Xəbər lenti

   Rüşvət verməyən sakinlərin evlərini başlarına uçurtduğu azmış kimi, körpə uşaqları da girov götürən bələdiyyə sədri kimdir?

 

   Ovqat.com-da dərc edilmiş "Şəmkirdə 1 yaşlı uşağın başına gətirilən ağlasığmaz hadisə: Ovqat.com-un DİN-ə müraciəti" adlı yazını oxuyarkən bir ana, nənə olaraq çox böyük sarsıntı keçirdim. Həmin an o körpələrin keçirdiyi qorxunu düşündüm və öz nəvələrim gözüm önünə gəldi. Əgər kimsə mənim övladlarımın, nəvələrimin başına belə bir oyun gətirsəydi yəqin ki, mən qatil olmaqdan çəkinməz və onları yer üzündən silərdim. Bəs bu uşaqlar da bizim övladlarımız deyilmi? Niyə onların başına gətirilən bu dəhşətlər cavabsız qalır? Bir və yeddi yaşlı körpələrin amansız cinayətkarlar kimi yaxalanıb polisə aparılması və bu özbaşınalığa aidiyyatlı qurumların susqun qalması nə deməkdir? Bu körpələrin bağrını qorxudan çatladan dəhşətli  olayın səbəbi nədir? Niyə görə çarpayının altına girib gizlənən 7 yaşlı tifil və 1 yaşında körpə yaxalanaraq anaları ilə birgə zorla polis idarəsinə aparılır? Bu uşaqlar hansı dəhşətli cinayətə yol veriblər ki, tutularaq həbsə məruz qalırlar? Heç demə "gunahkar " onların atası Royal Quliyev imiş. Royal tikdiyi evə görə tələb edilən rüşvəti bələdiyyə sədrinə vaxtında çatdırmadığına görə, evi başına uçurulub və bu azmış kimi onun "gunahı"nın bədəlini körpə övladları və həyat yoldaşı çəkib. Borc-xərclə tikdiyi evi yerlə -yeksan edilən Royalın bununla "cəzası" bitməyib və azyaşlı övladları da rüşvət verməyən atalarına görə girov götürülüblər. Bələdiyyə sədrinin uşaqlarla bağlı verdiyi dəhşətli göstəriş isə polislərin də etirazına səbəb olub və onlar körpələri ilə birgə gənc ananı polis idarəsinə aparmaq istəməyiblər. Lakin sədrin hikkəli əmrindən qaça bilməyən polislər qorxudan çarpayının altında gizlənən uşağı tapıb bir yaşlı körpəni də anasının qucağına verib zorla polis idarəsinə aparıblar.

   İnsan dəhşətə gəlir... İstər -istəməz 37-ci illər yada düşür. Valideynlərindən qoparılıb zorla uşaq evlərinə atılan, anaları ilə birgə sürgünə göndərilən körpələrin çəkdiyi qorxular nəticəsində o dövrün uşaqları böyüdükcə bu qorxuları da canlarında daşıdılar. Ona görə də çoxları həyatdan erkən getdi. Bəziləri heç 50 yaşa çatmadı. Sarsıntı yaşamaq belədir. Zədəsi ürəkdə dərin iz buraxır.

    Şəmkirdə baş verənləri eşidərkən, filmlərdə gördüyümüz səhnələr, faşistlərin həbs düşərgələrində qadınlara və uşaqlara verdiyi dəhşətli işgəncələr, onların qorxudan saralımış simaları da göz önünə gəldi. Amma indi nə 37-ci il, nə də 41-45 müharibəsi dövrü deyil axı. Biz XXI əsrdə yaşayırıq. Bu halda Dəllər kənd bələdiyyəsi sədrinin Xocalı qətliamını törədən erməni faşistləri ilə nə fərqi oldu? Bu adama kim ixtiyar verib ki, gestapoçuların, erməni faşistlərinin zalımlığından fərqlənməyən belə bir  əmələ yol versin və gunahsız körpələri bağrıqan edib onları ölümünə qorxutsun? Məgər ölkə yiyəsiz qalıb ki, balaca padşahlar və onların qulbeçələri bölgələrdə at oynadır və heç kimi saymırlar? Onlar düşünmürlər ki, zorla polisə sürüdükləri bu uşaqlar sabah böyüyüb ölkəni qoruyan əsgər olacaqlar? Hətta polislərin belə rəhm etdiyi bu körpələrə inanılmaz cinayətkar münasibət hardan qaynaqlanır?  Nəhayət bu qansızların övladı yoxmu? Bir kəndin bələdiyyə sədri 1 və 7 yaşlı gunahsız körpələri girov götürmək cəsarətini hardan alıb?

 

    Bütün bu suallar öz cavabını gözləyir. Ümid edirəm ki, hər zaman məmurları xalqın xidmətində olmağa səsləyən və onların mənfur əməllərini sərt şəkildə cəzalandıran prezidentimiz Şəmkir İcra başçısı və onun əlaltıları olanların bu qandonduran əməlini cəzasız buraxmayacaq, görünməmiş özbaşınalıq və harınlığa yol verənlərin hamısını layiqincə cəzalandıracaq.

Nazilə Nəriman 




Ana səhifəyə qayıt        Baxış: 419          Tarix: 30-12-2019, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma