Xəbər lenti
Dünən, 19:25

  Məhəmməd  Talıblı 

Dünyada hər gün müəllimlər gəncləri maarifləndirmək və ruhlandırmaqla bir fərq yaradırlar. Müəllimlər Günü 1994-cü il 5 oktyabr tarixində UNESCO tərəfindən elan olunmuşdur və dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Müəllimlər Günü - bizim cəmiyyətimizə müəllimlər tərəfindən edilən töhfələrə görə onlara təşəkkür etmək üçün bir fürsətdir.

Hamıya müəllim deyə müraciət edilən cəmiyyətdə yaşayırıq.  Biznesmeni, sürücüsü, ağsaqqalı, polisi doğma görsətmək və hörmətə mindirmək üçün müəlllim müraciətindən istifadə edilir. Cəmiyyətdə bilənlə bilməyənin yeri eyni deyil. Onlara nəinki müraciətin, hətta yaxınlaşmanın fərqliliyi olmalıdır. Əli Həzrət deyirdi ki, cəmiyyət içində hamıya bir salam ver, müəlliminə isə ayrıca salam ver. Başa düşüləndir. Müəllim, xüsusi elə zümrə deyil ki, adına görə, hamı qarşısında baş əysin. Qətiyyən! Əslində, “müəllim” sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Onu bacaranlara münasibətimiz fərqli olmalıdır.

Müəllim-tələbə münasibətləri və müəllim obrazının cəmiyyətdəki şəkli bizi yenidən düşündürməlidir. Biz necə şəxsiyyət formalaşdırmasına çalışmalıyıq? Biz təkcə bilik ötürməklə, hazır resepti yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməliyik, yoxsa... Fikrimcə, biz düşünməyi öyrənməsi məqsədilə bağlı bilik aşımalıyıq! Elə situasiyalar vardır ki, orada konkret bilik və hazır düstür köməyə çatmayacaq. Bu zaman situasiyanın təsiri altında dünənin öyrəncisi həmin anda ən doğur qərarı vermək bacarığında olsun. Bir neçə il öncə iqtisadiyyat ixtisasına yiyələnmiş tələbələrlə bağlı müşahidələrimə əsaslanan münasibətləri dəqiqləşdirməyə qərar vermişdim. Onları belə qruplaşdırmışdım.  

Dərs mövzusu yox, onun çatdırılma üsulu və mühiti önəmlidir. Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodogiya ilə ötürülmə keyfiyyəti mühüm rol oynayır. Dərs tələbələr üçün darıxdırıcı təsirli olmaması üçün hamının müzakirədə özünün payı olduğu ortamın yaradılması çox vacibdir.

Tələbələr bizdən kreativlik və özünəməxsus performanslar tələb edir. Müəllimə təkcə tələbələrə bilgi ötürən şəxs olaraq qəbul etmək diletantlıq olardı. Onun yüksək eridusiyası və yaradıcı keyfiyyətləri olması vacibdir. Bizim təkəbbürümüz yox, təvazökarlıqla tanış edə biləcəyimiz uğur hekayələrimiz bizi onlara sevdirə bilər.

Sevimli müəllimin öz ixtisasını ürəkdən sevməsi və ona daxili tələbatı ilə bağlı olması. İqtisadiyyatın mürəkkəb və kədərli bir elm sahəsi olması haqqında tələbələrin rəyini yalnız həmin peşəyə daxilən bağlı olmaqla və onun dərin fəlsəfəsini sadə dillə açmaq aydınlıq gətirmək vacibdir. Sadə həqiqətləri möcüzə səviyyəsinə qaldırmaq yox, möcüzələri sadə həddə izahatına nail olmaq lazımdır. 

Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istərlər. Biz rastlaşdığımız neqativ hadisələrin təsirində olmamaqla və sosial-psixoloji problemlərin doğurduğu gərginliyi auditoriyalara daşımalı deyilik. Pessimizm yayan fikirlərimiz tələbələrdə neqativ ovqat yaradır. Auditoriyaya daxil olanda optimist ovqat və enerjili davranış dərsin gedişatını müəyyənləşdirən əsas amilə çevrilməldir.

Tələbələrə statistika kimi yox, canlı varlıq və şəxsiyyət kimi yanaşmaq. Müəllimin pedaqoji ustalığı imkan verməlidir ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin. Məhz bərabərhüquqlu və fərqli imkanlara məxsus şəxsiyyət kimi. Onun şəxsiyyətinə önəm verdikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışacaq. Bu motivasiyanı onlardan əskik etmək olmaz. Bu dərsin antibiotikidir.

 

Tələbələr müəllimdə daşlaşmış streotipləri deyil, ondakı dinamik təfəkkürü qiymətləndirir. Tələbə iqtisadi proseslərlə yaxından tanış olmasını və operativ reaksiyasının ilk mesajını özünün müəllimindən almaq istəyir. Tələbələrin bu ehtiyaclarını doğru anlamaq və sürətlə dəyişən tələblərə elastik adaptasiya müasir dövrün əsas tələbi kimi qarşımıza çıxır.

Tələbələr tərəfindən sevilmək üçün ilk öncə onları sevmək və xoş rəftarın olması vacibdir. Onlara öz övladımız, doğmalarımız kimi yanaşmamız lazımdır. Bəzən onların xoşagəlməz davranışlardan çəkindirmək üçün ötkəm müəllim sözünə ehtiyac var. Tələbəyə doğması kimi baxan müəllimin o zaman “tikanı” da ona “çiçək” kimi görünəcək.

Tələbə müəllimin doqmalarını yox, onlarla birgə müzakirə olunaraq qəbul etdiklərini sevər. Bizim tələbəyə çatdırmaq istədiklərimiz daşlaşmış həqiqət olsa belə o bizim məhsulumuzdur. Onu tələbənin “məhsulu” etməmiz üçün həmin elmi paradiqmaları birgə müzakirə edərək onun özününküləşdirməsinə nail olmalıyıq. O zaman tələbə bizim “sürətçıxaranımız” yox, özünün orijenalı olacaq.Tələbələrdə özünəməxsusluğu aşılamaqla  gedilməyən çığırların açılmasına həvəsləndirməliyik. 

Bir müəllim olaraq yalnız əvvəlcədən yazdığım mühazirə mətnləri əsasında dərs keçməyi özüm üçün meyar hesab etməməliyik. Hər gün dərsdən bir neçə saat öncə artıq ölkədə və dünyada baş verən iqtisadi proseslərlə bağlı yeni informasiyalarla tanış olmağımız uzun illərin vərdişinə çevirməliyik. Çünki, tələbələrimin əldə etmək istədiyi informasiyada ilk mənbə olmalıyıq. 

Müəllimlik bir peşə olaraq sabit nöqtədə durmanı və keçmişin yükü ilə yaşamağı inkar edir. Daimi çalışqanlıq, ambisioz hədəflər və davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillər sayıla bilər. Həzrət Əlinin fikri ilə ifadə etsək; “İki günü eyni cür keçən insan artıq bir gün zərərdədir.” Deməli davamlı çalışqanlıq və hər bir günün diktə etdiyi təkamül proseslərinə sürətlə adaptasiya olunmaq və həmin “bir günlük” itkini inkişafla əvəz edən amilə çevirməyi tələb edir.

 

Obrazlı desək, əslində biz tələbələri özümüzün sevdiyi rənglə boyamalı deyilik. Onların hər birinin ayrı-ayrılıqda rəngi var. Heç bir rəngin digərinin tam rəngində olması da mümkün deyil. Ağ və qara rənglərin sintezindən milyonlarla rənglər yaranır ki, bunların biri digərinə azca oxşaya bilir. Amma heç zaman digəri ilə həmrəng olmur. Onların rəng dərəcəsi biri-birindən ayıran əsas əlamətlərdir. Xalid Hüseyninin “Çərpələng uçuran”əsərində bəyəndiyim bir fikir var: “Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.” Biz onlara “rəngarənglilikdə vəhdətik” prinsipini aşımalıyıq.




Ana səhifəyə qayıt        Baxış: 1 518          Tarix: 5-10-2017, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma