Xəbər lenti
Dünən, 19:25

Elçin Qurbanov

Cəmiyyətdə baş verən hadisələrin heç də hamısına lazımınca düzgün qiymət verilmir. Elə mühüm məsələlər var ki, gözümüzdə nəinki böyük, ümumiyyətlə görünmür. Ən böyük problemlər də elə görüb dərk edə bilmədiyimiz məsələlərdən qaynaqlanır. Öz problemini həll edə bilməyən başlar xarici siyasətin detalları barədə mülahizə yürüdürlər. Adama deyərlər, öz dərdin azdır, ya həll edib qurtarmısınız ki, indi də başqa dövlətlərin siyasəti ilə başını yorursan?

İnsanlıq əvvəlcə mənəvi, ardından isə fiziki cəhətdən aşınır. Mənəvi aşınma zamanla getdiyi üçün ilk əvvəl dərk olunmaz, daha sonra isə məhvolma ilə nəticələnir. Proses tədricən getdiyindən cəmiyyət də yaşananlarla barışır. Elə anlaşılır ki, sanki belə də olmalıdır. Necə deyərlər, nəticə layiqli hasilatdır.

Müharibə şəraitində olan ölkədə ən mühüm dəyərlərdən biri vətənpərvərlik hissidir. Bu hiss həm aktiv, həm də şüuraltı yaddaşla xarakterizə olunur. Aktiv yaddaş  rasional, şüuraltı yaddaş isə hissi xüsusiyyətlərə əsaslanır. Şüuraltı yaddaş bir çox hallarda dərk olunmaz təsirə malik olur. Təcrübə göstərir ki, uzun illər görmədiyin bir subyekti yuxuda görməklə yaranan dözülməz intizar insanı onu ziyarət etməyə məcbur edə bilir.  Yalnız daş yaddaşa malik olan millətlər öz tarixinə, mədəniyyətinə, milli və mənəvi dəyərlərinə sahib çıxır və dövlətçilik ənənələrinə sadiq qala bilir. O xalqlar və millətlər hansı ki heç bir xatirə yaratmaq xüsusiyyətinə malik deyillər, onlar vahid xalq və dövlət kimi formalaşa bilməzlər. Buna dünyanın hər bir guşəsinə yayılmış qaraçıları və erməniləri misal çəkmək olar. Əgər 19-cu əsrdə kütləvi köçürmələr başlamasaydı və 1849-cu ilə Rusiya tərəfindən Yerevan quberniyası yaradılmasaydı, tərəkəmə ermənilərin də bəxti gətirməyəcəkdi.

 

Hər bir insanın göz və xatirə yaddaşı var. Hətta bir ağac , skamya, döngə və yaxınlıqda yaşayan insanlar şüurun xoş xatirə proyeksiyasını yarada bilər. Ata yurdu, hər bir otağın hansısa mənzərəyə açılan görüntüsü, hər bir künc, orada baş verən hadisələrin uşaqlıq xatirələri və .s. Bütün bunlar insan zehniyyətində nostaji hissləri yaradan proyeksiyaların məcmusunu təşkil edir. Azərbaycanın folkloru da qədimlikdən, tarixdən xəbər verməklə yanaşı xalqımızın ruhundan süzülən mədəniyyətdir. Vətəndən uzaq düşərkən, həmin yaddaş (mənzərələr) səni vətən, el-oba, ev və yaxınlar üçün darıxmağa məcbur edir. Beləliklə, vətən mənzildən, evdən, astanadan başlayır.  Bu gün həmin məsələdə heyvanlar daha həssasdırlar. Fikir verin, qaranquşun palçıqdan qurduğu yuvanın bir küncündən noxud boyda palçıq qoparılarsa qaranquş sanki küsərək bir daha o yuvaya dönməz. Ovuc boyda bir quşun iradəsi və hissləri bütün insanlar üçün əhəmiyyətli ibrətdir.

Ölkəmizdə aparılan tikinti və quruculuq işləri onsuz da təhlükəsizlik, ekoloji və infrastruktur normaları baxımından anormaldır. Yalnız korporativ maraqlar aspektindən yanaşılan bu məsələ çox ciddi mənəvi problemlərə yol açır. Şəhəri içindən daraldıb sıxlaşdıran tikinti proqramı və əhalinin kütləvi köç siyasəti insanlara məxsus ən dəyərli hisslər yaradan yaddaşın silinməsidir. Bu problemi, ola bilsin ki, bu gün milyonlar anlamasın. Amma beynəlxalq praktikaya nəzər salanda görürsən ki, köhnəliyin qorunması, yeniliyin isə yalnız kənara doğru genişlənməsi daha çox təqdir olunur.

Qeyd edim ki, vətəndaşların vətəndən asanlıqla mühacirət etmələrinin səbəblərindən biri də onları doğma yurda bağlayan xatirələrin silinməsidir. Xatirələr silindikcə doğmalıq da itir. İnsanlar özlərindən biixtiyar olaraq yaşatdığı xatirələrindən küsür və unudurlar. Onlar gündəlik tarixlə yaşamağa məcbur olurlar. Unuda bilməyənlər isə xatirələri özləri ilə birlikdə əbədiləşdirir.

 Təəssüflər olsun ki, çoxsaylı insanlar belə xüsusiyyətdən tamamilə məhrumdurlar. Həmin insanlar üçün müqəddəs məvhum və mənəvi bağlılıq deyilən bir şey yoxdur. Belələrinə zombi də demək olar. Hesab edirəm ki, dövlət istənilən sahədə hər hansı proqram həyata keçirərkən, onun bütün detallarını, maddi və mənəvi nəticələrini dərindən təhlil etməli və cəmiyyətin tərbiyyəsinə zidd olan bütün layihələri qadağan etməlidir. Əks təqdirdə nəzərə alınmayan qaranquş effekti misli görünməmiş xəyanətlərə yol aça bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 437          Tarix: 30-01-2018, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma