Azərbaycanda 2017-ci ildən könüllülər tərəfindən əsası qoyulmuş və bu gün də icrası davam edən dünyaca məşhur pulsuz onlayn təhsil platforması “Khan Academy Azərbaycanca” layihəsi artıq Azərbaycan təhsil ocaqlarında tədris olunur.
az.khanacademy.org təhsil platforması üzərindən artıq şagirdlər bilik və bacarıqlarını təkmilləşdirə bilərlər.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 255 saylı tam orta məktəbdə oktyabr ayının ilk həftəsindən etibarən "Khan Academy Azərbaycan" layihəsi start götürüb. Layihənin keyfiyyətli şəkildə aparılması, müəllimlərin layihə ilə bağlı məlumatlandırılması məqsədilə “Khan Academy Azərbaycanca” komandası tərəfindən mentor dəstəyi verilib, platformadan düzgün və problemsiz istifadə qaydaları izah edilib.
Məktəbin ibtidai sinif müəllimləri böyük həvəslə sözügedən layihə üzrə dərslərin aparılmasında iştirak ediblər. Layihə çərçivəsində dərslərin təşkili üçün məktəb texniki avadanlıqla təmin olunub. 2, 3 və 4-cü sinif şagirdlərini əhatə edən layihə şagirdlər tərəfindən böyük sevinc və maraqla qarşılanıb. Layihəyə calb edilən şagirdlər dərsdənkənar məşğələlər formasında həftədə 2-3 dəfə olmaqla “Khan Academy Azərbaycanca” platforması üzərindən "Riyazi bacarıqların inkişafı və təkmilləşdirilməsi" üzrə dərslərə cəlb ediliblər.
Layihə şagirdlər üçün sinif daxilində və xaricində bilik və texniki bacarıqlarını artırmaq üçün imkan yaradıb. Əlavə olaraq “Khan Academy Azərbaycanca” layihəsi uşaqların davamiyyətinə yüksək təsir göstərib. Şagirdlərlə yanaşı, valideynlərin də marağına səbəb olan layihə onların şagirdlərə evdə işləmək üçün şərait yaratmalarına da səbəb olub.
“Khan Academy Azərbaycanca” layihəsi çərçivəsində çalışan əməkdaşlar və könüllülər Azərbaycan dilinin qorunub saxlanılmasında dövlət siyasətinə dəstək verərək, Azərbaycan dilinin zamanın tələblərinə uyğun inkişafını, qorunmasını və virtual məkanda daha geniş istifadəsini və təbliğini təmin etmək məqsədilə dünya səviyyəli (onlayn) təhsil platformalarının Azərbaycan dilində mövcudluğunu təmin edib. Layihənin icrasına “Khan Academy Azərbaycanca” komandasına Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dəstək olub.
Paylaş: