Xəbər lenti
27-11-2024, 19:25

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 10 oktyabr 2019-cu il

Klaviaturanın başına keçdiyim dəqiqələrdə Türkiyə düyməyə basdı. Prezident Ərdoğan əməliyyatın başladığını elan etdi. Sərhəddin o biri tərəfi intensiv atəş altına alındı. Onsuz da hər kəs həftələrdir bu anı gözləyirdi. Təbii, suallar da çoxdur. Hər kəs maraq içindədir.

Önə çıxan suallar isə bunlardır: YPG/PYD dünya mediası tərəfindən müdafiəsiz elan olunarsa, varlığı legitimlik qazanarmı? ABŞ-ın minlərlə TIR silah verdiyi YPG şiddətli müqavimət göstərə, döyüşlər uzana bilərmi? İŞİD-in silahlı qrupları YPG-lilərə hücum edərək, “Türkiyə etdi” deyə və yanlış rəy yarada bilərmi? Türkiyənin atdığı güclü addımlar dünyada “kürd qırğını” kimi əks-səda yaradaraq, beynəlxalq müdaxiləyə yol açarmı? Dünyanın dəstəklədiyi kürd dövləti layihəsilə “ikinci İsrail” qurula bilərmi?

Belə suallar çoxdur. Bir-bir cavab vermək asan deyil. Hamısına toxunaraq gedək.

Hərəkat neçə gün davam edəcək, hədəf nədir? Bilmirik. Çünki hadisələr hələ çox istidir. Ancaq son dövrlərdə baş verənlərə baxaraq, sanki, irəliləmək şansımız vardır.

Qəbul etmək lazımdır ki, əməliyyatın önündə, arxasında olan böyük fiqurlardan biri ABŞ Prezidenti Donald Trampdır.

Yaxşı, Suriya və Orta Şərq nə zaman şəkilləndi? I Dünya Müharibəsindən sonra. Kimlər tərəfindən şəkilləndirildi? İngiltərə və Fransa tərəfindən…

Tramp seçildi, Ağ Evə gəldi. Ən isti münasibətlər qurduğu liderlər arasında Makron da vardı. Ağ Evin arxa bağçasına birlikdə ağac əkdilər. Düzdür, səhər yerində yellər əsirdi, ancaq əkdilər. Sonra araları dəydi. Makron “ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropa öz ordusunu qurmalıdır” dedi. Qiyamət qopdu. Tramp cavab vermək üçün gecikmədi: “I və II Dünya Müharibələrində Almaniya vardı. ABŞ ordusu gəlib yetişməmişdən öncə Parisdə almanca öyrənməyə başlamışdılar…”

Aradakı bütün istilik yox olub getmişdi.

Tramp İngiltərəyə də getdi. Kraliça II Yelizavetaya heç kimin etmədiyini etdi. Önünə keçdi, yürüdü, durdu, baxdı, davam etdi və Kraliçaya “Sən hardasan?” baxışı atdı… Bütün protokol qaydalarını alt-üst etdi.

90 yaşını aşmış olan Kraliça II Yelizaveta, 15 dəqiqə ayaq üstə duraraq, Trampın gəlməsini gözləyir və dəfələrlə saatına baxırdı. Onsuz da öz daxillərində “Brexit”lə məşğul idilər.

Yaxşı, Orta Şərqdəki sərhədləri İngiltərə və Fransa cızdığı halda, YPG və İŞİD-i meydana gətirən kim idi? ABŞ.

Əslində, Suriya mübarizə yolu ilə yaranan bir dövlət də deyildi. Böyük güclərin təsiri altında yaranmışdı. Əsərin sahibi onlar idi. BƏƏS-in olduğu hər bir yerdə Avropanın kölgəsi vardı. Səddamın İraqında da, Suriyada da…

“Ərəb baharı” ilə başlayan rüzgarlar gəlib Suriyaya çatınca, bir çox yer kimi Şam da silkələnməyə başladı.

Yaxşı, ABŞ-ın uzun illər ərzində PKK-ya verdiyi dəstəyi necə, unutduqmu? Əlbəttə, xeyr. Təşkilatın bir nömrəli şəxsini Kenyada tutub Türkiyəyə verən də onlar idi.

Neçə dəfə yazdığımı bilmirəm, lakin uzaqdan baxdıqda, durum belə görünür: ABŞ bizimlə dəfələrlə qarşı-qarşıya gəlsə də, dünyadakı rəqibi biz deyilik. Onlar AB və Çinlə mübarizə aparırlar. Rusiya ilə mübarizə aparsalar da, bu, 50 ildir etdikləri kimi, şou göstərməkdən ibarətdir. Neft ABŞ-ın, qaz isə Rusiyanın inhisarındadır. Həqiqətən mübarizə olsaydı, burada olardı. Ancaq heç görmədik.

1945-ci ildən sonra ideoloji əsasda iki qütb yaradanlar və dünyanı belə idarə edənlər indi bunu neft və qazı bölüşərək etməkdədirlər. Sadələşdirsək, durum belədir.

Çətinə düşdükləri yer isə Orta Şərqdir. Çünki Türkiyə işin içində deyil. Doğrusu, ABŞ-la ağrılı proseslərdən keçdiyindən yoxdur. Bunu ən yaxşı görən Ağ Ev, yəni Tramp oldu. Və Türkiyənin həssas olduğu məsələlərdə önünü açdı. Minlərlə TIR sialh verdiyi YPG ilə İŞİD-i belə, Türkiyənin önünə atdı.

Qoruyarlarmı, müdafiə edərlərmi? Görəcəyik. Ötən günlərdə fikirlərimə “Ərdoğan ABŞ-dan qayıtdıqdan sonra sürpriz hadisələr olacaq” qeydi əlavə etmişdim. Dünən başlayan hərəkat bunun ilk halqası kimi görünməkdədir. Trampın fasiləsiz atdığı “Orta Şərqdən çəkilirik. Doğrusu, orada olmağımız anlamsızdır” “twit”lərini də əlavə edərək, düşünməliyik. ABŞ Orta Şərqi, Çin və Avropanın əlinə keçər deyə, əsla və qəti olaraq tərk edə bilməz. Bunu da ancaq Türkiyə kimi güclü bir ortaqla birlikdə yürüyərsə, edə bilər. Başqa bir yolu da yoxdur.

Eyni durum Rusiya üçün də keçərlidir. Putin, 1-2 həftə öncə Ankarada “Quran”dan nümunə göstərmədimi? Ali İmran surəsinin 103-cü ayəsini xatırlatdı: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz…” sözünə davam edən Putin, “Sizi bölən məsələlər arxa planda olmalıdır. Mənəvi yaxınlıq ön plana çıxmalıdır” dedi.

Kiçik maneələrə, ittihamlara fikir vermədən baxdıqda, Türkiyənin bir yanına ABŞ-ı, digər yanına da Rusiyanı alması görünür, hiss edilirdi. Suriya hərəkatı üçün təmas edilən iki əsas fiqur da Tramp və Putin idi.

Deyəsən, dəyişiklik başladı. Artıq heç bir şey əvvəlki kimi olmayacaq. Türkiyənin başlatdığı bu hərəkat, bütün problemlərinə rəğmən, tamamilə fərqli qapıların açılmasını təmin edəcək.

Hərəkatın başladığı saatda dünyanın zirvəsinədək gedib çıxan bir hadisə də baş verməkdə idi. Türk əsgəri Suriyanı vurduğu anda Almaniyada, Saksoniya-Anhalt əyalətində bir sinaqoq Yom Kippur günü basqına məruz qalırdı. Hücumda avtomatik silah və əl bombasından istifadə edilirdi. İçində 80 adamın olduğu sinaqoqda cəmi iki insan həyatını itirirdi. Çünki qırğının qarşısı alınırdı.

Həmin Almaniya “Volkswagen”i Türkiyəyə yollayırdı. Baş verən hadisələr sadə insanların anlaya biləcəyi şeylər deyildi.

Sanki, ABŞ-a ruh verən irland-ingilis axınından sonra ən böyük güc olan german ağlı ABŞ-Rusiya-Türkiyə üçlüyünün yanında yer alırdı… Bunu bilənlər də sinaqoq basqını ilə Berlinə xəbərdarlıq edirdi. Bu, Avropada ailə içində gedən bir döyüş idi. Çox önəmli idi.

Mənə elə gəlir ki, Türkiyənin ABŞ və Rusiyanın dəstəyilə başlatdığı Suriya hərəkatı keçmişə aid olan çox şeyi silib atacaq. 9 oktyabr tarixini unutmamalı olacağıq. Çünki bu hadisə ilə birlikdə çox şey dəyişəcək. Gözləyək, görək…

Lakin Makronun SDG-yə verdiyi dəstəyi və YPG ilə İŞİD-in nəzarətindəki ərazinin böyüklüyünü də unutmayaq.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 11-10-2019, 18:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma