Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə “bu da olmaz” deyəcəyimiz çox hadisə baş verib. Amma bütün bunların hamısını tamamilə Vasif Talıbovun üzərinə yıxmaq ədalətsizlik olar. Çünki bir sıra qanunsuzluqların, saxtakarlıqların ideya müəllifi Vasif Talıbovun ətrafındakı bəzi məmurlardır. Biz bu fikirləri qeyd etməklə sabiq Ali Məclisin sədrinə haqq qazandırmırıq. Çünki nəticədə son sözü deyən, tapşırığı verən Vasif Talıbov olub.
Vaxtilə Vasif Talıbovun ən çox etibar etdiyi məmurlar- Azər Zeynalov, Ülvi Hüseynli onu düzgün istiqamətə yönəldə, tutduqları işin qanunsuzluq, saxtakarlıq olduğunu izah edə bilərdilər. Təəssüf ki, onlar bəzi məqamlarda Vasif Talıbova xoş gəlmək, ona yarınmaq, Ali Məclis sədrinin gözünə girmək üçün bir sıra qanunsuzluqlara, saxtakarlıqlara özləri rəvac veriblər, Naxçıvan ictimaiyyətinin narazılığına, etirazına səbəb olan bəzi qərarların təşəbbüskarı, ideya müəllifi rolunda çıxış ediblər.
Naxçıvanın elmi ictimaiyyətinin narazılığına səbəb olan, anlaqsız vəziyyətdə qəbul edilmiş (Çünki bunun başqa izahı yoxdur. Ağlı başında olan adam bunu etməzdi) qərarlardan biri də müəllifinin heç bir elmi titulu olmayan, publisistik kitaba elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatının verilməsidir.
TNS-ə etibarlı mənbələrdən daxil olan məlumata görə, bu kitaba elm mükafatının verilməsinin təşəbbüskarı Ali Məclis aparatının rəhbəri Ülvi Hüseynli olub. Aparat rəhbərinin müxtəlif yazılarında “müdrik lider” adlandırdığı qurucu rəhbərinin Naxçıvana rəhbərliyinin 25 illiyinə həsr olunmuş “Naxçıvan blokadası” ikicildliyinə muxtar respublikanın ən yüksək mükafatının verilməsini təklif etməkdə məqsədi Talıbovun daha çox etibarını qazanmaq, onun yanındakı yerini möhkəmləndirmək idi. Ülvi Hüseynli bu canfəşanlığı edərkən Vasif Talıbovun cəmi bir il sonra qələminin qırılacağını ağlına belə gətirməmiş, 2022-ci ilin sonunda “ideal rəhbərinin” istefa verəcəyini hesablaya bilməmişdi. Əminik ki, Ülvi Hüseynli azacıq duyuq düşsəydi, heç vaxt belə bir təklif verməz, muxtar respublikanın elmi ictimaiyyətinin, ziyalılarının bu qədər nifrətini qazanmazdı.
Müzakirələrdən sonra, hətta “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyası”nın bir çox üzvünün etiraz etməyinə baxmayaraq, Ali Məclisin aparat rəhbəri və komissiyanın sədr müavini Ülvi Hüseynlinin təklifi qəbul olunub. Beləliklə, Vasif Talıbovun 8 fevral 2021-ci il tarixli sərəncamı ilə Məmmədova Mətanət Elmixan qızının müəllifi olduğu “Naxçıvan blokadası” ikicildliyi kitabına 2021-ci il üçün elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatı verilib.
İnsafən deyək ki, bu nəşr zəhmət çəkilərək hazırlanmış kitabdır. “Naxçıvan blokadası” ikicildliyi muxtar respublikanın 1990-cı ildən sonrakı tarixini əks etdirən məqalələr və sənədlər toplusudur. “Şərq qapısı” qəzetinin arxivindən bu yazıları toplayıb sistemləşdirmək və nəşrə hazırlamaq zəhmət tələb edirdi. Amma bu, elmi kitab deyil. Müəllifinin də heç bir elmi titulu yoxdur. Publisistik kitaba elm sahəsi üzrə muxtar respublika mükafatının verilməsi sadəcə, absurddur, Naxçıvanın elm adamlarının zəhmətini yerə vurmaqdır. Yəni bir il ərzində muxtar respublikanın elm adamları bir sanballı əsər ortaya qoya bilməyib ki, belə bir publisistik kitab elm mükafatına təqdim olunub? O zaman sual yaranır: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi nə işlə məşğuldur? Naxçıvanın elm adamlarının böyük bir hissəsinin çalışdığı 3 ali təhsil müəssisəsi də bir sanballı elmi əsər ortalığa çıxara bilməyib?
Bizim ehtiramla və hörmətlə yanaşdığımız Naxçıvan alimləri digər illərdə olduğu kimi, 2020-ci ildə də səmərəli fəaliyyət göstəriblər. Onların böyük zəhmət hesabına apardıqları elmi-tədqiqat işlərinin nəticələri kitab kimi nəşr olunub. Alimlərin çoxu Ülvi Hüseynli kimi himayədarı olmadığından kitablarını müəyyən ehtiyaclarının ödəlməsinə sərf edəcəkləri vəsaitdən kəsib özləri nəşr etdiriblər.
2020-ci ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunan kitablar barədə məlumat almaq üçün AMEA-nın Naxçıvan Bölməsinə müraciət etdik. Bölmədən verilən məlumata görə, 2020-ci il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq, 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuda 38 iş 97 mərhələdə yerinə yetirilib, 8 mühüm nəticə əldə edilib. Tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər dоktоru, 55 fəlsəfə dоktоru, 32 doktorant və dissertant оlmaqla, 97 nəfər elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib. Həmin il bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə, 719 elmi əsəri nəşr olunub. Əlbəttə ki, bu 18 monoqrafiya və 19 kitabın içərisində elm mükafatının verilməsinə layiq olan xeyli nəşr vardır. Həmin monoqrafiya və kitablardan bir neçəsinin adını təqdim edərək, qiymətləndirməni oxucuların ixtiyarına buraxırıq. 2020-ci ildə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Əlincə mahalının epiqrafik abidələri”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Qədim Culfa”, tarix elmləri doktoru Emin Şıxəliyevin “Yeni dünya nizamı və onun mahiyyəti”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri”, həmin müəllifin “Naxçıvanın Neolit mədəniyyəti”, kimya elmləri doktoru Bayram Rzayevin “Qısa kimya ensiklopediyası”, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” (Kitab rus dilində xaricdə nəşr edilib), texnika elmləri üzrə fəlsəfə doktoru Məhbub Kazımovun “Naxçıvan Muxtar Respublikasının külək enerji ehtiyatları və ondan istifadə üsulları” adlı əsərləri çap olunub.
Bundan başqa, Naxçıvanın ali məktəblərində çalışan alimlərin də xeyli elmi əsəri işıq üzü görüb.
Göründüyü kimi, həmin dövrdə elm mükafatına layiq xeyli monoqrafiya və kitab nəşr edilib. Ancaq Ülvi Hüseynli bu kitabların hamısını bir kənara qoyub Vasif Talıbovun Naxçıvana rəhbərliyinin 25 illiyinə həsr olunmuş kitaba elm sahəsi üzrə muxtar respublika mükafatının verilməsi üçün israr edib, istəyinə nail olub. Burada məqsəd təkcə Vasif Talıbovun gözünə girmək deyilmiş. Bu kitaba verilən pul mükafatının aqibəti də müəmmalıdır.
Bəs Naxçıvanın elm adamları bu kitabı elmi nəşr kimi qiymətləndirirmi?
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev TNS-ə açıqlamasında bildirib ki, “Naxçıvan blokadası” ikicildliyi elmi nəşr deyil və ona elm sahəsi üzrə muxtar respublika mükafatı verilməməli idi. Akademikin sözlərinə görə, həmin dövrdə buna etiraz etsə də, əhəmiyyət verən olmayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev deyib: “Kitab zəhmət çəkilərək hazırlanıb. Naxçıvanın son 30 illik tarixini bir mənbədən öyrənmək, xüsusən ulu öndərimiz Heydər Əliyevin muxtar respublikada yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə “Şərq qapısı” qəzetində dərc olunmuş materialların bir nəşrdə toplanılması baxımından da əhəmiyyətilidir. Ancaq bu kitab elmi deyil, publisistik nəşrdir”.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev də “Naxçıvan blokadası” ikicildliyinin elmi kitab olmadığı qənaətindədir. Alim əməkdaşımızla söhbətində deyib ki, həmin kitab publisistik nəşrdir. O, kitabın elmi nəşr olub-olmadığını qiymətləndirmək üçün onlara təqdim edilmədiyini bildirib.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bu kitaba elm mükafatı verildiyinə görə təəssüfləndiyini deyib. O qeyd edib ki, publisistik kitaba elm mükafatının verilməsi Naxçıvan alimlərinin narazılığına səbəb olub.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Emin Şıxəliyev kitab barədə məlumatlı olmadıqlarını deyiblər. Bu zaman isə belə bir sual ortaya çıxır. Bu necə elmi kitabdır ki, Naxçıvanın əksər elm adamları, AMEA-nın müxbir üzvü, elmlər doktoru belə bu kitab barədə məlumatlı deyil? Əlbəttə ki, biz bu məqamda həmin alimləri ittiham edə bilmərik. Kitab elmi nəşr və dövlət mükafatı verilməsinə layiq olsaydı, yəqin ki, bu alimlərin diqqətini cəlb edərdi.
Bütün bunları ümumiləşdirəndən sonra belə qənaətə gəlmək olur ki, “Naxçıvan blokadası” ikicildliyi oxunaqlı, maraqlı kitab olsa da, elmi nəşr deyil. Və belə bir nəşrə elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatının verilməsi saxtakarlıqdır. Bu, eyni zamanda Naxçıvan alimlərinin haqqının tapdalanması, onların zəhmətinin heçə sayılmasıdır. Bu ifadəni işlətdiyimiz üçün muxtar respublika alimlərindən, ziyalılarından üzr istəyirik. “Naxçıvan blokadası” ikicildliyinin elm mükafatına təqdim olunması Naxçıvan alimlərinin təhqir edilməsi demək idi. Bunu edən isə indi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin yanında məzlumluq donuna girmiş, guya heç nədən xəbəri olmayan, özünü Vasif Talıbovun “zülmünə” məruz qalanlardan biri kimi təqdim edən Ülvi Hüseynlidir. Halbuki, Vasif Talıbovun Naxçıvana rəhbərliyinin son dövrlərində Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynliyə birinci müavin Azər Zeynalovdan daha çox səlahiyyət verilmişdi. Aparat rəhbəri isə bu səlahiyyətdən istifadə edərək bax bu cür saxtakarlıqlara qol qoyub. Təəssüf ki, Ülvi Hüseynli indi də həmin səlahiyyətlərə malikdir. Görünən odur ki, yeni səlahiyyətli nümayəndə hansısa səbəbdən ona inanır və etibar edir. Vasif Talıbovun ən sadiq adamlarından birinə bu dərəcədə etibar etməyin özü də müəyyən suallar doğurur.
Bizim vəzifəmiz o dövrdə baş verən hadisələri, saxtakarlıqları, qanunsuzluqları olduğu kimi, obyektiv şəkildə təqdim etməkdir. Bu saxtakarlarla işləyib işləməmək, onlara inanıb inanmamaq isə yeni səlahiyyətli nümayəndənin öz işidir. Hesab edirik ki, Naxçıvan rəhbərliyi qəbul etdiyi qərarlar və verdiyi təkliflər zamanı ictimai rəyi də nəzərə almalı, Vasif Talıbovun komanda üzvlərini bu kontekstdə qiymətləndirməlidir. Son vaxtlar atılan addımlar, aparılan kadr islahatları isə ümidvericidir.
Paylaş: