Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Bu gün dünyada pandemiyadan sonra bəlkə də ən çox müzakirə olunan, işıqlandırılan mövzu Corc Floydun ölümüdür. Afroamerkalı Floyd ABŞ-ın Minneapolis ştatında polis zorakılığı nəticəsində həyatını itirib. Polis Derek Şovin afroamerikalını saxta 20 dollarla ödəniş etmək istədyi üçün saxlayıb və düz 9 dəqiqə dizi ilə onun boynunu sıxıb. Floyd ona bir neçə dəfə nəfəs ala bilmədiyini desə də, nəticəsi olmayıb. Sonra nələrin baş verdiyi isə hamıya məlumdur…
HADİSƏ NECƏ ALOVLANDI?
Corc Floydun polis tərəfindən saxlanılma və zorakılığa məruz qalma anları yoldan keçənlər tərəfindən videolentə alınıb və sürətlə sosial şəbəkələrdə yayılaraq Minneapolisdə ilk etirazların əsasını qoyub.
Qəzəb tezliklə bütün ölkəni bürüyüb və 140-dan çox şəhərdə etirazlar başlayıb. Bəzi hallarda zorakılıq və talanla müşayiət olunan bu etirazlar hökuməti hərəkətə keçməyə və bəzi şəhərlərə Milli Qvardiya qoşunlarını yeritməyə vadar edib
Afroamerikalılar onillərdir ki, hüquq-mühafizə orqanlarının ədalətsiz rəftarından, ümumiyyətlə, irqi ayrıseçkilikdən şikayətlənirlər.
Yeri gəlmişkən, afromerikalılar ABŞ əhalisinin təqribən 13 faizini təşkil edirlər. Buna baxmayaraq, Birləşmiş Ştatlardakı məhbusların 60 faizi məhz onların payına düşür. Bundan başqa, qaradərililərin polis tərəfindən öldürülmə ehtimalı ağlarla müqayisədə daha yüksəkdir.
“Washington Post” qəzetinin yazdığına görə, qaradərililər polis tərəfindən öldürülənlərin ümumi sayının 26 faizini təşkil edirlər. Polisin öldürdüyü silahsız insanların isə üçdə biri məhz afroamerikalılardır.
Ədliyyə Nazirliyində polislə əhali arasında əməkdaşlıq bölməsinin direktoru olmuş keçmiş qaradərili polis Ronald Devis Konqresdəki çıxışında bu məqama toxunub. O bildirib ki, polis tərəfindən öldürülən qaradərililərin sayının bu qədər olması təsadüf deyil: “Bunun cəmiyyətimizdəki gizli bir stereotiplə – qaradərili insanlardan qorxu və irqçiliklə, yaxud hər ikisi ilə bağlı olub-olmadığını soruşmaya bilmirəm”.
CƏZASIZLIQ…
Ağdərili polis əməkdaşları dəfələrlə qaradərililərin qətli və onlara qarşı güc tətbiqi ilə bağlı işlərdə təqsirsiz biliniblər. Baxmayaraq ki, onların bu əməlləri törətdiyini isbat edən videosübutlar da olub. Bu da afroamerikalılar arasında ABŞ ədliyyə sisteminin ədalətsiz olduğu qənaətini yaradıb.
“Bu cür qətllərin tez-tez baş verməsi və cinayətlərdə əli olan insanların cəzasız qalması afroamerikalılara siqnaldır ki, qaradərililərin həyatı heç bir anlam daşımır”, – Demokrat Partiyasının Nümayəndələr Palatasında təmsil olunan üzvü Cerri Nadler ABŞ Konqresindəki dinləmələrdə bildirib.
Nadler xatırladıb ki, 2013-cü ildə Florida ştatında Corc Zimmerman adlı könüllü bir polis 17 yaşlı qaradərili Treyvon Martini öldürmüş, sonradan bu iş üzrə təqsirsiz hesab olunmuşdu. Məhz bundan sonra ştatda etiraz hərəkatı baş qaldırmışdı.
T.Martin silahsız olsa da, 28 yaşlı Corc Zimmerman özünümüdafiəyə ehtiyac duyduğunu əsas gətirərək onu silahla vurmuşdu. Zimmermanın bəraət alması polis cinayətlərinə qarşı etiraz aksiyalarının təşkilində və mövcud polis təcrübəsində dəyişiklik tələb edilməsində önəmli rol oynayan “Qaradərililərin həyatı əhəmiyyət kəsb edir” hərəkatının yaranmasına səbəb olmuşdu.
Silahsız qaradərililərin Amerika polisi tərəfindən öldürülməsi 2014–2016-cı illərdə kütləvi nümayişlərin başlanması ilə nəticələndi. Üstəlik, bu nümayişlərdə bəzən zorakılıqlara da yol verilmişdi. Bəzi belə qətllər Floyd olayında olduğu kimi, videolentə alınmış və böyük rezonans doğurmuşdu.
TARİX TƏKRARLANIR
2014-cü ilin iyul ayında Nyu-Yorkda polis üzərində silah olmayan 43 yaşlı qaradərili Erik Qarneri qanunsuz siqaret satması şübhəsi ilə saxlamışdı. Polis onu yerə yıxmış və yoldan keçənlər hadisəni videoya çəkmişdilər.
Polislərdən biri afroamerikalıya zor tətbiq etmiş, E.Qarner də bir neçə dəfə nəfəs ala bilmədiyini dedikdən sonra ölmüşdü. Nəticədə bu polis də iş üzrə təqsirli bilinməmişdi.
Erik Qarnerin qətlindən cəmi bir ay sonra Missuri ştatının Ferqyuson şəhərində polis qaradərili gənc Maykl Braunu güllələmişdi. Braun silahsız idi. Lakin onu vuran polis özünü müdafiə etdiyini deyərək təqsirli bilinməmişdi.
“Təəssüf ki, qaradərililər hüquq-mühafizə orqanlarını azadlıqlarına təhdid kimi qəbul edirlər. Bütün bunlar tarixə söykənir. Məsələnin kökü 1992-ci ildə Los-Ancelesdəki iğtişaşlardan da, 1965-ci ildə Uottsdakı üsyandan da əvvələ gedib çıxır” – Nadler bildirir.
OXŞAR ETİRAZLAR
İrqi ayrıseçkiliklə əlaqəli iğtişaşlar və zorakılıq hadisələri ABŞ-da 20-ci əsrin 60-cı illərində afroamerikalıların həbsləri səbəbindən baş vermişdi. Hökumət bu etirazlara problemi və həll yollarını araşdıran komissiyalar yaratmaqla cavab vermişdi.
1965-ci ilin avqustunda polis Los-Ancelesin Uotts bölgəsində 21 yaşlı bir qaradərilini avtomobili təhlükəli idarə etdiyinə görə dayandırır. Polisin ədalətsiz və qəddar hərəkətləri uzun müddətdən bəri yığılan qəzəbin püskürməsi üçün səbəb olur. Bu hadisə 34 nəfərin ölümünə səbəb olan 6 günlük iğtişaşla nəticələnir.
İki il sonra Nyu-Cersi, Detroyt, Miçiqan ştatlarında afroamerikalıların yaşadıqları rayonları iğtişaşlar bürüyür. Səbəb də əsasən ağdərililərdən ibarət olan polislərin qaradərililərə qarşı zorakı münasibəti olur.
Detroit iğtişaşlarının səbəblərini araşdırmaq üçün yaradılan Kerner Komissiyası bu qənaətə gəlir ki, ABŞ cəmiyyəti iki hissəyə – qaralara və ağlara bölünməyə doğru gedir və onların arasında bərabərlik yoxdur.
“Afroamerikalıların ayrıseçkiliyə məruz qalması ölkənin həyatında yeni hadisə deyil və bu, indi hər bir amerikalının gələcəyini təhdid edir”, – deyə komissiyanın hesabatında bildirilirdi.
1992-ci ildə Los-Ancelesdəki iğtişaş ABŞ-ın müasir tarixindəki ən sərt iğtişaş idi. Hər şey təsadüfən yoldan keçən bir nəfərin Rodni Kinq adlı yerdə uzanan bir afroamerikalını 4 ağdərili polisin döydüyünü görməsi və bunu videolentə alması ilə başlamışdı.
Polislər Kinqi sürət həddini aşdığına görə saxlamışdılar. Onların xəbəri belə, olmamışdı ki, yerli sakinlərdən biri hər şeyi videolentə alıb. Qaradərilinin döyülmə səhnəsi mətbuatda böyük qalmaqala səbəb olmuşdu.
Lakin işi araşdıran məhkəmə videoda yer alan polis əməkdaşlarını təqsirsiz saymışdı. Bu, Los-Ancelesin afroamerikalı əhalisi arasında hiddətə və onlarla insanın ölümünə səbəb olan iğtişaşların baş qaldırmasına əsas yaratmışdı.
2020 ETİRAZLARININ FƏRQİ
Sosiologiya üzrə professor və Bruklin Kollecindəki “Polis və Sosial Ədalət” layihəsinin koordinatoru Alex Vitale indi hüquq-mühafizə orqanları ilə toqquşmalarda zorakılıq səviyyəsinin 2010-cu illərdəki iğtişaşlar dövründən daha yüksək olduğunu deyir. O, bunun məsuliyyətini polisin işini yaxşılaşdırmaq barədə verdiyi sözlərə əməl etməyən hakimiyyətin üzərinə qoyur: “Mənə elə gəlir ki, qəzəbin səbəbi budur – insanlara beş ildir deyirlər ki, narahat olma, hər şeyi düzəldəcəyik, polisə və əhaliyə təlimlər keçəcəyik. Bununla belə, vəziyyət yaxşılaşmır. Polislərin törətdikləri qətllərin sayı azalmır. Xırda cinayətlərə görə tutulmaların sayı əvvəlki qaydada qalır”.
İrqi problemlər heç vaxt səngiməyib, sadəcə indi daha qabarıq formada üzə çıxıb. Təkcə may ayında – Floyd olayından əvvəl 2 qaradərili ilə bağlı oxşar insident yaşanıb. Onların birində afroamerikalı polis tərəfindən güllələnmişdi.
“Bizi hər gün, hər dəqiqə təqib edirlər. Evimizdən bir addım kənara çıxan kimi dərhal “ova” başlayırlar. Nə baş verir?”, – deyə məşhur qaradərili basketbolçu Lebron Ceyms “Twitter” hesabından qəzəbini ifadə edib.
HÖKUMƏT NƏ DEYİR?
Konqres polisi öz fəaliyyəti zamanı şəxsin irqini, etnik mənsubiyyətini və mənşə ölkəsini, həmçinin dinini və cinsini nəzərə alması təcrübəsinə son verməyə çağırıb. Həmçinin irqi ayrseçkilik əleyhnə treninqlərin keçirilməsini təklif edib.
Keçmiş qaradərili polis Ronald Devis isə bildirir ki, stereotiplərlə mübarizə üçün təlim yetərli deyil, hüquq sistemi yenidən əsaslı şəkildə qurulmalıdır: “Hələ də 50-60-cı illərdəki irqi ayrıseçkilik üsulundan istifadə edirlər. Hakimiyyət ağ olmayan əhalini şiddətlə təqib etməyə davam edir. Məsələn, narkotikə görə uzunmüddətli həbs cəzası minlərlə qaradərilinin həyatını məhv edir. Hüquq-mühafizə orqanlarında gerçək və davamlı islahatlara nail olmaq istəyiriksə, ayrı-ayrı polis işçiləri ilə deyil, sistemin necə işləməsi ilə məşğul olmalıyıq”.
Keçmiş ABŞ prezidenti, bu vəzifədəki ilk afroamerikalı Barak Obama son nümayişləri insanların polis və məhkəmə sistemindəki ədalətsizliyə qarşı səmimi etirazının ifadəsi adlandırıb.
Bununla belə, Obama iğtişaşlar və talan kimi halların yolverilməzliyini də qeyd edib: “Ədliyyə sisteminin və bütövlükdə Amerika cəmiyyətinin daha yüksək etik standartlara riayət etməsini istəyiriksə, bu standartları özümüz təyin etməliyik”.
Obama hesab edir ki, ştatlarda, bələdiyyələrdə polis və məhkəmə sistemindəki islahatlarla bağlı əsas yük merlərin və dairə prokurorlarının üzərinə düşür.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar