Xəbər lenti
 
 
Tanınmış araşdırmaçı jurnalist Rusvat Bayramov Senzor.az adlı yeni sayt təsis edib. Saytın baş redaktoru isə təcrübəli həmkarımızın özüdür.
 
R.Bayramov Ovqat.com-a açıqlamasında bildirib ki, avqustun 23-ü səhər tezdən rəsmi fəaliyyətə başlayacaq Senzor.az ilk növbədə informasiya-araşdırma portalıdır. Məqsədi ölkəmizdə, regionda və dünyada baş verən ən maraqlı proseslər barədə xəbərləri, aktual məsələlərlə bağlı şərh və təhlilləri oxuculara operativ və obyektiv şəkildə çatdırmaqdır.
 
“Senzor” adına gəlincə, R.Bayramov qeyd edib ki, bu, daha çox şərti xarakter daşıyır və vaxtilə mövcud olmuş məşhur senzura qurumu “Qlavlit”lə heç bir əlaqəsi yoxdur. Belə ki, “Qlavlit” çap məhsulları (qəzet, kitab, jurnal və s.), teleradio verilişləri, kino, teatr və digər   sahələr üzərində dövlət nəzarəti sistemi idi. Bütün materiallar dərc olunmamışdan, yayımlanmamışdan əvvəl süzgəcdən keçirilir, məsləhət bilinməyən hissələr qayçılanırdı. O sistem ölkəmizdə çoxdan, özü də rəsmən qadağan olunub və birdəfəlik tarixin arxivinə atılıb: “Bu baxımdan, heç kim narahat və bədgüman olmasın: yəni “Senzor” kiminsə yazısını dərc olunmamışdan əvvəl  “kəsib-doğrayıb” hansısa qəzetdən və ya saytdan çıxarası deyil. Nəinki belə bir səlahiyyətimiz və iddiamız, heç niyyətimiz də yoxdur”.


 
Amma baş redaktor etiraf edib ki, mətbuatımızın, jurnalistikamızın indiki vəziyyətini, sosial şəbəkələrdəki mövcud durumu da görməzdən gəlmək istəmirlər: “Yəqin siz də razılaşarsınız ki, bu sahələrdə vəziyyət, yumşaq desəm, yaxşı deyil:  peşəkarlıq aşağı səviyyədə, məsuliyyət hiss olunmur, hara baxırsan, söz davası-söyüşü gedir, kim kimi necə istəyir-təhqir edir, az qala bütün saytlar səhvlərlə doludur, Azərbaycan dilinin başına sözün həqiqi mənasında oyun açılır və s. Ən pisi də odur ki, heç kim bu cür biabırçı tendensiyaların qarşısını almır, sanki elə belə də olmalıymış...
 
Biz məhz “Senzor” adından istifadə etməklə (xatırladım ki, senzor-mətbuat üzərində nəzarəti həyata keçirən şəxs deməkdir) bu sahədəki mövcud nöqsanların, ən azı ictimai nəzarət-qınaq yolu ilə aradan qaldırılmasına qismən də olsa, nail olmağa çalışacağıq”.
 
R.Bayramov ümid edir ki, tənqidləri, iradları həmkarları tərəfindən anlaşıqla qarşılanacaq: O səbəbdən ki, biz heç kimə ağıl öyrətməyə, kiməsə nəyisə diktə etməyə cəhd göstərməyəcəyik. Sadəcə qarşımıza çıxan, hər bir qəzetdə və ya saytda rast gəlinən və ya gəlinə biləcək  ciddi  redaktə, üslub və bəzi orfoqrafiya (mətnə, onun mahiyyətinə xələl gətirən) səhvlərini, obyektiv və subyektiv amillərin, bəzən isə adi diqqətsizliyin nəticəsi olan məqamları dostcasına qeyd edib, ictimailəşdirəcəyik. 
Şübhə etmirik ki, ayrı-ayrı qəzet və saytlara tutulan iradlar analoji səhvlərdən qurtulmaqda  başqalarının da işinə yarayacaq. Yeri gəlmişkən, tək bununla kifayətlənməyəcək, yaxşı, sanballı statusları da nümunə kimi dərc edəcəyik”.
 
Senzor.az-ın təsisçisi ona da əmindir ki, bu sahələrlə bağlı toxunacaqları problemlər, qaldracaqları məsələlər, irəli sürəcəkləri təkliflər bütövlükdə götürəndə mətbuatımızın, jurnalistikamızın xeyrinə olacaq. 
 
R.Bayramov sonda həmçinin bildirib ki, bu işdə oxucuların, o cümlədən ömrünü bu sahəyə həsr etmiş həmkarlarının, peşəkar dilçilərin, təcrübəli müəllimlərin və   heç nəyə biganə qalmaq istəməyən   ekspertlərin də dəstəyinə ümid bəsləyir…
 
Biz də Ovqat.com kollektivi adından həmkarımıza uğurlar arzulayırıq.
 
 


Ana səhifəyə qayıt        Baxış: 7 226          Tarix: 23-08-2021, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma