Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Amerikalı liberallar laqeyd qalmağı çox uzun müddət özlərinə icazə verdilər. Orta Şərqdə nifrət etdikləri rejimlərə gəldikdə “xalqın hakimiyyəti”ndən dəm vurdular, Portland və Oreqondakı nümayişçilərin radikal hərəkətlərini isə pislədilər, çünki özlərini həqiqətin son instansiyası kimi görürdülər.
Ancaq Kapitoliyə hücum odla oynamağın nə qədər təhlükəli olduğunu göstərdi. Əgər solçu qruplar varsa, deməli mütləq sağçı radikallardan ibarət bir kütlə də var və nə zamansa meydana çıxacaq. Kütlənin icazə verilən çərçivədə hərəkət edəcəyinə inanmaq sadəlövhlükdür: kütlə, öz təyinatına uyğun olaraq – idarəolunmazdır.
Hələ 2000 il əvvəl siyasi filosoflar xəbərdar etmişdilər: “Çoxbaşlı bədheybət”ə sərbəstlik verilsə, nizam-intizam məhv olacaq. Hətta liberal mütəfəkkirlər belə, demokratiyanın oxlokratiyaya çevrilmə ehtimalından əndişə edir, kütləni saxlamaq üçün çoxşaxəli hüquq sistemi və vətəndaş mədəniyyətininin zəruri olduğunu bildirirdilər. Daha uzaqgörənləri isə məhdudiyyət və çərçivələrin dağılmasının kütlə hakimiyyətinin qurulması ilə nəticələnə biləcəyini xəbərdar edirdilər.
Siyasi fəlsəfəyə dair ilk görkəmli əsər – Platonun “Dövlət”i, xalqın gücündən doğan pisliklərin siyahısını özündə cəmləşdirməsi ilə əlamətdardır. Platona görə, demokratiya kütlə hakimiyyəti üçün gözəl termindən başqa bir şey deyil. O, demokratiyanın qaçılmaz olaraq anarxiyaya gətirəcəyini iddia edirdi, çünki demokratiyada yoxsullar gec-tez varlıları qarət edəcək, israf isə iflasa gətirib çıxaracaq.
Anarxiya isə kütlənin aşağı arzularına istinad edən tiranların hakimiyyətə gəlməsinə şərait yaradır. Tiran – kütlənin şəxsiyyətləşmiş təcəssümüdür. Platona görə kütlə hakimiyyətinin qarşısını almağın yeganə mümkün yolu, dövlət idarəsinin, erkən yaşlarından duyğularını idarə etməyi öyrənən və müdrikliyi instinktlərdən üstün tutan filosoflara həvalə edilməsidir.
Platonun ən məşhur tələbəsi olan Aristotel, üç “düzgün” idarəetmə və onların üç ifrat formasını müəyyənləşdirib:
- Kral hakimiyyəti (ifratı – tiranlıq);
- Aristokratiya (ifratı – oliqarxiya);
- Siyasət, yəni demokratiya (ifratı – oxlokratiya).
– xalqın azadlığını məhdudlaşdırmaq üçün demokratiyanı kral hakimiyyəti və ya aristokratiya elementləri ilə tamamlamaq;
– sabitlikdə maraqlı olan böyük bir orta təbəqənin formalaşmasına töhfə vermək.
Növbəti bir neçə əsr ərzində bu nəzəriyyə çox kiçik dəyişikliklərə məruz qalaraq aktuallığını qorudu. Elitanın nəzərində kütlə, əsasən şeytan xislətli idi və xalq çox zaman “çoxbaşlı əjdaha”, “donuz sürüsü” və mobile vulgus və ya “üsyançı kütlə” adlandırılırdı.
Kütlənin dağıdıcı enerjisini etibarlı bir kanala yönəltmək üçün hiyləgər üsullar da tapıldı. Ən parlaq nümunə kimi Romadakı “çörək və tamaşa”nı göstərmək olar. Lakin Fransız və Amerikan İnqilablarından sonra hər şey dəyişdi.
İki inqilab
Fransız İnqilabından sonra qurulan “xalq hakimiyyəti” əvvəl coşğuyla qarşılandı. Ancaq çox keçmədən məlum oldu ki, inqilab insanın təbii xeyirxahlığını oyatmaq yerinə, onun cin-şeytanlarını azad edir.
Gilyotinlərə və terrora baxmayaraq inqilabı dəstəkləməyə davam edənlər hesab edirdi ki, insanlardakı qəddarlıq və zorakılığa görə əvvəlki rejim məsuliyyət daşıyır və qan tökülmədən dünyanın yaxşılığa doğru dəyişdirilməsi mümkün deyil.
İngilis radikal filosofu Thomas Payne, inqilabın sadiq tərəfdarı kimi qaldı, hətta terror zamanı on ay həbsxanada yatsa, yerinə başqa bir məhbus səhvən edam edilsə də başını itirmədi.
Fransız İnqilabı mühafizəkarların kütlə hakimiyyətini kəskin tənqid etməsinə gətirdi. İlk tənqidi əsər, hələ terrorun pikindən əvvəl nəşr olunan, Edmund Burkenin “Fransız İnqilabına dair düşüncələr” adlı traktat idi.
Burke, kütlə psixologiyasının yaratdığı təhdidlərdən xəbərdar idi. İnqilabın kral, kraliça və ruhanilər daxil olmaqla, minlərlə insanın qətlə yetirilməsi, qanun-qaydanı bərpa etməyə qadir bir diktatorun hakimiyyətə gəlməsi ilə nəticələnəcəyini təxmin etmşdi. “Qiyam – qırğın – diktatura” dövrü sonrakı Rusiyada (1917), Kubada (1958) və digər ölkələrdəki inqilablar zamanı da təkrarlanacaqdı.
Amerika İnqilabı, Fransız İnqilabının uğursuz olduğu yerdə uğur qazandı, çünki liderləri “xaos və sərhədsiz azadlığın” təhlükələrindən xəbərdar idilər. “55 saylı Federalist” adlı essedə James Madison və Alexander Hamilton yazırdılar: “Hər Afina vətəndaşı Sokrat olsaydı belə, Afinalılar toplananda yenə kütlə izdihamı alınacaqdı.”
Amerika Birləşmiş Ştatlarının qurucu ataları, demokratiyanın oxlokratiyaya çevrilməsinin qarşısını almağın yeganə yolunun, xalqın gücünü məhdudlaşdırmaq olduğunu iddia edirdilər.
Amerikalılar, heç kimin həddən artıq təsir gücünə malik olmaması üçün, bütün səlahiyyətləri müxtəlif hakimiyyət qolları arasında bölüşdürdülər. Vətəndaşlar geniş hüquqlar əldə etdi. Uzunmüddətli siyasəti formalaşdıracaq senatorlar 6 il müddətinə seçiləcəkdi. Ali Məhkəmənin hakimləri, digər hakimiyyət qollarının nümayəndələri onlardan qurtula bilməsin deyə, ömürlük təyin olunacaqdı.
1831-ci ildə ABŞ-ı ziyarət edən Aleksis de Tokvil, Amerikan demokratiyasında kütlə hakimiyyəti ehtimalına dair narahatlığını dilə gətirmişdi.
Onun fikrincə, demokratiyanı qorumaq üçün təkcə Konstitusiya kifayət deyildi. Yerli idarəetməyə əsaslanan vətəndaş mədəniyyəti (nümunə kimi New England-ın şəhərlərini göstərirdi) və geniş təhsil də şərt idi.
Demokratiya marşı
19-cu əsrdə elitalar gələcəyin demokratiyanın olacağı fikri ilə barışdılar. Ancaq kütlə ilə yenə də nəsə etmək lazım idi.
Optimistlər, ümumi səsvermə hüququnun kütləni ram etməyə kömək edəcəyinə inanırdılar. Məsələn, Benjamin Disraeli, səsvermə hüququnun insanları məsuliyyətli vətəndaşa çevirəcəyini hesab edirdi. Pessimistlər dəyişikliklərə tədricən, tələsmədən getməyin daha məqbul olduğunu müdafiə edirdilər.
İngilis hakim elitasının əksəriyyəti də demokratiyanın tədricən tətbiqini dəstəkləyirdi, çünki mülkiyyət sahibi olan orta və yuxarı təbəqə səsverməyə məsuliyyətlə yanaşacağı halda, aşağı təbəqə sərxoşluğa və hərcailiyə meyl edəcəkdi. John Stuart Mill, daha savadlı insanların daha çox səsə malik olacağı “çox səsli” model təklif edirdi. 1861-1877-ci illərdə The Economist qəzetinin baş redaktoru olmuş Walter Budget isə, kütlələrin diqqətini həqiqi gücü əlində cəmləmiş şəxslərdən yayındırmaq üçün, bir şirma kimi monarxiyadan istifadəni təklif etmişdi.
Bu cür bədbin ovqat əbədi ola bilməzdi. II Dünya Müharibəsində nasistlərin məğlubiyyəti demokratiyaya inam dövrünün başlanması ilə səciyyələndi, Berlin divarının yıxılması isə demokratik eyforiya dövrünü başlatdı. Lakin bəzi bədbinlər yenə də, siyasi qurumlara və vətəndaş mədəniyyətinə lazımi diqqətin göstərilmədiyi təqdirdə, demokratiyanın hər an oxlokratiyaya çevrilə biləcəyi fikrində israr etməyə davam etdilər.
Amerikalı sosioloq Seymour Martin Lipset, Aristotelin sağlam demokratiyanın zəruri şərti ümumi rifah halıdır fikrini bölüşürdü. Siyasi filosof Harvey Mansfield, Tokvili dəstəkləyərək, vətəndaş cəmiyyətinin tənəzzülünün demokratiyanın çökməsinə səbəb olacağı barədəki xəbərdarlığını dilə gətirirdi. Sosioloq Samuel Huntington, maraq qruplarının dövlətə yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürməsinin, demokratiyadan məyusluğa gətirəcəyini deyirdi.
Son illərdə pessimistlərin sayı yenə artır. Ərəb Baharı dövründə Misirin təcrübəsi təsdiqlədi ki, güclü dövlət qurumlarnın olmadığı mühitdə demokratiya mövcud ola bilməz. Realiti-şou ulduzu olan Donald Trampın prezident seçilməsi isə, ABŞ siyasi rejiminin etibarlılığını şübhə altına aldı.
Demokratiya dezinformasiya və KİV-dəki propaqanda ilə uzlaşırmı? Bəs, zənginlərin siyasətdə görülməmiş iştirakı ilə necə? Bir yandan da cəmiyyət yuxarı təbəqə və mənəvi oriyentirlərini itirmiş proletarlara bölünüb, axı.
6 yanvar – ABŞ Kapitolisinə hücum cəhdinin günü – Amerikadakı demokratik sadəlövhlük dövrünə son qoydu, demokratik sofistika dövrü başladı.
Bəlkə də liberal-demokratlar demokratiyanın kütlə hakimyyətinə qarşı ən yaxşı dərman olduğunu deyəndə, haqlıdırlar. Lakin o da var ki, demokratiya yalnız ifrat bərabərsizliyi aradan qaldıran, obyektiv məlumatların əldə edilməsini təmin edən, varlıların siyasi proseslərə təsirini məhdudlaşdıran və hakimiyyət qolları arasında tarazlıq yaradan ölkələrdə mövcud ola bilər.
Bunlar edilməzsə, xalqın hakimiyyəti tezliklə kütlənin hakimiyyətinə çevriləcək və İkinci Dünya Müharibəsindən bəri hökm sürən demokratik nizam yalnız tarixi bir zarafat kimi yadda qalacaq.
AzLogos
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar