Xəbər lenti


Newsweek, ABŞ
24.02.2021


Müəllif: Elin Süleymanov (Azərbaycanın ABŞ-dakı səfiri)
Beynəlxalq münaqişələrin tarixi təəssüf ki, əldən verilmiş sülh imkanları ilə doludur. Məsələn, 1945-ci ilin fevralında keçirilmiş Yalta konfransının əsas məqsədi müharibədən sonrakı Avropada sülhün bərqərar olması üçün “yol xəritəsi”nin hazırlanması idi. Amma əvəzində, konfrans “Soyuq müharibə”yə yol açdı. O zaman Almaniya ABŞ, SSRİ, Fransa və Böyük Britaniya ordularının idarə etdiyi 4 işğal zonasına bölünmüşdü.
Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması üçün yeni imkanlar yaranıb. Ermənistanla Azərbaycan arasında ötən ilin payızında 6 həftə davam etmiş müharibədən sonra regionda münasibətlərin normallaşdırılması, iqtisadi inteqrasiya prosesinə start verilib.

Ermənistanın beynəlxalq birliyin Azərbaycan əraziləri kimi tanıdığı bölgəni təxminən 30 il işğal altında saxlaması 1 milyon azərbaycanlı məcburi köçkünün böyük əzablar çəkməsinə səbəb olub. Bundan başqa, həmin ərazilər genişmiqyaslı dağıntılara məruz qalıb. Əvəzində Ermənistanın işğalçı siyasəti onun beynəlxalq təcridinə, xaricdən asılılığına, iqtisadi və demoqrafik tənəzzülünə yol açıb.

Odur ki, Dağlıq Qarabağda müharibənin başa çatması əslində, Ermənistan üçün müəyyən ümidlər yaradıb. O, Sovet İttifaqından 30 il əvvəl elan etdiyi müstəqillikdən sonra, nəhayət, suverenliyə doğru irəliləyə bilər. Erməni xalqı isə işğalçı siyasətin emosional və iqtisadi yükündən azad olmaq imkanı əldə edib. İndi erməni xalqı uzun müddət davam etmiş münaqişənin nəticələrindən canını qurtara, azərbaycanlı qonşuları ilə sülh şəraitində yaşaya bilər.

Ermənistanla Azərbaycanın yüksək rütbəli rəsmiləri uzun illərdən sonra ilk dəfə nəqliyyat və kommunikasiya əlaqələrinin yaradılmasını, həmçinin regional əməkdaşlıqla bağlı digər imkanları müzakirə etməyə başlayıblar. İki ölkə sərhədində demarkasiya prosesi başlayıb və davam edir. Yüz minlərlə azərbaycanlı məcburi köçkün isə artıq öz doğma evlərinə qayıda bilər.

Yeri gəlmişkən, Dağlıq Qarabağda aparılacaq bərpa işlərində ABŞ şirkətləri də iştirak etməlidir. “Ağıllı” və yaşıl şəhərlərin, kəndlərin qurulması işinə onlar da qoşula bilər. Hazırda bu məsələdə əsas problem ərazidə çoxsaylı minanın olmasıdır. Bu minalar hələ də çox sayda azərbaycanlı mülki şəxsin və hərbçinin ölümünə səbəb olur. Odur ki, ABŞ Azərbaycan və erməni xalqlarının rifahı naminə bölgənin minalardan təmizlənməsi tədbirlərinə də dəstək verməlidir.

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa Ermənistanla Azərbaycan arasında ötən ilin noyabrında imzalanmş bəyanatdan irəli gələn impulsdan istifadə etmək imkanına da malikdirlər. Onlar iki ölkə arasında barışıq, dialoq və iqtisadi rifaha töhfə verə bilərlər.

ABŞ prezidenti Co Bayden seçkiqabağı təşviqat zamanı Ermənistanla Azərbaycan arasında atəşkəsə ehtiyac olduğunu dəfələrlə bəyan etmişdi. Bakı isə öz növbəsində, atəşkəsin qüvvədə olduğu indiki dövrdə Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Vaşinqtonun adıçəkilən qurumların qərarlarının icrasına çalışmasını, hətta bunda təkid etməsini gözləyir. Bu zaman Vaşinqton əlbəttə ki, heç bir dövlətin tərəfini tutmamalıdır. O, ədalətli, obyektiv vasitəçi rolunu yerinə yetirməlidir. Bu zaman ABŞ hər iki tərəfi beynəlxalq hüquqa sadiq qalmağa təşviq edəcək.
Keçmişin 1992-ci ildə yüzlərlə azərbaycanlının həyatını itirməsi ilə nəticələnmiş Xocalı qətliamı da daxil olmaqla, ağır yaralarına rəğmən,

Azərbaycan gələcəyə baxmağa, sülhün təmin edilməsi üçün lazımi addımları atmağa hazırdır. Rəsmi Bakı Dağlıq Qarabağın erməni əsilli vətəndaşlarının ölkənin sosial və iqtisadi həyatına reinteqrasiyasını təmin etməklə bağlı qətiyyətli mövqeyini ifadə edib. Onun bu öhdəliyi mədəniyyət və dinə də aiddir. Qeyd edək ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan müxtəlifliyi və tolerantlığı qoruyan ölkə kimi tanınır. O, çoxkonfessiyalı irsinin qorunması və gücləndirilməsi üzərində usanmadan çalışır.

Azərbaycan hökuməti Bakıda yerləşən erməni kilsəsini bərpa edib. Bu kilsənin kitabxanasında erməni dilində 5 min əlyazma saxlanılır. Bundan başqa, Azərbaycan 2010-cu ildə erməni kilsəsi rəhbərini bu məbədi ziyarətə belə, dəvət etmişdi.

Ümumiyyətlə, iki ölkə arasındakı münaqişəyə inadla dini donu geydirilməsi cəhdləri Azərbaycanın xristian, müsəlman, yəhudi və digər vətəndaşları üçün təhqirdir. Təəssüf ki, belə cəhdlər barışığı deyil, ixtilafı təşviq edir. Əvəzində, Azərbaycan Dağlıq Qarabağda Ermənistanın işğalı dövründə, o cümlədən son müharibənin gedişində zərər görmüş müsəlman və xristian mədəni irsinin bərpası planlarından danışır.

Bir sözlə, sabahın Dağlıq Qarabağ regionu münaqişə bölgəsi yox, müxtəliflik, sülh şəraitində birgəyaşayış məkanı olacaq.

Yazının əvvəlində beynəlxalq münaqişələrin tarixində əldən verilmiş sülh imkanlarından söz açmışıq. Bu, ərəb-İsrail münaqişəsinə də aiddir. Bu problemin çözümü ilə bağlı uzun illər ərzində bir çox imkan əldən verilib. Lakin bu yaxınlarda İsraillə bir neçə ərəb ölkəsi arasında “İbrahim sazişi”nin imzalanması Yaxın Şərq və Şimali Afrikada işıqlı gələcəyə ümid yaradıb. Bundan başqa, “İbrahim sazişi” müsəlmanlarla yəhudilər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, münasibətlərin istiləşməsi deməkdir.

Qyd edək ki, Azərbaycanla İsrail uzun illərdir strateji əlaqələrə malikdirlər. Bu, faktiki olaraq, İsraillə əhalisinin əksəriyyəti müsəlman olan ölkələr arasında yaxınlaşma üçün presedent yaradıb.

Bir sözlə, ABŞ Cənubi Qafqaz ölkələrinə xüsusi yanaşmalıdır. Yerevanla Bakı arasında davamlı sülh regionun potensialını tam üzə çıxaracaq, Ermənistana qonşuları ilə inteqrasiya imkanı yaradacaq. Bu imkanlar əldən verilməməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Newsweek


Ana səhifəyə qayıt        Baxış: 3 558          Tarix: 24-02-2021, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma