gəlib. Adi bir ayaqüstü söhbət, qısa tanışlıq bütünlüklə gənc  qızın  həyatını dəyişdi.
 
Cəmi iki ay müddətində gecə-gündüz hazırlaşmaqla 7 ildən sonra nəhayət  ali məktəbə daxil olmaq üçün müfaviq balı toplamağa nail oldu. Bu dəfə isə Əşrəf müəllimdən ona  ixtisas seçimində kömək etməsini xahiş etdi.  Mən heyrətə  gəlmişdim. İllərlə repititor yanına getsə də, indiyə kimi məqsədinə çata bilməyən bir qızın bu iki ay ərzində qazandığı uğurlara heyran qalmışdım. Ancaq sən demə, Əşrəf müəllim üçün bu, gözlənilən səhnə idi. Onun ibrətamiz sözləri, şüura təqlin etdiyi psixoloji ustalıq əsas rol oynamışdı. Bir də ki, belə gənclərin kifayət qədər çox  olduğunu və məhz onunla görüşdən sonra tələbə adını qazanan bir neçəsinin adını   həmin bu ktablardan tanıdım. O kitabların içərisində mənim tanışım olan qızın şəkli, haqqında yazı və 7 ildən sonra daxil olduğu təhsil müəssisəsinin adı da var.

Hər il Əşrəf müəllimin xeyir-duası ilə uğura imza atan neçə-neçə gənclərimiz  var. Onların hamısını bir kitabda toplamaq və il ərzində gördüyü işlərin hesabatı olaraq çap olunan əsərləri təhsildən yazan  jurnalistin  ömrünün hədər getmədiyinə bir işarədir.  "Uğurlar təsadüfi deyil" adlı kitabında da qeyd edir ki, zəhmət hesabına qazanılan uğur insanın bütün həyatına nur, yoluna işıq salır. Yeri gəlmişkən, bu kitabda Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən, xalqımızı xaosdan, daxildəki çəkişmələrdən, gözlənilən faciələrdən xilas etməsindən və dünya liderlərinin onun haqqında səsləndirdiyi fikirlərdən bəhs olunur. Müəllif böyük siyasətçinin ömür yoluna nəzər salaraq dahi şəxsiyyətin örnək dolu həyatından ibrət götürməyi gənclərə təlqin edir.....

Əşrəf Hümmətov çalışdığı hər  bir kollektivdə özünə dərin hörmət qazanıb. Hətta çiyin-çiyinə çalışdığı keçmiş həmkarlarının da hər bir uğuruna, kədərinə şərik olmağı bacaran yoldaşdır. Xəbər tutan an özünü yetirib, dərdi, ələmi, nəşəni bölüşməyi özünün insanlıq qayəsi hesab edir. Yaxud ara-sıra telefonla hal-əhval tutaraq halımızı xəbər almaqdan məmnun olduğunu bildirir.

Bir də onun ən çox oxuduğu bir qəzet var. "525-ci qəzet"də hansı yazıya imza atıramsa, bilirəm ki, Əşrəf müəllim  mənə zəng edib həmin yazı ilə bağlı təəssüratlarını söyləyəcək. Hələ indiyə kimi elə bir yazım olmayıb ki, bu qəzetdə çap olunsun və o da Əşrəf müəllimin diqqətindən yayınsın. Mən isə növbəti yazımı ona sürpriz etmək qərarına gəldim. Onun haqqında yazmaq, hörmətli jurnalist Əşrəf Hümmətovun 70 illik yubileyinin yaxınlaşdığını (oktyabrın 25-də) dostlarının yadına salmaq fikrinə düşdüm.

Gözəl, səmimi, qayğıkeş insan, görkəmli ziyalı,  yaxşı həmkar, dəyərli jurnalist, mehriban ata, sevimli baba Əşrəf Hümmətovu  70 yaşı münasibəti ilə özünün sevimli kollektivi olan "Ana radio"nun "Xəbərlər" redaksiyasının əməkdaşları adından  təbrik edirəm. Yubileyiniz mübarək  olsun, hörmətli həmkarımız!




Ana səhifəyə qayıt        Baxış: 1 689          Tarix: 10-09-2017, 14:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma